Теодор Драйзер – Dahi (страница 3)
– Əgər bilsəydin biz nə edirdik! – deyə dilləndi.
– Nə edirsiniz? – deyə Yucin karıxmış halda soruşdu.
– Tap görək. Hə, bir fikirləşsənə!
– Bir azca, – deyə Stella əlavə etdi.
– Qarğıdalı qovururdunuz, – deyə Yucin səsləndi və bilaixtiyar gülümsədi.
– Ona yaxındır.
Bunu deyən Mirtl idi.
Onun rəfiqəsi geniş açılmış mavi gözlərini Yucindən çəkmirdi.
– Bir də… – deyə o təklif etdi.
– Şabalıd, – deyə Yucin tapdı.
Stella şən halda başı ilə təsdiq etdi. ”Nə gözəl saçları var!” – deyə Yucin düşündü. Sonra soruşdu:
– Bəs hanı?
Onun yeni tanışı ovcunun içərisindəki şabalıdı ona uzadaraq güldü.
– Bir dənəsini alın!
Qızın mehriban gülüşünün təsiri altında danışıq qabiliyyəti Yucinə qayıtmağa başladı.
Yucin:
– Xəsis! – dedi.
– Fu, nə acıdildir! – deyə Stella səsləndi. – Mən isə ona son şabalıdımı verdim. Mirtl, daha ona heç bir şey vermə.
– Sözümü geri götürürəm. Mən bilmədim.
– Ona heç bir dənə də verməyəcəyəm, – deyə Mirtl bildirdi. – Al, Stella, tut, amma ona vermə! – və o, son şabalıdları Stellanın ovcuna tökdü.
Yucin onun niyyətini başa düşdü. Bu, çağırış idi. O, şabalıdı qonağın əlindən almaq üçün təşəbbüs etməlidir. O bu hiyləni qəbul etdi.
Əlini uzadaraq:
– Bu olmadı ki! – dedi. – Belə etməzlər.
Stella başını buladı.
– Bircə dənə! – deyə Yucin təkid etdi.
Stella yenə əvvəlki kimi ağır ağır və qətiyyətlə başını buladı.
Yucin ona doğru irəliləyərək:
– Yalnız bir dənə, – deyə xahiş etdi.
Qızılı saçlı qız təslim olmurdu. Lakin şabalıd olan əli Yucinə o qədər yaxın idi ki, o bu əli tuta bilərdi. Qız əllərini arxasına aparıb şabalıdları bir əlindən o birinə ötürmək istəyirdi ki, Yucin cəld sıçrayıb, onun əlindən yapışdı.
– Mirtl! Kömək et! – deyə Stella qışqırdı.
Mirtl onun köməyinə gəldi. Bir adama qarşı onlar iki oldular. Mübarizənin ən qızğın vaxtında Stella Yucinin əlindən sivişdi və qalxdı. Onun saçları Yucinin üzünə toxundu. O, Stellanın kiçik əlini möhkəmcə tutmuşdu. Bir anlığa Stellanın gözlərinə baxdı. Bu nə idi? Yucin bunu deyə bilməzdi. Lakin o, qızın əlini buraxdı və təslim oldu.
– Bax, belə – deyə Stella gülümsədi. – İndi mən sizə bir şabalıd verərəm.
Yucin şabalıdı aldı və güldü. Lakin o, Stellanı bağrına basmağı daha artıq istəyərdi, bir az keçəndən sonra Çikaqo qəzetinin təzə nömrəsini götürüb oxumaq üçün otağına getdi. Sonra ana hamını şam yeməyinə çağırdı və Yucin Stella ilə yanaşı oturdu. Qızın bütün hərəkətləri və sözləri onu maraqlandırırdı. Qızın dodaqları tərpəndikcə Yucin onların necə hərəkət etdiyinə fikir verirdi. Onun dişləri göründüyü zaman Yucin onların necə qəşəng olduğu haqqında düşünürdü. Qızın alnında qızıla çalan qıvrım tel “qızıl barmaq” kimi onu cəzb edirdi. O ancaq indi “onun qızıl kimi parlayan saçları” ifadəsinin bütün gözəlliyini anlayırdı.
