Xancan Kərimov – Varlıq və Yoxluq Arasında (страница 2)
İlk intihar edən insana getdi fikirləri yenə. Görəsən necə intihar etmişdi deyə sual verdi darıxan iç səsi ona. Fikir ona maraqlı gəldi. Axı o dövrdə daha da çətin idi intihar. Dövr deyəndə ki, hansı dövr? Lap əvvəllərə getsək hələ meşədə yaşayan yeni-yeni şüur inkişafı başlayan insanlara, o dövrdə axı hələ ağrısız intihar üsullarından heç biri yox idi. Özünü öldürməyə qərar vermiş biri olsaydı elə bir dövrdə, o nə edərdi deyə düşündü bir anlıq. İlk olaraq suda boğulmaq gəldi ağlına. Yüksək bir təpədə, dağın üstündəki meşə ilə dənizin birləşdiyi nöqtədəki uçurumdan düz aşağı tullanmışdı bəlkə
də ilk qəhrəmanımız. Yoxsa bəlkə də elə birbaşa ürəyinə sancmışdı daşdan düzəlmə nizəsini? Necə olmuşdu axı? Xəyalgücü ona istədiyi formada kömək etmirdi cavabı tapmaq üçün. Hansı üsul seçilmişdi. Özünü vəhşi heyvanların qabağınamı atmışdı bezgin? “Yox əşi” deyə cavab verdi iç səsi. Sonra birdən, o dövrdə bəlkə də intihar olmamışdı deyə düşündü. Çox ehtiyac da yox idi bəlkə də. Çünki hələ ki insan həyatındakı ağrıların sayı artmamışdı və sadəcə qida üçün yaşayırdılar. Sonra birdən o dövrdə yaşama həsrəti yarandı içində. İndi ki kimi saysız-hesabsız seçim ehtimalınının olmadığı, problem ehtimalının daha az olduğu, gözləntilərin sadəcə günlük qidadan ibarət olduğu dövrlər. “Axmaqca səslənir” deyə düşündü, “O dövrlərdə yaşamağın daha asan olduğunu düşünmək, bəlkə də bir yanılmadan ibarətdir”. Amma, “yəqin ki” dedi, ilk intihar irəliləyən vaxtlarda, ilk sivilizasiya vaxtlarında olmuşdu. Qəbilə savaşlarını düşündü. İnsanların ilk qruplar, tayfalar halında yaşadığı vaxtları və aralarındakı kiçik savaşları, xırda münaqişələri düşündü. “Aha” dedi iç səsi. Böyük ehtimal, ilk intihar da o vaxtlarda olmuş olmalıydı. İlk savaş alətləri ilə. Qanlı bir inihar olmuş olmalıydı. İlk insanın şanssızlığını düşündü buna görə də. İntiharları belə asan deyildi, indiki kimi işi qısa müddətə həll edəcək vasitələr yox idi.
Qeyri-iradi olaraq rom butulkasını dodaqlarına yaxınlaşdırdı. Bir qurtum aldı. İlk intihar etmiş insan indi onun yanında olsaydı ona əlindəki bu spirtli içkini verərdi deyə düşündü. İlk bir-iki təcrübədəki baş gicəllənmələrindən sonra onun da xoşuna gələrdi yəqin deyə özü-özünü təsdiqlədi. Həyat, yəqin ki şərabın kəşfindən əvvəl və sonra olaraq ikiyə bölünürdü, yola verilmə ehtimalı daha çətin və daha asan olmaq üzrə. İçki və onun kimi digər maddələr olmasaydı bəlkə intihar sayıları daha çox olardı. İnsanlar ani ruh düşkünlüklərini, psixoloji sarsıntılarını sovuşdura bilməz və ölümə daha çox can atardılar. Bunu düşündü və sonra bütün insanlığın şərəfinə, bütün şərab sevərlərin şərəfinə içkisini başına çəkdi. İçində bir damcı belə olsun qalıb qalmadığından əmin olmaq üçün butulkanı yenidən yuxarı qaldırdı, dilini çıxardı, butulkanı əydi və içindəki damcının butulkanın dibindən yavaş-yavaş irəliləməyə başlayıb sonra sürətlənib şüşə qabın ağzında yenidən yavaşlayıb sanki sallanırmışcasına dayanıb, dilin üstünə tullanmağını izlədi. Boş butulkanı yerə tulladı.
