18+
реклама
18+
Бургер менюБургер меню

Сулейман Сани Ахундов – Hekayələr (страница 5)

18

Zavallı Tamamın "səni bir gözəl dövlətli cavan oğlana veririk" deyə məcburən razılığını alırlar, kəbinini kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçır.

Gecənin qaranlığı, göyün dağlara səda salan dəhşətli şaqqıltısı, dərələrdən axan sellərin gurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başıaçıq, ayaqyalın, küləklə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli onun ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızcığaz indiki halına şad imiş. Onun fikri o imiş ki, adamlar duyuq düşüncə Qarqar çayını keçib meşədə gizlənsin. Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları, yağmurdan islanmış bədəni, külək ilə əlləşməkdən tabdan düşmüş əzası daha hərəkətdən qalır. O zaman bir pənah yeri arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər şeydən artıq xof etdiyi qəbiristanı.

Tamam, üstü günbədli bir əski məzar tapır və içində gizlənir.

İttifaqən axşamlamış bir qoca dilənçi yoldan keçərkən həmin günbədli məzarı görür. İçəri girmək məqsədilə qapısına gəlir. Bu zaman dəhşətli bir qışqırıqdan diksinərək çəkilir. Qoca heyrətdə ikən Tamam dışarı çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə yayılır. “Bismillah”, deyərək qəbiristandan qaçmağa üz qoyur. Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyitini Qarqarın o biri sahilində tapırlar.

QATİL UŞAQ

Otuz-qırx il bundan əvvəl, bəlkə, indi də Azərbaycanın çox yerlərində müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz zəhməti ilə becərilmiş taxılı biçməkdə aciz qalaraq iranlı biçinçilərinə möhtac olmaqları idi.

Yayın isti günləri idi. İran biçinçiləri əyinlərində cındır paltar, ayaqlarında çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan Araz çayını keçərək Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı, boynuyoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmanları gəzib: "Cəddimin payını ver", – deyə kəndlilərdən "seyid vergisi" tələb edərdilər. Dini və adəti-mövhumata qərq olmuş sadədil məzlum kəndlilər hər bir vergidən əvvəl bu müftəxorların torbalarını doldurardılar və heç biri cürət edib onların tələbini rədd edə bilməzdi.

Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili əkinləri yanıb zəhmətləri hədər gedərdi.

Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki Mehdiqulu həlim təbiətli, gülərüzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də olsa Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə, Mehdiqulu kənd əhli ilə də gözəl rəftar edərdi.

Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə düşmüş kəndli qardaşların yerlərini pulsuz-parasız öz öküzləri ilə sürərdi; buna görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış Qızxanımın tarlasını "ho" edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir tərəfdən də oğlu Mərdanı özlərinə çoban tutub pul verməklə Qızxanıma kömək əllərini uzadardılar. Qızxanım bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi.

Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi:

− Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum Mərdanın da qəlbini yaralamaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlayacaqdır.

Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban rəftar edib itaətindən boyun qaçırmazdı.

Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bəzi vaxt Mərdanı da özü ilə ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi:

− Anacan, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə, məni yırtıcı heyvandan mühafizə edər. Atmaqda da ustayam.

Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözəbatıcı şöləsi zəifləşirdi. Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: “Siz də bir qədər rahat olun, balalarım”.

Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə qaranlıq çökməyə başladı. Aradan bir on dəqiqə keçdikdən sonra dağın arxasından qara buludlar qalxaraq kəndin üstünü aldı.

Qızxanım daxmadan çıxıb darvazaya gəldi. Qara buludları gördükdə yazıq qadının ürəyi iztiraba düşdü.

Mərdan hər gün günəş batdıqda malları kəndə gətirərdi. Qəflətən şimşək qızılilan kimi göyün üzündə oynayaraq dağlara dəhşətli bir səda buraxdı. Bu səsdən diksinərək Qızxanım ürəyində dua etməyə başladı.

Gurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı.

Qızxanım daxmaya girib köhnə, yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu vaxt qısaboylu, qaraqaş, pırtlaqgöz bir cavan seyid əbasını başına çəkmiş, doqqaz ilə gəlirdi. Qızxanımı gördükdə ona tərəf yönəldi.

− Bacı, mən qərib seyidi Allah qonağı saxlamağı rica edirəm.

− Ağa, cəddinə qurban olum, bu ev heç bir qonağı qapısından naümid qaytarmamış, ancaq mənim ərim vəfat etmiş. Mən bir dul qadınam, kişisiz evə sən naməhrəmi necə buraxım?

Seyid bunu eşitdikdə və cavan Qızxanımın gözəl simasını gördükdə qara pırtlaq gözlərindən od parladı.

