18+
реклама
18+
Бургер менюБургер меню

Xancan Kərimov – Varlıq və Yoxluq Arasında (страница 7)

18

Sonra o birdən dayandı. Kənara çəkildi. Sanki qorxurdu. Sanki vurulmaqdan və ayrıla bilməməkdən qorxurdu. O sanki yaşamaq üçün yaranacaq istənilən bəhanədən qaçırdı. Fikrininin dəyişməsini istəmirdi. Hətta Laraya baxmağa belə cəsarət etmirdi sanki. Sanki baxdıqca vurulurdu ona. Gözlərinə, gözlərinin içində gördüyü o insana, saçlarına, bədəninə, hər şeyinə. Sanki həyatın onu son anda sınamaq üçün göndərdiyi ehtiras tanrısıydı və onun qarşısında özünü həyata uduzmuş hiss edirdi.

“Mən getməliyəm. Görüləsi bəzi kiçik işlərim var. Axşama qayıdaram. Burda olacaqsan? Sənə əlavə açarı buraxa bilərəm. Al, bax burdadı,” açarı masanın üstünə buraxdı. Lara heç nə demədi. O yataq otağına keçdi. Dolabdan bir şeylər götürüb cibinə qoydu. Sonra yan otağa keçib üzünə soyuq su vurdu. Başını qaldırıb sınıq güzgüyə baxdı. Bir də su vurdu. Sanki nədənsə ayılmağa çalışırdı, amma ayılmaq istədiyi sərxoşluğun içdiyi içkininmi yoxsa yan otaqdakı qadınınmı sərxoşluğu olduğundan əmin deyildi. Üzünü köynəyi ilə quruladı. Salona keçdi. Laraya yaxınlaşdı və onu son dəfə qucaqladı. “kaş ki heç tanışmasaydıq” dedi.

Qapını açıb çölə çıxdı və getdi.

4

SAUDADE

– Heyvanların göz yaşı tökmədən ağladıqlarını bilirdinizmi?

Yaxınlıqdakı sahilə doğru yeriməyə başladı. Laraya yalan demişdi. Edəcək çox da vacib bir işi yox idi. Nə evdə oturmaq istəyirdi, nə də yanında kiminsə olmasını. Depressiv hiss edirdi və üzündəki heç bir əzələni tərpətməyə taqəti yox idi. İçkinin köməyi dəyməmişdi. Belə əhvalla oyandığı sabahlara nifrət edirdi. Neqativ fikirlər sarırdı bütün beynini və içinə getmə istəyi dolurdu. Keçmişdən xoş xatirələr yaddaşını ələ keçirir və onu boğurdular.

Keçmişdə bu qədər ilişib qalmış olmasının səbəbi onun yaşam formasıydı. Həmişə bir yerlərdən qaçmışdı. Özünü tanıyandan qaçırdı. Davamlı olaraq bir şəhərdən başqa şəhərə, başqa ölkəyə, başqa qitəyə köçmüşdü. Bəziləri planlı, bəziləri plansız olmuşdu. İndi olduğu nöqtədən geriyə dönüb baxanda, bu qədər vaxta o qədər şeyi necə sığdırdığına bəzən çaşıb qalırdı. Normal bir insanın həyatında tanıyacağı insan sayısından bəlkə də qat-qat artıq insan tanımış, hər cür insan tipi görmüşdü və bu onu həmişə valeh etmişdi. Nə qədər fərqli insanın var olmuş olması. Milyardlarla nəfərlik dünya da, milyardlarla hekayə var idi. Hər insanın bir hekayəsi var idi və o hekayələri sevirdi.

Yeni şəhərlər, yeni insanlar və yeni kitablar onun bəlkə də həyatdakı tək devizi olmuşdu bir vaxtlar. Heç vaxt doğulduğu yerdə ölən insanlardan olmaq istəməmişdi. Sıxıcı gəlirdi bu düşüncə və yaşam tərzi ona. Vətəndə xan olmaqdansa, qürbət eldə dilənməyi üstün tutmuşdu həmişə. Dilənə-dilənə də yaşamışdı elə başqa ölkələrdə. Hər şəhərdə, hər ölkədə sıfırdan başlamışdı hər şeyə. Heç vaxt peşman olmamışdı. Olacağını da sanmırdı. Onu həyatda tutan tək istəyin bu olduğunu bilirdi. Getmək. Amma hara qədər?

Eyni şəhərdə belə olsa, canı sıxıldığı zaman evini və işini dəyişməliydi. Bir yerdə ilişib qalmaq onu boğurdu. İçində bitmək tükənmək bilməyən bir maraq hissi var idi həmişə. Öyrənmə hissi. Başqa dünyaları, başqa insanları, başqa mədəniyyətləri görmə, bilmə və öyrənmə.

