18+
реклама
18+
Бургер менюБургер меню

Xancan Kərimov – Varlıq və Yoxluq Arasında (страница 8)

18

Hekayələri sevirdi. Bir həyatın gözəl keçmiş olması ona görə həm də sahib olduğu, yaşamış olduğu hekayələr idi. Kasıb ya zəngin olması əsas deyil. Əsas yaşanmışlıqlardır. Hekayələrindir. Səni sən edən hekayələrin. Hekayələr həmişə onu cəzb etmişdi. Hekayələri olan adamlar. Həmişə hekayələrin içinə soxurdu özünü və həyatını. Əgər qarşısına bir seçim çıxırdısa, maraqlı hekayəsi olan yolu seçirdi. Hekayələr yaşamış olduğunu göstərirdi, oturub tamaşa etmədiyini. Kimisi tamaşa etməyi sevirdi, kimisi hekayənin içində olmağı, o içində olmağı sevən tərəf idi. Magellanı sevmişdi o, səyyahları və onların həyatlarını, hekayələrini. Bir yelkənli gəminin gövdəsinə dırmaşıb heç gedilməmiş torpaqlar kəşf etmək istəmişdi həmişə. Kaş ki bir yelkənli gəmisi olsaydı diləmişdi həmişə.

Bir çox insan dünyanı gəzmək ya olduqları yerdən qaçmaq istəyərdi ancaq onlar qalmağın təhlükəsiz və rahat zonası ilə getməyin təhlükəli və narahat edici tərəfləri arasında seçim etməli idilər. O seçimini etmişdi. Ona görə sadəcə iki variant var idi: Maraqlı və maraqsız.

Bir çox insan əlbətdəki dünyani gəzmək ya olduqları yer dən qaçmaq istəyərdi, ancaq onlar təhlükəsiz və rahat zona ilə olası təhlükəli və narahat şeylər arasında seçim etməli idi. O seçimini etmişdi.

Tanımadığı küçələrdə özünü azdırmaq kimi adəti var idi onun ta uşaqlıqdan, indi tanımadığı ölkələrdə özünü azdırdığı kimi. Oliver Tvist, Kiçik Şahzadə, Dəfinələr adası nağılları ilə böyüdəcəkdi özünü. Və onlar kimi getmək istəyəcəkdi, uzaqlara. O da bir başqa macərapərəst olacaqdı. Böyüdüyü o balaca şəhərdə, gedə bildiyi qədər uzaqlara getmişdi balaca ayaqları ilə. Hər dəfə yeni küçələr, tərk edilmiş yerlər kəşf etmişdi o balaca şəhərində. Geri dönüb həyəcanla danışmışdı dostlarına, o gün tapdığı tanrının belə unutmuş olduğu yerlərdən.

Bəlkə də buna görə o qədər çox sevinmişdi ilk velosipedinə sahib olarkən. Daha da uzaqlara aparmışdı deyə onu. Səkkiz velosipedi olan bir uşaqdan, təkərləri deşik ilk və son velosipedini almışdı. Heç vaxt o qədər sevinməmişdi, baxmayaraq ki velosipedi balaca idi, boyuna uyğun deyildi və gülünc görüntü yaradırdı. O qədər kiçik idi ki pedalı hər çevirişində dizləri sükana çarpmışdı. Bu onu saxlamamış, hər səhər dizləri sükanı döyə-döyə başqa bir küçəyə getmişdi. Bir nöqtədən sonra getdiyi hər küçə bildiyi bir küçəyə çıxmış və məyus olmuşdu. O balaca şəhər artıq ona bəs etmirdi. Maraq hissi doyumsuzlaşır və daha artıq dozaya ehtiyac duyurdu.

Bildiyi tək şey var idi, yetəri qədər böyüdükdən sonra, bir daha geri dönməmək üzrə gedəcəkdi oralardan. Hər küçəsini əzbərləmiş olduğu o balaca və darıxdırıcı şəhərdən çox uzaqlara gedəcəkdi.

Bilmədiyi tək şey var idi, bağlanmaqdan nə qədər qaçsa da, xatirələr onun yaxasını heç vaxt rahat buraxmayacaqdı. Bir nöqtədən sonra sahib olduğu xatirələrin sancıları incitməyə başlayacaqdı onu və parçalara bölünəcəkdi ürəyi. Darmadağın bir ürəyi gəzdirəcəkdi özüylə hara getsə. Və hara qayıtsa, heç vaxt xoşbəxt olmayacaqdı, zira qayıdılası birdən çox yer olacaqdı. Günahkar, qaranquşlarmıydı?

