Василий Шукшин – Hekayələr (страница 12)
– Atacan, sus, mane olma.
– Yox, niyə ki, maraqlıdır, – şəhərdən təşrif buyurmuş qonaq nəzakətlə dilləndi. – Babacan, niyə belə olmur ki? Necə olmur ki?
– A?
– Qulağı bir az ağır eşidir, – Petkanın atası aydınlıq gətirdi.
– Deyirəm, niyə belə olmur ki? Necə olur ki? – nədənsə üzündə təbəssüm yaranan kişi sualını təkrarladı.
Baba nifrət dolu baxışlarını ona dikdi:
– Elə-belə də, olmur. Bax sən baxıb elə bilirsən ki, o, dülgərdir, amma mən o saat anladım: o, dülgər-zad deyil. O heç baltanı da düz-əməlli tuta bilmir.
– Petkayla atam tənqidçidirlər, – Petkanın atası babanın kobudluğunu azacıq yumşaltmağa çalışdı.
– Maraqlıdır, – şəhərdən gələn qonaq yenə dilləndi. – Bəs niyə bu qənaətə gəldiniz ki, o, baltanı düz tutmur?
– Ona görə ki özüm ömrüm boyu dülgərlik etmişəm. “Niyə bu qənaətə gəlmisiniz?”
– Baba, – bu dəfə söhbətə Petkanın xalası qarışdı. – Məgər iş bundadır?
– Nədə?
– Mənə insanın özü qat-qat maraqlıdır. Başa düşürsünüz? Mən onun əsl dülgər olmadığını bilirəm. Bilirəm ki, o, aktyordur. Amma mənə daha çox…
– Elə studiyada da belələri yazırlar, – Petkanın xalasının əri yenə üzündə təbəssüm dedi.
Petkanın xalasıyla əri çox ağıllıydılar və hər şeyi bilirdilər. Onlar babayla danışanda həmişə gülümsəyirdilər. Bu da babanın acığına gəlirdi.
– Sənə əhəmiyyətli deyil, mənə isə əhəmiyyətlidir, – o, qadının sözünü ağzında qoydu. – Onlar sənə kəf gələ bilərlər, amma mənə yox.
– Ha-ha-ha, – şəhərdən gələn qonaq qəhqəhə çəkdi. – Aldın payını?
Petkanın xalası da qımışdı.
Petkanın atasıyla anası babaya görə xəcalət çəkirdi.
– Ata, sənə də heç yaramaq olmur, – Petkanın atası narazı səslə dilləndi. – Yaxşısı budur, get Petkaya kömək elə. – Şəhərdən gələn qonağa tərəf əyilib yenə astaca aydınlıq gətirdi: – Oğluma dərslərini öyrənməkdə kömək edir, hərçənd özü hırnan zırı qanmır. Baba-nəvə bir-biriylə elə mübahisə edirlər ki, qıraqdan bax, qarnını tut!
– Maraqlı qocadır, – qonaq razılaşdı.
Hamının fikri yenidən ekrana yönəldi və babanı unutdular. Arxada dayanan qoca özünü təhqir olunmuş sayırdı. Bir az da beləcə dayanıb Petkanın yanına getdi.
– Məni ələ salırlar, – Petkaya şikayətləndi.
– Kim?
– Oradakılar… – Baba başıyla otağı göstərdi. – Deyirlər, qoca vayxır, sənin heç nədən başın çıxmır. Guya özləri nəsə qanırlar!
– Əşi, vecinə də alma, – Petka məsləhət gördü.
Baba masaya yaxın oturub sükuta daldı. Sonra yenə danışmağa başladı.
– Deyirlər, ay dəli, sənin başın xarab olub…
– Elə belə də dedilər?
– A?
– Deyirəm, elə üzünə dəli dedilər?
– Oturub ələ salırlar. Guya özlərinin nədənsə başları çıxır! – Baba, Petka demiş, get-gedə “qızışırdı”.
– Əşi, vecinə də alma, – Petka yenə məsləhət gördü.
– Şəhərdən gəliblər… Savadlı çıxıblar mənimçün! – Baba sandığında eşələnib pul götürdü və harasa getdi.
Bir saatdan sonra sərxoş qayıtdı.
