Xancan Kərimov – Varlıq və Yoxluq Arasında (страница 3)
Evtanaziyanı dəstəkləyən tərəf isə nə olursa olsun insanın həyatı barədə qərarlarının öz əlində olması gərəkdiyini vurğulayırdılar. Xəstələrin çəkdikləri ağrılara diqqət çəkərək, bu ağrıları hiss etməyən yad insanların bir insanın o ağrılarla yaşayıb yaşamayacağı haqqında müzakirə etmə haqlarının belə olmadıqlarını sərt bir dil ilə tənqid edir və müasir insan haqlarını şiddətlə qınayırdılar. Ölkənin müxtəlif şəhərlərində kiçik qruplaşmalar əllərində Hüqo Jeseina və digər evtanaziya istəyən ölümcül və ağır xəstəliklərə məhkum xəstələrin şəkilləri ilə kiçik aksiyalar edir və “Xoşbəxt ölüm! Xoşbəxt ölüm!” deyə qışqırırdılar.
Tarixçi Suetonius miladın ilk illərində imperator Oktavian Avqustun ölümü ilə bağlı belə yazırdı: “Tez və əzabsız şəkildə yoldaşı Livianın qollarında əbədiyyətə qovuşdu, arzuladığı
Bütün insanlıq tarixinə, bütün yaşamış insanlara, əgər hamısına insan irqinin nümayəndəsi kimi, tək nəfər ya orqanizm kimi baxa bilsək, bütün o milyardlarla insanı tək bir nəfər saymış olsaq əgər, onda, ilk insanın doğumundan bugünə qədər keçmiş müddəti sanki bir insanın doğulub böyümə prosesi kimi canlandıra bilərik gözümüzdə. Belə olan halda, ilk insan, ana rəhmindən başlayaraq böyüyən bir uşaq kimi, düşüncəsi yeni formalaşan və illər keçdikcə böyüyən, dünyanı tanımağa başlayan, kəşf edən, sonra yeniyetməlik dövrünü yaşayan, vuran, qıran sonra getdikcə daha da müdrikləşən tək bir varlıq idi. Hər əsrdə bir yaşı daha artırdı. Və yavaş-yavaş əsrlər keçdikcə, insanlıq şüuru irəliləyirdi. Keçmişdə qınanılmış, qadağa olunmuş məsələlər vaxt keçdikçə gündəlik həyatın bir parçasına çevrilir və normal qəbul edilirdi. Normal idi, kiçik bir uşaq kimi, insanlıq şüuru yetişmə mərhələsindəydi. Elm adamlarını yandıran kilsələr, qadınlara qadağalar gətirən köhnə və müasir adətlər, milliyətçilik uğruna qanlar tökən Avropa və neçə belə düşüncəsizliklər artıq tarixə qarışırdı. İnsanlıq öz köhnə atalarına baxıb onları qınayırdı. Tarix göstərirdi ki, cəmiyyətin başa düşmədiyi və qəbul etmədiyi məsələləri qavraması və anlaması, adət-ənənələr zəncirini qırıb aydınlanabilməsi vaxt alırdı və bir gün öz qaydasına düşəcəkdi mütləq. Sadəcə gözləmək lazım idi, bir gün evtanaziya da qəbul olunacaqdı.
Elmi tədqiqatlar göstərir ki, təxminən 100.000-70.000 il bundan əvvəlki insan ilə indiki insanın zəkası aşağı yuxarı eynidir. Baxmayaraq ki beyin həcmi getdikcə azalır (beyin daha da minimallaşır və neyronlar arası qısayollar tapır) zəka eyni idi təxminən. Və keçmişdə doğulmuş uşağı bugün gətirib böyütsək əgər, bəzi linqvistik problemlərin xaricində fərqi ayırd etmək mümkün olmazdı. Ancaq atalarımızla aramızda bir fərq var idi əlbət, təcrübələr və bu təcrübələrin işığında dünyanı, həyatı daha yaxşı anlama və qavrama bacarığımız. Bu təcrübələrin köməyi ilə inkifaş edən şüur və dərrakəmiz bizə yaşama sənətini xırdalıqlarına qədər öyrədir və səhvlərimizi göstərirdi. Aramızdan bəzi uzaqgörənlər çıxırdı və bizə bir şeyləri düzgün etmədiyimizi, yolunda getməyən bəzi şeylər olduğunu öyrətməyə çalışırdı, bizə dünyanın əslində dairəvi olduğunu başa salmağa çalışırdılar məsələn, ancaq atalarımız onları öldürürdülər. Bizi feodal qaydalar və kilisə zülmündən qurtarmağa çalışan, maarifləndirən və aydınlanmağa çağıran François-Marie Arouet’i, Voltaireni Bastiliya qalasına həbs edir, sürgün edirdik. Fikrlərimizi hələ təzə-təzə püxtələşdirməyə başlayan Sokratı edama məhkum edirdik. Sonra isə səhvimizi başa düşürdük, onlardan öyrənirdik. Eynicinsli insan ların kilsə və məscidlərin təkidi ilə öldürülməsindən tutmuş kilsə tərəfindən evləndirilmələrinə qədər keçən proses kimi, dəyişirdik. İnsanoğlunun bir-birini sevən iki eynicinsli insanın birlikdə yaşamalarına icazə verməsi min illər çəkmişdi, insanın öz ölümünə qərar verməsinə icazə verməsinə isə az qalmışdı.
