Робин Шарма – Titulsuz lider (страница 2)
Ən çətini artıq tamamilə yad olduğum cəmiyyətə geri dönmək yolunu tapmaq oldu. Gecələr yata bilmirdim, müharibənin dəhşətləri haqqında xatirələr beynimi didirdi. Səhərlər saatlarla yataqda eşələnir, ayağa durub yeni günü başlamaq üçün qüvvəmi toplamağa çalışırdım. Bədənim ağrıyırdı. Mən səbəbsiz qorxu hiss edir, özüm kimi əsgərlərdən başqa heç kimlə normal ünsiyyət qura bilmirdim. Əvvəllər xoşuma gələn hər şey indi lazımsız və darıxdırıcı görünürdü. Həyat məqsədini və mənasını itirmişdi. Hərdən ölmək istəyirdim.
Mənə valideynlərimdən qalmış ən qiymətli hədiyyələrdən biri öyrənməyə, xüsusən də kitablarda olan bilikləri öyrənməyə sevgi idi. Tək bircə kitabın qapağı altında elə ideyalar ola bilər ki, sənin bütün həyatını dəyişər. Vaxtını təfəkkürünü inkişaf etdirmək və biliklərini genişləndirmək üzərində işləməyə sərf etməkdən daha səmərəli bir şey çətin ki olsun. Öyrənməkdən yorulmamaq, həqiqi azad və güclü şəxsiyyətin təməl xüsusiyyətlərindən biridir. Özünütəhsillə məşğul olmaq çətin və qarışıq dövrlərdə sağ qalmağın ən gözəl üsuludur. Və həyat belə gətirib ki, insanların ən yaxşıları, demək olar ki, həmişə, böyük kitabxanaya malik olur.
Beləliklə mən Sohodakı (
İndi isə hekayətin xoş hissəsi başlayır. Sonra baş verənləri ancaq möcüzə adlandırmaq olar. Həyat, yaxşı şeyi ən az gözlədiyim bir vaxtda mənə qiymətli hədiyyə bəxş etdi və tamamilə başqa bir oyun başlandı…
Bizim mağazaya tanımadığım, çox maraqlı bir adam gəldi. Qısa ünsiyyətimiz müddətində verdiyi dərslər mənim özümə qoyduğum məhdudiyyətləri darmadağın etdi. Mən işimə tamamilə yeni münasibətə və yeni həyat tərzinə açıldım.
İndi, iyirmi doqquz yaşında, həyatımın uğur və sevinclə dolu olduğu bir vaxtda anlayıram ki, çətin zamanlar insanlara daha yaxşı olmağa kömək edir.
İndi isə başıma nə gəldiyini sizə danışmaq vaxtı gəlib çatdı.
MÜƏLLİMİMLƏ TANIŞLIĞIM
Günlər, sanki dostların uzaq məclisindən gələn, yağmurluq və maska altında gizlənmiş elçilər kimi, səssiz-səmirsiz ötüb keçirlər. Gətirdikləri bəxşişlərdən istifadə etmiriksə, onları səssizcə geri aparırlar.
Növbəti bazar ertəsinin fantastik dərəcədə darıxdırıcı səhəri idi. Əməkdaşların könülsüz və zəif alqışları altında «Həftənin satıcısı»nı müəyyən etdiyimiz «Bazar ertəsi ötür-ötürü» indicə qurtarmışdı. Bizim filialımızda satış yaxşı getmirdi. Deyirdilər ki, rəhbərlik yaxın vaxtlarda öz mağazalar şəbəkəsini yenidən qurmaq fikrindədir və birinci növbədə bizi bağlayacaqlar. Xərcləri azaltmaq, işi optimallaşdırmaq və gəlirləri artırmaq lazım idi. Özü də təcili.