– O-o! – Petka heyrətə gəldi (babası nadir halda içirdi). – Səndən nə əcəb?
– Baxırlar?
– Baxırlar. Yanlarına getmə. Gəl səni soyundurum. Niyə içmisən ki?
Baba skamyaya çökdü.
– Onlar qanırlar, bizsə yox! – ucadan səsləndi. – Deyirlər, babacan, sən səfehsən! Həyatdan baş çıxarmırsan. Onlarsa qanırlar! Pulun çox düşüb?! – Baba artıq qışqırırdı. – Çox düşübsə də, burnunu dik tutma! Mənsə ömrüm boyu namusla halal çörəyimi qazanmışam!.. İndi də bir kənarda oturub ağzıma su almalıyam, hə?! Sən heç ömründə əlinə balta da almamısan! – baba qapıya doğru çığırırdı.
Petka çaşıb-qalmışdı.
– Lazım deyil, lazım deyil, – babasını sakitləşdirməyə çalışırdı. – Gəl sənin ayaqqabılarını çıxardım. Boş ver onları!..
– Yox, qoy ürəyimi ona boşaldım… – Baba ayağa qalxmaq istədi, amma Petka onu saxladı:
– Baba, lazım deyil!
– Gözüm aydın, şəhərdən gəliblər. – Baba sanki sakitləşdi, bir az kiridi.
Petka qocanın uzunboğaz çəkməsinin birini çıxardı.
Baba yenə qızışdı.
– Deməli, məni ələ salırsan, hə? – Gözlərində yenə qığılcım çaxdı. – İndi sənə bir söz deyərəm, yeddi qatından keçər! – Çəkməsini götürüb otağa keçdi. Petka bu dəfə onu saxlaya bilmədi.
Babası otağa girib əlindəki uzunboğaz çəkməni düz televizora tolazladı.
– Görüm elə sizi də, dülgərinizi də!
Ekran çilik-çilik oldu.
Hamı yerindən dik atıldı. Petkanın xalası hətta zingildədi.
– Deməli, ələ salırsınız, hə?! – baba bağırdı. – Özün bircə dəfə əlində balta tutmusan?!
Petkanın atası babanı tutub saxlamaq istədi, amma qoca müqavimət göstərdi. Stullar gumbultuyla aşdı. Petkanın xalası yenə zingildəyib küçəyə qaçdı.
Petkanın atası, nəhayət, babanın öhdəsindən gələ bildi: qollarını arxaya burub dəsmalla bağladı.
– Ata, məni məcbur etdin, məcbur, – dəsmalı var gücü ilə sıxa-sıxa qəzəblə söyləndi. – Məni də, özünü də biabır elədin. Sağ ol!
Petka bərk qorxmuşdu, gözləri bərələ qalmışdı. Şəhərdən gələn qonaq kənarda dayanıb başını bulayırdı. Petkanın anası döşəməyə səpələnmiş şüşələri yığışdırırdı.
– Məni məcbur etdin… – Petkanın atası durmadan təkrarlayır və dişlərini qıcırdırdı.
Döşəmədə üzüqoylu uzanan baba saqqalını yerə sürtür və var gücüylə bağırırdı:
– Demək, sən məni ələ salırdın, hə?! Mənsə sənə bircə kəlmə deyərəm, yeddi qatından keçər. Əgər dediyin kimi səfehəmsə…
– Məgər mən belə söz demişəm? – qonaq soruşdu.
– Onunla ağız-ağıza verməyin, – Petkanın anası söhbətə qarışdı. – İndi özünü tamam itirib. Vicdansız.
– Məni özünüzlə birgə masa arxasına oturtmaq istəmirsiniz, eybi yoxdur! Amma de görüm… Hələ bir de görüm! – baba bağırırdı. – Ömründə bircə dəfə də olsun ağac kəsmisən? A-a!.. Özün də deyirsən ki, dülgərlikdən başım çıxmır! Kəndin yarısını bax bu qabar əllərimlə mən tikmişəm!..
– Özün məcbur elədin, lənət şeytana, özün, – Petkanın atası deyindi.
Elə bu vaxt Petkanın xalasıyla milisioner, yerli sakin Yermolay Kibyakov içəri daxil oldular.