18+
реклама
18+
Бургер менюБургер меню

Сулейман Сани Ахундов – Hekayələr (страница 8)

18

Hümmətəlinin qardaşı Səfdərin də Məlahətdən başqa övladı olmamışdı. Atası Məlahəti çox istərdi və azadə böyüdürdü. Məlahət səkkiz yaşına çatdıqda atası vəfat etdi. Hümmətəli Məlahəti öz evinə gətirərək onun malına və ixtiyarına sahib oldu. Yazıq uşağın o gündən də müsibətləri başlandı. Sonsuz Xədicə ilk günlərindən Məlahəti sevmədi. Bu gözəl və sağlam qızcığazı görməyə belə gözü yox idi, heç bir şey üstə onu danlardı, döyərdi. Qıvırcıq və topuqlarına qədər sallanan saçları da biçarə qızın başına bir bəla kəsilmişdi. Xədicənin hər bəhanəsi qurtardıqda:

− Gəl başını darayım, − deyə Məlahətin o gözəl saçlarını daraq dişlərində qıraraq topa-topa yerə atardı.

Hümmətəliyə gəldikdə Məlahət qorxudan onun ətrafına belə dolanmazdı, yoldaşları ilə gəzməyi, oynamağı əmisi ona qadağan etmişdi. Bu isə azadə yaşamış qızcığaza danlanmaqdan, döyülməkdən artıq təsir edirdi.

Yavas-yavaş qonaqlar toplanmağa başlamışdı. Hümmətəli xeyli mehriban onlarla salamlaşaraq hər kəsə oturmağa yer göstərirdi. Lakin kəndlilər harada oturmağı gözəlcə bilirdilər. Döşəklər dövlətlilər, ruhanilər üçün qoyulmuşdu…

Cənnətəli:

− Hümmətəlidən başqa, kəndxuda olmağa kim layiqdir? O kişi neçə ildir bizim zəhmətimizi çəkmiş, yenə də çəkməlidir.

Hümmətəli özünü bicliyə vurub dedi:

− Xeyr, daha mən yorulmuşam, bəsdir, başqasını seçək ki, necə əziyyətli vəzifə olduğunu bilsin. Hökumət vergisi üstə məndən rəncidə olursunuz, onu bilmirsiniz ki, töycülərin vaxtlı-vaxtında toplanıb xəzinəyə verilməsini hökumət məndən tələb edir… Mən bir hökumət quluyam, əmrə tabeyəm, mənə buyururlar, mən də sizdən tələb edirəm.

− Doğrudur, doğrudur, − deyə kəndlilər təsdiq etdilər.

Qara Hüseyn əlavə etdi:

− Canım, bir sözlə, dinmə ver.

Bu sözə kəndlilər gülüşdülər. Hümmətəli bu cür tülkülüklə kəndlilərin rəyini ələ alırdı. Xankişinin və dəstəsinin gec gəlməsi Hümmətəlini təşvişə salırdı. Qorxurdu ki, Xankişi fikrini dəyişsin, yenə ona düşmən olsun. Bu halda darvaza açıldı. Xankişi adamları ilə həyətə daxil oldu. Hümmətəli cəld qalxaraq onlarla salamlaşdı.

− Xoş gəlmisiniz, buyurun, − deyə onlara yuxarı başda yer göstərdi.

Qonaqlar oturdular. Söhbət təzələndi. Bir azdan sonra süfrə salındı, xörək ortaya gəldi. Təamdan sonra çay və şirni meydana gəldi. Əsl mətləb açıldı. Kəndlilər bu xeyir işi alqışlayaraq anladılar ki, Hümmətəlinin çəngəsindən qurtarmaq zamanı hələ gəlməmiş.

Qonaqlar dağıldıqdan sonra Xankişi Hümmətəli ilə otağa daxil oldu.

− Qızımı göstərin, görüm necə qızdır? − deyə Xankişi soruşdu.

On yaşında gəlin meydana gəldi.

− Pəh-pəh, maşallah, nə göyçək qızdır, − deyə Xankişi Məlahətin alnından öpdü. Sonra bir üzük çıxarıb onun incə barmağına taxdı.

Əhvalatdan xəbərsiz qız, Xankişiyə baxaraq sanki soruşurdu:

− Bu nə oyuncaqdır?

Xankişi xudahafiz edərək dedi:

− Qızım, salamat qal, səni qoca baban bəzəkli-düzəkli, başı üstə saxlayacaqdır.

Bu hadisədən iki il keçdi. Xədicənin Məlahətə etdiyi zülm getdikcə artırdı. Əmisinə gəldikdə o da Məlahətə başqa cür əziyyət verirdi. Həyətdən kənara çıxmağa izin vermirdi. Qonşuya, ya başqa bir yerə getmək lazım gəldikdə başına çadra örtərdi. Həmişə əmisindən bu sözü eşidərdi:

− Unutma ki, sən Qaraoğlana nişanlısan, özünü elə ismətli dolandır ki, nə mən, nə də adaxlın xəcalət çəksin. Yoxsa səni öz əllərimlə boğub öldürərəm.

Qaraoğlan adı gəldikdə yazıq uşağın bədəninə titrəmə çökürdü. O saat Qaraoğlanın vahiməli, pırtlaq gözləri və capıq surəti gözlərinin önündə dururdu.

Məlahət Xədicənin və əmisinin min cür əziyyətinə razı olurdu. Lakin gələcəkdə Qaraoğlana arvad olmağını beyninə sığışdıra bilmirdi. Uzun gecələri biçarə qız göz yaşı tökərək vahimə içində keçirirdi. Gah özünü yuxuda qaranlıq ormanda, heybətli bir ayı qucağında görürdü. Sonra ayı Qaraoğlana dönürdü. Gah da özünü havada yırtıcı qartal caynağında görürdü. Bu da sonra dönüb Qaraoğlan olurdu.