Sərxoş idi və sərxoş olduğu qədər xoşbəxt idi.
Tutulduğu nostalgiya xəstəliyindən canını heç olmasa bir saatlıq qurtara bilmişdi. Düşünməmiş və xatırlamamışdı. Keçmiş həsrəti zillətindən bir anlıq belə olsa azad olmuşdu.
Hər insan xatirələr bütünüdür. Hər bədən və beyin, xatirələr bütünüdür. Beyin, iformasiyalar şəbəkəsidir və hər informasiya bir xatirədir. Hər xatirə bir təcrübədir. Bir uşağı yetişkindən ayıran tək fərq sahib olduqları xatirələrin miqdarıdır. Yerimək, iməkləyən bir uşağın sahib olmadığı bir xatirə və təcrübədir. İməkləmək, əllər və dizlər üzərində hərəkət etmə aktının yaddaşda saxlanılmış xatirəsidir.
Qırmızı, bir xatirədir. Zərərsiz və kiçik xatirə. Mavi, soyuq, isti, qaranlıq, yaşıl, dəniz, A’nın tələfüzü, qaçmaq və gülmək ən incə təfərrüatlarına qədər işlənilib yaddaşa yüzlərlə ya minlərlə neyron şəbəkəsi tərəfindən həkk olunmuş xatirələrdir. Bütün bu zərərsiz və kiçik təfərrüatlar birləşərək daha böyük, kompleks və bəzən zərərli xatirələr yaradırlar. Məsələn “İsti yay günü dəniz sahili gülüşlərlə A’nın arxasınca qaçdığı o gün” bir xatirəydi. Xoşbəxt bir anın kompleks neyron şəbəkəsi tərəfindən saxlanılan xatirəsi. Şirinmiş kimi görünən amma zaman-zaman incidici xatirə. Çünki keçmişdi və keçmişdə qalmışdı. Əgər yenidən yaşaya bilmirsənsə bəzən ən şirin xatirələrin belə öz cəhənnəminə çevrilə bilər. Toxuna bilmədiyin keçmişin və qucaqlaya bilmədiyin xatirələrin. İllər, yəni zaman və məsafələr nostalgiya xəstəliyinin ən böyük iki faktorudur. Ya keçmiş üçün darıxırsan ya da indi ancaq uzaqlarda olan yerlər və kimsələr üçün. Məsafələr insanı diri-diri öldürməyə qadir idilər. Həkimlər deyir ki nostalgiya insanın xoş xatirələrini xatırlayıb pis anlarda özünü yaxşı hiss etməsi üçün gözəl bir vasitədir və təkamüli olaraq belə formalaşıb. Ancaq ağın içindəki qara özünü göstərirdi. Keçmiş üçün susama və şiddətli arzunu unudurdular. Bəlkə də yaşlıların yaşadığı yaddaş pozğunluqları ya Altsaymer xəstəliyi tanrının onlara bir lütfüdür. Zira 80 illik xatirələrin qucağında insan həsrətdən məhv ola bilər.
Keçmişindən kadrlar xatırladığı anlarda beyninin başqa bir şeyləri düşünməsi üçün əlindən gələni edirdi. Çünki təkrar, xatirəni möhkəmləndirirdi. Bir xatirəni ya informasiyanı hər dəfə yenidən xatırladığımızda o xatirənin saxlanıldığı neyron şəbəkəsinə hər dəfə impulslar ötürülür və hər ötürülən impuls əvvəlkindən daha da güclü iz buraxırdı və beləcə neyronlararası əlqəni – yəni yaddaşı möhkəmləndirirdi. Ona görə də istər pis istər yaxşı bir xatirəsini heç vaxt xatırlamamağa çalışırdı artıq. Qətiyyən. Hələ vizual olaraq heç canlandırmırdı gözündə çünki daha gülcü impulslar neyron şəbəkəsini daha da gücləndirirdi. Əksinə onları unutmağa çalışırdı. Gurultulu bir musiqi bəlkə, bəlkə qışqırmaq, bəlkə bədəninin limitini zorlayaraq qaçmaq ya da divarlara endiririlən yumruq zərbələriydi onun həmin xatırlama anlarından qaçma metodları. Qaranlıqa tək qalmış uşağın qorxmamaq üçün fit çalması ya zümzümə etməsi kimi belə anlarda özü üçün improvizasiya edərək dodaqaltı zümzümələrlə beyninin diqqətini dağıtmağa çalışırdı. Qorxmuş