Seymur Baycan – Adsız itin qayıdışı (страница 7)
Musiqi məktəbi yerləşən bina inqilabdan əvvəl varlı bir bəyin evi olmuşdu. Rayonda üç dənə belə ev vardı. Üçü də eynən bir-birinə oxşayırdı. Bolşeviklər bəyi güllələmiş, var-dövlətini əlindən almışdılar, bütün nəslini isə Qazaxıstana sürgün etmişdilər. Onun evlərini isə məktəbə, uşaq bağçasına, uşaq poliklinikasına çevirmişdilər. Müharibə zamanı bu evlərdən birinin yaxınlığına mərmi düşdü. Ətrafdakı bütün evlər dağılsa da, bu köhnə bina öz yerində möhkəm dayandı. Deyilənə görə, bu binaları tikən zaman ustalar yumurta sarısından istifadə etmişdilər. Musiqi məktəbinin çox cansıxıcı mühiti vardı. Burda uşaq qəlbini cəlb etmək üçün azacıq da olsa, təşəbbüs göstərilmirdi. Burda heç kəs fikirləşmirdi ki, bu dünyada uşaqların rəğbət bəslədiyi və rəğbət bəsləmədiyi şeylər var. Payız aylarında səhərdən fasiləsiz yağan yağışın şırıltıları rütubətli sinif otaqlarından gələn musiqi səslərinə qarışırdı. Məktəbin birinci mərtəbəsinin dəhlizinə iri başlı iki quş rəsmi çəkilmişdi. Quşlardan birinin başı solub bozarmış, o birinin isə ayaqları və qarnının bir hissəsi ovulub tökülmüşdü. Deyilənə görə, bu quş rəsmlərini tavana ikinci dünya müharibəsində əsir düşmüş bir alman çəkib. Müəllimlər dərslərə ciddi fikir vermirdilər. Şagirdlərə çox etinasız yanaşırdılar. Qadın müəllimlər daha çox paltarlarını nümayiş etdirmək üçün musiqi məktəbinə gəlib gedirdilər. Kişi müəllimlər toylarda çoxlu pul qazanırdılar, amma onlar həm də musiqi məktəbinə gəlib getməyə, xala-xətrin qalmasın uşaqlara dərs deməyə məcbur idilər. Çünki sovet dövründə hər kəs mütləq haradasa işləməli, hansısa dövlət idarəsindən maaş almalı idi. İşləməyən adamı əgər hökumət nümayəndələri istəsəydi, avaralığa görə tutub içəri basa bilərdilər. Məsələn, mənim atam usta idi. Evlərdə işləyirdi. Çoxlu pul qazanırdı. Bununla belə, hökumətdən maaş almaq üçün atam həm də çörək zavodunda işləmək məcburiyyətində qalmışdı. Üç gündən bir zavoda işə gedirdi. Ustalardan bəziləri yanğınsöndürmə idarəsindən, bəziləri də çaxır zavodundan maaş alırdı. Sovet dövrünün belə qəribəlikləri vardı.