Qonşuları Piri babanın nağıllarının sonunda gözəl qızları heybətli divlər çəngəsindən qəhrəman mələkzadələr xilas edərdi. Balaca Məlahət də öz qurtuluşunu elə şahzadələrdən gözləyirdi. Lakin minlərcə məlahətləri divlərin çəngəsindən xilas edən mələkzadələr deyil, Böyük Oktyabr inqilabı oldu.

Kəndliləri soymağa adət etmiş Hümmətəli şura hökuməti zamanında quzu cildinə girərək min hiylə qurdusa da, kəndlilər onu heç bir yerə seçmədilər. Axırda yenə bir seçki zamanı bir neçə kəndliyə rüşvət vəd etdiyinin üstü açılaraq bilmərrə seçmək və seçilmək hüququndan məhrum olundu. Məyus qalmış Hümmətəliyə təsəlli verəcək bir şey vardısa, o da özü kimi, şura hökuməti düşməni və öz həmməsləki Xankişinin də seçki hüququnun əlindən alınması idi. Bu iki hərifin şura hökumətini görməyə gözləri yox idi. Lakin zahirdə özlərini hökumət tərəfdarı göstərirdilər. Yeri gəldikdə deyirdilər:

− Şükürlər olsun ki, zülmkar çar hökuməti məhv oldu, indi hökumət biz işçi və kəndlilərindir.

Lakin kənddəki füqəra komitəsi bu iki hərifi gözəlcə tanıyırdı… Onları qabaqlayaraq dinc, farağat oturmalarına əmr etmişdi. Əks surətdə hər ikisinin sürgün olacağını xəbər vermişdi.

Şura hökuməti bərpa olduğu gündən balaca Məlahətin də yaşayışı dəyişilərək bir bayram içərisində keçirdi. Buna ümdə səbəb İsmət xanım idi. Belə ki, Hümmətəlinin evində qadınlar klubu açılmışdı. Klub qadınlar arasında savadsızlığı ləğv etmək kursu açmışdı. Bu kursa İsmət xanım müdir təyin olunmuşdu. İsmət xanım Hümmətəlinin evində mənzil edərək Məlahəti öz qanadı altına almışdı. Onu, kursdan əlavə, öz otağında xüsusi oxudurdu. Kiçik vaxtında ana məhəbbətindən məhrum qalmış uşaq həqiqi ana məhəbbətini İsmət xanımda tapmışdı.

İsmət xanım Məlahətin nişanlı olduğunu bilib bu işi pozmuşdu. Məlahət buna artıqca şad idi. Evin alt mərtəbəsində iki qaranlıq otağa soxulmuş Hümmətəli və Xədicə İsmət xanımın böyük düşmənləri idi, lakin ona bir şey etməyi bacarmırdılar. Məlahət az bir zamanda savadsızlığını ləğv edərək başqa talibələri ötüb-keçmişdi. İsmət xanım uşağın belə zəka və səyini görərək onu darülmüəlliminə hazırlayırdı. Buna da Hümmətəli razı deyildi.

− Kəndli qızına oxumaq yaramaz. Oxumuş qız ayağıçarıqlı kəndliyə ərə getməz, − deyə Hümmətəli şikayətlənərdi.

Lakin İsmət xanım onun sözünə əhəmiyyət verməzdi.

Məlahət İsmət xanımın tərbiyəsi altında böyüyərək on beş yaşına çatdı. Bu gözəl qızı almaq çox cavan oğlanın fikrindən keçirdi, lakin hökumətdən qaçaq düşən Qaraoğlandan qorxaraq heç kəs cürət edib Məlahətə elçi düşə bilmirdi. Bir il əvvəl nəşrə başlanmış "Şərq qadını"nı Məlahət çox sevərdi. Qadınlar şöbəsinə gələn nömrələri oxuyub artıq maraqlanardı. İsmət xanım Məlahətin bu jurnala olan həvəs və məhəbbətini görüb dedi:

− Məlahət, nə üçün sən də başqa kənd qızları kimi sevgili jurnalına müxbirə olmursan?

− Qorxuram yazdığımı çap etməsinlər, − deyə Məlahət cavab verdi.

− Nə üçün çap etmirlər? Əhəmiyyətli bir şey yazarsan, çap edərlər. Gələcək nömrə jurnalın ikiilliyi münasibətilə buraxılacaqdır. Sən də bir şey yaz, göndər…

Bu söz İsmət xanımın yadından çıxıb getmişdi, lakin Məlahət o gündən rahat ola bilmirdi. Həmişə fikir edirdi ki, nə yazsın və İsmət xanımdan da soruşmaq istəmirdi, çünki fikri məqaləsi çap olunursa, sevgili müəlliməsinə göstərərək onu şad etmək idi. Çox fikirdən sonra Məlahət jurnala bir təbriknamə yazıb göndərdi. İndi öz "Şərq qadını"nın bayram nömrəsini səbirsizliklə gözləyirdi.

Bir gün günəş qüruba enən zamanı Məlahət İsmət xanımla cavanlar klubundan evlərinə qayıdırdı. Yol uzunu İsmət xanım onu gələn il darülmüəlliminə aparacağından söyləyirdi. Məlahət buna bir tərəfdən şad, o biri tərəfdən qəmgin idi. Şad idi ki, darülmüəlliminə girib oxuyacaqdı və axırda müəllimə olacaqdı. Qəmginliyinə səbəb sevgili müəlliməsindən ayrılacağı idi. Belə şirin söhbət etdikləri zaman qəflətən yapıncıya bürünmüş bir atlı onların önünə çıxdı. Məlahət onun üzünü gördükdə qışqırdı:

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.