Xancan Kərimov – Varlıq və Yoxluq Arasında (страница 4)
Qarşı tərəf isə, daha da atəşli formada buna icazə verilməsinin səfehlik olduğunu müdafiə edirdi. Evtanaziya və assistli intihara qarşı savaşan vəkillərdən biri televiziyada belə deyirdi “Bu adamlar dəli olublar! Bu dəlilikdir! Mənim hələ də ağlım almır! Belə bir şeyi müzakirə etməyimiz belə axmaqlıqdır Bu səfsətədir. Onlar xəstəlikləri sağaltmaq əvəzinə, insanları öz əlləri ilə öldürürlər!”.
Başqa bir məşhur yaşlı marksist müxalifətçi və konspirasi ya nəzəriyyəçisi isə belə deyirdi “Bu müasir dövr dövlətlərinin zəifləri öldürmə formasıdır və şüurlu formada planlaşdırılır. Kapitalizm yenə öz işini görür. Onlar küçələrdəki evsiz və kimsəsizləri təmizləmək üçün yeni üsul tapılblar. Azad ölüm! Nə gözəl! Azad yaşam verə bilmədikləri vətəndaşlarını qətl edirlər.”
Bir digər məşhur həkimsə belə deyirdi: “Bilirsiniz, Amerikalılar olaraq başqa ölkələrdən nümunə götürməliyik. Artıq neçə müddətdir ki bu sistemi tətbiq edən bir sıra ölkələr var, xüsusilə Avropada. Almaniyada artıq hər beş qocadan biri dövət köməyi ilə həyatını sonlandırır. Ümumilikdə isə evtanaziya ilə ölənlərin çoxu dözülməz ağrılar və ölümcül xəstəliklər səbəbi ilə deyil, başqalarına yük olmaq istəməmə, ləyaqətli formada həyatlarını bitirmə kimi səbəblərdən sonlandırırlar həyatlarını. Səbəblərin arasında ilk beşlikdə fiziki ağrı yoxdur. Hansı ki evtanaziyanı ağır ağrılı xəstələrə kömək məqsədilə leqallaşdırmışdılar. Məncə biz onlara özlərini öldürmək də yox daha yaxşı yaşamalarında kömək etməliyik. Bu qayğıya möhtac şəxslər üçün açılmış xüsusi qayğı evləri var, onların sayı və keyfiyyəti artırılmalıdır. Yaşlılar yalnızlıqdan əziyyət çəkir. Biz bu insanları daha yaxşı necə xoşbəxt edərik – bunları danışmalı ikən, bugün burada oturub onların ölümünə kömək olub olmamağın etik mübahisəsi üzərinə baş yoruruq. Əgər biz depresiyanı kömək sırasına salsaq kimin ölüb kimin ölməyəcəyinə kim necə qərar verəcək? Onsuz da dövrümüzün xəstəliyi depresiya deyilmi? Burda başqa bir nüans da var, əgər biz depresiya kimi səbəbləri evtanaziya müraciətlərində qanuni hala salsaq, onda bu depresiya xəstələrini daha da cəsarətləndirəcək. Bunu heç kim düşünmür. Onların sayı həndəsi silsilə ilə artacaq. Çünki həm asan ölümü həm də başqalarının da bunu etdiyini görüb cəsarətlənəcəklər. İnsan bədənindəki bütün hüceyrələr sağ qalmağa proqramlanıb, bir insanın öz başına özünü öldürməsi asan deyil. Ancaq onun işini asanlaşdırsanız o ilk dar macala düşdüyü anda dövlətin qapısına qaçıb öz iki qramlıq zəhərini tələb edəcək. İntihar bəzən keçici problemə, qalıcı həll üsuludur. Əgər şəxs ağır xəstə deyilsə. Onun hər kiçik problemdə özünü öldürməyə can atmasına kömək etmək fəlakətlə nəticələnə bilər.”
Həkim çoxlarına görə haqlı idi. Belə bir qərarın qəbulu zəncirləmə təsir yaradacaqdı və başqalarını da cəsarətləndirəcəkdi. Ancaq bir digər tərəfdən də, evlərdə cəsədlər tapılırdı və bu olduqca narahat edici idi. Xəstəxanalara intihara cəhd etmiş və müvəfəqiyyətsiz olmuş şəxslər gətirilird. Özünü silahla vurmuş və üzünün yarısını itirmiş ancaq hələ də həyatda olan xəstələr. Onlar silahın lüləsini düz istiqamətdə tuta bilməyənlər idi.
