18+
реклама
18+
Бургер менюБургер меню

Seymur Baycan – Adsız itin qayıdışı (страница 10)

18

Azad ev

Onların evində hər bir uşağın arzusunda olduğu azadlıq havası vardı. Bizi də o evə çəkən bu azadlıq havası idi. Kim nə vaxt, harada istəyirdi, yatırdı. Kim nə vaxt istəyirdi, yeyirdi. Onlar daha çox kartof soyutması, kartof qızartması, kartof püresi, qayğanaq, soyutma yumurta, yayda qarpız-yemiş, pomidor-xiyar, pendir, qışda borş, xəmir yeməkləri yeyirdilər. Bibim evdə səliqə-sahmana fikir verən qadınlardan deyildi. Həmişə evin ortasında çoxlu kirli, əzik-üzük paltarlar tökülüb qalırdı. Əşyaların üstündə bir qarış toz olurdu. Masanın üstündə çörək qırıntıları, qəzet parçaları, konserv qutuları bir-birinə qarışırdı. Baxan oldu-olmadı, televizor daima işləyirdi. Üstəlik, radioda da diktor nəsə qırıldadırdı. Evdə hökm sürən pintilik heç kimi bir qram da narahat etmirdi. Əksinə, bu evi təmiz təsəvvür etmək mümkün deyildi. Deyəsən, pintilik bu evə yaraşırdı. Evdə çoxlu siçanlar vardı və evin sakinləri siçanlarla səmimi bir dostluq havası içərisində yaşayırdılar. Divarlardan boz və tozlu hörümçək torunun saçaqları sallanırdı. Torlarda həmişə qurumuş milçək ölüsü olurdu. Hətta hörümçək torlarının birindən sarı filtrli siqaret kötüyü ilişib qalmışdı. Bu azad ev ildə bir dəfə bibimin universitetdə müəllim işləyən qardaşı şəhərdən rayona qonaq gələndə düz-əməlli yığışdırılırdı. Bütün otaqların döşəmələri yuyulurdu. Pəncərələr silinirdi. Xalça-palazı bayıra atıb tozunu çırpırdılar. Düzünü desəm, təmizlik bu evin azad havasına xələl gətirirdi. Bibimin qardaşı sanatoriyada da, kurortda da dincələ bilərdi. Lakin o, yay tətilində mütləq bibimgilə gələrdi. Çünki bacı-qardaş hədsiz dərəcədə bir-birlərini çox istəyirdilər. Bibim universitetdə müəllim işləyən qardaşıyla fəxr edirdi. Bacısı uşaqları da dayılarını həddindən artıq sevirdilər. Onun gəlişi bayrama çevrilərdi. Uşaqdan tutmuş böyüyə qədər hamıya hədiyyə gətirərdi. Bacısı uşaqları bir-birlərinə aman vermədən onun qulluğunda durmaq istəyirdilər. Onun hər bir istəyi anındaca böyük həvəslə yerinə yetirilirdi. Bibimin qardaşı yumru, balacaboy, keçəl, şalvarı göbəyinə qədər qaldıran, nazik ayaqlı bir kişi idi. Adətən, fransız romanlarında bütün notariusları ucdantutma belə təsvir edirlər. Yumru, enlisifət, balacaboy, nazik ayaqlı… Mən ondan soruşurdum:

– Sən nə işləyirsən?

O isə deyirdi:

– Sən orta məktəbi bitirib universitetə girəcəksən, bax, onda mən sənə universitetdə dərs deyəcəm.

Universitet – bu söz mənim üçün necə də dəhşətli səslənirdi. İlahi, mən orda necə oxuyacam?! Bu ki dəhşətdir…

Azad ev təpənin başında yerləşirdi. Ev bir az torpağa girmişdi. Sanki, ağır, nəhəng bir qüvvə evin başından basıb torpağa soxmuşdu. Hasar əyri-üyrü idi. Müxtəlif ölçülü taxtalar bir-birinə necə gəldi mıxlanmışdı. Evin taxta döşəməsi aralanmışdı, pilləkən əsim-əsim əsirdi. Addım atanda otağı səs-küy bürüyürdü. Toyuq hininin damını cır əncir kolları basmışdı. Kolların kökləri hinin damını ordan-burdan sıxışdırıb çatlatmışdı. Yetişəndə partlamış əncirlərin qırmızı meyvələri görünürdü. Evdə yekə-yekə kişilər ola-ola hər şey beləcə uçulub dağılırdı. Heç kimin heç nə vecinə deyildi. Hər kəsin başı içməyə, öz əyləncəsinə qarışmışdı.