bir uşaqdan tək fərqi, o bunu hiss etdirmədən edirdi, dodaqlarını belə tərpətmədən hülqumunda mızıldanaraq. Bütün bu metodlar işə yaramadığı təqdirdəysə – ki heç vaxt işə yaramırdılar – içməyə və çəkməyə başlayırdı. Ya da digər reallıqdan uzaqlaşdırıcı süni ya təbii narkotiklərin qucağına atırdı özünü. Bu unutdurma, xatırlamama ya da diqqət dağıtma işini ən yaxşı bacaran narkotik alkoqol idi. Hətta alkoqolun sanki ən vacib funksiyası buymuş kimiydi. Zira alkoqol bədənə daxil olduğu andan etibarən sürətlə beyinə irəliləyir, qan-beyin bariyerini keçdikdən sonra qlutamat reseptorlarına təsir edərək qlutamatın transmissiyasını yavaşladır və beləcə onun beyindəki əsas funskiyalarını da yavaşladırdı: neyronlar arası informasiya ötürülməsi zəifləyir, dolayısilə daha az hiss edirsən, daha az qavrayırsan, daha az xatırlayırsan və daha az diqqət edirsən. Xatirələrin saxlanıldığı yaddaş anbarlarına gedən neyronlar yorğun düşür və siqnallar zəifləyir. Beləliklə sərxoş insan nəinki keçmişini, həyatındakı hazırki problemləri belə çox da xatırlamır ya da diqqət etmir və keçici olaraq süni xobşəxtliyi qucaqlayır.
Divara yapışdırılmış kağız üzərindəki qeydinə sataşdı gözü –
Əgər yetəri qədər yalnızsınızsa, səssizliyin gurultusunu eşidə bilərsiniz. Yalnızlığının bom-boş otaqda əks-səda verən səssizliyinin gurultusu onu incidirdi və buna həyatda hər şeydən çox nifrət edirdi.
2
EVTANAZIYA KAMPLARI
Liberalizm bütün qapıları açdığı kimi ölümün də qapısını açırdı. Dövlətlər forma dəyişdirirdilər. Dövlət hədəfləri artıq əvvəlkinin əksinə yüksək demoqrafik hədəflər deyildi. Balansı qorumaq, tənzimləmək daha vacib idi artıq. Ağır xəstələrin öz ölümlərinə qərar verib həkim nəzarəti altında ölmələri üçün istifadə edilən üsul, evtanaziya, nəinki artıq leqallaşdırılmış, hətta az qala heç bir ağır xəstəliyi olmayan insanların belə öz qərarları ilə həkim nəzarətində ölmələrinə icazə verilməyə başlanılmışdı.
Proseslər yavaş-yavaş irəliləmişdi. Bir neçə il əvvəl qəza nəticəsində onurğa sütunu zədəsindən tək sağ əli xaric bütün bədəni iflic olmuş Hüqo Jeseina adlı yaşlı xəstənin evtanaziya istəyinə diqqət çəkməyə çalışan aktivistlərin cəhdləri gözlənilmədən əvvəlcə ölkə sonra isə qlobal səviyyədə səs gətirmişdi. Daha sonra ölkənin öndə gələn özəl insan haqları təşkilatları məsələni müzakirəyə çıxarmış və qarşı fikirli iki ayrı tərəfə bölünmüşdülər. Dinin cəmiyyətdəki təsirinin get-gedə azalmış olması müzakirədəki dini səbəblərin təsirini azaltmışdı. Yenə də evtanaziyaya qarşı olan insan haqları təşkilatları dini və ya bənzəri səbəblərdən insan həyatının müqəddəs olduğunu və onu sonlandırmağın düzgün olmadığını vurğulayırdılar. Daha radikal sayıları azalmış kiçik dini qruplar isə insan həyatının tanrı tərəfindən verildiyini və sadəcə tanrı tərəfindən alına biləcəyini müdafiə edirdilər. Ölümcül xətsəliklərə belə son anda çarə tapıla bilinəcəyi, evtanaziyanın həyatın yaşamağa dəymədiyi mənasına gəldiyi, leqallaşmanın daha çox ölümlərə səbəb olacağı, tibbi tədqiqatların azalacağı kimi səbəblər də var idi evtanaziyaya qarşı olan tərəflərin səbəbləri arasında.