Belə iclasların məqsədi kitab satışı şirkətimizin hədəflərini komanda üzvlərinə bir daha xatırlatmaq, eləcə də onları növbəti həftədə məhsuldar işləməyə kökləmək idi. Şəbəkənin mağazalarından hər biri ilin axırına özünün ən yaxşı işçisini seçirdi və bu işçi şirkətin verdiyi «Amerikanın ən yaxşı kitab satıcısı» adına iddiaçı olurdu. Bu adla bərabər böyük pul mükafatı və Arubaya bir həftəlik putyovka da verilirdi. Şəxsən məni bu tədbir nəinki səfərbər etmirdi, hətta ruhdan salır və gündəlik işlərimə daha böyük laqeydlik yaradırdı. Mən də bu əhvalı yanımda olan şər bir əməkdaşa çox asanlıqla ötürürdüm.
Lakin həmin səhər fövqəladə bir şey baş verdi. İşdən gizlənərək, biznes ədəbiyyatı bölməsindəki kitab dolablarının birinin arxasında qəhvə içdiyim zaman kimsə əlini çiynimə toxundurdu. Mən döndüm və gördüyümdən çaşıb qaldım.
Qarşımda çox qəribə bir adam dayanmışdı. Bir-birinə uyuşmayan köhnə geyimi tam səliqəsiz vəziyyətdə idi. Dama-dama jileti süzülmüşdü. Köynəyinin qolları yuxarıya qatlanmışdı, sanki köhnə geyiminin əksinə olaraq, kişi daxilən nəsə ciddi bir işə köklənmşdi. Jiletin cibindən üzərində Mikki-Mausun kiçik təsvirləri olan sarı cib dəsmalı sallanmışdı. Boynundakı gümüş medalyonun üstündə sadə, müasir şriftlərlə
Mən onun ayaqlarına baxdım. Qəribə də olsa, parlayana qədər təmizlənmiş, uclarına dəmir pullar bərkidilmiş yeni çəkmələr geymişdi. Yad adam səssiz və hərəkətsiz dayanmışdı. O mənim anbaan artan çaşqınlığımı hiss edir, lakin söz söyləməyə ehtiyac duymurdu – sözün çox, işin isə az olduğu dünyamızda bu, nadir istedad idi.
Yad adamın üzü bişmiş alma kimi qırış-qırış idi, çox qoca olduğuna şübhə yox idi. Dişləri sınıq və qaralmış idi. Nazik, itaətsiz saçları Albert Eynşteynin kameraya dilini çıxardığı məşhur fotosundakı kimi vız durmuşdu.
Lakin adi qaydada başlanan bazar ertəsi qarşıma çıxmış bu qəribə şəxsdə məni ən çox heyrətə gətirən onun gözləri idi. Səliqəsiz görünüşü onun evsiz olduğuna işarə edirdisə də, baxışlarından güc və sərrast ağıl oxunurdu. Bilirəm, bu qəribə görünə bilər, lakin onun ovsunlayıcı baxışı məni təkcə sakitləşdirmədi, həm də mənə çox güclü adamla rastlaşdığım fikrini aşıladı.
– Salam, Bdeyk, – nəhayət tanımadığım adam məni daha da rahatladan inamlı səslə dedi. – Səninlə tanış olmağıma çox şadam. Mağazanın əməkdaşlarından sənin haqqında çox eşitmişəm.
Bu adam mənim adımı bilir! Bəlkə də sayıq olmaq lazımdır. Nyu-Yorkda saysız-hesabsız başdanxarab adam yaşayır, bunun zahiri də hər cür şübhəyə əsas verir. O kimdir? Mağazaya necə keçib? Bəlkə mühafizəçiləri çağırım? Lənət şeytana, mənim adımı haradan bilir?
– Sakit ol, dostum, – o görüşmək üçün əlini uzadaraq dedi. – Mənim adım Tommi Flindir. Məni bu mağazaya Yuxarı İst-Sayddakı filialdan indicə keçiriblər. Bilirəm-bilirəm, zahiri görünüşümdən deməzsən ki, mən o rayonda işləmişəm, amma keçən il mən «İlin satıcısı» olmuşam. Belə ki, mənimlə nəzakətli olsan yaxşıdır. Nə bilmək olar, bəlkə tezliklə sənin müdirin oldum.
– Görünür siz məni ələ salırsınız. Bizim şirkətdə işləyirsiniz? – ağzımdan çıxdı.