Bir neçə ölkədə evtanaziya ya da assistentli intihar müəyyən şərtlər daxilində leqallaşdırılmışdı artıq. Hüqonun bəxti gətirməmişdi. Onun iflic olması, dözülməz bir xəstəlik olaraq sayılmırdı yaşadığı ştatda. Məhkəmə və həkim qərarı Hüqoya rahat ölüm icazəsini vermədi. Ani olaraq artmış mübahisələrin sayı bir an içində azaldı. Hüqoya evtanaziya üçün onu başqa ölkəyə aparma təklifi edildi, lakin o, bu təklifi rədd etdi. Bezgin Hüqo Jaseina, o günün gecəsi, səhərə doğru tək işlək sağ qolu ilə özünü xəstəxananın pəncərəsinə doğru sürüdü, pəncərəni çətinliklə də olsa açmağa müvəfəq oldu və özünü doqquzuncu mərtəbədən yerə buraxdı. Bəlkə də heç kimi narahat etməmək üçün öz intiharını gecəyə saxlamışdı. O, sağ əli ilə intihar və inqilab etmişdi.
Bu dəhşət qarşısında sarsılmış məhkəmə heyəti və həkimlərin qərarı ilə Hüqo Jaseinanın ölümündən on saat sonra ştat evtanaziya və asistli intiharı leqallaşdırdı. Tarix yenə gecikirdi. Yalnız qurbanlardan sonra atılması lazım olan addımlar atılırdı. Bu hadisələr domino efekti ilə digər ştatlar və ordan da federal səviyyədə evtanaziyanın leqallaşmasına apardı. Terminal xəstəliklər, dözülməz ağrılı xəstəliklər və iflic kimi bir sıra xəstəliklər siyahıya salındı.
Leqallaşma ilə birlikdə bir sıra qeyri-adi evtanaziya istəkləri gəlməyə başladı. Kor bir qadın təmizliklə bağlı obsesiyasının olduğunu və paltarındakı çirkləri görə bilmədiyinə görə əziyyət çəkdiyi üçün həyatına son vermək istədiyini bildirdi və istəyi müzakirələrdən sonra qəbul edildi. İntihar etməyə çalışaraq özünü yandırmış və müvəfəqiyyətsiz olmuş üzü və bədəni ağır yanıq xəsarətləri ilə dolu olan cavan bir oğlan öz bədəni və görünüşü ilə yaşamaqda əziyyət çəkdiyini və ölmək istədiyini bildirdi və qəbul edildi. Bu hadisələri müxtəlif ağır depressiv xəstəlikləri olan namizədlərin müraciətləri izlədi. Ancaq bütün depressiv xəstəliklər və bənzərləri qəbul edilməyərək geri çevrildi. Qərarnaməyə əsasən “sağalmayan, terminal, ümidsiz və dözülməz ağrılı xəstəlikləri olan xəstələr” xüsusi dövlət qayğısı ilə həyatlarına son verə bilərdilər. Depressiya isə terapiyalar və dərmanlar vasitəsilə sağaldılma ehtimalı olan xəstəlik növü sayılırdı və “ağrısı” o qədər də yüksək deyildi, qəbul edilmirdi. Ancaq, kimin ağrısının nə qədər ağır olduğuna kim qərar verirdi? Bir gənc qız “O lənətə gələsi avadanlıqlarınız sırf mənim ağrımın dərinliyini ölçə bilmir deyə məni daha asan ölümdən məhrum edirsiniz, alın bu da sizə dərs olsun elə isə!” deyərək üstünə benzin töküb məhkəmə qarşısında özünü yandırdı. Xəstəxanaya çatdırıldığında dördüncü dərəcə yanıq xəsarəti səbəbilə artıq keçinmişdi. Onun intiharını digər depressiv xəstələrin toplu intiharları izləməyə başladı. Hüqonun sağ qolu ilə başlatdığı ölüm inqilabı bir gənc qızın külləri ilə alovlanırdı. İşlər cığırından çıxmışdı. Səhiyyə nazirliyinin statistikalarına görə ölkədə hər beş nəfərdən biri depressiya xəstəliyindən əziyyət çəkirdi. Depressiyanın dövlət nəzarətli intihar siyahısına salınması gözlənilməz nəticələr doğura bilərdi.