− Bacı, seyid övladı hər bir evə məhrəmdir, məni belə yağmurda qapıdan naümid qaytarsan, bu evi, bişək-şübhə, bəla tutar.

Qızxanım seyidin qarğışlarından çox qorxardı. Oğlu xəstə olanda, başı ağrıyanda, ya sancı tutanda hər bir şeydən əvvəl seyidə nəzir edərdi. İndi seyidin sözlərini eşitdikdə ürəyi qorxuya düşdü. Bir tərəfdən də namuslu qadın yad kişini evinə buraxmaqdan həya edirdi. Bu halda intizarını çəkdiyi oğlu yadına düşdü.

− Ağa, içəri buyurun, yağış sizi isladır. − Hər ikisi həyətə daxil oldu. Qızxanım daxmaya girib çırağı yandırdı və sonra seyidi içəriyə təklif etdi.

− Buyurun, ağa, rahat olun.

Seyid islanmış əbasını çıxarıb əyləşdi.

− Bacı, bəs oğlun haradadır?

− Ağa, oğlum kəndin mallarını otarır, indi gələr. Ancaq yağış çox şiddətli yağır. Oğlumdan nigaranam, çünki uşaqdır, dağdan axan selə düşüb tələf olar.

Seyid dedi:

− Xof etmə, bacı, sən mən seyidi müsafir etdin, cəddim Məhəmmədəlmustafa buyurmuşdur ki, mənim övladım olduğu evə bəla nazil olmaz. Bu saat oğlun sağ-salamat gəlib çıxar.

− Allah ağzından eşitsin, ağa.

− Əlbəttə, biz seyidlərin ağzından çıxan sözlərin hamısı allah, peyğəmbər kəlamıdır. Ancaq bacı, səndən bir söz soruşmaq istəyirəm. Sən belə gözəl və cavan qadın nə üçün ikinci ərə getməmisən?

− Ağa, mən ərimi çox istəyirdim. O öləndən sonra əhd etdim ki, bir də başqasına getməyim. Onun tək varisini böyüdüm.

− Əhsən, əhsən, görürəm sən çox vəfalı qadınsan. Lakin nadanlıqdan cəddimin əmrindən çıxmısan və günah da etmisən. Məgər bilmirsənmi ki, cəddim Məhəmmədəlmustafa öz şəriətində bir kişiyə dörd arvad almağı caiz buyurmuşlar. Bundan əlavə, siğə yolu da qoymuş. Biz seyidlərə gəldikdə bunlar da lazım deyil. Bir dua oxumaqla hər bir qadın bizə halal olur. Mən buraya girdikdə o duanı oxudum ki, sən mənə halal olasan. Bunların sirri bilirsənmi nədir? İslam tayfası törəyib artsın, yer üzünü tutsun, kafirlərə qalib gəlsin.

Bu halda Qızıl inəyin mələməsi Qızxanımın qulağına çatdı, cəld dışarıya çıxdı və qapını açıb inəyi içəriyə buraxdı. Sonra gözlərini doqqaza dikdi ki, görsün oğlu gəlirmi?

Yağış kəsilmişdi, lakin yoldan hələ sel axırdı.

Uzaqdan Qızxanımın gözünə bir qaraltı göründü. Gözlədi ki, görsün kimdir. Bir azdan sonra Mərdan və arxasınca Bozdar gəlib çıxdı. Qızxanım soruşdu:

− Oğlum, nə üçün belə gec gəldin? Yağış mallara xəta yetirmədi ki?

− Xeyr, ana, sel güclü olduğuna görə malları dağdan endirmədim ki, dərələrdən keçə bilməzlər, hamının mallarını bir-bir qapılarına kimi aparıb həyətlərinə buraxdım.

− Gəl, ağıllı oğlum, rahat ol, bir seyid qonağımız da var. Yağış tutmuşdu, çox yalvardı ki, içəriyə qoyum.

− Yaxşı etmisən, ana! Belə havada qonağı yolda qoymazlar.

− Sən get rahat ol, mən də inəyimizi sağıb pəyəyə salım.

Mərdan içəri daxil olub seyidə salam verdi və "xoş gəlmişsiniz" deyə halını soruşdu. Sonra islanmış yapıncısını çıxarıb divardan asdı və tüfəngini də bucağa qoydu. Seyid tüfəngə nəzər yetirib Mərdana dedi:

− Oğlum, tüfəng götürməyə hələ uşaqsan.

− Ağa, 12 yaşında kəndli balasına uşaq deməzlər. Bu gün sizin bəxtinizdən əlimə ov keçmədi. Dovşan çoxdu, ancaq mən onları ov etmirəm, çünki ətini heç kəs yemir. Ov edəndə də köpəyim Bozdara verirəm.