18+
реклама
18+
Бургер менюБургер меню

Seymur Baycan – Adsız itin qayıdışı (страница 8)

18

O ki qaldı ilk sevgimə, bir dəfə Elnarəyə məktub yazmaq qərarına gəldim. Ürəyimdən keçənləri utanmadan, qorxub-çəkinmədən uzaqdan-uzağa qıza bildirmək üçün bir vasitə tapılmasına sevindim. Hər şeydən əvvəl, ona bildirmək istəyirdim ki, o necə gözəldir. Onun analoqu olmayan gözəlliyi var. O, təkcə məktəbin deyil, regionun bütün qız-larından gözəldir. Bildirmək istəyirdim ki, məndən ötrü ona baxmaqdan şirin heç nə ola bilməz bu dünyada. Məhəbbət barədə məktub yazmaq necə də çətinmiş! Demək istədiklərin yox, tamam başqa şeylər alınır. Axı ürəkdə baş verən təlatümləri bir parça kağıza necə sığışdırasan? Neçə dəfə cəhd etdim, alınmadı. Bir xeyli əlavələr edərək, bir çox cümlələri dəyişdirərək, öz vəziyyətimə uyğunlaşdıraraq standart sevgi məktublarından istifadə etməli oldum. Xəttim pis idi deyə məktubun yazılmasını xətti gözəl olan bir sinif yoldaşımdan xahiş etdim. O vaxtlar hər sinifdə bu kimi işlərlə məşğul olan bir adam olurdu. Mən məktubun məzmununu söylədim, o, dediklərimi öz bəlağətli, əttökən əlavələri ilə gözəl xətlə vərəqə köçürdü. Onun əttökən əlavələrindən heç cürə yaxa qurtara bilmədim. Bu cür bəlağətli sözlərin məktub üçün vacib olduğunu qətiyyətlə sübuta yetirməyə çalışırdı. Bu işdə xeyli təcrübə toplayaraq püxtələşmişdi. İstəməsəm də, axırda razılaşmalı oldum. Nəticədə başı-ayağı bilinməyən, əcaib, nə demək istədiyim anlaşılmayan bir sevgi məktubu ortaya çıxdı. İndi qarşıda daha bir böyük problem vardı. Hər şey məktubun qıza necə, hansı yolla çatdırılacağından asılıydı. Başqalarının yanında qızın məndən məktub qəbul etməyəcəyini anlayırdım. Qızlar çox vaxt sevgi məktubu aldıqda hamının gözü qarşısında nümayişkaranə surətdə gözəl sözlər yazılmış məktubu cırıb parça-parça edib yerə, ayaqlar altına səpələyirdilər. Özü də məktubları elə hikkəylə, forsla cırıb parça-parça edirdilər ki, axırda hər vərəq parçası siçan başı boyda olurdu. Məni də böyük ehtimalla belə bir aqibət gözləyirdi. Bu cür münasibətə dözə bilməzdim. Bu da cəhənnəm, məndə ona yaxınlaşmağa bəs edəcək qədər cəsarət haradandır? Qıza nə qədər yaxınlaşırdımsa, bir o qədər həyəcanım artırdı. Mənə elə gəlirdi ki, bütün dünya əhli pəncərələrdən, qapılardan boylanaraq bizi izləyir, necə görüşəcəyimizi, qıza nə deyəcəyimi hamı səbirsizliklə gözləyir. Sevdiyin adamla üz-üzə gəlmək necə də dəhşətliymiş! Məktubu bir həftə döş cibimdə gəzdirdim. Elə bil, orda, döş cibimdə gözəgörünməz od yanırdı. Vərəqi bir paketə yerləşdirib tanış bir qız vasitəsi ilə Elnarəyə göndərdim. Dərsdə oturmuşdum. Qapı döyüldü. Elnarəgilin yaşlı sinif rəhbəri otağa daxil oldu. Biz ayağa qalxdıq. Elnarəgilin sinif rəhbəri bizim sinif rəhbərimizə yazdığım məktubu verib, “bunu sizin sinifdən bir oğlan bizim sinifdəki