Йозеф Рот – Radetski Marşı (страница 1)
Cozef Rot
Radetski Marşı
HAQQINDA
Moses Cozef Rot 1894-cü il sentyabrın 2-də odun və buğda taciri Naxum Rotun oğlu kimi Qaliçyanın Brodi şəhərində dünyaya gəlib. Qaliçya o zamanlar Avstriya-Macarıstan imperiyasına daxil idi. Cozef Rot anasıyla atası haqqında sonralar bu sözləri deyəcəkdi: “Anam güclü-qüvvətli, slavyan təbiətli yəhudi qadın idi, tez-tez Ukrayna mahnıları oxuyardı, çünki çox bədbəxt idi… Heç vaxt pulu və əri olmadı. Atam anamı günlərin bir günündə, ehtimalla sadəcə məni dünyaya gətirmək üçün Qərbə apardı və Katovitsdə yox olub bir daha ortaya çıxmadı. Atam qəribə bir adam imiş, güvən hissi təlqin etməyən bir avstriyalıymış; əlində-ovcunda olanları israfçılıqla göyə sovurur və böyük bir ehtimalla çox içirdi, mən on altı yaşıma çatanda dəlilik tutmasından öldü. Mənə miras olaraq melanxoliyasını qoyub getdi”.
Liseyi bitirdikdən sonra 1913-cü ildə Lemberq Universitetində bir il alman dili üzrə filologiya fakültəsində oxuyan Rot daha sonra Vyana Universitetinə köçürülüb.
1916-cı ilin avqustunda əsgərliyə çağırılır, lakin cəbhəyə göndərilməyib mətbuat xidmətində işə cəlb edilir. Birinci Dünya müharibəsindən sonra təhsilini davam etdirməyən Rot jurnalistliyə başlayıb ilk növbədə Vyanada, 1920-ci ildən etibarən də Berlində müxtəlif qəzetlərdə işləyir. 1922-ci ildə vyanalı Frederik Reyxler ilə evlənir və 1923-cü ildə arvadıyla birlikdə Vyanaya qayıdır. 1925-ci ildə “Frankfurter Zeitung”un incəsənət üzrə müxbiri kimi Parisə göndərilir.
Frederik 1928-ci ildə şizofreniya diaqnozuyla ruhi-əsəb klinikasına yatırdılır. Bu vəziyyətdən çox təsirlənən Cozef Rotun spirtli içkiyə düşkünlüyü ehtimalla bu illərdə başlamış olmalıydı.
1929-cu ildə “Frankfurter Zeitung”dan çıxan Cozef Rot Münhen qəzetlərindən birində işləməyə başlayır. 1933-cü ildə Almaniyada nasistlərin iqtidara gəlməsindən sonra о zamanlar birlikdə yaşadığı həyat yoldaşı Andrea Manqa Bell ilə birlikdə Parisə köçür və orada müxtəlif qəzet və jurnallar üçün məqalələr yazaraq həyatına davam edir.
Cozef Rot təkcə 20-ci illərin ən tanınmış jurnalistlərin-dən biri olmaqla kifayətlənməyib, eyni zamanda Avstriya-Macarıstan imperiyasının süqutunun yazarı olaraq ədəbiyyat tarixinə adını yazdırıb. Romanlarında vətənlərini, şəxsiyyətlərini və yollarını itirən insanların başına gələnlərdən yazıb.
Cozef Rotda həyatının son illərində spirtli içkidən asılılıq yaranmışdı, 1939-cu il mayın 27-də Parisdə səfalət içərisində zökəmdən ölüb və Cimetiere Thiais qəbiristanlığında dəfn edilib.
Əlinizdəki roman Cozef Rotun şah əsəri sayılır. Nüfuzlu və qocaman ədəbiyyat tənqidçisi Marsel Reyx-Raniski “Radetski marşı”nı almanca yazılmış ən önəmli iyirmi romandan biri kimi dəyərləndirir.
Cozef Rotun romanına adını verdiyi “Radetski” marşı 1848-ci ildə ata İohann Ştraus tərəfindən Cozef Venzel qraf Radetski von Radetsin şərəfinə hərbi marş kimi bəstələyib. Avstriyalı general Cozef Venzel qraf Radetski von Radets (1766 -1845) 1813-cü ildə Napoleona qarşı aparılan Leypsiq meydan müharibəsində koalisiya qüvvələrinin qələbəsində önəmli rol oynayan tarixi bir fiqurdur.