Məşhur “Ölmə haqqı” təşkilatının qurucularından biri, Hector Qonzalez isə öz müdafiəsini belə dilə gətirirdi: “Onlar onsuz da ölürlər. Onlara heç olmasa çəkdikləri bu əzab dolu həyatı sonlandırmaqda kömək etmək lazımdır. Bugün biz bu əsrdə əgər insan azadlığından bəhs ediriksə və insanın sahib olduğu ən vacib şeyi öz canı və bədənidirsə onda onlara onu necə idarə etməkdə icazə verməli və kömək etməliyik. Bu ölkənin azadlıq deklarasiya sənədinin ən vacib frazası
Jack Kevorkian, illər əvvəl vəfat etmiş məşhur erməni əsilli həkim, rəssam və musiqiçi idi. O evtanaziyanın tamamilə qadağan olduğu dövrdə özü şəxsi olaraq 130dan çox xəstənin həyatlarını sonlandırmasına kömək etmiş, sonra isə dövlət tərəfindən günahkar olduğuna qərar verilərək yeddi illik həbsə məhkum edilmişdi. Onun öz düzəltdiyi thanatran (ölüm) və mercitron (mərhəmət maşını) adlı iki intihar aparatı var idi. Bir çoxları onu “doktor ölüm” adlandırırdılar. O isə özünü qatil yox, əzab çəkənlərin köməkçisi adlandırırdı. Onun evtanaziya qanunlarının yumşalmasında və leqallaşmasında xüsusi rolu olmuşdu. Və həqiqətən də təşkilatçının dediyi kimi hal-hazırda da qanunsuz yollarla bu tip həkimlərin köməyi ilə ağrısız ölümə müraciət edən insanlar var idilər.
Mübahisələrin üstündən aylar keçdi. Ştatlar bir-birinin ardınca qanunlarda güzəştlərə getməyə başladı. Sonda federal səviyyədə major depresiya xəstəliyindən əziyyət çəkən hər kəsin evtanaziya üçün müraciət etmələrinə icazə verildi. Sonra isə bir çox intihar edən insan bu yolla intihar etməyə başladığı üçün ayrıca şöbələr yaradılması təklif edildi. İntihar bəzən ani bir depressiv basqın ikən bəzən planlanan bir akt forması idi. Ani depresiya əhvalı ilə intihar edənlər yenə evlərində ölü tapılırdılar. Ancaq planlı formada inthar edənlər isə xəstəxanalara müraciət edirdilər. Bəzi xəstəxanalarda hələ də evtanaziya əlehinə duruş sərgiləyən həkimlər olduğu üçün onlar bu işi görməkdən imtina edirdilər və xəstəxanalarda intihar-assistent çatışmazlığı yaranırdı. Buna görə də şəhərlərdə xüsusi ayrıca şöbələr yaradıldı əvvəlcə. Bunlar ilk başda olduqca kiçik və sadəcə bir neçə otaqdan ibarət şöbələr idilər. Ya həkim tərəfindən namizədlərə müvafiq dərmanlar verilir və onlar özləri istifadə edərək həyatlarını sonlandırırdılar ya da həkimlər bir başa tətbiq edirdilər dərmanları. Sonradan bir sıra təşkilatların təkidi ilə bu şöbələrdə nisbətən dəyişikliklər edilməsi təklif olundu.
Hector Qonzalez yenə olduqca ciddi və inadkar formada çıxış edirdi: “Biz bu insanlara heç olmasa zülüm çəkərək yaşadıqları bu həyatı sonlandırarkən heç olmazsa xoş bir gün yaşatmalıyıq. Vətəndaşları işsizlik və evsizlikdən əziyyət çəkən bu dövlətdən gözləntimiz odur ki heç olmasa onlara düzgün bir yaşam verə bilmirlərsə, düzgün bir ölüm versinlər. İki otaqlı dörd divarın arasında sanki bir qurban kimi gedib həyatla vidalaşmaq olduqca acılancaqlı səslənir elə deyilmi? Yəqin ki bu məsələdə mənimlə razılaşarsınız ki, siz, sabah o xəstələrin yerində olsanız, bu istəyəcəyiniz ən sonuncu vida forması olardı. Biz bir ictimai təşkilat olaraq öz borcumuzu yerinə yetirmişik və dövlətə bu barədə hazırlamış olduğumuz xüsusi layihəmizi artıq təqdim etmişik. Bu layihənin üstündə uzun müddətdir ki hazırlıqlarımız gedirdi, son çərşənbə günü bütün hazırlıqları tamamlayıb təqdimetməni bitirməyə nail olduq. Qısaca izah edəsi olsaq əgər, xəstələrimiz və zərərçəkənlərimiz üçün (o bu sözü həyatdan zərərçəkmişləri nəzərdə tutaraq xüsusi vurğuyla işlədirdi) spesifik kamplar, düşərgələr yaradılmasıyla bağlı geniş və ən kiçik təfərrüatına qədər düşünülmüş böyük bir layihədir. Evtanaziya kamplarının layihəsi.”
