Роберт Вальзер – Dələduz (страница 6)
Sənə nə demişdilər onda? Onlardan qaçmağının, soyumağının, onlara laqeydləşmənin üzüntülərinə səbəb olduqlarını xatırlatmışdılar sənə. Dediyinə görə hamısı üzülmüşdü bu uzaqlaşmağa. Sənsə qayıdıb kobud bir cavab vermişdin. Kimin sənə isindiyini soruşmuşdun. Hamının sənə mehriban olacağını düşünə bilmirdin. Nəzakətlə sən olmadan da onların işlərinin müvəffəqiyyətlə davam edəcəyini bildirmiş, özünün daxili aləminlə müqəddəs çillə həftəsinə qədəm qoyduğunu demişdin və sənin bu sözlərinə, xüsusən daxili aləmin müqəddəs çilləsi sözlərinə, sağlam zehni qidalanmanın kütləviləşdirilməsini qarşısına məqsəd qoyan birliyin üzvlərindən biri doyunca yayıla-yayıla gülməyə başlasa da sən onun gülüşünü yarıda qoyaraq köynəyinin yaxasını açaraq həmin üzvə heç zaman görəcəyini düşünmədiyi bir şeyi göstərmişdim. Gülüşü qıqq deyə kəsilmiş, rəngi saralmış, öz aləmində bu əhvalata, sinəndəkinin əhvalatına müxtəlif çalarlar qatmış, sonrasında isə sənə özünü müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələrini göstərmişdi. Əlbəttə sən ədəbiyyata olan marağını biruzə verməsən o bu məqalələri sənə əsla göstərməzdi. Sənsə qarşında dayanan üç yüzə yaxın məqaləyə göz gəzdirərək sakitcə keçmişə baxıb bu günü dəyərləndirməməyi məsləhət görmüşdün həmin üzvə. Keçmişlə gələcəyin bütünlüyünü vurğulayaraq etiraz etmişdin üzvün sənə belə ucuz yanaşmasına. Sonra da insanların yaxınlarını geriyə getməklə ittiham etməklərindən danışmışdın. Yenə də üzvə səmimiyyətinlə göstərdiyin şeyi xatırlatmışdın. Ah, sənin bu qəlibtanımaz səmimiyyətin. Üzv öz-özünə bəzi şeylər mızıldanmışdı. Həqiqətən də, əziz Dələduz, insan bəzən öz səsini belə duymaq istəmir. Siz isə həmin üzvlə gecəyarı-sına qədər birgə oturub İncildən bəzi mətnlər oxumuşdunuz. Amma bu üzv, yüksələn ulduz, duyduqları eşitdikləri şeyi həqiqətən düzgün qavraya bilmişdimi? Dinlə əlaqəli çox şeyləri diqqətə almarıq, bəs balaca uşaqların müxtəlif əzablı xəstəliklərdən o balaca canlarını tapşırmaları necə? Din ədalətdən danışırsa bu günahsız uşaqların ölümündə hansı ədalət, hansı qanunauyğunluq var. Məncə bir az böyüməliyik. Özümüzlə barışmağın vaxtı çatıb, bir az daha mülayim yanaşmalıyıq insanlara və dünyaya, nəzərlərimiz irəliyə doğru yollar qət etməli, sakit ruh halımızın binasında yeni-yeni qələbələr qazanmalıyıq. Amma bu üzv belədimi? Üzünə vurulan çılpaq həqiqətlərə qarşı ortaya qoyduğu intellektual mövqeyi. Yox bu intellektuallıq ziyalılıq deyil, bu sadə ənənədir ki, üzv də həqiqətlərdən həmin intellektuallığın pərdəsi ilə aralanmışdı. Ah, bu intellektual üzv! Mənim əziz Dələduzum, o öz çürümüş ağlı ilə sənin içindəki xoşbəxtliyi qısqanırdımı həqiqətən? Sən onun üzünə şillə kimi çırpılan hansı sözləri demişdin sonra? “Bütün insanların sənə yardım etmək istəyib, sonrasında buna nail olmayınca üzüldüklərinimi demişdin? O isə sənin üzünün uşaq üzü qədər məsum olduğunu xatırlatmışdı, elə deyilmi? İndisə Dələduzum, mənə denən görüm həmin üzvə onu bu qədər sehirləyəcək nə göstərmişdin? Biz bu haqda heç nə bilmirik. Lütfən başa sal bizə.
Düzdür, indi bu halımızla Dələduzun bu göstərisinin elementindən xəbərsizik, amma həmin məclisdən evə qayıdarkən gecənin onun gözünə əsrarəngiz göründüyü bilirik. Bilirik ki, o gecə gümüşü rəngli ağaclar səssiz bir nəğmə pıçıldaşırdılar. Bu nəğmədə dostluq var idi. Və küçələr, uzun qutucuqlara bənzəyən bu küçələr, və evlər həmin qutucuqların içindəki kiçik oyuncaqlardan başqa nə idi ki?!
