Йозеф Рот – Radetski Marşı (страница 2)
Bir həftə sonra sənədlərdən oxunan on-on iki sualın imperiyanın lütfünə hörmətin tələb etdiyi kimi farağat vəziyyətində “Əmrinizlə, əlahəzrət" şəklində mülayim, amma qəti bir tüfəng atəşi kimi cavablandığı təxminən on dəqiqə çəkən hüzura qəbuldan dərhal sonra faytonla atasının yanına, Laksenburqa doğru yola düzəldi. Atası üçün ayrılan evin mətbəxində qarşılaşdılar; rahat geyimli yaşlı kişi önündə buğlanan, gözəl ətirli bir fincan qəhvəylə üzərində qırmızı kənarlı tünd mavi bir örtük olan boş masada otururdu. Vişnə ağacından düzəldilmiş qırmızı-qəhvəyi çəlik tutacağından masaya asılmış, ağır-ağır yellənirdi. İçində keyfiyyətsiz tütün olan büzüşmüş, qabarıq bir dəri kisə yarıaçıq halda ağ gildən hazırlanmış sarımtıl bir tənbəkinin yanında dururdu. Tənbəkinin rəngi yaşlı kişinin qalın ağ bığına uyğun idi. Kapitan Cozef Trotta von Sipolje dövlət mülkü olan bu kasıb məhrəmlik içərisində parıltılı sinə qurşağı, ətrafa özünə xas qaraya çalan günəş şüaları yayan cilalanmış dəbilqəsi, işım-işım işıldayan boyanmış mərasim çəkmələri, parlaq mahmızları, pencəyində iki sıra halında göz qamaşdıran düymələri və Mariya Tereza nişanının bəxş etdiyi fövqəltəbii gücüylə hərbi bir tanrı kimi dayanmaqda idi. Oğul atasının qarşısında bax beləcə dayanırdı; ata yavaşca ayağa qalxdı, oğlunu qarşılayarkən göstərdiyi yavaş hərəkətlərlə sanki oğlunun ehtişamını tarazlamaq istəyirmiş kimi idi. Kapitan Trotta atasının əlini öpdü, sonra başını əyərək atasının onun alnından və yanağından öpməsinə icazə verdi. Yaşlı kişi:
–Otur, – dedi. Kapitan əynindəki geyimin bir qismini açaraq oturdu. – Təbrik edirəm, – atası sloven əsgərlərinin sərt alman ləhcəsi və quru bir səs tonuyla dedi. Samitləri çaxan şimşəklər kimi önə çıxarır, sözlərin son hecalarını vurğulayırdı. Oğlunun indi yalnız bir neçə söz anlamasına və tək bir söz belə danışa bilməməsinə baxmayaraq, hələ beş il əvvəl onunla slovencə danışmışdı. Kapitan ilk slovencə sözü itirilmiş, uzaq bir xatirə kimi salamlamaq üçün atasının dodaqlarına bütün diqqətini verərkən, atası üçün ana dilinin istifadəsi taleyin və imperatorun lütfü vasitəsilə ondan uzaqlaşmış oğluna qarşı təhlükəli bir səmimiyyət kimi görünmüşdü.
–Təbriklər, təbrik edirəm, – deyə baş çavuş gurultulu səslə təkrarladı. – Mənim zamanımda bu işlər bu qədər tez olmazdı! Mənim zamanımda hələ Radetskinin özü başçımız idi.
“Doğrudan da əldən heç bir şey gəlmir”, – deyə kapitan Trotta düşündü. Atasıyla özü arasında rütbələrdən yaranan dağ kimi bir maneə vardı. Ailəvi birgə yaşayışlarından yerdə qalan son qırıntıları təsdiqləmək üçün soruşdu:
–Arağınız varmı, atacan?
İçdilər, stəkanlarını toqquşdurub yenə içdilər; yaşlı ata hər dəfə stəkanı başına çəkdikdən sonra inləyir, bitmək bilməyən öskürək tutmaları içərisində itib gedir, üzü gömgöy olur, tüpürür, sonra yavaş-yavaş sakitləşib öz hərbi xidmət zamanından qalan adi əhvalatlar danışırdı; bunları danışmaqda məqsədi, heç şübhəsiz, oğlunun ləyaqətini və karyerasını kiçiltmək idi. Nəhayət, kapitan dikəldi, atasının əlini öpdü, yaşlı kişinin onun alnından və yanaqlarından öpməsinə icazə verdi, qılıncını taxdı, dəbilqəsini başına keçirdi və getdi; atasını bu həyatda son dəfə gördüyünə əmin idi.