Köçəri həyat yaşamışdı. Və bunu sevmişdi. Həyatının heç bir dövründə bəhrəsini sonra görəcəyi şeylər etməmişdi. Planlı yaşamamışdı. Çəkinmişdi bu şeylərdən. Heç vaxt bitirməyəcəyinə əmin olduğu Universitetlərdə oxumuşdu məsələn. Əvvəlcə bir müddət psixologiya, sonra fransız dili və ədəbiyyatı, sonraysa fəlsəfə oxumuş və hamısını da yarım buraxmışdı. Ona görə yox ki nə istədiyindən əmin deyildi, ona görə ki hər şeyi istəyirdi. Həm də məsələ nəticə deyildi, əsas prosses idi onun üçün. Nəticə heç vaxt ona maraqlı deyildi. Əsas gedişat idi. Əsas bir çayın suyu kimi axmaq idi, o çayın gedib harasa tökülməsi yox. Gələcəyini heç vaxt düşünməmişdi. Ya da o qədər xoşbəxt olmuşdu ki anın içindən ayılıb gələcək təlaşıyla yaşamaq istəməmişdi. İnsanın keçmişində ilişib qalması kimi, gələcək təlaşıyla yaşamasını da qəbul edə bilmirdi. Çünki insan içində yaşadığı anı yaşamamış olurdu elə olan halda. Sırf daha sonra pul qazanmaq xətrinə sevmədiyi bir şeyləri öyrənmək üçün vaxtını sərf etməmişdi heç vaxt. İstəməmişdi bunu. Bəlkə də bütün həyatı boyu sevmədiyi işlərdə işləmişdisə də, bəhrəsini ən azından paralel olaraq eyni anda görmüşdü. Ya da ən azından, özünün dediyi kimi, başqa şəhərlərdə başqa ölkələrdə olmuşdu həmin sıxıcı, yorucu bəzənsə macəra dolu işlər.

Hər an öləcəkmiş kimi yaşamışdı. Ölümü həmişə sağ cibində gəzdirmişdi. Və bu onu rahatlatmışdı həmişə. Hər an öləcəkmiş kimi yaşadığı üçün də daim tələsmişdi, başqa şəhərlərə, başqa ölkələrə, sanki hər an bir maşın qəzasına qurban gedə bilərmiş kimi hiss etmiş və ona görə hərəkət etmişdi. Sanki ölümün həmişə onun iki addım gerisində olduğunu hiss etmişdi. Ona görə də bu kiçik həyatına bir çox şeyi sığdırmış və indi onların əksikliyində qıvrılırdı.

Əgər bir gün sahib olduğun xoşbəxtliyi itirsəm ya da gələcəyi planlamadan yaşadığım üçün gələcəyim bir tıxaca girsə çıxış yolum sağ cibimdəki ölümdür demişdi.

Sağ cibində həmişə ölümü gəzdirməyi bacara bilmənin də şərtləri var idi amma. Bağlanmaq olmazdı, ailə olmazdı, uşaq olmazdı. Səni tərəddüdə salacaq heçnə olmazdı. Bəlkə də buna görə o həmişə qaçmış, yer dəyişdirmişdi. Bir vaxtlar həyatında məna kəsb edən insanların heç biri ətrafında deyildi indi. Ailəsindən və uşaqlıq dostlarından okeanlarca uzaqdaydı. Harda necə olduqlarını belə bilmirdi, bilmək də istəmirdi.

Anasının və xəstə bacısının ölümündən sonra daha yaxşı anlamışdı, bağlanmaq, bir insanı çox sevmək olmazdı. Yoxluğu da bir o qədər ağrı verəcəkdi çünki. Hər an hər kəsi və hər şeyi itirməyə hazır olmalısan. Elə o günlərdə qərar vermişdi: heç vaxt uşaq sahibi olmayacaqdı. Bağlanmaq olmazdı. Bəlkə də anasının və bacısının ölümü idi onu bu qədər uzaqlara aparan. Mümkün qədər uzağa qaçmağa çalışmışdı ağrını unutmaq üçün. Diqqətini dağıtmağa çalışmışdı. Ölümün və həyatın absurdluğu ilə ilk dəfə onda üz-üzə qalmışdı, hər gün birlikdə olduğun insan durduq yerdə birdən birə ölə bilər. İlk başda qəbullanmaqda çətinlik çəkirsən, başa düşmürsən, sonra qəbullanırsan. Əsl ağrı ilə baş-başa və yalnız qalırsan, birini anidən itirməyin və onun yoxluğunun ağrısı. Və içində heç vaxt yoxa çıxmayacaq bir yara peyda olur. Ömrünün sonuna qədər sinən də özünlə gəzdirəcəyin bir göynərti. Həmişə göynəyəcək, göynəyəcək və göynəyəcək. Həmişə içində qalacaq bir əksiklik hissi, saudade, həmişə hər nə olursa olsun, bir şeylər natamam və əksik olacaqdı. Heç vaxt gəlməyəcək birini pəncərə qarşısında illərcə gözləmək kimi. İçindəki göynərti heç vaxt yoxa çıxmayacaq, sadəcə bəxtin gətirsə bəzən diqqətin dağılacaq və unudacaqdın. O, son illərdə diqqətini dağıtmaqla məşğul idi.

