реклама
Бургер менюБургер меню

Йозеф Рот – Radetski Marşı (страница 3)

18

–Bütün tarixi hərəkətlər təhsil daxilində fərqli bir şəkildə ifadə edilir. Qənaətimə görə, doğrusu da budur. Uşaqların anlaya biləcəkləri, unutmayacaqları nümunələrə ehtiyacı vardır. Əsl həqiqəti daha sonra öyrənərlər!

–Hesab! – deyə kapitan dikələrək səsləndi. Qışlaya getdi, növbətçi zabit leytenant Amerlinqi ehtiyat zabitin otağında gənc bir xanımla günah işləyərkən yaxaladı, növbətçiləri şəxsən təftiş etdi, baş çavuşu çağırdı, növbətçi baş gizirin hesabatını istədi, bölüyü toplanışa çağırıb həyətdə tüfəng təlimləri verilməsini əmr etdi. Hər kəs təəccüb içərisində qorxudan titrəyərək əmrlərə itaət etdi. Hər dəstədə bir neçə əsgər əksik idi və əksiklər tapılmırdı. Kapitan Trotta adların oxunmasını əmr etdi və leytenanta dedi:

–Əksik olan əsgərlər sabah özlərini müdafiə etsinlər.

Bölük təngnəfəs halda tüfəng təlimləri keçirdi. Hərbi vasitələr tıqqıldayır, qayışlar havada uçuşur, isti əllər soyuq lülələrin üzərində şappıldayır, heybətli qundaqlar ağır və yumşaq torpağın üzərinə sərt bir şəkildə endirilirdi. Kapitan "Doldur!" əmrini verdi. Hava təlim güllələrinin boğuq partlayışlarıyla titrədi. Kapitan "Yarım saat salamlama təlimi" əmrini verdi. On dəqiqə sonra əmri dəyişdirdi: "Dua üçün diz çök!" Sərt dizlərin torpağa, çaqıl daşlarına, quma dəyərkən çıxardığı boğuq səsi eşidincə sakitləşdi. Hələ də kapitan və bölüyünün komandiri idi. O məlun yazarlara hədlərini göstərəcəkdi.

O gün kazinoya getmədi, yemək də yemədən yatdı, ağır bir yuxuya getdi. Ertəsi gün səhər zabit toplanışında polkovnikə qısa, lakin qəti cümlələrlə şikayətini dilə gətirdi. Bundan sonra həqiqətlərin cəngavəri kapitan Cozef von Trotta-Sipoljenin əziyyəti başladı. Müharibə Nazirliyindən şikayətin Mədəniyyət və Tədris planı Nazirliyinə göndərildiyini bildirən cavabın gəlməsi həftələr çəkdi. Günlərin birində nazirin cavabı çatana qədər də bir neçə həftə keçdi. Nazirin cavabında belə deyilirdi:

"Çox möhtərəm hörmətli kapitan!

Zati-alinizin Avstriya Xalq və Yurddaş Məktəbləri üçün 21 iyul 1864-cü il tarixli qanuna görə hazırlanan, professor Veydner ilə Serdon tərəfindən hazırlanan oxu kitablarındakı on beş nömrəli yazı ilə bağlı dilə gətirmiş olduğu şikayət ilə əlaqədar olaraq hörmətli tədris planı naziri zati-alinizin diqqətini hörmətlə və icazənizlə tarixi əhəmiyyət daşıyan, xüsusilə də Əlahəzrət imperator Frans Cozefin şəxsən özüylə və Ali Sülalənin digər üzvləriylə oxu kitabındakı yazıların 21 mart 1840-cı il tarixli fərmana uyğun olaraq şagirdlərin dərketmə qabiliyyətinə uyğun şəkildə hazırlanması, pedaqoji hədəfləri nəzərdə saxlamağın lazım olduğuna çəkmək istəməkdədir. Zati-aliniz tərəfindən sözügedən şikayətdə ifadə olunan on beş nömrəli yazı zati-aliləri hörmətli Mədəniyyət Naziri tərəfindən şəxsən araşdırılmış, məktəb istifadəsi üçün münasib hesab edilmişdir. Həm ali, həm də orta məktəb müəssisələrinin məqsədi bir tərəfdən imperiyanın şagirdlərinə ordu mənsublarının qəhrəmancasına davranışlarını, böyüyən nəsillərin məsum xarakterinə, xəyal gücünə, vətənpərvərlik duyğularına uyğun olaraq, sözügedən hadisələrin həqiqiliyini dəyişdirmədən göstərməkdə ikən, digər yandan da bu hadisələrin çatdırılmasını vətənpərvərlik hissləriylə xəyal gücünü coşduracaq elementlərdən məhrum etməməyə diqqət göstərməkdədir. Zati-alinizdən bu və buna bənzər düşüncələri nəzərə alaraq şikayətinizi geri götürməyinizi hörmətlə xahiş edirəm".