– İşləyirəm. Amma narahat olma, ən az istədiyim şey sənə müdir olmaqdır. Mənim üçün ən əsası öz işimi ən yaxşı şəkildə görməkdir. Bunun üçünsə mənə heç bir formal rütbə lazım deyil. Ümid edirəm ki, son beş ildə bu şirkətin ən yaxşı işçisi seçildiyimi bildirsəm bunu özünü öymək kimi qəbul etməyəcəksən. – Tommi qürurlu təbəssümlə öz Mikki-Mauslu dəsmalını düzəldərək dedi.
Yəqin bu qəribə qoca sayıqlayır. Bəlkə, hələ ki gec deyil, qaçmaq lazımdır. Lakin bu çox səfeh görünərdi. Əməkdaşların mənə onsuz da xüsusi hörməti yox idi. Həm də qəhvə, onu yarımçıq qoymaq üçün çox yaxşı idi. Bir də, boynuma alım ki, qoca məndə maraq oyatmışdı. Mən qalmaq qərarına gəldim.
Mən gizli kamera görmək ümidiylə ətrafa boylandım. Bəlkə əməkdaşlar məni, xəbərsiz adamları müxtəlif qəribə vəziyyətlərə qoyan, komedik verilişlərdən birinin personajı etməklə zarafat etmək istəyirlər. Lakin nə qədər baxdımsa, kamera görmədim. Ona görə oyunu davam etdirməyi qərara aldım.
– Yaxşı, – əsgər kimi hər cür vəziyyətdə olmuş və hər cür adamla rastlaşsam da səsim bir qədər titrəyirdi, – salam, Tommi. Tanış olmağımıza şadam. Bəs sizi niyə bizim mağazaya keçiriblər? («Dəlixanaya yox», – əlavə etmək istəyirdim). Bilirsinizmi, bizim vəziyyətimiz batan gəmininki kimidir.
– Heç kim məni bura keçməyə məcbur etməyib, Bleyk… Mən özüm istəmişəm – o, inamlı, dəlilikdən əsər-əlamət olmayan bir səslə dedi. Əvvəlki mağazada daha inkişaf etməyə yer yox idi. Fikirləşdim ki, bəlkə burada faydalı ola bilərəm, bəlkə nəyisə dəyişə bilərəm. Bleyk, vəziyyət nə qədər mürəkkəbdirsə öz daxilində o qədər böyük imkanlar saxlayır. Bax mən də buraya keçib, səninlə birlikdə işləmək istədim, – gülümsəyərək əlavə etdi.
Mən onun söhbəti hara apardığını başa düşmürdüm. Bu kimdir axı? Digər tərəfdən də, dəsmalın üzərindəki bu siçanlar əsəbimə toxunurdular. Elə bilməyin ki, xalqın sevimlisi olan körpə Mikki-Mausa qarşıyam, amma hər halda…
– Sənə Oskar adı nəsə deyir, Bleyk?
Mən səksəndim. Bir anlığa nəfəsim kəsildi. Ürəyim tez-tez vurmağa başladı, ayaqlarım boşaldı. Oskar atamın adı idi.
– Atamın adı Oskar idi, – sakitcə cavab verdim və ölmüş valideynlərim haqqında qəlbimin dərinliklərində çoxdan basdırdığım qüssənin üzə çıxmağa başladığını hiss etdim. Tomminin baxışları yumşaldı. Bu an onun çox mehriban insan olduğunu hiss etdim. O, əlini çiynimə qoydu.
– Mən Miluokidə yaşayanda atan ilə dost idim. Biz bir yerdə böyümüşük. Mən Nyu-Yorka köçdükdən sonra heç vaxt görüşməmişik. Amma dostluğumuz kəsilməyib. Biz bir-birimizə həyatımız haqqında uzun, ətraflı məktublar yazırdıq. Orada iş tapılmadıqda, məhz sənin atan məni Nyu-Yorka gəlməyə inandırdı… Onun xasiyyətinin gücünü görmüş olduğumdan özümdə adi günlərin get-gəlində ölgünləşməyə başlayan cəsarətimi bərpa etmək üçün güc tapırdım. Bleyk, valideynlərinin başına gələnlərdən çox kədərliyəm. Onlar gözəl insanlar idi.