Тони Бьюзен – Sürətli oxu (страница 3)
Sınaq imtahanları
“Sürətli oxu” kitabının yeddi hissəsində əldə etdiyiniz nəticələri daim ölçmək üçün xüsusi xarakter daşıyan məqalələr və mətnlər var. Kitabın əvvəlindəki sınaqlar oxu sürətinizi, ortadakı sınaqlar qavrama və söz ehtiyatınızı artırmaq, sondakı sınaqlar isə tam oxu sürətinə çatmağınız üçün hazırlanmışdır.
Bu mətnlərdən bəziləri müxtəlif sahələrdəki tarix və nəzəriyyə, bəziləri isə beyin haqqında ən son araşdırma məqalələridir. Kitabı bitirdikdən sonra təkcə oxu sürətinizi artırmayacaq, həm də anlamaq qabiliyyətinizi inkişaf etdirəcək, təndiq etmək və dəyərləndirmək bacarıqlarınızı yüksəldəcək, bununla da özünüz, ətrafınız haqqında daha geniş məlumat əldə etmiş olacaqsınız. Bu məqalələr aşağıdakılardır:
1. Beyin inkişafı cəbhəsindəki zəka savaşı
2. İbtidai dövrdən xristianlığa qədərki incəsənət
3. Heyvanlarda zəka
4. Kainatda yalnızıq?
5. Uşaq beyni
6. Şüurlu dünya: Növbəti təkamül mərhələmiz – Qlobal beyin.
7. Beyniniz – Sehrli toxuma dəzgahı.
Məşğələlər
“Sürətli oxu” kitabının yeddi hissəsində vizual və zehni qavrayışımızı, tənqidi bacarıqlarımızı və söz ehtiyatımızı artırmaq üçün hazırlanmış xüsusi məşğələlər var.
Bu məşğələlərin bəziləri eynən bədən inkişafı üçün etdiyiniz məşqlər kimi bir neçə dəfə təkrarlandıqca daha da yararlı olacaq.
Bütün hissələr mətni daha yaxşı anlamağınız üçün şəkil və rəsmlərlə bəzədilmişdir. Eyni zamanda sizi təşviq edəcək və motivasiyanızı artıracaq hekayələr də vardır.
“SÜRƏTLİ OXU” KİTABINI SÜRƏTLİ NECƏ OXUYACAQSINIZ?
Bu kitab qarşınıza qoyduğunuz hədəfə nə qədər tez çatmaq istədiyinizdən asılı olaraq bir, iki, üç və dörd həftəlik kursdur.
Aşağıdakı paraqrafları oxuyun və öz iş planınızı hazırlayın.
Öncə, işləmək istədiyiniz hissələri müəyyən etmək üçün mündəricatı ətraflı öyrənin. Daha sonra kitabın hər bir fəslinə ayıracağınız zamanı planlaşdırın və özünüzə uyğun bir mündəricat və çalışma qrafiki qurun (beyninizdə də qura bilərsiniz). Bütün bunlar sadəcə bir neçə dəqiqənizi alacaq.
Bütün kitaba gözucu baxdıqdan sonra onun müxtəlif fəsilləri ilə tanış olun, ümumi xətləri və hədəflərinizi qurduğunuz qrafikə yerləşdirin.
Daha sonra isə birgündənbir iki və ya üç hissəni bitirib-bitirməyəcəyinizə və sürətinizi dəyişib-dəyişməyəcəyinizə qərar verin. Qərar verdikdən sonra çalışma planınızı qeyd dəftərinə yazın və kitabı nə zaman başlayıb, nə zaman bitirmək istədiyiniz tarixi qeyd edin. Bu zamanı hesablayarkən unutmayın ki, hər bir hissə on səhifə böyüklüyündədir və məşğələlərin böyük bir qismi olduqca asan başa düşüləndir.
Həyatınızın ən həyəcanlı səyahətinə çıxmağa başlayırsınız, səhifəni çevirin.
BİRİNCİ FƏSİL
SÜRƏTİNİZİ KƏŞF EDİN
Başlanğıc testi