Yazı mədəniyyət və tədris planı naziri tərəfindən imzalanmışdı. Polkovnik yazını kapitan Trottaya "Məsələni çox uzatma!" sözləriylə çatdırdı.

Trotta yazını götürdükdən sonra səssiz qaldı. Bir həftə sonra nəzərdə tutulan iyerarxik qaydaya uyğun olaraq Əlahəzrətin hüzuruna qəbulunu ərz etdi; üç həftə sonra sarayda Baş Komandanın qarşısında dayanırdı.

–Baxın, əziz Trotta, – imperator dedi. – Məsələ xoş deyil. Lakin hər ikimiz də çox yaxşı göstərilirik. Məsələni uzatmaqdan əl çəkin.

Kapitan cavabında dedi:

–Əlahəzrət, yalan danışılır.

–Çox yalan danışılır, – deyə imperator təsdiqlədi.

Kapitan özünü məcbur edərək dedi:

– Mən deyə bilmərəm, əlahəzrət.

İmperator kapitana yaxınlaşdı. Boyu Trottanın boyundan çox uzun deyildi. Göz-gözə gəldilər.

Frans Cozef:

–Nazirlərim nə etməli olduqlarını bilirlər, – deyə sözə başladı. – Onlara güvənməliyəm. Anlayırsınızmı, əziz kapitan Trotta? – Kiçik bir ara verdikdən sonra davam etdi. – Hər şey yoluna girəcək. Görəcəksiniz!

Qəbul sona çatmışdı.

Trottanın atası hələ də həyatda idi. Lakin Trotta Laksenburqa getmədi. Qarnizona geri dönüb ordudan təqaüdə çıxmaq istədiyini bildirdi.

Trotta mayor rütbəsiylə təqaüdə çıxdı. Bohemaya, qayınatasının kiçik malikanəsinə köçdü. İmperatorun lütfü onu tərk etməmişdi. Bir neçə həftə sonra imperatorun həyatını qurtaran adamın oğlunun təhsili üçün xüsusi kassasından beş min qulden köçürdüyü xəbərini aldı. Eyni zamanda, kapitan da baron olmuşdu.

Sipolje baronu Cozef Trotta imperatorun ərməğanlarını sanki təhqir edilirmiş kimi sınıq bir ürəklə qəbul etdi. Prussiya səfərinə onsuz çıxıldı və məğlubiyyətlə başa çatdı. Atəş püskürdü. Hələ indidən gicgahları çallaşmağa, baxışları donuqlaşmağa, addımları yavaşlamağa, əli gücsüzləşməyə, ağzı susqunlaşmağa başlamışdı. Ən gözəl yaşlarında olmasına baxmayaraq sürətlə yaşlanırmış kimi görünürdü. İmperatora, fəzilətə, doğruya, haqqa olan sadə inamın hökm sürdüyü cənnətdən qovulmuş, dözümlülük və susqunluğun zənciriylə bağlanılmışdı, dünyanın yaranmasının, qanunların gücünün, əlahəzrətlərin görkəminin təməlində hiyləgərliyin olduğunu artıq anlamışdı. İmperatorun istəyi nəticəsində on beş nömrəli yazı imperiyanın məktəb kitablarından çıxardıldı. Trotta adı sadəcə bölüyün qeydlərində qaldı. Mayor gizlicə qurtarılmış bir cismin yaşayanların işıqlı dünyasına göndərdiyi müvəqqəti kölgə kimi erkən tükənən şöhrətinin adsız sahibi olaraq həyatını davam etdirməyə davam etdi. Baron Trotta qayınatasının malikanəsində bağ qayçısını götürüb atasının Laksenburq köşkünün parkında etdiyi kimi kolluqları düzəldir, çəmənliyi biçir, yazda qızılakasiyaları, daha sonra isə qara gəndəlaşları yad əllərdən qoruyur, hasarın ensiz taxtalarını yeniləriylə dəyişdirir, alətləri təmir edir, öz əlləriylə atların qantarlarını taxıb yəhərləyir, qapılarla keçidlərin paslanmış kilidlərini yeniləyir, günlərcə meşədə qalır, kiçik ov heyvanlarını ovlayır, meşəbəyinin evində gecələyir; toyuq, gübrə və biçin, meyvə, divar çiçəkləri, təsərrüfat işçiləri və arabaçılarla məşğul olurdu. Bazarlığı şübhəylə dolu bir xəsisliklə edir, keçəyə bənzəyən dəri kisəsinin içindən iti barmaqlarıyla metal pulları çəkib çıxardıqdan sonra kisəni yenidən sinəsində gizləyirdi. Kiçik bir sloven kəndlisi olmuşdu. Hələ də arabir köhnə hirs-hikkəsi geri gəlir, o zaman da fırtınaya tutulan kolluq kimi qəzəbindən titrəyirdi.