İndisə həmin gecənin sonsuz romantikası Dələduzun yolda qarşılaşdığı sevgilisini kifayər qədər alovlu hisslərə malik olmadığı bəhanəsilə geri çevirdiyi Herr Meirlə pozmaq istəyirəm. Bu Meir arzularını reallaşdırmaq mövzusunda kifayət qədər uğursuz biri idi. Sevgilisinin ayaqları altına qapanmağını dəfələrlə dilə gətirsə də qızcığaz artıq bu gəncin gəvəzəliklərindən zara gəlmiş, onun bu davranışlarına ikrah duymağa başlamışdı. Bəli, həqiqətən kiminsə ayağına düşüb yalvarmaq yalvarandan daha çox yalvarılana əzab verər, onu əlavə duyğularla yükləyər ki, bu duyğuların heç birində saflıq yoxdur. Sözün qısası, Meirin sevgilisi bu gəncin ovuclarına sevgi qırıntılarından başqa bir şey qoymağa razı deyildi və Meir, nəhəng alovun həsrətiylə yanan birisi indi kül dənələri iləmi ovuncaqdı? Meirin ruhu bu qırıntılarla doyardımı, əlbəttə ki yox. Və bütün bu bədbəxtliyin qarşısında Meir hər yolu tutaraq həmin qızcığazın ayaqqabısını öpəcək qədər irəli getmişdi ki, indi bunları birər-birər bizim Dələduza danışaraq ondan məsləhət və mərhəmət umur, artıq sahibəsinin lazımsız işvələrindən cana yığıldığından səmimiliklə danışırdı. Dələduz, hər zamankı Dələduz isə öz qırmızılığı ilə bu üsyan həddində olan canayığılmanın əbəs olduğu haqqında bir iki cəsarətli söz dedikdən sonra, qızcığazı tərifləməyə başlayaraq Meirin onu sevməsinin ən təbii haqq olduğunu bəyan etdikdən sonra, növbəti cəsarət dalğası onun ətrafın sardı və açıqsözlü Dələduz artıq sözlər dənizində itkin bir yolçuya çevrildi. Ağzından amerikansayağı sevgilərə xas ifadələr çıxır, amerikansayağı bir sevgidə tələb olunan cəsarətin dozasının çoxluğundan şikayət edərək, Meiri gözləyən fədakarlıqların çox böyük olduğunu, hərçənd sevgisini bildirmədən yaşamağın, ayaqqabı öpməkdən daha ali bir mövqedə dayandığını bir peyğəmbər kimi bəyan edir, qadının onu darıxdırıcı hesab etməyinin anlaşılan bir hal olduğunu, Meirin cəsarətinin əslində cəsarətsizlik olduğunu, bu cəsarətin dayazlıqdan başqa bir şey olmadığını ən yumşaq sözlərlə vurğulayırdı. Bəli, sevgidə alovlu bir bolşevik kimi özünü görən Meir artıq zavalli, bütün dünyadan xəbərsiz qurbanlıq bir piyadaya çevrilmişdi və bütün bu sözlər Meirin aşiq və cəsarətsiz qəlbinə küt bir bıçaq kimi sancıldıqca araya soyuqluğun rüzgarları girdi. Odur ki, ikisinə də sağollaşıb yollarını ayırması çox çəkmədi.
İndisə qaşıqlı qadın yaxud da ki dul haqqında danışaq. Bəli bu dul olduqca əziyyətli bir evlilik yaşamışdı. İrəlidə çox güman sizə bu evlilik haqqında ətraflı bir raport təqdim edəcəm. İndisə Dələduz və Vandaya qayıdaq. Bu söhbətin ertəsi gün Dələduz yenə də vandanın evinin qarşısında ağac olmağa getmişdi. Həmin gün Vandanın bir çox rəfiqələri onlara qonaq gəldiyindən bu ağac Vandanın həmin qonaqlar münasibətilə yaxşı vaxt keçirdiyinə ümid edir və bu ümidlə canı könüldən sevinirdi. Hələ bir melodiyaya diqqət kəsilin, yəqin rəqs edirlər. Bax Dələduz da elə bu cür düşünərək xoşbəxtlyin rəqsini görmək üçün bağça hasarına yaxınlaşaraq barmaq uclarında dayanmışdı. Əlbəttə, taxta hasar da bu həyəcana tab gətiməyərək qəfildən aşmış, Dələduz isə bu hadisədən dərhal sonra kazinolardan birinin yolunu tutmuşdu. Bu aşmış taxta hasarın Vandanın sonu olduğunu düşünün. Amma onu deyim ki, həmin hadisənin ertəsi günü Dələduz həmin kazinoda Dələduzun nəzərində əsl sənət göstərən qadına mirvarilər, cürbəcür muncuqlar göndərməyə başlamış, bu hədiyyələrin yanına yazdığı kiçik qeyd də sənətçi tərəfindən soyuqqanlı bir mülayimliklə cavablandırılmışdı. Bu arada sizin üçün bir şeyi də əlavə edim ki, Dələduz Vandaya belə bir hədiyyə göndərməyə heç bir zaman cəsarət etməmişdi. Bəlkə də mənim cəsarətsizlik adlandırdığım bir az ağılsızlıq və unutqanlıq idi. Hərçənd.