Oğlan uşaqlarını musiqi məktəbinə qoymaqda valideynlər yalnız bir məqsəd güdürdülər. Uşaqlar hansısa bir alətdə ifa etməyi tez-tələsik öyrənsinlər və toylara gedərək çoxlu pul qazansınlar. Rayonun varlı, adlı-sanlı ailələrindən olan qızlar musiqi məktəbində oxuyurdular. Başqa valideynlər də varlı ailələri yamsılayaraq qız övladlarını gətirib musiqi məktəbinə qoymuşdular. Qız şagirdlər pianoda hər şeydən əvvəl “Çalıquşu” adlı bir türk filmindən məşhurlaşan musiqini ifa etməyi öyrənirdilər. Qayda belə idi. Piano çox çətinliklə tapılırdı. Məsələn, bacıma piano almaq üçün anam xeyli əziyyət çəkməli olmuşdu. Bacım üçün pianonu 850 manata almışdıq. Yeri gəlmişkən, bacımı musiqi məktəbinə qoymaqla anam da varlı ailələri yamsılamışdı. Bir sözlə, musiqi məktəbinə gəlib-gedən müəllimlərin və şagirdlərin ürəyində həqiqi musiqi sevgisindən savayı hər şey vardı. Burda şagirdləri və müəllimləri həqiqi musiqi sevgisi deyil, tamam ayrı məqsədlər, paltarlarını və özlərini göstərmək, ətirlərinin bahalığını nümayiş etdirmək, pul qazanmaq istəkləri birləşdirirdi. Müəllimlər çox savadsız idilər. Onların çoxu heç on məşhur bəstəkarın adını sadalaya bilməzdilər. Musiqi məktəbinin müəllimləri geyim, davranış, savad baxımından orta məktəbin müəllimlərindən çox fərqlənirdilər. Orta məktəb müəllimləri çox asketik, sadə həyat yaşayırdılar. Onlar əsl sovet müəllimləri idilər. Musiqi məktəbinin müəllimlərini isə, elə bil, kapitalist ölkələrindən gətirmişdilər. Kişi müəllimlərinin hamısının maşını vardı. Bahalı, sovet dövründə çətin tapılan paltarlar geyinərdilər, bahalı ətirlər vurardılar “Marlboro” siqareti çəkirdilər. Orta məktəbin müəllimləri isə məktəbə piyada gəlib gedirdilər. Ətir vurmurdular. Sadə geyinirdilər. Musiqi məktəbinin müəllimləri müəllim sənətinin, müəllim sözünün məsuliyyətini dərk etmirdilər…
Lakin bu məktəbdə bir müəllim var idi ki, bütün başqa müəllimlərdən hər mənada yaxşı tərəfdən seçilirdi. Bu, paytaxtdan öyrətmək, qurmaq, yaratmaq yanğısıyla əyalətə gəlmiş cavan bir müəllim idi. Onun bədən quruluşu sual işarəsinə oxşayırdı. Sinəsi batıq olduğuna görə, ortadan əyri görünürdü. Uzun, nazik boynuna başı, elə bil, ağırlıq edirdi. Başı həmişə bir az sinəsinə doğru əyilmiş vəziyyətdə olurdu. O, daima sadə qara kostyum, qara ayaqqabı, ağ köynək geyinər, nazik uzun qalstuk taxardı. Musiqi tarixindən dərs deyərdi. Onun sinfinə girəndə tamam başqa aləmə düşürdüm. Onun otağı öz səliqə-sahmanı ilə başqa müəllimlərin otaqlarından kəskin seçilirdi. Masaların üstünə ağ örtük salınmışdı. Bu ağ örtükləri yalnız öz övladını çox sevən, övladıyla fəxr edən ana belə təmiz yuya bilərdi. Pəncərələrin önünə müxtəlif dibçək gülləri qoyulmuşdu. Sinfin yuxarı başında şkaf vardı və şkafda yan-yana musiqi tarixinə aid kitablar düzülmüşdü. Divarlara isə böyük və dahi bəstəkarların portretləri vurulmuşdu. Parikli bəstəkarların portretlərinə baxanda qəribə hisslər keçirirdim. Bu kişilərin, böyük bəstəkarların əcaib görünüşü məndə maraq oyadardı. Sözün düzü bu vaxta qədər hələ də o kişilərin niyə başlarına parik qoymalarını anlaya bilmirəm. Onların görünüşü indinin özündə də mənə qəribə gəlir. Musiqi tarixi dərsinə musiqi məktəbinin şagirdləri o qədər də maraq göstərmirdilər. Musiqi tarixi dərsi həm şagirdlərə, həm də şagirdlərin valideynlərinə gərəksiz