реклама
Бургер менюБургер меню

Василий Шукшин – Hekayələr (страница 10)

18

– Qəribədi? Eybi yoxdur… Olan işdir.

– Axı sənin cəmi üç ayın qalmışdı!

– Səndən yaxşı bilirəm. Bir papiros ver.

Sahə müvəkkili ona papiros verdi, birini də öz damağına qoydu.

– Gedək.

– Gedək.

– Bəlkə, evdə deyəsən?.. Yoxsa axtaracaqlar…

– Bu gün lazım deyil, qoy şənlənsinlər. Sabah deyərsən.

– Üç ay dözməyib qaçmaq! – milis yenə heyrətləndi. – Məni bağışla, həyatım boyu çox gic görmüşəm, amma sənin kimisi rastıma çıxmamışdı. Sən niyə belə etmisən?

Stepan əllərini şalvarının ciblərinə qoyub addımlayırdı. Alatoranlıqda tanış daxmalara, darvazalara, çəpər dirəklərinə baxa-baxa gedirdi… Uşaqlıqdan ona tanış olan ağız qamaşdırıcı bahar soyuğunu içinə çəkir, arabir gülümsəyirdi.

– A?

– Nədi?

– Axı sən niyə belə elədin?

– Qaçmağımı deyirsən? Bircə dəfə gəlib buraları görmək üçün… Çox darıxmışdım… Yuxuma girirdi…

– Axı cəmi üç ayın qalmışdı! – sahə müvəkkili az qala qışqırdı. – İndi isə daha iki il belinə yapışdıracaqlar.

– Eybi yoxdur… Mən artıq bərkimişəm, indi yatmaq olar. Yoxsa yuxular məni bezdirmişdi – hər gecə kənd yuxuma girirdi. Bizim kəndin yazı çox gözəldir, deyilmi?

– Hə-ə… – sahə müvəkkili fikirli-fikirli dedi.

Onlar uzun müddət, kənd sovetinə çatana qədər susdular.

– Qaçmaq da ki sənə müyəssər oldu! Tək qaçmısan?

– Üç nəfər.

– Bəs onlar hanı?

– Bilmirəm, biz dərhal tək-tək ayrıldıq.

– Kəndə nə qədər vaxta çatdın?

– İki həftəyə.

– Tfu… Cəhənnəmə ki, indi get yat.

Sahə müvəkkili kənd sovetində protokol yazdı. Stepan fikirli halda qaranlıq pəncərəyə baxırdı. Artıq içkidən ayılmışdı.

– Silahın yoxdur? – sahə müvəkkili başını protokoldan qaldıraraq soruşdu.

– Həyatım boyu özümlə murdar şeylər gəzdirməmişəm.

– Yolda nə ilə qidalanırdın?

– O biri iki nəfər ehtiyat götürmüşdü…

– Onların neçə ili qalırdı?

– Çox…

– Onların qaçmağının, heç olmasa, mənası var idi. Bəs səni hansı şeytan yoldan çıxartdı?

– Yaxşı, zəhləmi tökmə! – Stepan əsəbiləşdi. – Öz işini gör, mən ki sənə mane olmuram.

Sahə müvəkkili başını bulayıb yenə kağıza tərəf əyildi:

– Düzünü deyim ki, mənə zəng vurulanda inanmadım ki, belə şey ola bilər, yer üzündə belə bir axmaq da tapılar. Sən demə, düz imiş…

Stepan pəncərəyə baxırdı, sakitcə fikrə dalmışdı.

– Yəqin, səninlə qaçan o iki nəfər də sənin bu hərəkətinə o ki var gülüb? – danışqan milis özünü saxlaya bilməyib yenə soruşdu.

Stepan onu eşitmirdi.

Milis onu maraqla, uzun-uzadı süzüb dedi:

– Amma üzünə baxan deməz ki, sən dəlisən, – və protokolu düzüb-qoşmağa davam etdi.

Bu zaman lal kənd sovetinə daxil oldu. Qapının kandarında durub həyəcan dolu gözləriylə gah milis işçisinə, gah da qardaşına baxdı…

– Me-mm?.. – deyə qardaşından nə baş verdiyini soruşdu.

Stepan özünü itirdi:

– Sən niyə burdasan?

– Me-mm?! – qız milisi göstərərək mızıldadı.

– Olmaya, bacındır? – milis soruşdu.

– Tutaq ki,…

Lal masaya yaxınlaşdı, sahə müvəkkilinin çiyninə toxunaraq qardaşını göstərib əliylə sualını başa saldı: “Sən onu nə üçün apardın?”

Sahə müvəkkili onu anladı.

– O, – Stepanı göstərib dedi, – həbsxanadan qaçıb! Qaçıb! Bax belə! – Sahə müvəkkili pəncərəni göstərib necə qaçdığını başa saldı. – Normal adamlar qapıdan çıxırlar, qapıdan… O isə pəncərəyə çıxıb və əkilib. İndi o… – Milis barmaqlarını bir-birinin üstünə qəfəs şəklində qoyub Stepanı lal qıza göstərdi. – İndi onu yenə bax bu gözləyir. İki! – O, iki barmağını aralayıb təntənə ilə silkələdi. – Daha iki il!

Lal başa düşdü. Artıq hər şeyi tam anladıqdan sonra onun ürkmüş mavi gözləri elə qeyri-insani əzabla alışıb-yandı, onlarda elə bir ağrılı ifadə öz əksini tapdı ki, milis dəhşətə gəldi. Qız qardaşına baxırdı. O da, öz növbəsində, həyəcandan ağarıb hərəkətsiz halda bacısına baxırdı.

– Bax indi ona de ki, o dəlidir, normal adamlar belə hərəkət etmirlər…

Lal boğaz səsiylə Stepanın üstünə atılıb onun boynundan asıldı…

– Apar onu buradan! – Stepan xırıltılı səslə milisdən xahiş etdi. – Apar!

– Mən necə aparım onu?…

– Apar, yaramaz! – Stepan kobud səslə bağırdı. – Apar, yoxsa sənin başını bu kətillə yaracağam!

Milis yerindən sıçradı, lalı qardaşından ayırdı… O, qardaşına doğru can atırdı. Movuldayırdı. Başını silkələyirdi.

– De ki, onu aldatmısan, zarafat eləmisən. Apar onu.

– Lənətə gələsiz! İndi gəl bunlarla əlləş, – milis qızı qapıya doğru apararaq deyindi. – O, indi gələcək, mən ona sizinlə görüşməyə imkan verəcəyəm! – o, qızı qandırmağa çalışırdı. – O, indi gələcək! Get! – Nəhayət, o, lalı sürüyüb qapıya doğru apardı və çölə atdı.

– Pah atonnan sənin! – o, qapını cəftəylə bağladı. – Fu-u… İndi bax, öz gördüyün işdən ləzzət al.

Stepan başını əllərinin arasına alıb gözlərini bir nöqtəyə zilləmişdi.

Sahə müvəkkili yarımçıq protokolu çantasına qoyub telefona yaxınlaşdı.

– Maşın çağırıram, rayona gedəcəyik, cəhənnəm olun başımdan. Giclər, başdanxarablar!

Lal isə ayaqları bir-birinə dolaşa-dolaşa kənddə küçənin ortası ilə qaçır və acı-acı göz yaşı axıdırdı. O hamıya, bu saat heç nədən xəbərsiz rəqs edib şənlənənlərə, qardaşını yenə də, nəyə görəsə aparmaq istədiklərini deməyə tələsirdi. Yaman tələsirdi.