Sağ cibində ölümü gəzdirərkən, sol cibi ağzına qədər xa tirələrlə dolacaqdı. Ta ki bir gün yaxasına qədər dırmaşıb onu öldürəcəkləri günə qədər. O son qışa qədər.

Bunu hesaba qatmamışdı, getdiyi və yaşadığı yerlərin bir gün daş olub ürəyindən sallanacaqlarını. Tarixin və ədəbiyyatın ilk və ən böyük vətən həsrəti çəkmişlərindən biri olan Homerin Odisseyi sadəcə evi üçün, Penelopesi üçün darıxırdı, onunsa evi on beş dənəydi, hər ölkədə hər şəhərdə bir ev. Özünü bu qədər zəif sanmamışdı heç vaxt. Xatirələrdə boğulacaq qədər aciz. Bəlkə də məsələ xatirələr deyildi? Bəlkə məsələ xoşbəxtlik idi?

Məsələ – bəlkəsiz – elə həqiqətən də xoşbəxtlik idi, bəlkə də. Xoşbəxt olmadığı üçün xatirələrinə sarılaraq yatırdı hər gecə, divarlara asırdı onları. Xoşgünlərini yada salaraq pis günlərini yola verirdi amma boğacaqdı o xoşgünlərin xatirələri onu. Yavaş-yavaş. Bütün deşikləri bağlı vannanı aramla dolduran su kimi içində uzanan bədəni öldürəcəkdilər vaxtı gələndə.

Sonra bir gün, dayan demişdi özünə. Bəsdir, öldürəcəksən özünü. Bəsdir getdiyin. Bəsdir qaçdığın. Yaşadığı bu son şəhər, onun son dayanacağı olmuşdu. Və deyəsən, belə getsə, həyatdakı son dayanacağı da olacaqdı. Az qalmışdı. Buna bir son verəcəkdi.

Köçəri həyatı arzulamışdı həmişə. 60 illik ömrü məsələn, tək şəhərdə tək şəxsiyyətə bürünərək yaşamaqdansa, 60 illik həyatın hər ilini ayrı şəhər ölkə ya qitədə ayrı şəxsiyyətlərə bürünərəkl yaşamağa tərcih etmişdi. Sanki onun maraq hissi digər insanlardan o qədər yüksəkdəydi ki, dayana bilməmişdi tək bir yerdə ya ikisində. Yeni həyəcanlar üçün təhlükəli belə olsa, hər deşiyə soxmuşdu özünü. Ötdüyü kimsəsiz yolun üstündəki qorxulu qaranlıq bir dərənin içindən onu çağıran bir əl görsəydi əgər, gedərdi o bilinməz qaranlığa doğru. Başını hər cür bəlaya soxmuşdu və bu bəlalar nəticəsində möhtəşəm insanlar tanımış, möhtəşəm xatirələrə sahib olmuşdu.

Ancaq, eynilə narkotik maddələrdə olduğu kimi, eynilə süni xoşbəxtliklərdə olduğu kimi, həyatının ilk dövrlərdinə partlama yaşayan maraq hissi indilərdə dibə vurmuşdu. Riyazi dillə, üzü aşağı baxan parabola tək, sıfırdan sürətlə yuxarılara doğru yüksəlmiş maraq hissi, artıq sürətlə mənfilərə enirdi. Bəlkə də maraq hissi deyildi bitən, xatirələri boğmuşdu onu, yoxsa hələ də yerindəydi bütün köhnə xarakteristikası. Ya da maraq hissi o qədər şey dadmışdı ki artıq daha artıq dozada xoşbəxtliklərə və yeniliklərə ehtiyacı var idi və o hissi doyura bilmədiyi üçün kefsizləşirdi. Narkotik aludəçisinin hər dəfə daha artıq dozaya ehtiyac duyduğu kimi, həyatda da hər dəfə daha artıq dozaya ehtiyac duyuruq. Bir vaxtlar yaşamaq eşqiylə dolub daşarkən, bir başqa yorğun və həvəssiz Oblomov idi indilərdə, ya da bir başqa nihilist Bazarov.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.