реклама
Бургер менюБургер меню

Теодор Драйзер – Dahi (страница 2)

18

Vitla uşaqlarına ali təhsil vermək fikrində idi, lakin onlardan heç biri elmə həvəs göstərmirdi. Onlar, olsun ki, kitablardan daha müdrik idilər, çünki xəyal və hiss aləmində yaşayırdılar. Silviya analıq arzusunda idi. O, iyirmi bir yaşında ikən “Morninq Eppil” qəzetinin naşiri Bencamin Bercesin oğlu Henri Berceslə evləndi və elə birinci il onların uşağı oldu. Cəbrin və triqonometriyanın hikmətlərinə qapılan Mirtl artıq ərə getmək, yaxud müəllimə olmaq barəsində də düşünürdü, çünki ailənin gəlirinin az olması ondan bir şeylə məşğul olmağı tələb edirdi. Yucin şirin xəyal içərisində yaşayaraq təhsil alsa da əməli bilik qazanmaq üçün qayğı göstərmirdi. O az-maz yazırdı, lakin on altı yaşlı oğlanın bu təşəbbüsləri uşaqlıq idi. O, şəkil çəkirdi, lakin onun çəkdiklərinin bir qiyməti olduğunu ona deyəcək kimsə tapılmırdı. Bir qayda olaraq, bütün məişət məsələlərinin onun üçün əhəmiyyəti yox idi, eyni zamanda bir məsələ onu qorxudurdu ki, həyat insanın qarşısında – onun atası kimi – almaq və satmaq, ticarət kitabları aparmaq, müəssisəni idarə etmək kimi əməli məsələlər qoyur. Bütün bunlar Yucini karıxdırırdı və o, gələcək həyat haqqında çox tez düşünməyə başlamışdı. Atasının onun üçün seçdiyi işə etiraz etməsə də, bu iş onu maraqlandırmırdı. O düşünürdü ki, bu onun üçün bir tikə çörək ardınca mənasız və darıxdırıcı sürüklənmək olacaqdır, sığorta işi də bundan yaxşı deyildir. O yəqin ki, sığorta vərəqəsini təşkil edən intəhasız axmaq paraqraflardan heç bir zaman baş çıxara bilməyəcəkdir. Axşamlar, yaxud şənbə günü dükanda atasına kömək etmək lazım gəldiyi zaman bu, ona cəza kimi gəlirdi. Çünki iş onun ürəyinə yatmırdı.

Yucin on üç yaşına girdiyi zaman mister Vitla anlamağa başladı ki, onun oğlu ticarət işləri üçün doğulmamışdır. Yucinin on beş yaşı tamam olduqda isə buna tamamilə əmin oldu. Uşağın qapıldığı kitablardan, onun məktəbdə aldığı qiymətlərdən ata görürdü ki, Yucini məktəb məşğələləri də maraqlandırmır. Qardaşından iki yaş böyük olan, lakin məktəbdə bəzən eyni müəllimdən dərs alan Mirtl danışırdı ki,Yucin dərslərinə çox az fikir verir, gözünü pəncərədən çəkmir.

Yucinin məhəbbət aləmində təcrübəsi də zəngin deyildi. Onun nəsibinə ancaq bizim ilk gənclikdə duyduğumuz ötəri təəssürat düşürdü; bu zaman biz qızları gizlində öpürük, yaxud onlar bizi gizlincə öpürlər, – Yucinə axırıncısı aid idi. O müəyyən bir qıza bağlanmamışdı. O, on dörd yaşında ikən bir gənc məktəbli qız onu axşam əyləncəsinə yoldaş seçmişdi, “poçt” oyunu zamanı qaranlıq otaqda qız əlləri onun boynuna sarıldığı və qız dodaqları onun dodaqlarına toxunduğu zaman o unudulmaz bir duyğu hiss etmişdi; lakin onlar bir daha görüşməmişdilər. Bu ilk təəssüratı xatırlayarkən Yucin məhəbbət xülyasına düşür, lakin həmişə cəsarətsiz olurdu. O, qızlardan qorxurdu, düzünü desək, qızlar da ondan çəkinirdilər. Onlar Yucini başa düşə bilmirdilər.

Lakin həyatının on yeddinci ilində, payızda, Yucin ona dərin təsir bağışlayan bir qıza rast gəldi. Onun özü yaşda olan Stella Eplton əsl gözəl idi. Sarışınsaçlı, tünd mavi gözlü, incə, düzgün fiquralı bu qız elə şən, elə sadə məlahətə malik idi ki, bu məlahət sahibi özü də adi, müdafiəsiz kişi qəlbi üçün nə qədər təhlükəli olduğunu bilmirdi. O, oğlanlara naz edirdi, lakin bunu oğlanlardan kiminsə onun çox xoşuna gəldiyi üçün deyil, əylənmək üçün edirdi. Bu naz etməklə o, xırda məqsədlər güdmürdü, sadəcə belə hesab edirdi ki, oğlanların hamısı çox sevimlidir, həm də daha təvazökar olanlar özlərini ağıllı təsvir edənlərdən daha artıq onu cəlb edirdi. Yucin öz utancaqlığı ilə qızın xoşuna gəlmişdi.

Yucin onu ilk dəfə son sinifdə olduğu zaman görmüşdü. Stella bir az əvvəl onların şəhərinə gəlmiş və orta məktəbin sonuncudan əvvəlki sinfinə daxil olmuşdu. Onun atası İllinoys ştatının Molin şəhərindən gəlmiş və burada təzəcə açılan intial qayışları fabrikində müdir vəzifəsini almışdı. Qız tezliklə Mirtl ilə dostlaşdı – görünür, Mirtlın yumşaq təbiəti onu cəlb etdiyi kimi, Stellanın da şənliyi Mirtlı cəlb edirdi.

Bir dəfə gündüz rəfiqələr poçtdan evə qayıtdıqları zaman Baş küçə ilə gedərkən, öz yoldaşının yanına gedən Yucinlə qarşılaşdılar. Yucin çox utancaq olduğundan onları uzaqdan görərkən qaçmaq istədi, lakin onu artıq görmüşdülər və Stella maraqla onu başdan-ayağa kimi süzdü. Mirtl qəşəng rəfiqəsini qardaşına təqdim etmək məqsədilə Yucini saxlayaraq:

– Evdən gəlirsən? – deyə soruşdu. Bu zaman Stellanı qardaşı ilə tanış etməyə imkan verirdi, – indi o heç cür qaça bilməzdi.

– Miss Eplton, bu mənim qardaşım Yucindir.

Stella ona şən, təqdiredici gülümsədi və əlini uzatdı. O qızın əlini qorxa qorxa sıxdı.Yucin özünü tamamilə itirmişdi.

O, üzr istəyirmiş kimi:

– Mənim dəhşətli görünüşüm vardır, – deyə mızıldandı. – Mən şarabanı təmir etmək üçün kömək edirdim.

Mirtl:

– Bunun əhəmiyyəti yoxdur, – dedi. – Sən hara gedirsən?

– Harri Morrisgilə.

– Niyə gedirsən?

– Fındıq yığmağa gedəcəyik.

Stella:

– Mən də bu fındıqdan imtina etməzdim, – dedi.

Yucin nəzakətlə:

– Mən sizin üçün gətirərəm, – dedi.

Stella yenə gülümsədi.

– Çox şad olaram.

Stella təklif etmək istəyirdi ki, Yucin onları özü ilə aparsın, lakin cəsarət etmədi.

Yucin dərhal onun füsünkarlığına məftun oldu. Stella əvvəllər də onun üfüqündə zahir olmuş əlçatmaz məxluqlardan birinə oxşayırdı. Stella da yenicə yetişmiş sünbül rəngli saçları olan qızı xatırladırdı, ancaq o qızda bəşərilik, dünyəvilik daha artıq idi. Stella qəşəng idi. Kiçik mərmər heykəl kimi zərif və çəhrayı olan bu qız çox zəif görünürdü, halbuki əslində sağlam və qüvvətli idi. Yucinin nəfəsi tutuldu, qızın qarşısında o nə isə bir qorxu duyurdu. Buna baxmayaraq qızın onun haqqında nə düşündüyünü bilmək istəyirdi.

Mirtl:

– Hə, gedək evə, vaxtdır, – dedi.

– Mən Harri ilə sözləşməsəydim, sizinlə gedərdim.

– Yaxşı, – deyə Mirtl cavab verdi. – Biz incimirik.

Yucin yaxşı təsir buraxmadığını hiss edərək vidalaşdı. Stella sualedici nəzərlərlə onu süzdü. O getdiyi zaman Stella arxasınca baxdı.

O, Mirtla

– O nə qədər sevimlidir, – dedi.

– Bəli, ancaq çox adamsevməzdir.

– Elə niyə?

– Səhhəti elə də yaxşı deyil.

– Onun təbəssümü mənə xoş gəlir.

– Eləmi? Mən ona deyərəm.

– Yox, yox. Rica edirəm, demə. Deməzsən, elə deyilmi?

– Yox, demərəm!

– Amma onun təbəssümü doğurdan da qəlboxşayandır.

– Bir dəfə axşam bizə gəl, mütləq onu görərsən.

– Məmnuniyyətlə, – deyə Stella sevindi. – Bu yaxşı olar. Mən doğrudan da gəlmək istəyirəm.

– Şənbə günü, gecələmək şərti ilə gəl. O, evdə olacaqdır.

– Mütləq gələrəm!

– Görürəm, o sənin xoşuna gəlir, – deyə Mirtl güldü. Stella:

– Sadəcə, o çox sevimlidir, – dedi.

Onların ikinci görüşü, danışdıqları kimi, şənbə günü axşam, Yucinin atası sığorta kontorundan qayıtdıqdan sonra olacaqdı. Stella şam yeməyinə gəldi. Yucin onu qonaq otağının açıq qapısından gördü və paltarını dəyişmək üçün yuxarıya qaçdı. Onda heç bir həzm pozğunluğunun və ya zəif ciyərlərin söndürə bilməyəcəyi gənclik atəşi yanırdı. Yucin sevinc həyəcanından titrəyərək, xüsusi səylə öz geyimi ilə məşğul oldu, qalstukunu qəşəng bağladı, saçlarını səliqə ilə ayırdı. Bir az sonra aşağı düşərkən Yucin fikirləşirdi ki, o, Stellaya ağıllı, özünə layiq bir şey deməlidir, yoxsa Stella onun necə yaxşı olduğunu görməz; eyni zamanda o, biabır ola biləcəyindən də qorxurdu; bu fikirlər ona əzab verirdi. O qonaq otağına daxil olarkən qonaq onun bacısı ilə birlikdə buxaranın yanında oturmuşdu. Qırmızı abajurlu lampa otağı zəif işıqlandırırdı. Bu otaq belə evlərdə olan adi qonaq otağı idi, – burada ucuz mavi örtük salınmış stol, adi fabrik stulları, kitab rəfi vardı, lakin otaq səliqəli idi və bu ev səliqəsi hər şeydə hiss olunurdu.

Missis Vitla ev işləri ilə məşğul olaraq, hər dəqiqə otaqdan çıxırdı. Ata hələ evdə yox idi. O, maşınlarından birini satmaq ümidiylə əyalətin başqa bir tərəfinə getmişdi. Onu şam yeməyinə gözləyirdilər. Atanın evdə olub-olmamasının Yucin üçün fərqi yox idi. Mister Vitla, kefi olan zaman uşaqları lağa qoymağı, həm də həmişə eyni ruhda lağa qoymağı sevərdi: o, uşaqlarda başqa cinsə oyanan marağı qeyd edər və qabaqcadan xəbər verərdi ki, bu sahədə onların bütün coşğun hissiyatı bir zaman ən adi şəkildə başa çatacaqdır. O, Mirtlə mal həkiminə ərə gedəcəyini deməyi sevərdi, Yucinə isə, missis Vitlanın inandırdığı kimi, telləri yağlı olan Elza Braun adlı birisini alacağını söyləyərdi. Mirtl də, Yucin də bu sözləri xoşhallıqla qəbul edərdilər. Yucin hətta bunları eşidəndə saymazyana gülümsəyirdi: o zarafatı sevirdi, lakin hələ bu yaşda ikən atası haqqında açıq mühakimə yürüdürdü. O, atasının işinin necə acınacaqlı olduğunu görürdü və belə bir peşənin onu – Yucini də öz girdabına çəkib sala biləcəyi ona gülməli gəlirdi. O öz hislərini gizlədirdi, lakin onda, hərdənbir məşumanə tüstülənən təmkinlik vulkanı ağzında közərmiş maqma kimi, bütün adi şeylərə qarşı etiraz qaynayırdı. Nə atası, nə də anası onu başa düşmürdülər. Yucin onlar üçün xəyalpərvər, zəif, qeyri-adi, əslində nə istədiyini özünə belə aydın olmayan qəribə bir oğlan idi.

O daxil olarkən Mirtl:

– Aha, gəlib çıxdın! – dedi. – Burada otur.

Stella onu füsunkar təbəssümlə qarşıladı.

Yucin buraya yaxınlaşdı və özünü dartaraq durdu; o, qıza xoş təsir bağışlamaq istəyirdi, lakin nədən başlayacağını bilmirdi. O özünü elə itirmişdi ki, deməyə bir söz belə tapmırdı. Mirtl qardaşının köməyinə gələrək: