Сулейман Сани Ахундов – Hekayələr (страница 6)
− Oğlum, dovşan ətini, at ətini peyğəmbərimiz məkruh10 buyurmuşlar, yəni istəsən yeyərsən, istəməsən yeməzsən.
Mərdan soruşdu:
− Belə nə üçün? Desin ya halaldır, ya haram.
− Oğlum, şəriətimizdə çox sirlər vardır. Sən başa düşməzsən.
Qızxanım əlində bir badya süd daxil oldu. Sonra süfrə salıb, küpədən yağ çıxarıb sapılcaya qoydu və gedib qayğanaq bişirib süd, qatıq ilə süfrəyə qoydu.
− Ağa, başqa xörəyimiz yoxdur, Allah verəndən yeyin.
− Allah evinizə bərəkət versin, bunlar da çoxdur.
Təamdan sonra Qızxanım süfrəni yığışdıraraq dedi:
− Ağa, biz kəndlilər erkən yatıb erkən də durmağı adət etmişik. Bilirəm, siz də yol gəlmisiniz, yorulmusunuz. İzin verin, yerlərinizi salım.
Seyid dedi:
− Mənim də adətim elədir.
Qızxanım, oğlu və qonaq üçün içəridə, özü üçün də dəhlizdə yer hazır etdi.
Mərdan və seyid rahat olandan sonra Qızxanım çırağı götürüb dəhlizə keçdi və orada yatmaq istədi. Birdən yadına düşdü ki, Mərdanın köynəyi yarımçıq qalmış, səhər istəyəndə verə bilməyəcəkdir. Ona görə köynəyi tikməyə məşğul oldu. Qızxanım gecəyarıya kimi köynəyi hazır etdi. Sonra çırağı söndürüb özü də yatdı. Qızxanım yenicə yuxuya getmişdi ki, komanın qapısı açıldı, bunun cırıltısı Qızxanımı oyatdı.
− Kimsən? − deyə səsləndi.
− Bacı, mənəm, bayıra çıxmaq istəyirəm, köpəkdən qorxuram, − deyə seyid cavab verdi.
− Səbir edin, ağa, çırağı yandırım, − Qızxanım şala bürünüb çırağı yandırdı və aftafaya su töküb seyidə verib dedi: − Evin sol tərəfinə gedin.
− Bacı, köpəkdən qorxuram, dışarıya çıx, onu qoyma.
− Köpək pəyənin yanında yatır. O sizi görməyəcəkdir. Eybi yoxdur, mən də çıxaram.
Dışarıya çıxdılar, yağmurdan sonra hava çox gözəl və gündüz kimi aydınlıq idi. Seyid aftafanı yerə qoyub Qızxanıma tərəf gəldi.
− Gözəl xanım, bayıra çıxmaq bir bəhanə idi. Mən sənin eşqindən bu gecə gözlərimi yummamışam, mənim istədiyim gərək ola, − bunu deyib seyid Qızxanımın əlindən yapışdı.
Qan, həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü.
− Ağa, sən məni bihəya qadınmı sayırsan? Heç peyğəmbər övladı belə iş edərmi? Səni evimə buraxıb qonaq etmişəm, qabağına duz-çörək qoymuşam, heç ondan utanmırsanmı? İndiyə kimi mənim əlimdən bir naməhrəm tutmamış.
Seyid dedi:
− Mən bayaq sənə dedim ki, mən sənə naməhrəm deyiləm, siğə duasını da oxumuşam. Mənlə mülaqat etsən, nəinki günah, savabdan da savabdır, çünki bir seyid övladının məramını əmələ gətirirsən. Burada nə günah ola bilər? Onu da bil ki, hərgah mənim xahişimi əmələ gətirməsən, elə bir qarğış edəcəyəm ki, bu ev yanıb kül olsun, istəkli balan da tezliklə əlindən getsin, indi səndən cavab gözləyirəm.
Yazıq qadın seyidin ayaqlarına düşüb yalvarmağa başladı:
− Ağa, səni and verirəm o cəddinin pak olan ruhuna, mənim namusuma toxunma, mənim balamı əlimdən alma.
Seyid Qızxanımın şalını başından dartıb yerə atdı və onu qucaqlayaraq dedi:
− Görürəm, sən öz ixtiyarın ilə mənim xahişimi əmələ gətirməyəcəksən.
Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və oğlu eşidər. Ancaq öz gücü ilə seyidin əlindən xilas olmaq istəyirdi. Bu halda Mərdan oyandı.
Yuxulu uşaq dəhlizdən gələn işığı görüb səhər açılmışdır sandı. Cəld dəhlizə çıxdıqda həyətdə çılpaq anasını seyidin qucağında çapalayan görcək qan qeyrətli uşağın başına sıçradı. Tez içəri girib tüfəngi qapdı və həyətə çıxdı.
− Nə edirsən, binamus kişi?