“Radetski marşı” çoxmillətli Avstriya-Macarıstan imperiyasının qarşısıalınmaz süqutunu qeyri-adi dərəcədə gözəl bir dillə ifadə edən kədərli bir əhvalatdır. Cozef Rot “Radetski marşı”nda imperiya ənənələrinin necə yerlə yeksan olduğunu dörd nəsli əhatə edən bir ailə dramı çərçivəsində nağıl edir. Baron Cozef Trotta von Sipolje köhnə cəmiyyətin bir ayağını, yəni ordunu, oğlu Frans isə bölgə qubernatoru olaraq digər daşıyıcı ayağı, yəni dövlət bürokratiyasını simvollaşdırır. Nəvə leytenant Karl Cozef köhnə sistemin və babasının himayəsini hər zaman üzərində hiss etməsinə rəğmən özünü artıq onunla eyniləşdirə bilmir və addım-addım sona – həm özünün, həm də imperiyanın sonuna yaxınlaşır.
Cozef Rot bütün bu prosesi bir az hüznlü, bir az ironiya ilə, amma hər şeydən əvvəl dastanvarı bir dillə ifadə edir. Romanı Marsel Reyx-Raniskinin fikrincə, almanca yazılmış ən önəmli iyirmi əsərdən biri edən özəllik də elə bu dastanvarı ifadə tərzidir. Bir imperiyanın süqutu hər halda heç bir zaman bu cür gözəl çatdırılmayıb.
BIRINCI HISSƏ
I
Trottalar gənc bir ailə idi. Əcdadları zadəganlıq titulunu Solferino müharibəsində almışdı. Sloven idi. Çıxdığı kəndin adı olan Sipolje zadəganlıq titulu oldu. Özəl bir hərəkətə imza atması üçün tale onu seçmişdi. Lakin daha sonralar unudulmaq üçün nə lazımdırsa etdi. Solferino müharibəsində piyada leytenantı olaraq bir dəstəyə rəhbərlik edirdi. Vuruşma yarım saatdan bəri davam edir, üç addım önündəki əsgərlərinin ağ kürəklərini görürdü. Dəstəsinin ilk sırası diz çökmüşdü, ikinci sıra isə möhkəm dayanırdı. Hamısı şən və qələbəyə əmin idi. Dünəndən bəri müharibə meydanında olan imperatorun hesabına və şərəfinə doyunca yemək yeyib konyak içmişdilər. Sıradakı əsgərlərdən bəzən yıxılanlar olurdu. Trotta açılan hər boşluğu dərhal doldurur, ölü və yaralıların yetim qalmış tüfəngləriylə atəş açırdı. Seyrəkləşən sıranı iti göz və qulaqlarının köməyilə gah sıxlaşdırır, gah yenə geniş sahəyə yayır, tüfənglərin partıltısının arasında kapitanın nadir, aydın əmrlərini qaçırmırdı. İti gözləri düşmən səflərinin önündəki boz-mavi dumanı dəlib keçir, nişan almadan qətiyyən atəş açmır, hər atəşi hədəfi tapırdı. Əsgərlər onun əlini və baxışlarını görür, səsini eşidirdi və hər kəs özünü təhlükəsizlikdə hiss edirdi.