Şamdan sonra Yucin, Mirtl və Stella qonaq otağına qayıtdılar. Ata yemək otağında mütaliəsinə davam edirdi, ana isə qabları yumağa başlamışdı. Bir az sonra Mirtl anasına kömək etməyə getdi və Yucin Stella ilə tək qaldı. İndi onlar ikilikdə qaldıqları zaman Yucin danışmağa cəsarət etmirdi. Stellanın gözəlliyində nə isə vardı ki, onu sıxırdı.
Bir qədər susduqdan sonra Stella:
– Siz məktəbi sevirsinizmi? –deyə soruşdu. Sükut içərisində oturmaq ona münasib görünmürdü.
– O qədər yox, –deyə Yucin cavab verdi. – Orada mənim üçün maraqlı bir şey yoxdur. Mən dərsi buraxıb işləmək fikrindəyəm.
– Siz nə işləmək istəyirsiniz?
– Hələ bilmirəm. Mən rəssam olmaq istərdim.
İlk dəfə idi ki, o özünün şan-şöhrət meylini etiraf edirdi. Nə üçün? – Bunu özü də bilmirdi.
Lakin Stella onun etirafını qulaqardına vurdu.
O:
– Mən qorxurdum ki, məni axırıncıdan əvvəlki sinfə qəbul etməyələr, –dedi. – Amma qəbul etdilər. Molindəki məktəb direktoru buradakı direktora yazmışdı.
– Belə hallarda onlar yaman bəhanə axtarırlar; – deyə Yucin rəğbətlə səsləndi.
Stella qalxdı və rəfdə olan kitablara baxmağa başladı. Yucin tələsmədən onun ardınca getdi.
– Siz Dikkensi sevirsinizmi? – deyə Stella soruşdu.
– Çox, – deyə o ciddi cavab verdi.
– Mənim isə o, xoşuma gəlmir. O çox uzun yazır. Mən Valter Skottu daha çox sevirəm.
Yucin:
– Mən də Valter Skottu sevirəm.
– İndi mənim çox xoşuma gələn bir kitabın adını sizə deyərəm.
Stella susdu, onun dodaqları yarı açılmışdı. O kitabın adını xatırlamağa çalışırdı və bu adı havada tutmaq istəyirmiş kimi əlini qaldırdı.
Nəhayət o:
– “Sarışın ilahə”, – deyə səsləndi.
– Hə, gözəl kitabdır, – deyə Yucin təsdiq etdi. – Xatırlayırsınızmı, Avaxanı qurban gətirməyə necə hazırlaşırlar?
– Bəli, bu mənim xoşuma gəldi.
Stella rəfdən “Ben-Hura”nı götürdü və onu tələsmədən vərəqləməyə başladı.
– Bu da çox yaxşı romandır.
– Bəli, gözəl kitabdır!
Onlar susdular. Stella pəncərəyə yanaşdı və ucuz tül pərdənin altında dayandı. Aylı gecə idi. İki cərgə ilə küçəni haşiyələyən ağaclar çılpaq, otlar sarı və cansız idi. Onlar gümüş şəbəkə kimi hörülmüş nazik budaqlar arasında pərdələri salınmış başqa evlərdə də lampa işıqlarını görürdülər. Yanlarından bir adam keçdi – onun qara kölgəsi alaqaranlıqda yox oldu.
Stella:
– Gözəldir, eləmi? –dedi.
Yucin yaxına gəldi.
– Çox gözəldir, – deyə cavab verdi.
– Bircə tez şaxtalar başlayaydı ki, konkidə sürüşmək mümkün olaydı. Siz konki sürə bilirsiniz?