bir qıza yazıb” dedi. Bizim sinfin rəhbəri Elnarəgilin sinif rəhbərinə, “narahat olmayın, məşğul olacam”, dedi. O vaxtlar müəllimlər məktəbdə uşaqları bərk döyürdülər. Müəllimin böyük nüfuzu vardı. Hər bir məclisdə müəllimi yuxarı başda oturdurdular. Biz küçədə müəllimi gördükdə qaçıb gizlənirdik. Gizlənə bilmədikdə isə bolşevik heykəli kimi dimdik dayanırdıq. Ən dilli şagirdlər küçədə müəllim gördükdə birtəhər “salam, müəllim” deyə bilirdilər. Ümumiyyətlə, məktəbdən kənar yerdə şagirdin müəllimin gözünə görünməsi qəbahət sayılırdı. Xüsusən, toy və yas mərasimlərində. Müəllimi toyda və ya yasda gördükdə gizlənirdik, bir də müəllim məclisi tərk edəndən sonra üzə çıxırdıq. Məktəbdə müəllim uşaqları döydükdə evdə heç bir şikayət etmək olmurdu. “Müəllim boş yerə adam döyməz”, deyib, bir partiya da evdə tutub bizi çırpırdılar. Bir sözlə, müəllimdən heç hara şikayət etmək mümkün deyildi. Belə bir şey heç ağlımıza da gəlmirdi. Bizim sinif rəhbərimiz rayonun ən nüfuzlu və ən sərt müəllimlərindən biri idi. Saqqız çeynəyən şagird gördükdə möhkəm əsəbiləşirdi. Kimin ağzında saqqız tuturdusa, həmin şagirdə qarşı çox qəddar cəza verirdi. Bayramlarda şagirdlərdən heç bir hədiyyə almırdı. Hədiyyə olaraq yalnız kitab qəbul edirdi. Aldığı hədiyyə kitabları öz növbəsində məktəbin kitabxanasına hədiyyə edirdi. Məktəbdə vəzifəli şəxslərin övladları da oxuyurdu. Sinif rəhbərimiz, həmçinin digər idealist müəllimlər adamların vəzifəsinə məhəl qoymadıqlarını göstərməyə çalışaraq onların övladlarına qarşı xüsusilə sərt rəftar edirdilər. Müəllimimiz çox təmiz geyinirdi. Yağışlı-palçıqlı payız günlərində onun çəkmələri, şalvarı tərtəmiz olurdu. Biz şagirdlər palçıqlı yollarla müəllimin belə təmiz çəkmələrdə məktəbə necə gəlməsini əsla başa düşə bilmirdik. Sonradan öyrəndik ki, müəllim hamıdan əvvəl məktəbə gəlib özünü məktəbdə müəllimlər otağında qaydaya salırmış. Yalandan deyə bilmərəm ki, o dövrlər bütün müəllimlər işlərinə ciddi yanaşırdılar. Lakin hər məktəbdə müəllim adının məsuliyyətini dərk edən beş-altı hörmətli, ağır xasiyyətli, zəhmli müəllim olurdu. Belə müəllimlərdən hər bir şagird çəkinirdi. Əgər bu müəllim yaşlıdırsa və şagirdin valideynlərinə də bir vaxtlar dərs demiş olurdusa, o zaman belə müəllimlər sərhədsiz səlahiyyətlər qazanırdılar. Çünki valideynlərin özləri də illər keçməsinə baxmayaraq öz keçmiş müəllimlərindən çəkinirdilər. Məsələn, bizim məktəbdə valideynlərimə, əmilərimə, böyük əmimin uşaqlarına dərs demiş yaşlı müəllimlər vardı. Bəzən bu müəllimlər onların məktəbdəki, dərslərdəki davranışlarından, hərəkətlərindən danışırdılar. Bu söhbətləri eşidərkən böyüklərin bir vaxtlar belində çanta məktəbə getməsini, indi mənim əzbərlədiyim şeirləri əzbərləməsini, müəllimlər tərəfindən döyülməsini, dərsdən qaçmalarını təsəvvür etmək mənə qəribə gəlirdi.