Düşmən duruxdu. Cəbhənin göz işlədikcə uzanan sırası boyunca "Atəşi kəs!" əmri eşidildi. Hələ də tək-tük hərbi taqqıltılar gəlir, gecikmiş və təkəm-seyrək atəş səsləri eşidilirdi. Cəbhələrin arasındakı boz-mavi duman bir az incəldi. Hər kəs özünü birdən çox yaxında bir fırtına vəd edən, önü buludlarla örtülü, qurğuşun rəngli günorta günəşinin altında gördü. Leytenant ilə əsgərlərin arasında Baş Qərargahdan iki zabitin müşayiətiylə imperator peyda oldu və yanındakı zabitlərdən birinin uzatdığı durbini gözlərinə sarı apardı. Trotta bunun hansı mənaya gəldiyini bilirdi: Düşmən geri çəkilsə belə, arxa-arxaya gələn qoşunlar avstriyalılara mütləq üzlərini çevirmiş halda dayanmaqda idilər, bir durbini gözlərinə tutan hər kəs yaxşı bir hədəf meydana gətirir. Eynilə bu anda gənc imperatorun meydana gətirdiyi kimi… Trotta ürəyinin daraldığını hiss etdi. Özünü, alayı, bütün ordunu, dövləti, hətta bütün dünyanı yox edəcək böyük, təsəvvür edilməsi imkansız olan bir fəlakətdən duyduğu qorxu bütün bədənini qovuraraq bürüdü. Dizləri titrəyirdi. Cəbhənin aşağı rütbəli zabitlərinin, Baş Qərargahın heç bir ağrı-acılı cəbhə təcrübəsi görməmiş yüksək rütbəli cənablarına qarşı duyduğu əbədi qərəz leytenantı adını alayın tarixinə silinməz bir şəkildə yazdıran o hərəkətə doğru itələdi. Leytenant imperatorun çiyinlərindən tutaraq yerə doğru basdı. Hər halda bir az daha çox güc sərf etmişdi. İmperator dərhal yıxıldı. Müşayiətçi zabitlər özlərini onun üzərinə atdılar. Tam o anda imperatorun ürəyini hədəfə alan güllə leytenantın sol çiyninə dəydi. İmperator dikələrkən leytenant yerə sərildi. Bütün cəbhə boyunca yuxudan oyanan ürkək tüfənglərin qarmaqarışıq, nizamsız səsləri eşidilirdi. Səbirsiz müşayiətçi zabitlərin təhlükəli bölgəni dərhal tərk etməsi üçün xəbərdar etdiyi imperator hər şeyə baxmayaraq leytenantın üzərinə doğru əyilib cavabdehlik daşıdığını nəzərə alaraq artıq heç bir şey eşitməyən huşsuz leytenantdan adını soruşdu. Alayın həkimi, təcili yardım ehtiyat zabiti və bir xərək daşıyan iki sanitar başlarını yerə əymiş vəziyyətdə qaçaraq yaxınlaşdılar. Baş Qərargah zabitləri imperatoru yerə doğru çəkdikdən sonra özləri də yerə uzandılar. İmperator təngnəfəs olan alay həkiminə: "Leytenanta baxın" – deyə qışqırdı.
Bu vaxt atəş yenə səngimişdi. Leytenantın köməkçisi dəstənin qabağına keçib aydın bir səslə komandirliyi təhvil aldığını deyərkən, Frans Cozeflə müşayiətçiləri dikəldilər; təcili yardıma gələnlər leytenantı xərəyə ehtiyatla bağladılar; sonra birlikdə qar kimi ağ bir lentin üzərini örtdüyü xəstəxanaya getdilər.
Trottanın sol körpücük sümüyü parçalanmışdı. Sol kürək sümüyünün altına batıb qalan güllə Baş komandanın hüzurunda və hiss etdiyi ağrılara görə yenidən özünə gələn yaralının qışqırıqları altında çıxardıldı.
Trotta dörd həftə sonra yaxşılaşdı. Cənubi Macarıstandakı qarnizonuna dönərkən artıq bir kapitan rütbəsiylə nişanların ən yüksəyi Mariya Tereza nişanından əlavə bir də zadəganlıq titulu da vardı. Adı bundan belə kapitan Cozef Trotta von Sipolje idi.