Bəlkə də qadınlara olan hərisliyinin səbəbi də bu idi, diqqətini dağıdırdı. Dilini belə bilmədiyi ölkələrə getmiş, dilini belə bilmədiyi qadınlara vurulmuş və sevişmişdi. Sonra onları tərk etmişdi. Bağlanmaq olmazdı. Tək qayda bu idi. Sanki onu oturaq həyata vadar edəcək hər detaldan şüuraltı olaraq qaçmış, çəkinmişdi. Yanında gəzdirdiyi tək sevgilisi var idi, sağ cibindəki ölüm.

Bəlkə də uşaqlığında həsrətlə izlədiyi o hər payızda uçub gedən qaranquşlardan keçmişdi ona bu getmə alışqanlığı. İçində həmişə bir şeylər əksilmişdi onların gedişini hər gördüyündə. Və baharı gözləmişdi bütün qış. Bəlkə də ona görə qışları sevmirdi. Anasına hər dəfə “hara gedir qaranquşlar hər payızda?” demiş, “isti ölkələrə” cavabını almış və təkrar soruşmuşdu: bəs biz niyə getmirik?

Onları gözləmişdi bütün qış və baharın ilk günlərində onları axtarmışdı gözləri. Gəzib gəldikləri yerlər haqqında suallar vermişdi onlara, kaş ki o da onlarla gedə bilsəydi demişdi. Kaş ki sizin kimi qanadlarım olsaydı mənim də demişdi onlara.

Bir gün uçub gedəcəkdi o da. Qaranquşlardan fərqli olaraq o geri dönməyəcəkdi. Hər qış başqa bir yerə uçacaqdı, ta ki yorulanadək. Ta ki o qışların birində ilişib qalıb, bir daha bahar görməyəcəyi o qışa qədər.

Kimliyini unudanadək uçacaqdı, hər ölkədə yeni bir adla başlayacaqdı həyata. Hər ölkədə yeni bir şəxsiyyətə bürünəcəkdi. Uşaqlıqda həsrətlə oturub izlədiyi o göylə yerin birləşdiyi, dünyanın sonu sandığı yerlərə gedəcəkdi. Evin pəncərəsindən oturub izləmişdi o səma ilə yerin birləşdiyi uzaqda görülən həmin düz xətti. Daha da hündürə çıxmışdı daha da uzağı görə bilmək üçün. Hər dəfə daha hündür ağaclara çıxmış və baxmışdı. Dünyanın sonunu görə biləcəyini sanmışdı. İlk dəfə dənizi gördüyü həmin gün daha da əmin olmuşdu. Bir gün gedəcəkdi. Əslində çox yaxın amma çox uzaq görünən o səma ilə dənizin kəsişdiyi düz xəttin oyatdığı maraq hissinin iziylə gedəcəkdi. Heç vaxt unuda bilməyəcəyi insanlar tanıyacaq, hadisələrə şahid olacaqdı. Bu möhtəşəm həyəcanlar onu daha da uzaqlara aparacaqdı. Eyni şəhərdə qocalmaqdansa Konqo cəngəlliklərində itib ya And dağlarında saçını küləyə verməyi istəyirdi. Yazmağı yeni öyrəndiyi vaxtlarda kiçik bir dəftər tutmuşdu özünə, yarı rəngli televizorlarında hər gün izlədiyi heyvanlar haqqındakı filmlərdən qeydlər yazdırdı. Tam olaraq niyə yazırdı bilmirdi. Kenquru balasının uzunluğu: 3sm, Avstraliya çölləri, tundralar, iynəyarpaqlılar, adalar və yarımadalar. Nəyin harda olduğunu qeyd edirdi bir-bir. Bir gün gedəcək və öz gözüylə görəcəkdi. Rəngli və canlı olaraq.