Məktəbdə hökm sürən ciddi abı-havaya baxmayaraq yumşaq, həlim müəllimlərə də rast gəlinirdi. Adətən, bu müəllimlər rəsm, nəğmə və əmək müəllimləri olurdular. Şagirdlər fürsətdən istifadə edib bütün axmaq hərəkətlərini bu yumşaq müəllimlərin dərsində həyata keçirirdilər. Səs-küy, toz-duman sinfi başına götürürdü. Belə müəllimlərin dərsində elə olurdu ki, başqa ciddi müəllimlər sakitliyi bərpa edirdilər. Müəllim nüfuzunun aşağı düşməsi, şagirdlərin müəllimə qarşı ədəbsiz hərəkətləri ciddi müəllimlərə pis təsir göstərirdi. Amma ciddi müəllimlər yumşaq müəllimlərin dərsində asayişi çox incə bir siyasətlə bərpa edərdilər. Guya nəsə soruşurmuş kimi özünü göstərib qapını açıb qəfildən sinfə daxil olurdular. Ən nadinc şagirdlərdən bir-ikisinin yaxasından yapışıb müəllimlər otağına aparıb orda şillələyirdilər. Bir hadisə heç yadımdan çıxmaz. Bizim nəğmə müəllimimiz yumşaq, şagirdə əl qaldırmayan müəllimlərdən idi. Uşaqlar onun dərsində səs saldıqda, ya nəsə şagirdə yaraşmayan hərəkət etdikdə deyərdi, “Sizi qınamıram, qılınc müsəlmansınız. Sizlə başqa cür danışmaq lazımdır, mən də uşaq döyməyi bacarmıram…” Ümumiyyətlə, bu ifadəni, “qılınc müsəlmanı” sözünü məktəbdə müəllimlərin dilindən tez-tez eşidirdim. Mənası da bu idi ki, biz müsəlmanlığı öz xoşumuzla deyil, qılınc gücünə qəbul etmişik. Ona görə də bizim adamlara sözlə heç nəyi başa salmaq olmur, onlara gərək döyə-döyə, söyə-söyə nəsə başa salasan. Döyülməsə, uşaqlar dərs oxumazlar, qaydalara riayət etməzlər.

Uşaqlar nəğmə müəlliminin dərsində yazı taxtasına nəsə axmaq bir söz yazmışdılar. Müəllim sinfə girib birtəhər uşaqları yerlərində oturda bildi. Çox çətinliklə sakitliyi bərpa etdi. Yazı taxtasındakı sözü görəndə duruxdu. Bir neçə şagirdə ayağa qalxıb taxtadan sözü silməyi tapşırdı. Şagirdlərdən heç biri, həmçinin də qızlar ayağa qalxmadı. Hərə bir söz dedi. Hərə bir bəhanə gətirdi. Bu açıq-aşkar qudurğanlıq, vəziyyətdən sui-istifadə etmək idi. Nəğmə müəllimimizin oğlu çətinliklə yeriyirdi. Xəstə idi. Ayaqları tutulurdu. Oğul atasının məktəbdəki vəziyyətindən, şagirdlərin onu saymamasından, başına oyun açmalarından əziyyət çəkirdi. Amma nə edə bilərdi, özü də atası kimi yumşaq, sakit, başıaşağı, heç kimə pisliyi dəyməyən bir insan idi. Əgər qoluzorlu biri olsaydı, uşaqlar heç olmasa oğlundan qorxub ataya bir az hörmət edərdilər. Dayımla dostluq edirdi. Hərdən nənəmgilə gəlirdi. Cavan yaşda ağır xəstəliyə düçar olması nənəmin ürəyini ağrıdırdı. Müəllim məni bir nümunəvi şagird kimi tanıyırdı. Həm də dayımla oğlunun dostluq etməsindən xəbəri vardı. Arxada oturmuşdum. Adımı, familiyamı çəkib yazı taxtasındakı sözü silməyimi xahiş etdi. Lakin elə iyrənc və murdar hərəkətə yol verdim ki, bu hərəkətim bu günə qədər məni incitməkdədir. Yaş üstünə yaş gəldikcə, zaman ötdükcə bu hərəkətim mənə daha çox əziyyət və əzab verməkdədir. Heç cürə bu hərəkətimə haqq qazandıra bilmirəm. Hətta uşaq olduğum o vaxtlar bir çox şeyləri qanmamağım da heç cür karıma gəlmir. Mən onun axırıncı gümanı idim. Lakin mən də ümumi abı-havaya uyaraq yazı taxtasındakı sözü silməkdən imtina etdim. Bu hərəkətim açıq-aşkar onu sarsıtdı. Yaxşı ki, sinif rəhbərimiz on dəqiqəlik, sinif jurnalı lazımdır, bəhanəsiylə sinfə daxil oldu. Bayaq sinifdə toz-duman qaldıran, partaların üstündə oynayan uşaqlar cücəyə döndülər. Sinif rəhbərimiz yazı taxtasındakı sözü gördü. Üç-dörd şagirdi müəllimlər otağına aparıb döydü. Bir neçə şagirdə isə sabah valideyni ilə məktəbə gəlməyi tapşırdı. Bir balaca bundan təsəlli ala bilirəm.

Məktəbimizin həyət darvazasının üstündə bir rəsm çəkilmişdi. Rəsmdə iki oğlan uşağı özlərini şax tutub təntənəli bir əda ilə əllərində iri gül dibçəyi aparırdı. Əyalət rəssamının çəkdiyi bu rəsmdə güllərin sıx şaxələri onların üzünü demək olar ki, tamam örtmüşdü. Buna görə də uşaqlar yolu görmək üçün istər-istəməz başlarını dik tutmuşdular. Rəsmdə təsvir olunan şagirdlər bizə heç oxşamırdılar. Nə geyimləri, nə də üz quruluşları… Hər il sentyabr ayında biz məktəbə gələndə bu rəsmi təzələnmiş görürdük. Bir-iki aydan sonra darvazanın üstünə çəkilmiş rəsm əsəri bərbad günə düşürdü. Bu cür təşviqedici, tərbiyəvi rəsmlər, plakatlar, şüarlar, məktəbin, elmin, savadın vacibliyi, müqəddəsliyi haqqında müxtəlif şəxsiyyətlərin sözləri yazılmış lövhələr hər məktəbdə vardı. Kim idi bu sözlərə əməl edən, kim idi bu sözlərdən təsirlənən?! Uşaqlar fürsət düşən kimi məktəbdə partaları, pəncərə şüşələrini, laboratoriyada cihazları sındırır, dərsin pozulması üçün qıfılın açar yerinə kağız soxurdular, divarlara vurulmuş böyük şəxsiyyətlərin portretlərinə bığ-saqqal çəkir, kitabların vərəqlərini cırıb qələmlə qaralayırdılar. Tualetin divarlarına ədəbsiz rəsmlər çəkib söyüşlər yazırdılar. Özü də bütün bu pis əməlləri elə həvəslə edirdilər ki, elə bil, buna görə maaş alırdılar… Müəllimlərin tualeti ayrı idi. Müəllimlər tənəffüsdə şagirdlərin gözü qarşısında tualetə girmirdilər. Yalnız dərs başlananda, şagirdlər siniflərə dolanda tualetə gedirdilər… Məktəbdə az qala hər beş şagirddən birinin ləqəbi vardı. Bu ləqəblər daha çox filmlərdən, xüsusən, hind və fransız filmlərindən götürülürdü. Şagirdlərin, uşaqların, yeniyetmələrin həyatından bəhs edən tərbiyəvi filmlər uşaqlara təsir etmirdi. Bu filmlərə sadəcə baxırdılar. Bu filmlərdəki şagirdlərin həyatı, hərəkətləri bizim real həyatımızdan çox uzaq idi. Pioner qalstukunu bizim şagirdlər öz aralarında it xaltası adlandırırdılar. Filmlər, bədii əsərlər, müəllimlər heç cürə şagirdlərdə pioner qalstukuna qarşı hörmət hissi oyada bilmirdilər. Şagirdlər məktəbdən çıxan kimi qalstuku açıb ciblərinə soxurdular. Çox vaxt qalstuku ütüləmək yaddan çıxırdı. Əzik-üzük qalstukda məktəbə gəlirdilər. Bəzi ucqar kəndlərdə şagirdlər, ümumiyyətlə, pioner qalstuku vurmurdular. Uşaqlar pioner qalstuku vurmamaq üçün min bəhanə uydururdular. 20 yanvar hadisəsindən sonra uşaqların canı pioner qalstuku vurmaqdan qurtardı. Həyətdə tonqal qalayıb pioner qalstuklarını yandırdılar. Pioner qalstuklarını yandırmaq üçün elə böyük tonqal qalamışdılar ki, orda yekə bir öküzü qızartmaq olardı. Uşaqlar çox pinti geyinirdilər. Qulaqları, əlləri kirin-pasın içində, köynəkləri, şalvarları, qalstukları əzik-üzük olurdu. Valideynlər öz övladlarının təmizliyinə fikir vermirdilər. Valideynləri məktəbə çağırırdılar və müəllimlər valideynlərə tapşırırdılar ki, övladlarını məktəbə təmiz göndərsinlər, xeyri olmurdu. Ona görə də təmiz və səliqəli geyinən şagirdlərə bütün müəllimlər hörmət bəsləyirdilər. Təmiz və səliqəli geyinən şagirdlər müəllimlərin mütləq hörmətini qazanırdı…