Bu qarşılaşma həqiqətən də son qarşılaşmaları olmuşdu. Oğul yaşlı kişiyə vərdiş etdiyi məktublarını yazmağa davam etdi, bunun xaricində ata ilə oğul arasında gözlə görünən bir əlaqə yox idi; kapitan Trotta kəndli sloven əcdadlarının keçmişindən qopmuşdu. Onunla birlikdə yeni bir soy başladı. İllər dinc, sakit təkərlər kimi bir-birinin ardınca diyirlənib getdi. Trotta ictimai mövqeyinə uyğun olaraq polkovnikin artıq çox gənc olmayan varlı bacısı qızıyla – Qərbi Bohemada vəzifədə olan kapitanın qızıyla – evləndi və bir oğlu oldu. Kiçik qarnizondakı hərbi varlığının monotonluğundan xoşlanmağı öyrəndi, hər səhər at belində təlim sahəsinə gedir, günortadan sonra çayxanada notariusla şahmat oynayırdı; beləcə rütbəsinə, cəmiyyətdəki mövqeyinə, zadəganlığına və şöhrətinə uyğunlaşdı. Hər il keçirilən manevrlərdə ortaya qoyduğu kimi orta səviyyəli hərbi qabiliyyəti vardı, yaxşı bir ər idi, qadınlara şübhəylə yaxınlaşar, qumardan uzaq durardı; tərs idi, amma vəzifəsində ədalətli idi, hər cür yalanın, kişicəsinə olmayan rəftarlarla davranışların, ürəksiz qorunma axtarışlarının, qeybət mahiyyətində olan təriflərlə ehtiraslı asılılıqların hiddətli bir düşməni idi. Qovluğundakı hal və gediş sənədi qədər sadə və ləkəsiz idi; ancaq sadəcə hərdənbir onu əsir alan qəzəb bir insan sərrafının kapitan Trottanın ruhunda da firtınaların, adsız əcdadların məchul səslərinin yatdığı qaranlıq uçurumların olduğunu sezməsinə səbəb ola bilərdi.
Kapitan Trotta kitab oxumazdı; yavaş-yavaş qələm, kağız, taxta, silgi, xətkeş və vurma cədvəliylə məşğul olmağa məcbur olan, çox yaxında da qaçılmaz bir şəkildə kitabların içində vurnuxması gözlənilən kiçik oğlunun halına gizlincə acıyırdı. Oğlunun da hərbçi olacağına əmin idi və hər hansı bir Trottanın (o gündən etibarən ailə tamamilə yox olana qədər) hərbi peşədən fərqli bir işlə məşğul ola biləcəyini təsəvvürünə gətirə bilmirdi. Əgər iki, üç və ya dörd oğlu belə olsaydı hamısı hərbçi olardı, ancaq arvadı zəif idi; həkimlərə, sanatoriyada müalicəyə ehtiyacı vardı, hamiləliklər onun üçün təhlükəli idi. Kapitan Trotta o zamanlar hələ belə düşünürdü. Yeni bir müharibədən bəhs edilirdi; Trotta isə hər zaman hazır idi. Bəli, bir müharibə əsnasında ölməsi üçün təyin edildiyinə demək olar ki, əmin idi. Sarsılmaz saflığı müharibə meydanındakı ölümü hərbi hörmət-izzətin zəruri bir nəticəsi kimi görürdü. Bu inamı arvadının təhsilə olan güclü marağı səbəbiylə bir xüsusi müəllim vasitəsilə məktəbin əziyyətlərini çox erkən görməyə başlayan beş yaşlı oğlunun ilk oxu kitabını bir gün həyəcansız bir maraqla əlinə aldığı saata qədər davam etdi. Qafiyəli səhər duasını oxuyub xatırladı; dua on illərdir eyni idi. Sonra “Dörd mövsüm"ü, "Tülkü ilə dovşan”ı, "Heyvanların kralı"nı oxudu. “İçindəkilər” siyahısını açıb özüylə əlaqədarmış kimi görünən oxu kitabındakı yazının başlığını gördü; başlıq belə idi: "Birinci Frans Cozef Solferino müharibəsində". Trotta yazını oxuduqda oturmağa məcbur oldu. "İmperatorumuz və kralımız Birinci Frans Cozef Solferino