18+
реклама
18+
Бургер менюБургер меню

Тони Бьюзен – Sürətli oxu (страница 2)

18

GİRİŞ

“SÜRƏTLİ OXU” KİTABINDAN NECƏ İSTİFADƏ EDƏCƏKSİNİZ?

Həyatlarının ən vacib hadisələrindən biri olaraq sürətli oxumağı zəhmətsiz və asanlıqla öyrənmək dünyanın hər yerində milyonlarla insanın arzusudur.

ÖN SÖZ

Giriş hissəsi sizə “Sürətli oxu” kitabının təməl məqsədlərini və beş əsas hissənin nədən bəhs etdiyini açıqlayacaq. Eyni zamanda kitabın hər hissəsindəki quruluşu və sürətli oxu kursunun özünü də necə sürətlə oxuyacağınızı başa salacaq.

“SÜRƏTLİ OXU” KİTABININ MƏQSƏDLƏRİ

Bu kitabın altı əsas məqsədi var:

1. Oxuma sürətinizi əsaslı şəkildə artırmaq.

2. Oxuduqlarınızı anlamağınızı təmin və inkişaf etdirmək.

3. Oxuyarkən, işləyərkən, gündəlik və ya iş həyatınızda daha səmərəli bir şəkildə istifadə etməyiniz üçün gözlərinizin və beyninizin necə çalışdığını anlamağınızı təmin etmək.

4. Söz ehtiyatınızı və ümumi məlumat tutumunuzu artırmağınıza kömək etmək.

5. Zamana qənaət etməyi öyrətmək.

6. Özünüzə güvəni artırmaq.

ƏSAS FƏSİLLƏR

“Sürətli oxu” kitabı oxumağı və öyrənməyi asanlaşdırmaq baxımından beş fəslə ayrılmışdır.

Birinci fəsil

Sürətinizi kəşf edin

Sizə bu fəsildə, kitab boyunca oxuma və anlama sürətinizi nəzarətdə saxlamağınızı təmin edəcək sadə bir qrafikdən necə faydalanacağınız göstəriləcək. Sürətli oxumağın tarixi, oxuma nəzəriyyəsinin ən son vəziyyəti və hər sahədəki oxuma sürətinizi inkişaf etdirmənizə kömək olacaq yeni məlumatların təsviri də bu fəslə daxildir.

İkinci fəsil

Gözlərinizin heyrətamiz gücü

“Gözlərinizin heyrətamiz gücü” adlı bu fəsil, gözlərinizin, həqiqətən, heyrətamiz olduğunu anlamağınıza yardımçı olacaq və oxu sürətinizi, anlama qabiliyyətinizi inkişaf etdirmək üçün onlara necə nəzarət etməli olduğunuzdan bəhs edəcək. Bu fəsildə də əlavə olaraq sürətli oxuma tarixində önəmli rol oynamış şəxsiyyətlərlə yanaşı, həmçinin dünyada oxu üzrə ən sürətli on insan haqqında məlumat veriləcək.

Üçüncü fəsil

Yüksək konsentrasiya və anlama səviyyəsi

Bu fəsil təməl oxu problemlərinə və onların necə aradan qaldırılacağına hədəflənib. Burada diqqət əskikliyi, anlama çatışmazlığı ilə yanaşı, eyni zamanda oxumaqda çətinlik çəkmək kimi problemlər də araşdırılır. Digər tərəfdən isə bu hissə qeyd etdiyimiz problemlərin həll edilə biləcəyini müjdələyən “yaxşı xəbərlər” verir.

Dördüncü fəsil

Daha sürətli oxu bacarıqlarınızın inkişafı

Dördüncü fəslin əsas məqsədi zəkanızı inkişaf etdirməkdə böyük rol oynayan söz ehtiyatınızı necə artırmalı olduğunuzu öyrətməkdir. Bu fəsildəki hissələrdə, söz və anlamaq dünyalarının qapılarını açmanızı təmin edəcək bir çox sözlərin sözönü və sözarxası şəkilçiləri və o sözlərin kökləri veriləcək. “Zehin xəritələri”nin (düşünmək və qeyd götürməkdə yeni bir mərhələ) nə olduğunun açıqlandığı bu fəsildə, eyni zamanda oxu texnikanızı artırmağınız üçün paraqraf quruluşu haqqında biliklərinizdən necə istifadə edəcəyiniz və mütaliə etdiyiniz kitabı gözucu baxışla necə oxuyacağınız göstəriləcək.

Beşinci fəsil

Usta oxucu olmaq: göz/beyin sistemindən yüksək səviyyədə istifadə

“Sürətli oxu” kitabının bu son fəslində, üst səviyyədə oxu məşqləri, daha geniş əhatəli çalışmaq metodları, bir neçə qəzet və jurnal üzərində nəzarəti necə əldə saxlayacağınız, kompüter və digər qurğulardan gələn məlumat axınıyla sülh şəraitində necə yaşayacağınızla bağlı ipucular tapacaqsınız. Bu fəsildə sizə həm də, proza və şeiri sürətlə necə oxuyacağınızın texnikaları göstəriləcək; sürətli oxucunun hər sahədə daima öndə olmasına kömək edəcək yeni bir metod olan “Bilgi faylı” ifadəsi təqdim ediləcək.

Bu fəslin sonunda həyatınızın qalan hissəsində oxu sürətinizi, anlamaq bacarığınızı, sürətli oxu texnikanızı, vərdişlərinizi necə davam və inkişaf etdirəcəyinizlə bağlı məsləhətlər alacaqsınız.

Sonuncu fəsildən sonrakı hissələrdə sınaq imtahanlarının cavabları, irəliləmə tablonuz və qrafikiniz haqqında məlumatlar əldə edəcəksiniz.

Mümkün isə “Sürətli oxu” kitabını alan hər kəs bütün dünya miqyasında yayılmış “Beyin klubları”mıza üzvlük anketləri göndərsin.

Siz bu klublara üzv olmaqla, beyniniz və onu necə istifadə edəcəyiniz, oxu sürətinizi artırmaqla əlaqəli məlumatları əldə etməklə yanaşı, həm də sizinlə hədəfləri və zövqləri eyni olan insanlarla tanış olacaqsınız.

Beş fəslin hər biri I, IV, V, VII və VIII nömrəli lövhələrdə verilən “Böyük Zehin Xəritələri”ndə göstərilmişdir.

HİSSƏLƏRİN QURULUŞU

“Sürətli oxu” kitabındakı uzun hissələr aşağıdakı kimi sıralanmışdır:

Hissənin əsas fikrini açıqlayan önsöz.

Hissə.

Özünü inkişaf məşqləri.

İndiki oxu sürətinizi və anlamaq bacarığınızı təyin edəcək xüsusi mətnlər.

Xülasələr.

Göz atmaq planı.

Sonrakı hissə ilə əlaqə quran digər hissənin paraqrafı.