Dələduz təxminən iki il əvvəl bir axşam saat 5 ilə 6 arasında 50 frank ödədikdən sonra şəhərimizdə yerləşən vodevillərin birində yerini almışdı. Biz bu vodevil macərasına bir insanın öz xəsisliyini sübut edəcək bir macəra kimi baxmaqdan uzağıq. Amma bu vodevillərdə yer alan qadınlardan da danışmasaq onların sənətçi ruhuna, yaxud sizin bu sənətçi ruhdan təsirləndiyinizi düşünən dünyagörüşlərinə, həmçinin bu dünyagörüşündən doğulan və yanınızda oturub bir qədəh şampan şərabı içməyi istəmək kimi arzularına xəyanət etmiş olarıq. Əlbəttə onların sizə yaxınlaşması hansısa cansıxıntısı, susuzluq yaxud aclıq kimi rasional səbəblərdən olmur, sadəcə bu məxluqlar məsumluqla sizin onlara bir qədəh şampan şərabı ikram edəcəyinizə inanırlar. Bu bütün vodevillərdə belədir. Siz onları qınamayın. Onlar haqqında bir az da danışsaq deyə bilərik ki bu sənətçilər şokolada, xüsusən vodevilin barına qazanc gətirəcək şokolada vurğundurlar. Əlbəttə təkcə şokolada yox, sizin onlara baxışınızdakı heyranlıq bu gözəlçələrin sizdən siqaret təminatçısı kimi istifadə etməyinə də şərait yaradır ki, onların bu istəyi dilə gətirərkən özinamları sizin necə məsum quzu-qurd oyununda olduğunuzu dərk etmənizə əlbət böyük bir əngəl olur. Əlbəttə, şampan şərabı, şokolad, bir qutu siqaret bara yetəri qədər borclandığınızın göstəricisidir və nə fərqi var, artıq ətrafınızda həyat qaynayan hər şey sizi sevməyə başlamışdır. Salona baxarsınız. Salonda hamı var, ofis isçiləri, kimyaçılar, fermerlər, zabitlər. İmpressarionun isə öz vəzifəsinə uyğun olaraq, özünəməxsus adi sözlərlə gah sənətçiləri, gah da ki qonaqları bu çalçağırda fəallığa dəvət etdiyini görərsiniz. İmpressarionun keçəl olub-olmaması müzakirə mövzusuna çevrilir. Keçəlliyinin nəzakəti ilə necə mehriban bir uyum sağlayacağı əsas sual obyektidir və siz bütün bu görüntülərin qarşılığında həmin yerdə əgər həmin məkan üçün kifayət qədər tanınmış bir qadınla yanaşı dayanmısınızsa deməli siz əsl örnək alınası şəxs olmusunuz. Deməli, Bu örnək olmanın gətirdiyi məşhurluqla tezliklə ətrafınızı bir qalabalıq bürüyəcək ki, həmin qalabalıqda olanların sizə bir tanrı kimi davranması sizin haqlı olaraq özünüzü dünyanın mərkəzinə qoymağınızla nəticələnəcək. Eybi yox, qoy bu mərkəzçilik sizin portmanatınızla birbaşa əlaqəli olsun, amma yenə də gözəldir elə deyilmi? Ah, bu şöhrətpərəstlər və Dələduz. Müğənni qadının möhtəşəm ifası. Bu qadın o qədər cazibədar idi ki, onun səhnəyə çıxışı belə Dələduzu vəcdə gətirmişdi. Dələduz aristokrat simasına xoş bir təbəssüm yayılmış halda müğənninin dodaqlarından tökülən bal kimi misralara qulaq asır, müğənninin hər hərəkətini qalibanə bir “mükəmmməl” nidası ilə qarşılayırdı. Ətrafındakı hər şey birdən-birə sonsuz bir enerjiylə dolmuşdu sanki, şişirtmə sözlər ilahəsinin yatağında məmnuniyyətlə qurdalanan Dələduzun bu məmnunluğundan doğulan işığı yalnız dəniz fənərlərinin parlaqlığı ilə müqayisə oluna bilərdi. Əlbəttə bu anlarda müğənninin ona həyəcanlanmadığını, sakit dayandığını da demək yerinə düşər, hərçənd müğənninin belə söyləməyinə səbəb Dələduzun məmnunluqdan əlavə həddindən artıq laubali bir davranış gösətərək onun belinə sarılması olmuşdu. Bu qucaqlaşmanı bir görsəydiniz kaş. Necə də