Araşdırmalara görə insanlar etmək istədikləri ancaq etməyə çəkindikləri hərəkətləri başqa insanların etdiklərini gördükləri zaman cəsarətlənirdilər və onlar da edirdilər. Domino efekti kimi ya da sürü psixologiyası. Bu insanın təkamüli keçmişindən gələn öyrəşilmiş və alışılmış bir xüsusiyyəti idi. Tapdığı yabani otun zəhərli olub olmadığına əmin ola bilməyən meşə insanı yanındakıların yeməsini görərək cəsarətlənir və o da yeyirdi. Bu tətikləmə təsiri yaxın insanlarda daha yüksək idi, xüsusən də ailə daxili münasibətlərdə. İntihar da eləydi və başqasının intiharı bir başqasını cəsarətləndirirdi. Ailə daxili intiharların zəncirləmə olaraq digərlərini də tətikləmə ehtimalı yüksəkdir. Ailə xarici olaraq isə, hər intiharın təxminən altı nəfərə dərindən təsir etdiyini göstərirdi təqiqatlar.
Dünyada hər il bir milyon insan intihar edərək həyatını sonlandırır. Bir milyon insan. Bu intiharların üçdə birindən çoxunun səbəbi depressiyadır. Bu intiharlardan insanların xəbəri olmur, heç bir qəzet yazmır o intiharları heç bir tv səsləndirmir. Dövlət mümkün qədər intiharları gizlətməyə çalışır. Zira intihar zəncirvari təsir yaradan hərəkətdir. Daha da zəruri detal odur ki, bir milyon sadəcə müvəfəqiyyətli olanların sayıdır, iyirmi beş dəfə artıq sayıda insan cəhd edir halbuki. Yəni əgər müvəfəqiyyətli olmuş olsaydılar rəqəmlər inanılmaz olardı. İndi isə dövlətdən, o müvəfəqiyyətsizlərə ölümlərində birbaşa kömək edilməsi tələb edilirdi.
Dövlət məsələni genişmiqyaslı müzakirəyə açmışdı. Bir-birini tətikləyən hadisələr getdikcə ölkə miqyasında fəlakətlərə səbəb olurdu. İnsanlar özlərini ticarət mərkəzlərində, küçələrdə, nəqliyyat tıxaclarında silahlarla öldürürdülər. İnsanlar, ölmək istəyirdilər. Dünya qaranlıq bir dövrə girirdi. Bütün gələcək proqnozları yanılırdı. İnsanlıq xoşbəxtliyə doğru yox, bədbəxtliyə doğru yol alırdı. Məclisdə məsələnin referenduma daşınıb daşınılmaması müzakirə edilirdi. Ölkə demək olar ki yarıya bölünmüşdü və hər iki qarşı tərəfdə öz içində fikir ayrımları yaşayırdılar. Məsələn depresiyadan əziyyət çəkən insanlara dövlət nəzarətli intihar verilməsini müdafiə edənlərin bir hissəsi depresiyadan əziyyət çəkdiyini deyən istənilən şəxsin müraciətinin qəbul olunmasını dəstəkləyirdi, bir hissə isə sadəcə müəyyən şərtləri ödəyən depresiya xəstələrinə bu icazə verilməli idi deyirdi, məsələn ən az altı aylıq bir müalicə keçmiş olmalı idi zərərçəkənlər.