18+
реклама
18+
Бургер менюБургер меню

Xancan Kərimov – Varlıq və Yoxluq Arasında (страница 6)

18

“Bəs sənin dərdin nədir? Xoşbəxtliyin bitib? Ya həyat çoxmu bərbad yerdir deyəmi?”

“Mən sadəcə yorğunam. Həyatım əziyyətinə dəymir. Ən azından mənim üçün, mənim çəkdiyim əziyyətə dəymir. Bəsit bir işçi sinifi nümayəndəsiyəm və qarşılığında aldığım xoşbəxtlik bəs etmir. Sadəcə taqətim qalmayıb davam etməyə. Elə bil çiyinlərimdən daşlar asılıb və mən sonsuz dik pilləkənləri qalxıram yavaş-yavaş.”

Dedi və bir siqaret yandırdı. Bir qədər dayandı, fikirləşdi və davam etdi: “…və , xeyr. Həyat bərbad bir yer deyil məncə. Əksinə, həyat olduqca gözəldir deyə düşünürəm. Ancaq əgər sən o gözəllikdən istifadə edə bilirsənsə. Resursların ya maddi vəsaitin varsa. Əks təqdirdə zülümdən başqa bir şey deyil. Elə bil ki bir həbsxana düşün, kənarlarda dəmir barmaqlı hücrələr və içində yalnız və heçnəsiz məhbuslar. Bu hücrələri birləşdirən ortadakı böyük salonda isə fahişələri düşün və ortalıqda gəzişən nəzarətçilər. Həyat o fahişələrdir, nəzarətçilər isə həyatın dadına baxa bilənlər, baxa bilmə şansı olanlar. Məhbuslar isə kasıblar, əziyyət çəkərək yaşa yan insanlar, yalnızlar, kimsəsizlərdi. Səncə o məhbusların özlərini öldürməsimi yerində olardı, yoxsa ömrü boyu oturub xoşbəxt insanları- nəzarətçiləri izləmələrimi?”

“Bütün məhbuslar həmişə həbsdə qalmır”

“Optimizm. Elədir. Buna görə də onların bəziləri oturub həyatın bir gün nə vaxt onların da üzünə güləcəyini, digərləri isə bu zillətdən canlarını qurtarmağı seçir. Tamamilə şəxsi seçim məsələsidir. Vəssalam. Ortada doğru ya da səhv qərar yoxdur. Bütün əzab çəkənlər özlərini öldürməlidir ya da gözləməlidirlər deyə bir şey yoxdur. Bu riyaziyyat deyil, həyatdır və həyatın konkret bir formulası yoxdur. Necə yaşamalı, necə ölməli ya nə vaxt ölməli.” Kofeden bir qurtum aldı, davam etdi: “O məhbusları da onsuz həyatda saxlayan ümiddir, bir gün hər şey yaxşı olar ümidi, oturub Qodotu gözləyirlər, gözləri yaşlı.”

“Nəyi gözləyirlər?”

“Qodotu”

“O nədir?”

“Nə olduğunu Samuel Beckettdən soruşmaq lazımdır. Onun bir pyesinin adıdır. Qodotu gözləyərkən. Əsərdə iki absurd qəhrəman nə etdiklərini niyə etdiklərini bilmədən hər gün görüşüb Qodotu gözləyirlər. Əgər Qodot gəlsə hər şeyin yaxşı olacağını düşünürlər. O isə heç vaxt gəlmir. Qodot hər şey ola bilər. Kimsə, ya pul, yaxşı iş, bir sevgili, ya da bütün insanların ömrü boyu gözlədikləri o gün, o gün ki bir gün hər şeyin yaxşı olacağını sanırlar. Bir gün birilərinin gəlib onlara əl uzadıb, hey, sən, ordakı, gəl mənimlə, sən xoşbəxtliyə layiqsən deyib onlara xoşbəxt həyat bəxş edəcəyi kimsədir Qodot bəlkə də. Ancaq o gəlməyəcək.” Susdu bir qədər. “Əgər sənə maraqlıdırsa kitabını və ya teatr formasında hazırlanılmış filmini izləyə bilərsən” təkrar susdu. “Qodot” dedi, “pul belə olsa, bir qadın, bir sevgili, yaxşı həyat belə olsa, insan doyumsuzdur və onun gəlməsi onu doyurmayacaq. Yenə əvvəlki kimi olacaq əhvalı. Deməli Qodot bunların heç biri deyil. Çünki Qodot gəlsə, hər şey yaxşı olmalıdır”. Bir qədər aradan sonra əlavə etdi: “Qodot, bəlkə də sadəcə bir avtobus şoferidir”

“Yəni doyumsuzluq insanı xoşbəxt olmağa icazə vermir deyirsən?”