görünürdü. Bu laqeydlik müəllimi əsəbiləşdirsə də, o ruhdan düşmürdü. Hər cür vasitələrdən istifadə edərək cavan müəllim şagirdlərdə öz fənninə qarşı maraq oyatmağa çalışırdı. Onun çox bilikli olub-olmadığın deyə bilmərəm, lakin o daima öz biliyini göstərirdi. İstəyirdi ki, başqaları da bilikli olsun. Bildiklərini şagirdlərə öyrətmək, başqalarına ötürmək ona çox xoş gəlirdi. O, hər bir münasib fürsətdən istifadə edərək şagirdlərin beyninə nə isə zəruri bir şey yerləşdirməyə cəhd edirdi. Hər dəfə dərs qurtaranda deyirdi ki, savadsız yaşamaq qeyri-mümkündür. Bu gənc müəllim səmimi olaraq bizdən adam düzəltməyi arzulayırdı. Dərs başlamazdan əvvəl o koridorda avaralanan uşaqlardan bir neçəsini tutub sinfə gətirməkdən ötrü əbəs yerə şirin dilini işə salmalı olurdu. Onun cəhdləri heç bir nəticə vermirdi. Hətta musiqi məktəbinin direktoru da musiqi tarixi fənninə ciddi yanaşmırdı. Bu münasibət hər kəsə sirayət edirdi. Müəllim bəstəkarların həyatından çox həvəslə danışırdı. Ona diqqətlə qulaq asmamaq, sadəcə, mümkün deyildi. O, dərslərə ciddi hazırlaşırdı. Bəstəkarların həyatından danışanda mən başımı qaldırıb parikli kişiyə baxırdım və öz-özümə düşünürdüm: “Doğurdanmı, bütün bu işləri bu parikli, görkəmi qəribə kişi etmişdir?” Sağlığında uğur qazana bilməyən bəstəkarların həyatından danışdıqda isə səsi titrəyir, sifəti tamam dəyişirdi. Müəllimin nə qədər əziyyət çəkdiyini yalnız öz həssaslığımla hiss edə bilirdim. Musiqi tarixi dərsindən həmişə əla qiymətlər alırdım. Bu əla qiymətlər anamı bir qram da sevindirmirdi. Getdikcə musiqi məktəbinə marağımı tamam itirirdim. Yalnız həftədə iki dəfə böyük həvəslə, maraqla musiqi tarixi dərsində iştirak edirdim. Anamın danlaqları, öyüd-nəsihəti heç bir nəticə vermirdi. Bu danlaqlar məni bezdirirdi. Uşaq kitabxanası musiqi məktəbindən daha çox məni özünə cəlb etməyə başlamışdı. Həftədə bir dəfə, bəzən iki dəfə dərsdən sonra uşaq kitabxanasına gedirdim. Kitabxananın aurası, səliqə-sahmanı, kitabxanada hökm sürən ciddi intizam, sakitlik çox xoşuma gəlirdi. Lap çoxdan kitabxanada çalışan ağ saçlı, yaşlı, işinə məsuliyyətlə yanaşan bir qadın kitabxanada ciddi nizam-intizam, səliqə-sahman yaratmışdı. Burda oxumaq, öyrənmək istəyən uşaqlar üçün hər cür şərait vardı. Bu aura rayondakı bütün binalardakı auradan çox fərqlənirdi. Hər iki-üç gedişdən bir kitabları təhvil alan kitabxanaçı qadın bizdən kitabın nədən bəhs etdiyini, məzmununu soruşurdu. Kitabın məzmununu danışa bilməyən, kitabı oxumayan adama bir daha kitab vermirdilər. Yadımdadır, bir dəfə qardaşım özündən çıxaraq nəsə qalın, şəkilsiz, öz səviyyəsinə uyğun olmayan çətin bir kitab götürmüşdü. Nə qədər əlləşsə də, kitabı axıra qədər oxuya bilmədi. O, kitabxanadakı qadının kitabın nədən bəhs etdiyini soruşacağından və suala cavab verə bilməyəcəyindən qorxurdu. Mən isə öz şıltaqlığımla onu daha çox qorxudurdum. Deyirdim ki, kitabxanadakı qadına sənin kitabı axıra qədər oxumadığını xəbər verəcəm. O yalvarır və məndən xahiş edirdi ki, bu haqda qadına heç nə deməyim. Mən isə qəddarlıq nümayiş etdirərək onunla məzələnirdim. Nəhayət, o, özünü saxlaya bilməyib hönkürərək ağladı və mən öz hərəkətimə görə dəhşətli dərəcədə peşmanlıq hissi duydum. Bu hərəkətimi bu vaxta qədər özümə bağışlaya bilmirəm. Həyatda etdiyim ən pis hərəkətlərdən biri sayıram.