Hector Qonzalez, uşaq ikən, bir gün məktəbdən evə qayıdanda, öz xəstə anasını otağında asılı vəziyyətdə ölü tapmışdı. Bir uşaq üçün bu olduqca ağır travma idi. Qorxudan ağlayaraq küçəyə qaçmış və səsə gəlmiş qonşular anasını yerə endirmişdilər. Atası yox idi. Anasını heç vaxt bağışlamayacağını düşünmüşdü ilk başda. Onu həm anasız, həm kimsəsiz qoyurdu öz gedişilə. Və üstəlik, balaca bir uşağın onu görə biləcəyi bir yerdə özünü asaraq. Bu şübhəsiz ki bağışlanmaz bir hərəkət idi. Ancaq o, tez-tez anasının onu mütəmadi yoxlamaya gələn həkiminə yalvarışlarını eşitmişdi qapı arxasından “həkim, al canımı yalvarıram! Belə yaşaya bilmirəm! Bu ağrılara dözə bilmirəm! Dözə bilmirəm”. Kimin ağrıları daha ağır idi? Gecələri belə qışqıraraq və zarıyaraq yatmağa çalışan və yata bilməyən anasının, yoxsa anasız qalmış Hectorun? O zamanla anasını anlamağa və bağışlamağa başlamışdı. Ölümdən sonra onu kimsəsizlər evinə, bir yetimxanaya yerləşdirmişdilər. Ona uzun müddət istədiyi vaxtı anasının məzarını ziyarət emə şansı vermişdilərsə də o getməmişdi, incik idi. Ancaq hər gecə anasının çığlıqlarını eşidirdi yuxularında və yetimxananın koridorlarında, “bu ağrılara dözə bilmirəm həkim”, əks-səda edirdi anasının səsi qulaqlarında. Bir müddət sonra o anlayırdı artıq, böyüyürdü. Anası, hər ikisi üçün düzgün olanı etmişdi. Yavaş-yavaş əriyib getməsinə səbəb olan xəstəliyi onsuz da onun canını alacaqdı qısa müddətə və Hector onsuz da kimsəsiz qalacaqdı. Anası sadəcə ağrılarından tez qurtulmağa və Hectorun heç olmasa yetimxanaya gedərək daha yaxşı bir şəraitdə olmasına çalışırdı. Onsuz da, evdə dövlətin onlara xəstə anası və atasızlığı səbəbilə verdiyi yardım ilə olduqca çətin şəraitdə yaşayırdılar. Üstəlik balaca Hector xəstə anasının qayğısına qalmaq zorunda idi. Anası onu xilas edirdi əslində gedişiylə. Sadəcə, başqa seçimi olmadığı üçün özünü asaraq vidalaşırdı. Amma bu olduqca ağır olmuş olmalı idi. Tez-tez anasının son anlarını xəyal edirdi, ağlayaraq ipi boynuna keçirməsini təsəvvür edirdi, Hectorun birazdan evə gələcəyini bilərək edirdi bunu. Və buna görə daha da artıq ağlayırdı onu belə bir mənzərəylə üz-üzə qalmağa vadar etdiyi üçün. Bir gün qaçdı yetimxanadan Hector və anasının basdırıldığı məzarlığa getdi ağlayaraq. “Bağışla məni” deyə gözyaşı tökdü anasının məzarı üstündə. “Bağışla daha əvvəl gəlmədiyim üçün ziyarətinə. Bağışla səni qınadığım üçün. Bağışla uşaqlıq etdiyim üçün. Səndən ötrü çox darıxıram ana” deyə fəryad etmişdi onun yeniyetmə ürəyi sinəsində. “Söz verirəm sənə, vəkil olacam bir gün, sənin istədiyin kimi” deyə söz verirdi əli ilə gözlərin silib anasının yanından ayrılarkən, uşaqcasına.