Робин Шарма – Titulsuz lider (страница 1)
Robin Şarma
Titulsuz lider
Əksəriyyətimiz həyatımızın ən yaxşı günlərini ayaqüstü komada keçiririk. Anlamırıq ki, həyatda həqiqətən mühüm olan özünün liderinə çevrilib potensialını tam gerçəkləşdirməkdir.
Sonra isə başqalarına potensiallarını tam gerçəkləşdirməyə yardımçı olmaq və dünyanı daha rahat etməkdir.
Robin Şarmanın “Ferrarisini satmış rahib”inin əməli davamı olan bu yeni kitab, beş müəllimin diliylə bunları bizə öyrədəcək.
ROBİN ŞARMADAN ÖZƏL MÜRACİƏT
Əlindəki kitab
Sən bu kitabda öyrətdiyim liderlik sistemini tətbiq etməklə öz işində böyük irəliləyişə nail olacaq və şirkətinə, innovasiya fəallığı, istehsalat və müştərilərin sadiqliyi də daxil olmaqla biznesin bütün sahələrində yeni səviyyəyə qalxmağa yardım edəcəksən. Bundan başqa şəxsi həyatında və həyatda özünü göstərməyində də dərin dəyişikliklər hiss edəcəksən.
Liderliyin bu üsulunu izah etmək üçün bədii nəql formasından istifadə etdiyimə fikir ver. Bütün personajlar – əsas qəhrəman Bleyk Devis, onun bənzərsiz müəllimi Tommi Flin, Bleykin işə və həyata yanaşmasını tamamilə dəyişən dörd qeyri-adi müəllim uydurulmuş simalardır. Amma inan ki, bu liderlik sisteminin özü, eləcə də onun əsaslandığı prinsiplər, alətlər və taktikalar tam gerçəkdir. Bu sistem dünyanın çox uğurlu şirkət və təşkilatlarının yüz minlərlə əməkdaşlarına biznesdə qalib gəlmək və öz sahəsində lider olmağa kömək etmişdir.
Qurbanlar problemləri bəhanə gətirirlər. Liderlər
P.S. «Titulsuz lider» kitabını oxuyan zaman liderə çevrilməyini sürətləndirmək və dərinləşdirmək üçün www.robinsharma.com saytına baş çək. Burada sən, məlumat bülletenləri, bloqlar, on-line rejimdə fikir mübadiləsi və alətlər də daxil olmaqla, əla komanda yaratmağa yardım edəcək köməkçi ehtiyatların bütöv bir dəstini tapacaqsan.
LİDERLİK VƏ UĞUR HÜQUQU SƏNƏ DOĞULANDAN VERİLİB
Ən cəsarətli gözləntilərini belə ötəcək uğura nail olmaq üçün əvvəlcə, ən azı, belə gözləntilərin olmalıdır.
İnsanın onu əhatə edənlərə verə biləcəyi ən yaxşı töhfə nailiyyətlərinin nümunəsidir.
Hər birimiz dahi doğuluruq. Təəssüf ki, çoxumuz sıravi kimi ölürük. Güman edirəm ki, özümün bu dərin inamımı qısa görüşümüzün lap əvvəlində söyləməklə oxucunu məyus etmədim. Mən sözün düzünü deməliyəm. Bundan başqa, elə əvvəldən sizə bildirim ki, mən bir para qeyri-adi sirləri öyrənmək xoşbəxtliyinə nail olmuş adi bir oğlanam. Bu sirlər mənə biznesdə böyük nailiyyətlər qazanmağa və həyatda özümü gerçəkləşdirməyə yardım etmişdir.
İndi isə, kəşflərimi bölüşmək üçün, sizi maraqlı səyahətə dəvət etmək istəyirəm. Onların vasitəsilə siz də baş gicəlləndirən uğura gəlib çata və tam gücünüzlə yaşaya biləcəksiniz. Bu gündən başlayaraq.
Mən bütün bu dərsləri təngə gətirmədən, ehtiyatla, sizi fəaliyyətə sövq etmək həvəsiylə deyəcəm. Birgə səyahətimiz sevinc, ruh yüksəkliyi və şadlıqla dolu olacaq. Bu səyahətin gedişində kəşf edəcəyiniz qanun və alətlər avtomatik olaraq karyeranızın yüksəlməsinə, həyatınızın sevinclə dolmasına gətirəcək və siz daxilinizə qoyulmuş ən yaxşı keyfiyyətləri gerçəkləşdirəcəksiniz. Lakin mənim ən vacib vədim sizinlə səmimi olmaqdır. Bu, oxucuya zəruri hörmət əlamətidir.
Mənim adım Bleyk Devisdir. Mən Miluokidə doğulmuşam, lakin demək olar ki, bütün həyatımı burada, Nyu-Yorkda yaşamışam. Mən indiyə qədər də bu şəhərə vurğunam. Onun restoranlarına. Həyat ritminə. İnsanlarına. Küçə latoklarında satılan hot-doqlarına. Ləzzətdir. Bəli mən yeməyi xoşlayıram və, mənim rəyimi bilmək istəyirsinizsə, bunu həyatın ən parlaq sevinclərindən biri hesab edirəm. Yaxşı söhbət, idman və kitablarla yanaşı. Bir sözlə dünyada Böyük Alma Şəhəri (
Məni olduğumdan həmişə olmaq istədiyimə çevirmiş qəribə və dəyərli hadisələri təsvir etməzdən əvvəl icazə verin qısaca öz həyat hekayəmi danışım.