Gecələr avtovağzal idarəsinin, aşağıda dumanın içində gözə görünməyən evlərin işıqları közərirdi. Adama elə gəlirdi ki, nə qədər yol getsən də, bu uzaq, sakit işıqlara çatmaq mümkün olmayacaq. Yazda ağaclar yarpaqlayanda bağların hasarlarını görmək olmurdu. Bağlar bir-birinə qarışaraq böyük bir yaşıllığa çevrilirdi. Lakin ilin dörd fəslində – yazda, yayda, payızda, qışda həyətlərdən tüstü sütunları yüksəlirdi. Bu sütunlar uzanaraq göydə buludabənzər bir şəkil alır və əriyirdi. Yay aylarında ortancıl əmimoğlu həyətdə ağacların altında yatırdı. O, Robinzon Kruzo kimi ağacların altında özünə balaca yaşayış məskəni qurmuşdu. Kiçik əmimoğlu isə evin qabağında taxtaların üstündə köhnə maşın oturacaq-larından özünə yatmaq yeri düzəltmişdi. Mən dərsdən çıxanda azadlıq havası hökm sürən evə gəlirdim. Qızmar gündən və çox yorulandan sonra sərin suda çimib dincələn adam özünü necə hiss edirsə, mən də burda, azad evdə özümü çox rahat hiss edirdim. Yaşda özümdən böyük əmimoğlanlarını müşahidə etmək, onların əyləncələrinə, oyunlarına baxmaq mənim üçün hədsiz dərəcədə maraqlı idi. Onlar bəzən həyətdə ağacların arasında, otların üstündə güləşirdilər. Bu yekə oğlanların güləşməsinə baxmaq nə qədər gözəl idi! Qardaşlardan birinin balaca maşını vardı. Bizi bu maşına mindirib rayon küçələrində gəzdirərdi. Uşağa xoşbəxt olmaq üçün bundan savayı nə lazımdır ki?! Xüsusən, qış aylarında onların evi daha maraqlı olurdu. Əmim üç litrlik bankada arağı qarşısına qoyub bəzən tək, bəzən də oğlanları ilə vururdu. Bankanın içinə keşniş doğrayıb tökürdülər. Yaşıl keşniş yarpaqları araqla dolu üç litrlik bankanın içində saralırdı. Masanın üstündə kələm, xiyar, pomidor turşusu olurdu. Onlar yayda nə qədər tədarük görsələr də, elə qış fəslinin əvvəlində hər şeyi sürətlə yeyib qurtarırdılar. Xiyar, pomidor, kələm turşusunu soyutma kartofla, soyutma yumurtayla iştaha ilə yeyirdilər. Doyunca yedikdən sonra qalın, yekə şüşə stəkanlarda çay içirdilər. Hərə üç-dörd stəkan çay içirdi. Böyük qurtumlarla, ancaq nəfəs dərmək üçün dayanaraq çayı elə böyük həvəslə içirdilər ki, elə bil, səhradan gəlmişdilər, susuzluqdan ciyərləri yanırdı. Hisdən qaralmış çaynik odun peçinin qırağında həzin səslə dızıldayırdı. Əmim evdə olmayanda evin balaca oğlu odun peçinin içinə partladan atıb anasını və qoca nənəsini qorxudurdu. Bu vaxt bibim necə zəngin qarğış ehtiyatına malik olduğunu nümayiş etdirirdi:

– Bala, nənən sənin qanını yandığından qaşıqla içsin. Bala, gözündə ilan balalasın. Mürdəşir üzünü yusun. Vayına oturum. Səni görüm, bəy kostyumu geyinməyəsən. Səni görüm qəbirə salamat baş aparmayasan…

Hamı bu qarğışlara öyrəşmişdi. Əmimoğlu bərkdən gülür və fürsət düşən kimi gizlicə yenə də odun peçinin içinə partladan atırdı. Gurultu qopurdu. Bibimin anası, yaşını itirmiş qoca arvad bərk diksinib “bismillah, bismillah, bismillah” deyirdi. Bibim yenə də qarğışları bir birinin dalınca düzürdü.