“Demək olar ki, hə. Daha doğrusu belə deyək, insan doyumsuz olduğu üçün yox, onu məmnun edəcək, doyuracaq qaynağı bitdiyi anda qəmginləşməyə başlayır. Yəni məsələn düşün ki insanın içində bir ağac var, xoşbəxtlik ağacı deyək və insan doyumsuzluğunu bir dənizə bərabər etsək deyək ki, insan o dənizdən hər gün öz xoşbəxtlik ağacını qoruyub saxlamaq üçün bir fincan su götürüb tökməlidir. Sən o dənizi əlindən alsan o insanın, xoşbəxtliyi quruyub yox olacaq. Ya da özünə susuz yaşamağı öyrətməlidir. Bir buddist rahib kimi. Halbuki bu da, asan deyil. Ən azından mənə görə deyil. Dediklərimin hamısı da subyektib həqiqətlərimdir bu arada,” – deyib dayandı, sonra fikrini bitirdi, – “bilirsən də necədi, insan doyumsuzluğu bir dəniz qədər böyükdür, hər dəfə düşünürsən ki bu dəfə bir fincan yox beş fincan götürsəm çox xoşbəxt olacam, ancaq olmursan. Çünki heç vaxt doymursan. Daha doğrusu, düşündüyün qədər xoşbəxt olmursan, ancaq yenə də xoşbəxtliyin davam edir, nə vaxt ki o su sənə bəs etmir ya da dənizini əlindən alırlar, onda ölümü düşünürsən. Bilmirəm, bəlkə də yanılıram. Bəlkə də bu sadəcə məndə belədir. Daha az şeylərlə xoşbəxt olan insanlar da var. Mənim həyatım narkotik kimidir, hər dəfə daha artıq dozaya ehtiyac duyuram, yoxsa bezdirici gəlir” – sonra dediklərini öz ağlında ölçüb biçirmiş kimi düşüncəyə daldı və əli ilə üzünü silərək sonlandırdı: “Bilmirəm, bilmək də istəmirəm. Sadəcə, artıq özümü bir torf kimi hiss edirəm. Sanki sinəmdəki ümidlər bataqlıqda cücərməyə çalışan bitkilərin çürümüş qalıqları kimi torfa çevriliblər və bir kibrit vursan alışıb yanacam.”

Sualların içinə qərq olmuş vəziyyətdə ayağa durdu, pəncərəyə yaxınlaşıb çölə boylandı. Geri döndü. Soyuducuya yaxınlaşdı, açdı, içəridə nələr olduğuna göz gəzdirdi, bağladı. Laradan bir şey yemək istəyib istəmədiyini soruşdu. “İştahım yoxdu” dedi Lara, “mənim də” dedi o da.

Bir qədər sonra Lara səssizliyi pozaraq dilləndi “Nə olur olsun, məncə bu kamplar, tamamilə axmaqlıqdır, bunun üçün peşman olacaqlar bir gün və yəqin ki bağlayacaqlar.” Sanki yaxın birini kamplarda itirmiş kimi qəmgin və bikef danışırdı. “Bir gün onlar küçələrin boşaldığını hiss edəcəklər. Evlərin boşaldığını. Küçələrdə kimsəsiz uşaqların artdığını. Mən hələ də bütün bu olanlara inana bilmirəm. Bəzən hətta az qala inanasım gəlir ki bu dövlətlərin artmaqda olan əhali sayını azaltma üsuludur. Həm də çox ağıllı formada zəifləri öldürürlər. Adını da seçim azadlığı qoyublar. Liberalizimmiş, Demokratiya imiş. İnsanların əllərinə belə qərarları buraxmaq olmaz. Demokratiya və liberalizmin də bir sərhəddi olmalıdır”

“Bilmirəm. Bəlkə də haqlı ola bilərsən. Kamplar cəsarətsiz insanları cəsarətləndirir bəlkə də. Bilmirəm. Tək bildiyim situasiyanın mənim xeyrimə olmasıdır. Başqa heçnə vecimə deyil. Nə kimlərinsə ölməsi ya bütün insanlığın nəslinin kəsilməsi ya da situasiyanın doğurduğu əxlaqi normlar vecimədi. Mən sadəcə yorulmuşam. Taqətsizəm. Heçnə etmək istəmirəm.”

