реклама
Бургер менюБургер меню

Василий Шукшин – Hekayələr (страница 11)

18

TƏNQİDÇİLƏR

Babanın yetmiş üç, Petkanın, nəvəninsə on üç yaşı vardı. Baba soyuq, əsəbi və üstəlik, qulaqdan kar idi. Petka yaşına uymayan tərzdə sərbəst və hündür, üstəlik, utancaq və inadkar idi. Sözləri yaman tuturdu.

Həyatda hər şeydən çox kinonu sevirdilər. Babanın təqaüdünün yarısı biletə gedirdi. Ayın sonuna doğru vərdişi üzrə çıxarını hesablayan qoca bir az təəssüf hissiylə, bir az da şən səslə Petkaya elan edirdi:

– Beş manatı havaya sovurmuşuq!

Petka guya təəccüblənibmiş kimi, nəzakət xətrinə çiyinlərini çəkirdi.

– Eybi yox, yedirdərlər, – baba deyirdi (Petkanın atasıyla anası nəzərdə tutulurdu. Qoca Petkanın ata babası idi). – Kinoya getməksə bizim xeyrimizədir.

Həmişə birinci sırada otururdular: daha ucuz başa gəlirdi, üstəlik, baba da bu məsafədən yaxşı eşidirdi. Amma yenə də deyilənlərin yarısını axıradək başa düşmür, aktyorları dodaqlarının tərpənişindən anlamağa çalışırdı. Bəzən baba durma-tutma qəhqəhə çəkməyə başlayırdı. Halbuki zalda heç kəs gülmürdü. Petka babasının böyrünə dürtmə vurub donquldanırdı:

– Nə dəli kimi gülürsən?..

– Burasında nə dedi ki? – baba soruşurdu.

Petka eşitdiklərini babasının düz qulağına pıçıldayırdı:

– Sürəti azaltmadan.

– Ha-ha-ha, – baba bu dəfə alçaqdan özünə gülürdü. – Səhv başa düşmüşəm.

Bəzən günahsız birisi qətlə yetiriləndə baba ağlayırdı.

– Ay sizi, insanlar! – acı-acı pıçıldayır və yaylıqla burnunu silirdi. Ümumiyyətlə, ekranda gördüklərinə fikir bildirməyi xoşlayırdı; məsələn, əgər orada ehtirasla öpüşürdülərsə, qımışır və pıçıldayırdı:

– Ay sizi, şeytanlar!.. Bunlara bir bax… Hi-hi!

Əgər dalaşırdılarsa, stuldan yapışan baba gərgin və diqqətli baxışlarını ekrana dikirdi (cavanlıqda, deyilənə görə, hər fürsətdə dalaşmadan keçinmirmiş. Bacarırmış da).

– Yox, bax o, zəifdir… Bu biri isə zirəkdir.

Bir sözlə, süniliyi göydə tuturdu.

– Eh, bu olmadı ki, – incik səslə dillənirdi, – bunu yalandan elədilər.

– Niyə ki?! Görmürsən, qan gəlir, – Petka etiraz edirdi.

– Çox böyük iş olub, qan gəlir! Burun zəif yerdir: bir dənə ilişdirən kimi qan gəlir. Məsələ bunda deyil.

– Pah, bunda deyil!

– Əlbəttə, bunda deyil.

Babayla nəvə, nəhayət, arxadan “şşş” səsləri eşidəndə susurdular.

Əsas mübahisə klubdan çıxandan sonra başlayırdı. Baba kənd həyatından bəhs edən filmlərin müzakirəsində xüsusilə amansız olurdu.

– Başdan-ayağa gopdur, – bəyan edirdi. – Həyatda belə olmur.

– Niyə olmur ki?

– Nədir, sənin belə oğlan xoşuna gələrdi?

– Hansı oğlan?

– Əlində qarmon tutanı deyirəm də. Özünü pəncərədən içəri soxanı.

– O özünü pəncərədən içəri soxmurdu, – Petka düzəliş verirdi; o, filmdə baş verənləri yadında dəqiq saxlayırdı, babasısa çaşdırırdı, bu da Petkanı əsəbiləşdirirdi. – O, pəncərəyə mahnı oxumaq üçün dırmaşırdı.

– Axır dırmaşırdı da. Bir dəfə, yadımdadır, pəncərəyə dırmaşdım ki…

– Bəs sənin beləsi xoşuna gəlməzdi ki?

