реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 11)

18
Coşsun çay, bulaq, Şənlənsin ocaq. Bol olsun məhsul, Yumşalsın torpaq.

UŞAQ BAĞÇASI

Səhər bağça şənlənir, Bir-bir uşaqlar gəlir. Dolur otaq, artırma, Ucalır hey səs-səmir. Müdirə, mürəbbiyə: – Ay, xoş gəldiniz, – deyə Uşaqlara yanaşır, Şirin-şirin danışır. Odur, Solmazla Azər Evlərindən gəlirlər. Azər çəkib özünü, Soyunub paltosunu Asır dərhal çəngələ. Solmaz körpədir hələ, Çəngələ çatmır əli. Açılıb şirin dili Azərə deyir Solmaz: Paltomu çəngəldən as! Solmaz deyir: – Ay Azər, Çəngələ bax, nə qədər?.. Hər çəngəldə bir şəkil: İt, dovşan, avtomobil… Sən say bu şəkilləri, Mən də ki çəngəlləri. Saydı onlar əlbəəl: Qırx şəkil, qırx da çəngəl. Azər dedi: – Solmaz, bax, Bağçada var qırx uşaq. Pişik olsun səninki, Avtomobil mənimki. Həsəninki ayroplan, Sevilindi boz dovşan. Nə çox şəkil var gerçək! Qoyun, toyuq, at, eşşək… Sevil, Həsən bu zaman Şad girdilər qapıdan. Sevil girib içəri, Gəldi bir az irəli, Qaldırdı sağ əlini, Açdı şirin dilini: – Mürəbbiyə, mən hazır! – Cumbul Həsən də hazır! Güldü uşaqlar birdən, Mürəbbiyə oldu şən. Qucaqladı Sevili, Şən qızı, şirin dili. Çay içməkçin birazdan Düzüldü neçə fincan: Ağ, sarı, göy, qırmızı. Bu şad etdi Solmazı. O götürdü göy fincan. Üstündə bir boz dovşan. Xeyli baxdı doymadı, Fincan ilə oynadı. Çayı dağıtdı birdən, Tez sıçradı yerindən. Qorxusundan ağladı, Gözündən yaş çağladı. Oyuncaqlar paylandı, Şirin oyun başlandı.