İşçiləri və atları vurur, özünün təmir etdiyi qapıları çırpır, günəmuzd işçiləri ölümlə, yox etməklə hədələyir, günorta yeməyində önündəki qabı nifrətlə itələyir, yemək yeməyi rədd edib donquldanırdı. Onunla eyni damın altında, amma ayrı otaqlarda xəstə və gücsüz arvadından əlavə, atasıyla təkcə yemək masasında qarşılaşan və hər hansı bir tərif və ya tənqidə səbəb olmadan ildə iki dəfə qiymət cədvəlini verən oğluyla və təqaüdçü maaşını sevinc içində xərcləyən, gənc qızlardan xoşlanan, həftələrcə şəhərdə yaşayan, kürəkənindən qorxan qayınatasıyla qalırdı. Baron Trotta kiçik, yaşlı bir sloven kəndlisi idi. Atasına hələ də ayda iki dəfə axşamdan xeyli keçmiş titrək şam işığında sarımtıl, böyük bir kağıza məktub yazır, üstdən dörd, yandan isə iki barmaq məsafə buraxaraq "Əziz ata" müraciətiylə başlayırdı. Məktubuna çox nadir hallarda cavab alırdı.

Baron bəzən atasını ziyarət etməyi, əlbəttə, düşünürdü. Yoxsulluq içində yaşayan baş çavuşun, tel-tel tökülən pis tütünün, ev istehsalı olan arağın həsrətini çoxdandır çəkirdi, amma buna bənzər bir vəziyyətdə atasının, babasının, ulu babasının da çəkinəcəyi kimi xərclərdən çəkinirdi. Laksenburq köşkündəki şikəst təqaüdçüylə illər əvvəl kiçik evin mavi boyalı mətbəxində yeni qazanılmış zadəgan görkəmində birlikdə araq içdikləri zamana görə özünü indi ona daha yaxın hiss edirdi. Arvadıyla öz mənşəyi haqqında heç danışmazdı. Əsil-nəcabətli məmur ailəsindən gələn arvadının dünyasının bir sloven baş çavuşun dünyasından çox fərqli olduğunu bilir, bu səbəblə atasını dəvət etmirdi.

Baron mart ayının işıqlı bir günündə sərt buzun üzəriylə təsərrüfat müdirinin yanına gedərkən bir işçi Laksenburq köşkündən gələn məktub gətirdi. Atası ölmüş, səksən bir yaşında yuxusunda dünyadan köçmüşdü. Baron Trotta sadəcə bu sözləri dedi:

–Arvadımın yanına get, çamadanım hazırlansın, axşam Vyanaya gedirəm.

Sonra müdirin evinə girdi, əkinin nə vəziyyətdə olduğunu soruşdu, üç yeni marka sifarişinin verilməsi, bazar ertəsi günü baytarın çağırılması, mamaçanın dərhal hamilə xidmətçinin yanına göndərilməsi təlimatını verib evdən çıxarkən:

–Atam öldü, üç gün Vyanada olacağam, – deyib barmağını başına apararaq ötəri salam verib çıxdı. Çamadanı hazırlanmışdı, atlar arabaya qoşuldu, stansiya bir saatlıq məsafədə idi. Tələsik şorbasını içib əti yedi. Sonra arvadına dedi:

–Davam edə bilmirəm. Atam yaxşı bir adam idi. Sən onu heç görmədin.