Bunu eşitcək seyid Qızxanımı buraxdı. Mərdan onu qarovula götürüb tüfəngin çaxmağını cəkdi. Seyid şimal ruzigarından qopan qocaman ağac kimi yerə sərildi.
Bunu görcək Qızxanım qışqırdı:
− Nə etdin, oğlum, seyid qatili oldun, evimiz tar-mar olacaqdır.
− Bəs sən istərdin ki, mənim anamın namusuna toxunanı sağ qoyum? Məgər mən Mehdiqulunun oğlu deyiləm? Sən, ana, qorxma, hamıya cavabı özüm verəcəyəm, − deyə Mərdan anasına təsəlli verdi.
Tüfəngin səsinə və Qızxanımın qışqırığına yaxın qonşular tökülüb gəldilər.
Əhvalatı biləndən sonra dedilər:
− Əhsən sənə, igid və namuslu oğlan, lənət olsun belə binamus seyidə.
MOLLA QASIM
Molla Qasım öz arvadı Zeynəb ilə Güllücə kəndində ömür sürürdülər. Bunların İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocasının xatirində idi. Yerdə qalanları isə gözlərini açıb onları Güllücədə görmüşdülər.
Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq nağıl etdiyimiz Güllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.
Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir cığırımında, kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. Əhalisi isə nəhayət dərəcədə avam, dini-mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq həkimsiz, dərmansız yaşayırdı.
Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki kələyi varsa, işlədə biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də həkimlik, ağsaqqallıq və qeyri vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı.
Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək, səhv etmərik, çünki bu dükanda əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri mövcud idi.
Molla Qasımın bu "məta" mallarının qızğın alış-verişi el dağa köçən zaman və dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, coluq-çocuqlarına, gəlin-qızlarına tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.
Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım borcunu tələb edəndə borcluları deyərdilər:
− A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.
− Pul yoxdur, toyuq, ördək, qaz, qoz ki vardır. Arvadlarınız da corab, şal, palaz toxuyurlar. Bunlardan gətirin, borclarınıza hesab edək, − deyə Molla Qasım onları məzəmmət edərdi.
Molla Qasım Güllücə kəndinə kim tərəfindən molla təyin edilmişdi, bilən yox idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb etmişdi və bu mətləbi də qaldıran bir adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək, xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq məlumatı yox idi. Onun məqsədi yenə də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə düşdükdə Molla Qasım mane olub demişdi:
− Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız, öz əkinçilik sənətini atıb şəhərlərə qaçarlar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın.
Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə şəfa tapmayıb öləndə deyərdi: “Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey edə bilməz”.
Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub; kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə qorxub qaçardılar. Kənd əhli bu qarıya "həcəmət" Zeynəb ləqəbini vermişdi. Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcəmət kimi beli əyilmiş, dilavar, kimsədən qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə, ya ölü üstə aparıldıqda o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə, körpə uşaqların həkimliyi, kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyərdi.
Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı. Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dışarı çıxmaqdansa, qapıları bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Biləks, Zeynəb qarı çox qoçaq bir qadın idi, ərinə deyərdi:
− Bilməyirəm mən olmasaydım, sən bu vəhşi camaatın içində necə yaşaya bilərdin?
Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi mövhumata inanıb qorxmağı idi. Ələlxüsus, dostu Zeynal kişi keçən cümə ona bu hadisəni nağıl etməklə cinlərə etiqadını möhkəmləşdirmişdi.
− Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanım hamıdan geriyə qalmışdı. Arvad-uşağı yaylağa köçürüb özüm aranda qalmışdım. İşlərimi qurtarandan sonra uşaqlar üçün bir kisə un və qeyri azuqə tədarük edib boz qatıra yüklədim, yola düşdüm. "Cinli" dağdan qorxa-qorxa keçirdim. Bir zihəyat yox idi. Məni vahimə götürmüşdü. Birdən qulağıma zurna səsi gəldi. Diqqət ilə baxdıqda iki dağın arasında camaat gördüm, yəqin etdim ki, toydur, qatırımı onlara tərəf sürdüm, yaxınlaşdıqda bir cavan oğlan qabağıma çıxıb dedi:
− Zeynal kişi, sən çox xoş gəlmisən, buyur, burada toyumuz var, bir az rahat ol, ye, iç, sonra gedərsən.
Oğlan qatırın cilovundan tutub yoldaşlarına tərəf çəkdi. Onlara çatdıqda məni qatırdan düşürtdü. Qatırı bir kola bağlayıb məni hazır süfrəyə dəvət etdi.
Qonaqlar:
− Buyur, buyur, Zeynal kişi, sən bizim toya xoş gəlmisən, − deyə salamladılar. Süfrənin başında əyləşdirdilər. Məni heyrətə gətirən bir şey vardı: o da hamı məni tanıdığı halda, mən heç kəsi tanımayırdım. Plov süfrəyə gəldikdə məni toya təklif edən oğlan dedi:
− Zeynal kişi, təama şüru edin, ancaq ürəyinizdəki sözü demə.