Sanki həyatı bir emalatxanada emal edilərək başqasına aid yeni bir həyatla dəyişdirilibmiş kimi hər axşam yatmazdan əvvəl və hər səhər qalxdıqdan sonra yeni rütbəsini və yeni zadəgan titulunu öz-özünə təkrarlayır, güzgünün qarşısına keçib üzünün köhnə şəklini qoruduğuna əmin olurdu. Yeni zadəgan kapitan Trotta yoldaşlarının talenin onlarla özünün arasına birdən-birə qoyduğu bu məsafəni aşmaq üçün göstərdikləri bacarıqsız səmimiyyət səyləriylə özünün əbəs halda təbii davranma cəhdləri arasında ruhi tarazlığını itirirmiş kimi olur, özünü həyatının sonuna qədər ayağındakı yad çəkmələr, iynələyici sözlər və ürkək baxışların müşayiət etdiyi sürüşkən bır yerdə yeriməyə məhkum edilibmiş kimi hiss edirdi. Babası kiçik bir kəndli, atası isə əvvəllər mühasiblik giziri, sonralar da imperiyanın cənub sərhədində vəzifəli bir jandarm baş çavuşu idi. Bosniyalı qaçaqçılarla girişdiyi bir toqquşma vaxtı bir gözünü itirdikdən sonra əsgərlikdən əlil olaraq təqaüdə çıxınca, Laksenburq qalasının park gözətçisi kimi yaşamağa başlayır, qazlara yem verir, kolluqları kəsir, yazda qızılakasiyaları, daha sonra da qara gəndalaşları yad əllərdən qoruyur və ilıq gecələrdə evsiz-eşiksiz aşiq cütləri gözlərdən uzaq, qaranlıq oturacaqlardan qovurdu. Sıravi bir piyada leytenantı rütbəsi ehtiyatda olan zabitin oğlu üçün həm təbii, həm də münasib görünürdü. Lakin imperiyanın lütf edib bəxş etdiyi az qala ürküdücü dərəcədə yad olan bir ehtişam içərisində qızıl bir buludun üzərindəymiş kimi gəzən rütbə sahibi zadəgan kapitan öz atasından birdən-birə uzaqlaşmışdı və yaşlı kişiyə qarşı hiss etdiyi bu ölçülü sevgi ata ilə oğul arasında köhnə vaxtlara görə yeni bir davranış və əlaqə formasını vacib edirmiş kimi görünürdü. Kapitan atasını beş ildən bəri görməmişdi, amma hər iki həftədən bir dəyişməz növbə qaydasına uyğun olaraq növbətçiləri təftiş edib keşik dəyişikliklərini qeydə aldıqdan və "Xüsusi hadisələr" sütununa belə bir şeyin ehtimal daxilində olduğunu belə rədd edən qəti və açıq bir "Yoxdur" yazdıqdan sonra yaşlı kişiyə qısa bir məktub yazmışdı. Məktublar vəzifə kağızları və icazə sənədləri kimi bir-birinə bənzəyirdi; sarımtıl böyük bir kağıza yazılırdı və üstdən dörd barmaq, yandan isə iki barmaq məsafəyə oturdulan "Əziz ata" müraciətiylə başlayıb, məktubu yazanın sağlamlığının yerində olduğunu bildirən qısa bir girişdən sonra məktubu alanın sağlamlığının da yaxşı olduğu ümidi dilə gətirilir və müraciətə çarpaz şəkildə sağ alt küncdə yer tutan "Sadiq və minnətdar oğlunuz leytenant Cozef Trotta" cümləsiylə son verilirdi. Yaxşı, bəs indi məktubların bütün hərbçi həyatı üçün planlaşdırılan standart forması necə dəyişdiriləcəkdi? Normalara uyğun cümlələrin arasına kapitanın özünün belə hələ tamamilə qəbul edə bilmədiyi fərqli şəraitin fərqli xəbərləri hələ də yeni rütbə sayəsində köhnə növbələrin etibarsız olduğu nəzərə alındıqda necə sığdırılacaqdı? Kapitan Trotta sağlamlığına yenidən qovuşduqdan sonra o sakit günün axşamında yazışma öhdəçiliyini yerinə yetirmək üçün əsgərlərin bıçaqlarıyla darıxmaqdan hər yerini cızıqlarla, çərtmələrlə doldurduğu masanın arxasında oturunca heç bir zaman "Əziz ata" müraciətindən o tərəfə keçə bilməyəcəyini qəbul etməyə məcbur oldu. Səmərəsiz qələmini mürəkkəbqabına söykədi, sakit işıqdan ani, sevindirici bir fikir gözləyirmiş kimi şamın üzərindən kiçik bir parça qopararaq yavaşca xatirələrə dalıb getdi; uşaqlığı, kəndi, anası və hərbi məktəblə bağlı xatirələrə geri döndü. Kiçik cisimlərin mavi boyalı divarlarda əks olunan böyük kölgələrinə, qapının yanındakı qarmaqdan asılmış qılıncının yüngülcə əyilmiş şəkildə parlayan xəttinə, qılınc qulpunun qınına keçirilmiş tünd rəngli boyunluğa baxdı. Çöldə heç dayanmadan yağan yağışın tənəkəylə örtülmüş pəncərə pərvazına dəyərkən çıxardığı təbil səsini dinləyib, nəhayət, bir neçə gün ərzində nəzərdə tutulduğu kimi təşəkkürlərini bildirmək üçün imperatorun hüzuruna qəbul edildikdən dərhal sonra gələcək həftə atasını ziyarət etməyə qərar verərək yerindən dikəldi.