Orta məktəbdə dərslər bitəndən sonra şagirdlərin hərəsi bir işlə məşğul olurdu. Böyük sinfin oğlan uşaqları sürücülük məktəbinə maşın sürməyi öyrənməyə, qızlar isə müxtəlif dərnəklərə, kurslara, bəziləri musiqi məktəbinə, oğlanlardan bəziləri də pionerlər evinə şahmat, dama oynamağa, şeypur, baraban çalmağa gedirdilər. Bəziləri orta məktəbdə qalıb dövlətin verdiyi pulsuz yeməkləri yeyərək müəllimin nəzarəti altında sabahkı dərsə hazırlaşırdılar. Böyük çoxluq isə heç hara getmirdi, valideynləri onları həyətdə işlədir, ya da inək, qoyun otarmağa göndərirdilər. Bəziləri isə ümumiyyətlə heç bir işlə məşğul olmurdular, avaralanırdılar. Mən isə kitabxanaya gedən uşaqlara qoşulmuşdum. Ayda bir dəfə kitabxanada müxtəlif mövzularda tədbirlər keçirilirdi. Kitabxananın daimi üzvləri vətən, çörək, ana, zəhmət, sülh haqqında şeirlər deyirdilər. Balaca uşaq hekayələri oxuyurdular. Müxtəlif uşaq hekayələrini səhnələşdirirdilər. Burda baş verənlər musiqi məktəbində baş verənlərdən mənə daha maraqlı gəlirdi. Çünki kitabxanaya gələn uşaqların, kitabxanada işləyən qadınların davranışı ruhuma daha yaxın idi. Beləliklə, musiqi məktəbinə marağım tamam itdi. Anam nə qədər zəhləmi töksə də, musiqi məktəbinə getməkdən qəti imtina etdim. Bununla da, həyatımda daima təkrarlanan bir ənənənin əsasını qoymuş oldum. Heç bir təhsil ocağında axıra qədər oxuya, heç bir yerdə axıra qədər duruş gətirə bilmədim. Oxuduğum bütün yerləri yarımçıq qoydum. Bunun yalnız bir səbəbi vardı – mənim azadlığım. Bütün həyatım boyu hər bir işin ən pis nəticəsi haqqında düşünmüşəm. Bu, hər zaman məni çətinliklərdən xilas edib. Yekə-yekə oğlanların, yekə-yekə kişilərin rütbə, vəzifə, direktor, müdir qarşısında əyildiyini, sındığını, yaltaqlandığını gördükdə onların yerinə xəcalət çəkmişəm. Məni hər hansı hərəkətimə görə məktəbdən, universitetdən qovmaqla hədələyəndə öz özümə düşünmüşəm: “Cəhənnəmə qovsunlar, dünyanın axırı deyil ki”. Özümü daima taleyimə tapşırmışam. Demişəm ki, qoy taleyim məni hara istəyir, aparsın. Nə vaxt bürokratik əngəllərlə rastlaşmışamsa, dözməyə səbrim çatmayıb, nə qədər acı nəticəsi ola biləcəyindən qorxmayaraq, etdiyim əməlin sonunu düşünməyərək darıxdığım, sıxıldığım, boğulduğum yerləri tərk etmişəm.