anidən olmuşdu, necə də səmimiliklə qaynayıb daşırdı bu qucaqlaşmşa. Və bu anda Dələduzun özünə daha yaxın, sanki bir vücud kimi hiss etdiyi müğənni, ilahələşmiş müğənni, saçlarındakı darağa belə müqəddəslik haləsi yapışdıran müğənni. Sonrasında isə vodevilin səhnəsində axıb gedən bərəkətli zaman, bu bərəkətdən doyunca dadan Dələduz, ətrafa yayılan şən qəhqəhələr, bu qəhqəhələrin həyəcanı içində qəfildən, mexaniki tanrı kimi sizə yaxınlaşan və ən ucuzu iki, ən bahası beş franklıq gülləri satmaq istəyən, bu təmənnasının utancaqlığı ilə hərəkətlərində incə bir uyum olan çicəkçi qız. Və siz, çiçəkçi qızı sevindirmək xəzinənizi, portmanatızı yükləməkdən daha ali bir işdir deyən bir dinləyici. Qadınların tələblərini yerinə yetirmək necə gözəl bir duyğudur. Xüsusən bu tələblərin yerinə yetirilməsi qadının gözəlliyi ilə əlaqəlidirsə. Qadınlar biz onlara gözəlsiniz deyəndə bizi necə sevirlər, bil bilsəniz. Qadınların gözəlliklərini sübut etmək üçün hər şey etmək mübahdır. Qoy, bu yolda sizin bu kiçik vodevildə sərvətiniz tükənərək portmanatız boş qalsın. Eybi yox, qızıl qol düymələriniz yoxdurmu, yaxud qızıl saatınız? Çəkinməyin, onları da bir günlük qurban verin bu vodevildəki şən qaıdnların gözəlliklərinə. Onsuz da sabah hava necə olursa-olsun buraya qayıdıb qoyduğunuz girovları geri götürəcəksiniz. Çəkinməyin, hər şeyinizi qurban verin şəhər teatrının işçilərinin paxıllıqla baxdığı bu vodevilin gözəl və şən qadınlarına. Qoyun bu zümrə digər bütün zümrələrdən daha ali dayanmaqda davam etsin, imkan yaradın bu zümrəyə hamı xanıməllilər olaraq baxsın. Qoyun başqa hami, bu vodevillərin qadınları qədər pul qazanmayan hamı həsədlərindən paramparça olsun. Ah, insanların həsədləri. Şillerin zamanından özünü göstərən bu həsəd, cəmiyyətin qrupları arasında qızğınlıqla davam edən bu həsəd müharibəsi həmişə davam etsin. Ah, insanların paxıllığı, icanəzilə məni nankor elan edən lovğa birisindən danışım. Eh, insanların eqolarının qurbanı olması necə də ağrılı haldır. Hamımız öz qüsurlarımızın cəzasını digərlərinin çəkməsini istəyirik, halbuki digərlərinin vəzifəsi bizim qüsurlarımızdan törəyən məmnuniyyətsizliklərlə boğuşmaq deyil. Biz digərləri ilə keçinə bilməyi öyrənməliyik. Bəzən insanlar məhəllədə yaxud bir yeməkxanada məni gördükləri halda mənimlə salamlaşmazlar, halbuki elə ilk baxışdan onların bütün bu laqeydliklərinin laqeydliyimə cavab reaksiyası olduğunu anlayıram ki, bu anlamada da dərin bir təəssüf yatır. Təəssüfmü? Bunu da düşünmək lazımdır. Bəzən insanı ən çox yoran şey heyranlarının hörmət bəyanlarıdır, bu bəyanlardan daha çox insan həyatını dözülməz edən nəsə varmı? Hə, bir də bəzi insanlar var ki, sənin daha canlı, daha həyat dolu, yaxud da daha sakit, daha üzüntülü, yaxud da daha uşaqcasına, daha yetişkin görsəndiyin bir anda qəfildən masanda peyda olarlar. Müəyyən mənada Dələduzun da bu tip insanlardan olduğunu söyləyə bilərəm. Bunu elə-belə demirəm. Əgər elə olmasaydı Dələduz dul qadının oturduğu masada qalan qırın-qırtıqları necə silib-süpürə bilərdi. Ah, necə də rüsvayçı bir etiraf oldu. Belə gözəl bir dəliqanlını insan neçə bu qədər təhrif edə bilər axı? Bəs bunlar həqiqətdisə necə? Bu etiraf elə Dələduzun təhrifidirmi? Əsla!