müharibəsində böyük bir təhlükəylə qarşılaşdı" – cümləsiylə başlayırdı. Trottadan da bəhs edilirdi. Amma necə təhrif edilərək! "İmperator toqquşmanın coşqunluğu içərisində çox önə atılmış, birdən-birə düşmən atlıları tərəfindən mühasirəyə alındığını görmüşdü" – yazılırdı. "Bax təhlükənin zirvəyə çıxdığı o anda gənc bir leytenant tər içində olan qırmızı atının üzərində qılıncını yelləyərək çıxıb gəldi. Aman! Qılıncını düşmən atlılarının başlarına, ənsələrinə necə də endirirdi!" Davamında da: "Düşmənlərdən birinin mizrağı gənc qəhrəmanın sinəsinə batdı, lakin rəqiblərin çoxu artıq yerə sərilmişdi. Qorxusuz gənc imperator qılıncı əlində getdikcə zəifləyən hücumlara asanlıqla sinə gərə bildi. Bütün düşmən süvari qoşunu əsir alındı. Cəngavər Cozef von Trotta adlı gənc leytenant vətənimizin qəhrəman oğullarına layiq gördüyü ən yüksək nişanı – Mariya-Tereza nişanını aldı".
Kapitan Trotta əlində oxu kitabıyla arvadının ilıq günortadan sonra məşğuliyyət tapdığı evin arxasındakı kiçik meyvə bağçasına gedərək solğun dodaqlarının arasından çıxan pıçıltılı bir səslə biabırçı yazıdan xəbəri olub-olmadığını soruşdu. Arvadı gülümsəyərək "bəli" mənasında başını tərpətdi.
–Bunlar yalandır, – deyə kapitan əlindəki kitabı yaş torpağa atıb qışqırdı. Arvadı mülayim bir səslə cavab verdi:
–Uşaqlar üçün yazılıb.
Kapitan geri döndü. Hirsindən titrəyirdi, lap bir kolluğun fırtınadan titrədiyi kimi. Sürətlə evə girdi, ürəyi döyünürdü. Şahmat saatı gəlmişdi. Qılıncını qarmaqdan götürüb hirsli, sərt bir hərəkətlə belinə bağladıqdan sonra əsəbi, uzun addımlarla evi tərk etdi. Onu bu halda görən hər kəs bir bölük düşməni haqlamaq üçün hərəkətə keçdiyini güman edərdi. Çayxanada bir söz danışmadan sərt, qısa saçlarının altındakı solğun alnında dörd dərin üfüqi xətlə iki şahmat partiyasını bitirdikdən sonra əsəbi bir əl hərəkətiylə taxtanın üzərindəki daşları yana süpürərək qarşısında oturan oyun yoldaşına dedi:
–Sizinlə bir şey barədə məsləhətləşməliyəm. – Səssizlik. – Məndən sui-istifadə edildi,– deyə davam etdi. Notariusun gözlüyünün parlayan şüşələrinə baxıb bir müddət sonra yerinə görə münasib sözləri tapa bilmədiyini hiss etdi. Oxu kitabını özüylə gətirməliydi. O üz qarası cisim əlinin altında olsaydı dərdini daha asanlıqla açıqlaya bilərdi.
–Nə kimi bir sui-istifadə? – deyə notarius soruşdu. Kapitan Trotta sözə "Mən heç bir zaman süvari olmamışam" şəklində başlamağın doğru olacağını düşündü, halbuki bu şəkildə başa düşülməsinin mümkün olmayacağını dərk edə bilirdi.
–Bu utanmaz yazarlar isə imperatoru xilas etmək üçün kürəyi tər içində olan qırmızı bir at üzərində dördnala çıxıb gəldiyimi yazır.
Notarius kapitanı başa düşdü. Oxu kitabındakı yazıdan oğulları da məktəbə getdikləri üçün xəbərdardı.
–Bu mövzunu şişirdirsiniz, hörmətli kapitan, – dedi. – Bunun uşaqlar üçün yazıldığını unutmayın!
Trotta notariusa dəhşət dolu gözlərlə baxdı; o anda bütün dünyanın, oxu kitablarının yazarlarının, notariusun, arvadının, oğlunun və xüsusi müəllimin ona qarşı birləşdiyini düşündü.