“Son vaxtlar yaşadığın depressiyalar və yalnızlıq səbəbilə normal düşünə bilmirsən artıq məncə. Öz pessimist fikirlərini təsdiqlədikcə təsdiqləyir və daha da dərinə batırsan”

“Məndən normal davranmağımı gözləyə bilməzsən, sahib olduğum bütün bu yaralarla birlikdə.”

“Bilirəm, dünən danışdığımız hər şey yadımdadı. Mənə bir vaxtlar oxuduğum Donjuançılıq essesini xatırladırsan. Qadınlara düşkün və mümkün qədər fərqli qadınlarla birlikdə olmaq istəyən kişi. Hiperseksuallıq var səndə. Gözəl səslənir, amma esseni oxuyanda da fikirləşmişdim ki belə bir adamı qadınlarından uzaq saxlasan nə olar? Məhv olar. Qarşımda dayanıb indi o qəfəsə salınmış Don Juan. Məncə sən qadınlarından uzaq qalmısan. Dünən mənə ehtiras tanrısı deyirdin amma sənə həqiqi ehtiras tanrısı belə bəs etməz. Ona belə xəyanət edərsən. Yanlış anlama, qınamıram səni, bəziləri yaşamaq üçün yaradılıb, bəziləri sevmək üçün. Sən, sevməlisən. Bir yolunu tap ya geri dön əvvəl yaşadığın yerlərə, bu lənət ölkədən ya bu soyuq şəhərdən çıx get ya da nəsə başqa bir şey, yoxsa az qala özünü öldürəcəksən”

“Məsələ sadəcə qadınlar deyil. O işin asan tərəfidi. Məsələ çox qarışıqdı. Bütün nostalgia xəstəliyini filan bir kənara qoysaq da, işləmək də istəmirəm artıq. Uzandığım yerdə özümü günahkar hiss etmək istəmirəm. Vaxtımın getdiyi üçün özümü günahkar hiss etmək istəmirəm. Heçnə etmədiyin üçün günahkar hiss etmək ya da özünü nəsə etməyə məcbur hiss etmək. Yerində boş-boş otura bilməzsən, çünki ay sonu kira ödəməlisən. Bir maşında yaşasam məsələn istədiyim vaxt oyanıb istədiyim vaxt yatsam. Kiməsə kira vermə dərdim olsun istəmirəm. Ancaq bu ölkədə bu çətindi. Başqa ölkəyə gedəcək həvəsim də qalmayıb. Yaşamağı çox çətinləşdiriblər. Heyvanlar bizdən şanslıdı. Bu lənət olası ölkəyə nifrət edirəm amma həm də dəlicəsinə sevirəm. Özümü bu torpaqlara aid hiss edirəm. Sanki onsuz da burda doğulmuşam kimiyəm. Ya da sanki orda doğulmuşam kimi hiss etdiyim dörd beş yer var və hamısı üçün darıxıram. Bəlkə də Avropada qalmalıydım. Bəlkə də durduq yerdə özümə xəstəlik yaradıram. Bildiyim tək şey var, Sinəmdəki lənət yara hər gün böyüyərək sonsuz bir irinə çevrilir.

Lara ayağa durdu. Onun yanına gəldi və onu qucaqladı. İki yenicə tanışmış yad insan sanki illərdir tanış imişlər kimi qucaqlayırdılar bir-birini. Sanki illərdir axtardıqları insanı tapmış kimi bir gecədə bir-birlərinə vurulmuşdular. Hər ikisi bu anın heç bitməməsini diləyirdi eyni anda. Sonsuza qədər bir-birlərini qucaqlayıb buraxmamaq. Oradaca, ayaqdaca durub, qucaqlayıb, ölənə qədər ağlamaq istəyirdilər, xoşbəxtlikdən ya bədbəxtlikdən. Dünən bütün gecəni də bir-birini qucaqlayaraq yatmışdılar. Baxmayaraq ki ikisi də qucaqlaşıb yatmağı xoşlamırdılar amma bu son günlərində sanki ikisi də sevgiyə möhtac idilər. Lara onun çiynindən başını qaldırıb üzünə baxdı və “kaş ki səni çox daha əvvəl tanısaydım” dedi. O Laranın yanağından aşağı süzülüb gedən tək göz yaşı damlasını izlədi. Sonra damlanın gedib durduğu yeri, dodaqlarının birləşdiyi kənarı öpdü yavaşca. Lara da onun dodağından öpdü və öpüşməyə başladılar. Bir-birini çox şiddətli formada öpürdülər, sanki hər ikisinin yer üzündəki son öpüşləriymiş kimi.