Mənim anam həyatımda rast gəldiyim insanların ən mehribanı idi. Atam isə tanıdıqlarımın ən qətiyyətlisi. Belə adamları «torpağın duzu» adlandırırlar. Yox, bu adamlar ideal deyildilər…, amma kim idealdır ki. Başlıca məsələ odur ki, onlar həmişə bacardıqlarının ən yaxşısını edirdilər. Mən isə belə hesab edirəm ki, ən yaxşı şey, gücün çatanın ən böyüyünü etməkdir; bundan sonra evinə gedib sakitcə yata bilərsən. Təsir edə bilməyəcəyin şeyə görə narahat olmaq xəstəliyə bənzəyir. Əslində bizim narahat olduğumuz şeylərin çox hissəsi heç baş vermir də. Kurt Vonnequtun dediyi kimi:
Valideynlərimin mənə verdiyi tərbiyəni bəyənirəm. Onların çox şeyi yox idi, amma müəyyən mənada hər şeyə – öz inamlarının ardınca getmək cəsarətinə, yüksək dəyərlərə və özünə hörmət hissinə malik idilər. İndiyə qədər də onlar üçün darıxıram və elə gün olmur ki, onlara minnətdarlığımı bildirməyim. Boş vaxt olanda düşünürəm ki, çox zaman biz ən sevimli insanları olmalı imiş kimi qəbul edirik. Onları itirənə qədər. Sonra isə onlara layiq olduqları münasibəti göstərmək imkanından istifadə etmədiyimizə heyfsilənərək, uzun-uzadı dualar edirik.
Belə hisslərin həyatınızı zəhərləməsinə yol verməyin. Bu bizim çoxumuzun başına gəlir. Valideyinləriniz hələ sizinlədirsə sevinin və onlara diqqət və hörmət əlamətləri göstərin. Bunu sabaha saxlamayın.
Mən yaxşı oğlan kimi böyüyürdüm. Babam mənim haqqımda «saf ürəklidir» deyirdi. Kiminsə xətrinə dəymək və ya qəsdən nəyisə korlamaq xasiyyətim yox idi. Məktəbdə yaxşı oxuyurdum, qızların xoşuna gəlirdim… yuxarı siniflərdə məktəb futbol komandasında kifayət qədər ciddi oynayırdım. Lakin qəflətən valideynlərim həlak oldular, dünyam da altı-üst oldu. Torpaq ayağımın altından qaçdı. Mən dünyaya inamımı itirdim. Məqsədimi itirdim. Həyata marağımı itirdim.
İyirmi yaşından iyirmi beş yaşına qədər çoxlu iş yeri və peşə dəyişdim. Bir müddət avtopilotda imiş kimi yaşadım. Sanki yarıyuxulu idim. Ətrafda nə baş verdiyinə fikir vermirdim. Mən beynimi televizor, yemək və boş narahatlıqlarla dumanlandırırdım ki, öz imkanlarını gerçəkləşdirə bilmədiyini anlayan hər bir insanın hiss etdiyi ağrını kütləşdirim.
Həyatımın həmin dövründə mənim üçün iş bacardığımın ən yaxşısını göstərmək imkanı yox, sadəcə yemək və mənzil üçün pul qazanmaq üsulu idi. İşə, inkişaf edib tam gücümlə çiçəklənmək üçün deyil, günlərimin saatlarını üyütmək üçün düzəlirdim. Gündəlik işimə öz nurumla digərlərini işıqlandırmaq, müəssisəmi, bununla birlikdə bütün dünyanı da bir qədər daha yaxşı etmək üçün qiymətli imkan kimi yox, yalnız zamanı yandırmaq üçün soba kimi baxırdım.
Nəhayət orduya yazılmaq qərarına gəldim. Mənə elə gəldi ki, bu, dünyada öz yerini tapmaq və öz taleyində pis-yaxşı hansısa nizam yaratmaq üçün pis üsul deyil. Məni İraqda döyüşməyə göndərdilər. Lakin ordu mənim həyatımı müəyyən qaydada nizamlamaqla yanaşı, indiyə qədər də mənə əzab verən bir təcrübənin içərisindən keçirdi. Mən hərb sənətini birlikdə öyrəndiyim yoldaşlarımın qanlı döyüşlərdə necə həlak olduqlarını gördüm. Demək olar ki, hələ uşaq olan əsgərlərin necə əlil olduqlarını gördüm. Əvvəlki mənimdə qalmış ruh yüksəkliyinin son qırıntıları da həyatımın nəyə çevrildiyi haqqında bulanıq fikirlərimin çıxılmazlığında həll olub getdi. Müharibədə fiziki xəsarət almasam da, ruhum rəhmsizcəsinə yaralanmışdı. O vaxtdan döyüş kabusları məni hər yerdə izləyirdi.
Nəhayət bir gün dedilər ki, evə qayıtmağın vaxtı çatıb. Bu, karıxdırıcı dərəcədə gözlənilməz oldu. Məni nəqliyyat təyyarəsinə oturtdular, vətənə apardılar, və standart tibbi müayinə keçdikdən bir neçə gün sonra əlimə mülki sənədlər verib, ölkəyə xidmətimə görə təşəkkür etdilər və gələcək uğurlar arzuladılar. Mən hərbi hissənin binasından parlaq payız günəşinin işıqlandırdığı küçəyə çıxdım və qorxu hissi ilə anladım ki, yenə