Qış aylarında hər gecə onlar loto oynayırdılar. Oyun çox amansız gedirdi. Heç kim heç kimə iyirmi qəpik də güzəştə getmirdi. Yadımdadır, əmimqızı lotoda üç manat uduzmuşdu. Məktəbdən harasa gedəcəkdi. Evdən birtəhər üç manat ala bilmişdi. Tamah ona güc gəldi. Oyuna qoşuldu. Tezliklə qardaşları onun üç manatını uddular. Qız çox yalvardı. Dedi ki, heç olmasa bir manatını qaytarsınlar. Ağladı. Ona heç kim rəhm etmədi. Heç on qəpiyini də qaytarmadılar. Hamısı dedi ki, ağlın olaydı, oynamayaydın. Sən udsaydın, bizim pulumuzu qaytarardın? Qaytarmazdın. Beləcə yekə-yekə kişilər məktəbli qızın üç manatını öz aralarında bölüşdürdülər. Qız isə əbəs yerə onlara xeyli yalvarmalı, əbəs yerə xeyli ağlamalı oldu. Əmim çox vaxt qorxusundan oyuna qoşulmurdu. Bilirdi ki, əgər uduzsa, heç kim onun pulunu qaytarmayacaq. Lap tutub oğlanlarını döysə belə, yenə də xeyri olmayacaqdı. O evdə oyunda uduzulan pul geri qayıtmırdı. Ən pisi də o idi ki, oyunda bəxti gətirən adam udduğu pulla sabahısı gün nəsə yeməli bir şey alıb uduzanın gözünün qabağında iştaha ilə yeyirdi. Bu cür amansız bir rəqabətə baxmayaraq evdə kimsə xəstələndikdə hamı ona mehribanlıqla öz qayğısını göstərirdi.

Əmim şişman olmasına baxmayaraq toylarda rəqs edəndə öz çevikliyi və qıvraqlığı ilə adamlarda heyrət oyadırdı. Onun uzun qara qaşları, qara gözləri vardı. Nəslimizin bütün kişi nümayəndələrində olduğu kimi, onun da sinəsi, çiyinləri qısa, qıvrım tüklərlə örtülmüşdü. Simpsonlar ailəsində olduğu kimi, bizim nəsildə də qızlı-oğlanlı, arvadlı-kişili hamının gözü-qaşı eyni idi. Hamının uzun qara qaşları, qara gözləri vardı. Babamı tanıyan, əmilərimə, onların övladlarına, az qala, bizim nəslin bütün nümayəndələrinə dərs demiş çox yaşlı bir müəllimə həmişə deyərdi:

– Allah Əliyevlər nəslinə nə verməsə də, bolluca göz-qaş verib.

Doğurdan da, təkcə bu qaş-göz bəs edərdi ki, heç olmasa, həyatda bir dəfə qadın sarıdan tale adamın üzünə gülsün.

Əmimin ən faciəvi hadisələri gülünc şəklə salıb danışmaq qabiliyyəti vardı. Stulda oturanda mazut hopmuş əllərini ədayla dizlərinin üstünə elə qoyurdu ki, elə bil, şəkil çəkdirməyə hazırlaşırdı. Həyatımda onun qədər iştahayla yemək yeyən adam görmədim. Bir əli ilə qazançanı tuturdu, o biri əli ilə taxta qaşıqla yeyin-yeyin qazançadakı xörəyi qaşıqlayırdı. Qazançanı boşaldıb qaşığı tərtəmiz yalayırdı. Masanın üstündəki çörək qırıntılarını əliylə süpürüb ovucuna tökür və ağzına atırdı. O, bütün günü ara vermədən yeyə bilərdi. Yenidən acmaq üçün bircə dəfə gəyirməsi bəs idi. Ayda iki-üç dəfə evdə qonaqlıqlar düzəldərdi. İçmək istəyən dost-tanışların hamısını məclisinə dəvət edərdi. Səhərisi gün bibim arvadları başına yığıb dünən kişilərin içib çıxardıqları oyunları nağıl edirdi. O, demək olar ki, hər gün içirdi. Ayda bir-iki dəfə isə performans göstərirdi. Ayda bir-iki dəfə dəhşətli dərəcədə möhkəm içəndə uzun müddət yatırdı. Onun nə qədər yatdığını yazmayacam. Çünki, onsuz da, heç kim inanmayacaq. Yalançı kimi görünmək istəmirəm. Ona görə əmimin nə qədər yatdığını yazmıram. Ona dəyməsəydilər, qiyamət günü İsrafilin Suru çalınana qədər yata bilərdi.