– Kimi deyirsən?

– Necə yəni kimi?! Pəncərəyə dırmaşan oğlanı deyirəm də. Birinci özün başladın ki.

– Bircə qırıq da, – baba çeçələ barmağının ucunu göstərdi. – Dəlibala Vanyadır mənimçün. Gic-gic oxuyur və gəzir… Bizdə belə bir dəlibala Vanya vardı – işi-gücü sərsəri kimi oxumaq və gəzmək idi.

– Axı o sevir! – Petka əməlli-başlı əsəbiləşirdi.

– Nolsun ki, sevir?

– Sevdiyinə görə oxuyur da.

– Nə?

– Deyirəm sevir, ona görə də oxuyur!

– Bizdə beləsini hoydu-hoyduya götürərdilər! Addım atmağa imkan verməzdilər. Sevir… Sevəndə utanarlar. Yoxsa ki səsini başına atıb kənd boyu gəzir… Hansı dəli bu sərsəriyə ərə gələr! Axı o, ciddi oğlan deyil. Bizdə, yadımdadır, qız sevəndə iki küçə o yanda gəzərdik, utandığımızdan özümüzə yer tapmazdıq. Sevirsən sev də, daha səsini başına niyə…

– Necə yəni niyə?

– Özünü niyə gülünc yerə qoyur? Yadımdadır, biz…

– Yenə “biz, biz”. Axı indi adamlar başqa cür olublar!

– Niyə başqa cür olsunlar ki? Özündən uydurma, həmişə eyni cür olublar. Bizdə məgər belə sərsəri çox görmüsən?

– Axı bu, yenə də kinodur. Müqayisə etməyin yeri yoxdur.

– Mən heç müqayisə etmirəm də. Deyirəm, oğlan gerçəyə heç bənzəmir, vəssalam, – baba dediyindən dönmürdü.

– Axı hamının xoşuna gəlirdi! Hamı gülürdü! Hətta mən də gülürdüm.

– Hələ balacasan, ona görə də sənə gülməli gəlir. Bax mən hansı yerində gəldi gülmərəm.

Baba böyüklərlə hər deyəndə incəsənət mövzusunda mübahisə etmirdi – bacarmırdı. O saat əsəbiləşir, söyüş söyürdü.

Yalnız bircə dəfə böyüklərlə möhkəm tutaşmışdı, bu bircə dəfədə də başını bəlaya soxmuşdu.

Hadisə belə olmuşdu.

Petkayla komediyaya baxıb qurtarandan və klubdan çıxandan sonra, həmişəki kimi, filmi müzakirə etməyə başladılar.

– Adama lap acıq gəlir: şeytanlar (aktyorlar) özləri qaqqıldayırlar, sənsə mal kimi oturub üzlərinə baxırsan, adamın heç gülməyi də gəlmir! – baba yenə qızışmışdı. – Heç sənin gülməyin gəlirdi?

– Yox, – Petka etiraf etdi. – Təkcə bircə dəfə, onlar maşını aşırdanda.

– Mən də elə onu deyirəm! Biz axı bu zəhrimara görə pul ödəmişik – köhnə pulla iki manat! Bunlar bizi əməlli-başlı ələ saldılar.

– Özü də yekə-yekə “Komediya” yazıblar.

– Komediya!.. Başlarına dəysin bu cür komediyaları.

Baba-nəvə evə hirsli gəldilər.

Evdəsə bu vaxt televizoradan kənd mövzusunda hansısa filmi izləyirdilər. Petkanın xalasıyla əri də şəhərdən qonaq gəlmişdi. Hamısı oturub televizora baxırdı. (Babayla Petkanın televizoradan zəhləsi gedirdi. “Mən hələ subay olanda, qardaşım Mikitasa artıq evlənəndə qapının deşiyindən otaqlarına baxmağı xoşlayırdım. Bu televizor da elə həmin qapının deşiyi kimidir”, – baba bir-iki verilişi izləyəndən sonra bu qənaətə gəlmişdi.)

Deməli, hər kəs oturub televizora tamaşa edirdi.

Petka dərhal dəhlizə keçib dərs oxumağa başladı, babasa hamıdan arxada dayanıb beş dəqiqə televizoru izlədi və bəyan elədi:

– Başdan-ayağa gopdur. Həyatda bu cür olmur.

Petkanın atası incik səslə dilləndi: