Теодор Драйзер – Dahi (страница 5)
O, həddini aşdığını hiss edərək tabe oldu. Lakin o gecənin şirinliyi və qızın gözəlliyi əbədi olaraq onun xatirində qaldı.
Vitla ata bir dəfə arvadı ilə söhbət zamanı:
– Yucini qəzet işinə, yaxud oxşar bir işə düzəltmək pis olmazdı, – dedi.
Missis Vitla oğlunun nəyə istedadı olduğunu bilmədiyini hiss edərək:
– Bəli, deyəsən bu onun hal-hazırda yararlı olduğu yeganə işdir, – dedi. – Vaxt gələr, o yaxşı bir işlə məşğul olar. Sən ki onun bədəncə necə zəif olduğunu bilirsən.
Vitla ürəyində oğlunun sadəcə tənbəl olduğunu fikirləşirdi, lakin buna tamamilə əmin deyildi. O zənn edirdi ki, Silviyanın qayınatası, “Morninq Eppil” qəzetinin redaktoru və sahibi olan Bencamin C.Berces Yucini işlə tanış etmək üçün ona repartyor, yaxud mürəttib yeri verə bilər. Doğrudur, “Morninq Eppil”də ştat böyük deyildi, amma mister Berces, yəqin ki, Yucinə repartyor xəbərlərindən – əgər onun buna istedadı varsa – yaxud mürəttib işlərindən və ya hər ikisindən başlamağa imkan verməkdən imtina etməzdi. Bir dəfə Vitla ata küçədə Berces ilə görüşərkən onunla söhbət etdi:
– Bura baxın, Berces, mənim oğluma sizin qəzetdə bir yer tapılmazmı, hə? O daim nə isə yazıb-pozur, hərçənd ki, onun cızma-qarası mənim nəzərimdə elə bir şey deyil, deyəsən, bir az şəkil də çəkir. Onu bir yerə düzəltmək lazımdır. Məktəbdə avaraçılıq edir. Məsələn, o, mətbəə işini öyrənə bilər. Əgər sonralar bu sahədə işləməyə həvəsi olsa, lap əvvəldən başlamaq ona ancaq faydalı ola bilər. Başlanğıc üçün ona nə qədər əmək haqqı təyin edəcəyinizin əhəmiyyəti yoxdur.
Berces fikrə getdi, o, Yucini küçədə görmüşdü. Bu oğlanın xəyalpərəst və adamayovuşmaz olmasından başqa onun haqqında heç bir pis şey eşitməmişdi.
– Onu bir gün mənim yanıma göndərin, – deyə boyun qaçırırcasına cavab verdi. – Bəlkə onun üçün bir şey tapdım.
Vitla:
– Mən sizə minnətdar olaram, – dedi, – yoxsa o məni narahat edir.
Bu söhbətdən sonra onlar ayrıldılar. O evdə Yucinə öz görüşü haqqında danışdı, lampanın yanında oturub mütaliə edən oğluna dedi:
– Berces deyir ki, o səni “Morninq Eppil”də mürəttib, yaxud reportyorluğa götürə bilər. Bu günlərdə onun yanına gedərsən.
– Eləmi?! – deyə Yucin sakitcə səsləndi. – Hm! Məndən reportyor çıxar? Bəlkə mürəttib ola bildim. Sən özün ona müraciət etdin?
Vitla:
– Bəli, – dedi. – Hər halda sən ora bir baş çək.
Yucin dodaqlarını dişlədi. O anlayırdı ki, bu onun avaraçılığa olan meylinə işarədir. Doğrudan da, o, atasına narahatlıqdan başqa bir şey vermirdi. Lakin hər halda mürəttiblik sənəti onun kimi tələbatı olan adam üçün parlaq karyera deyildi.
– Olsun, – deyə qət etdi, – dərslər qurtarandan sonra gedərəm.
– Məktəbdə dərslər qurtarana qədər onunla danışsan yaxşı olar.Yoxsa başqa bir adam səni qabaqlayar. Axı belə bir işdə özünü sınamaq sənə zərər verməz.
Yucin itaətlə:
– Danışaram, – dedi.
Bir dəfə günəşli aprel gününün sonunda o, mister Bercesin kontoruna daxil oldu. Bu kontor şəhər meydanında olan üçmərtəbəli qəzet binasının aşağı mərtəbəsində yerləşirdi. Nəzərə çarpacaq dərəcədə dazlaşmış, yoğun mister Berces polad çərçivəli eynəyinin üstündən sınayıcı nəzərlə Yucinə baxdı. Onun seyrək saçları ağarmağa başlamışdı.
– Demək, siz qəzetdə işləməyə razısınız? – deyə o, gəncdən soruşdu.
– Bəli,mən öz qüvvəmi bu işdə sınamaq istərdim, – deyə o, cavab verdi, görüm bu iş ürəyimə yatırmı?
– Mən qabaqcadan sizə deyə bilərəm ki, bu işdə maraqlı cəhət azdır. Atanız mənə dedi ki, siz yazırsınız, eləmi?
– Mən çox istərdim ki, yazım, lakin yəqin ki, bunun öhdəsindən gələ bilmərəm. Mən mətbəə işini məmnuniyyətlə öyrənərdim. Əgər mənim yazdıqlarımdan bir şey çıxsa, vaxt gələr, yazmağa da başlayaram.
– Bəs siz nə vaxt işə başlaya bilərsiz?
– Etiraz etməsəniz, məktəbdə dərslər qurtaran kimi.
– Eybi yoxdur. Əslində mənə adam lazım deyil, lakin sizə bir iş taparam. Həftədə bir beşlik sizi təmin edirmi?
– Tamamilə, ser.
– Onda dərslərdən azad olan kimi gəlin, görüm sizin üçün nə etmək olar.
O, şişman əlinin hərəkəti ilə gələcək mürəttibi yola saldı, üzərinə qəzetlər tökülmüş və yaşıl abajurlu elektrik lampası ilə işıqlandırılmış tünd qoz ağacından köhnə yazı stoluna doğru döndü. Yucin təzə mətbəə rənginin, hələ qurumamış qəzetlərin kəskin iyini özü ilə apararaq otaqdan çıxdı. “Sınamaq maraqlı olar, – deyə o düşünürdü, – lakin, yəqin, bu mənim üçün boş yerə vaxt itirmək olacaqdır”. Yucin Aleksandriya haqqında o qədər yüksək fikirdə deyildi. Bir zaman o buradan çıxıb gedəcəkdi.
“Morninq Eppil” redaksiyası yer kürəsinin hər bir yerində olan başqa əyalət qəzetlərindən heç bir şeylə fərqlənmirdi. Birinci mərtəbədə pəncərələri küçəyə baxan kontor yerləşmişdi, onun arxasında isə yeganə yastı pres və çap maşınları dururdu. İkinci mərtəbədə mürəttibxana yerləşirdi. Burada yüksək stellajlarda şrift kassaları vardı, çünki ”Morninq Eppil” əksər əyalət qəzetləri kimi əl ilə yığılırdı. Orada, binanın ön hissəsində redaktorun, nəşriyyat müdirinin və şəhər xronikası müdirinin qoxumuş, sanki heç bir zaman havası dəyişilməyən kabineti yerləşirdi – qəzetdə hər üç vəzifəni eyni adam daşıyırdı. Bu, Mr. Kaleb Uilyams adlı birisi idi. Mister Berces onu bir neçə il bundan qabaq haradansa tapmışdı. Uilyams balacaboylu, arıq, damarları çıxmış, sivri qarasaqqallı, müsahibinə qara bəbəkləriylə qəribə baxan sönükgözlü bir adam idi. Fövqəladə çevik və söhbətcil, yaşıl papağının günlüyü həmişə alnına basılmış, ağzında qısa gavalı çubuğu olan Uilyams, müxtəlif iş və vəzifələrin öhdəsindən məharətlə gəlirdi. O, paytaxtda qəzet işində uzun illər boyu topladığı hər cür biliklər xəzinəsi idi. Qasırğalı həyat dənizində intəhasız doladıqdan sonra o, arvadı və üç uşağı ilə birlikdə, Aleksandriyada lövbər salmışdı. O iş gününü qurtardıqdan sonra ümumiyyətlə həyat haqqında, xüsusən öz həyatı haqqında kimlə olursa-olsun məmnuniyyətlə söhbət edərdi. Səhər saat səkkizdən günorta saat ikiyə qədər az-maz şəhər yenilikləri toplayar, ya özü yazar, ya da redaktə edərdi. Onun bütün vilayətə səpələnmiş çoxlu müxbirləri vardı. Bu müxbirlər ona həftədə bir dəfə yerli yeniliklərin icmalını göndərirdilər. “Assosşeytedt press” də onu bəzi şeylərlə təchiz edirdi. Həm də oxucunu hekayələr, təsərrüfat məsələləri, tibbi elanlar və sairə ilə cəlb edən iki səhifəlik “standart əlavələr” onun dadına çatırdı. Uilyams materialın çox hissəsini redaktə etmədən çapa verərdi.
O rastına gələn hər kəsə deyirdi:
– Çikaqoda bütün bunlara çox diqqət yetirərdik, ancaq burada bununla əlləşmək lazım gəlmir. Bir də ki, bizim oxucumuz əslində bunu tələb də etmir. O qəzetdə hər şeydən əvvəl yerli yeniliklərin verilməsini gözləyir. Bunları isə mən çox diqqətlə izləyirəm.
Elan şöbəsini mister Berces özü idarə edirdi. Bundan başqa, o özü elanları təşkil edir və onları müştərilərin arzularına müvafiq olaraq yığılmasına, qəzet materiallarının imkan verilməsindən asılı olaraq və müştərilərin hüquq və tələblərinə müvafiq surətdə yerləşdirilməsinə diqqət yetirirdi. Qəzetin bütün işi onun öhdəsində idi, o hər şeyi nizama salır, qəzetin siyasi xəttini də özü müəyyən edirdi. Bəzən o, baş məqalələr yazır, yaxud Uilyamsla birlikdə onların hansı ruhda yazılacağını qərarlaşdırır, redaksiyaya gələnləri qəbul edir, qarşıya çıxan çətinlikləri yoluna qoyurdu. Mister Berces özünü və öz qəzetini bütünlüklə respublika partiyasının yerli başçılarının sərəncamına vermişdi və bu, tamamilə təbii görünürdü, çünki bu onun meyl və məcazına müvafiq idi. Hətta bir dəfə ona (bəzi xidmətlərinə görə) poçt müdiri vəzifəsini təklif etmişdilər, lakin o bundan imtina etmişdi, çünki qəzet bu yeni vəzifənin verə biləcəyindən çox gəlir verirdi. Respublika partiyası rəhbərlərinin şəhər və əyalət üzrə verə biləcəyi bütün elanlar ona çatırdı, beləliklə də o çox yaxşı yaşayırdı. Bercesin siyasi əlaqələr üzündən cəlb olunduğu mürəkkəb fırıldaqlar haqqında Uilyams bəzi şeylər bilirdi. Lakin bu, səylə çalışan əməkçini azacıq belə təşvişə salmırdı. O hesab edirdi ki, məsləhət vermək onun işi deyildir. O deyirdi: “Mən altı nəfərə yemək verməliyəm. Elə bu mənə bəsdir. Nə üçün özgələrinin işinə qarışım?” Beləliklə, redaksiyada sakit, işgüzar, hətta demək olar ki, xoşagələn bir əhvali-ruhiyyə hökm sürürdü. Burada işləmək adama ləzzət verirdi.
On yeddi yaşı tamam olan kimi, parta arxasından birbaşa bura düşən Yucin, ona qüvvətli təsir bağışlayan mister Uilyams, arxasında işləyən Conas Layl və işə müntəzəm gəlməyən, yalnız təcili mətbəə sifarişləri olduğu hallarda çağırılan Con Sammerslə də dostlaşdı. Yucin tezliklə öyrəndi ki, əlli beş yaşlı, ağsaçlı, qaradinməz bir adam olan Con Sammers daim içir və vərəmdir. Sammers ən müxtəlif saatlarda on-on beş dəqiqəliyə gizlincə mətbəədən yox olurdu. Hamı özünü heç bir şey görmür kimi göstərirdi, çünki burada heç kəsə ağalıq etmirdi. Hər halda işin öhdəsindən gəlirdilər.
Conas Layl daha maraqlı tip idi. Sammersdən on yaş cavan, ondan daha çox sağlam və möhkəm olan Conas da özünə görə qəribə idi. Təbiətcə şən olan bu adam bəzi şeylər haqqında oxumuşdu və filosofluq etməyi sevirdi. Yucin tezliklə öyrəndi ki, Layl Birləşmiş Ştatların hər yerində – Denverdə, Portlenddə, Sent-Polda, Sent- Luisdə, daha haralarda isə işləmişdi; o özünün sabiq ağaları, mətbəə sahibləri haqqında danışmağı sevirdi. O, mətbuatda az-maz görkəmli bir ada təsadüf edən kimi dərhal qəzeti götürüb Uilyamsın, sonralar isə, yaxından tanış olduqları zaman Yucinin yanına gəlir və deyirdi: ”Mən filan yerdə yaşayarkən bu adamı tanıyardım… O filan №-də poçt müdiri idi (yaxud başqa bir vəzifədə idi), indi isə, görün, necə yüksəklərə qalxmışdır!” O əksər hallarda bu məşhur adamları şəxsən tanımırdı, lakin onlar haqqında eşitmişdi və onların şöhrətinin bu uzaqlara gəlib çatan əks-sədası onun xəyalına təsir göstərirdi. O, işin qızğın vaxtında korrektura düzəlişlərində Uilyansa kömək edirdi. O, yaxşı mürəttib idi və ümumiyyətlə öz vəzifəsini vicdanla yerinə yetirirdi. Lakin bu dünyada onun bəxti gətirməmişdi, çünki özgələrinin əmrlərinin yalnız dəqiq bir icraçısı idi; Yucin bunu ilk baxışdan anlamışdı.