Роберт Вальзер – Dələduz (страница 5)
İndi isə keçək kitabın əldən-ələ gəzməsi məsələsinə. Deməli, saçları ağarsa da özünü olduqca cavan hesab edən madamlardan biri Dələduza bir kitab hədiyyə etmişdi. Yox, məsələ bu deyil, indi ağlımı işğal edən sayları olduqca çox olan qadın mantiyalarıdır. Görəsən hardan ağlıma düşür bu uzaq fikirlər? Hamısı bir anda yanıb sönən ulduzlara bənzəyir. Onu da deyim ki, Dələduzun ara-sıra özünü Fabris del Donqoya oxşatdığı da bir həqiqətdir. Lütfən bağışlayın məni, deyəsən sayıqlayıram. İzn verin özümə gəlim, izn verin fikirlərimi toplayım. Bəli, bəli, artıq özümdəyəm, artıq hazıram, amma gəlin bu əldən-ələ keçən kitab haqqında sonra danışaq. Onsuz da sonralar bu haqda danışmağa vaxtımız çox olacaq. Mən inanıram ki, bu mövzu bizimçün yolgöstərən bir işığa çevriləcək. İndisə keçək xidmətçi qız və dəliqanlıya. Bəli, Dələduz daha sonra dəliqanlıya evlərinə qədər yoldaşlıq etdi və dəliqanlı axşam yeməyini bitirib, yapon işi kaftanlığı ilə binanın balkonunda görünənə qədər dəliqanlı onu bir xidmətçi qız sadiqliyi ilə gözlədi. Dəliqanlı isə sonrasında öz növbəsində bir çox məsələlərlə yanaşı Dələduza öz əmisinin işlərindən də danışdı ki, buna səbəb də dəliqanlının həmin dövrlərdə müvəqqəti olmaq şərtilə əmisinin və onun ailəsinin yanında yaşamağa başlaması idi. Əlbəttə, sizə bütün bu danışıqlar məzmunsuz və darıxdırıcı gələ bilər, amma mənə inanın ki, bu söhbətlərdə ziyanlı bir tərəf yoxdur. Sözün qısası, bu xırdalıqlarla əldən-ələ gəzən kitab mövzusunu arxada buraxmağım yaxşı oldu. Üstəlik indi bu xidmətçi qız məsələsi ilə də sağollaşmaq istəyirəm, onsuz da bu barədə həddən artıq çərənləmişəm. Xülasə, Dələduzun bir müşavirin oğlu olduğu mətləbini sizə çatdırmaq istəyirəm. Bəli, qəhrəmanımız deyərkən gənc yaşlarından evini və ailəsini tərk edib, müxtəlif ayaqaltı işlərlə başını qatan, özünün güclü dəyərlərə, əsl-nəcabətə malik ailəsini nadirən xatırlayan, özünü heç bir zaman tanımaq imkanı olmayan birisindən, hələ dörd yaşındaykən anasının nəzarəti altında not dərsləri alan birindən söz açırıq. Görünən odur ki, anası ona fövqəladə bir şəfqətlə yanaşmışdı. Mən bunu özümdən demirəm, Dələduzun bu gün belə anasının rəsminə ibadət edər kimi baxması bu sözlərin sübutudur. Və bizim bu Dələduzun çoşqun irmaq kimi qaynayan yeniyetməlik dünyası, həmin dünyanın içərisində axan yaşıl sulu çaylar, əbədiliyin və gəncliyin, tarixin və sonsuzluğun qoynunda bir-birinə qarışan, qaynayıb çoşan başqa çaylar. Ah, bizim bu Dələduzun iç dünyası necə də genişdir. İndisə uzun dərvişanə həyatın ardından, kürəyini yamaclarına söykədiyi bir kənddə, oxucusu olan bir qadını ona göstərdiyi sədaqətdən ötrü əlini sıxmasından sonra özünü axşam vaxtı bir keşişin evində qonaq olaraq tapan Dələduza baxın. Keşişin qızı ona müxətif fotolar göstərir. Keşişin arvadı davranışlarında bir inamsızlıq sezsə də, qızının bu qonağa qarşı olan diqqətini özüyçün aydınlaşdırır, qonağa qarşı olan şübhələrini zehnin bir küncünə tullayaraq, özüyçün yenidən zəngin bir malikanənin, qızının hesbaına qazanılmış malikanənin xəyallarını qurur. Ah, necə inamsızlıqlar necə inanclar, necə dərinlərdən necə qalxanlar çıxır bir bilsəniz. Amma indi bunları danışmağın vaxtı deyil. Yeni mövzular dalğalarla yaddaşıma hücuma keçməkdədir.
Dələduzun zehnini işğal edənlər arasında onun şəhərin məzarlığında uyuyan iki qardaşını da misal çəkmək olar. Düzdür onların xatirəsinin Dələduza əzab verdiyini tam dəqiqliklə iddia edə bilmərik, amma burası doğrudur ki, onları xatırlamaqla arabir qəhrəmanımız özünü qəhərli bir ruh halının içində tapır. Əlbəttə bəziləri düşünə bilər ki, mənim bu sözlərimdə daşürəklilik var. Mən bu iradlara tam səmimiyyətimlə təslim olmazdan öncə onu deməliyəm ki, Dələduz valieynlərinin soyuq təsiri nəticəsində duyğulu, emosional davranışlara, nitqlərə qarşı xeyli yadlaşmış bir uşaqlıq keçirib. Həqiqətən də onun uşaqlığı laqeydlik divarlarının əhatəsində keçib. Çoxuşaqlı ailələrdən bu cür uşaqlıq keçirənləri xatırlamanızı istəyirəm. Hərçənd yuxarıdakı sətirlərdə piano dərslərindən danışmaq kimi ucuz bir həvəsə qapılmışdım. Amma mənim bu söylədiklərim həqiqətən gerçək idimi? Yəni Dələduza anası həqiqətən piano dərslərində şəfqət göstərmişdimi? Bunu heç özüm də bilmirəm. Bununla belə Dələduzun ailəsi və mənşəyi haqqında da daha çox danışmaqdan qaçınacam. Bu hərəkətimdən dolayı özümə qarşı yaratdığım sayğıya qapılıb izninizlə indi Cenevrə küçəsini və Portuqaliyanı xatırlamaq istəyirəm. Cenevrə küçəsi və Portuqaliya. Necə də əlaqəsiz iki ad. Axı onları sistemləşdirib, kombinasiyalarla sizə təqdim etmək çətin bir iş deyilmi? Bəs məni bu seçimə vadar edən nədir? Hər şeydən öncə cəsarətim. Bəli, yazmağa başladığım onlarla il ərzində ilk dəfə yazı masama özümdən bu qədər arxayın, bu qədər inamlı oturmuşam və bütün çətinlikləri dəf edəcəyimə tam əminəm. Bəli bundan sonra kağıza töküləcək cümlələr sonsuz bir gücün və həqiqətin əksindən başqa bir şey olmayacaq. Bayraqları xatırlayıram. Ah, Avropanın elm səfərbərliyi adına Portuqaliya limanlarında dənizçilərin ruhları tərəfindən dalğalandırılan bu bayraqlar. Hələ 15-ci əsr idi. Şərqi Hindistana gedən dəniz yolları təzəcə kəşf olunmuşdu. İnsanların Hindistana getmək üçün quru yolunda çəkdikləri əzabların bitməsindən elə də çox keçmirdi. İnsanlarsa artıq var-dövlətlərini birdən-birə artıracaq bərəkətli dəniz səfərlərinin onların həyatını dəyişdirəcək yenilikləri hiss etməyə başlamışdılar. Bazarlarda çeşidlər çoxalmış, orta sinifə məxsus sakinlərin evlərindən artıq darçın qoxusu yayıldıqca, qəhvə bu kəşfi qəbul edənlərin qəlblərini fəth etmək yolunda inamla irəliləyirdi. Bəli artıq mədəniyyət uşaq kimi ayaq açıb qitədən qitəyə yayılır, yarımkürəmizin mədəniyyəti digər yarımkürənin nemətləri hesabına pardaxlanırdı. Artıq dünya burjuaziyanın kök atması mərhələsində idi və bizim Dələduz da bütün bu inkişafların qarşısında necə möhkəm dayanacağını düşünüb təkamül edən birisi kimi müxətlif dəyişimlər gerçəkləşdirir, özü-özlüyündə müxtəlif qruplaşmalar, təşkilatlar yaradaraq, həmin adamın zamana uyğun sağ qalma cəhdlərini öz yaşam, daha dəqiq desək burjualara uyumsağlama fəlsəfəsinə tətbiq edir, bu tətbiqetmələrin uğuruna cani-könüldən inanırdı. Düzdür hərdən Cenevrə küçəsində başlayan sərxoşluğunu axşamları konsert olan kazinonun düz ortasında qədər daşıdığı olurdusa da, bütün bunlar incəlik içində baş tutduğundan kimsə onu qınamır, əksinə bu kiçik cəsarətli davranışlar çoxlarında səmimi bir təəssürat yaradırdı. Bəli məhz bu kiçik şıltaqlıqlara görə çoxları Dələduzu sevirdi. Halbuki biz bu hərəkətlərin ilham mənbəyini anlamadan Dələduzu daim balaca bir ağıldankəm uşaq kimi qınamaqla məşğuluq. İstəyirik ki, o bizim nəzarətimizdə qatı bir tərbiyə alaraq, son dərəcə hamar, yontalanmış birinə çevrilsin. Daha düşünmürük ki, bizim bu istəyimiz Dələduza həqiqətən lazımdırmı? Eh, həmişə başqalarının yerinə qərar verməkdə o qədər peşəkarıq ki. Nəysə, qayıdaq onun Batavialı əmisinə. Bəlkə də bu adam Dələduzu verdiyi pullarla ərköyünləşdirməli deyildi. Bunu da keçək. Bəs gündüzün günorta vaxtı Arkadiyada, daha dəqiq desək Kafiq Qülləsinin kəmərləri altında etdiyi hərəkətin mənası nə idi? Onu da deyim ki, bizim şəhərimzdə xeyli sayda portik adlanan yəni üstü kəmərli keçidlər və üstü qapalı səkilər mövcuddur. Və indi belə keçidlərdən birində dayanan Dələduz qarşıdan birisinin tələsmədən ona doğru gəldiyini görür. Birisinin? Kimin? Vandanın! Mavi rəngli qısa bir yubka geyinmiş bu qızı arxasında gəzdirdiyi qucaq iti ilə avara-sərgərdan irəliləyir. Bəs Dələduz neyləyir? Qızın üzərinə atılaraq, gözlənilmədən əlindən tutur və fısıldamağa başlayır. “Nə buyu-rursuz, xanım qız?”. Qız təəccüblənir, nə edəcəyini bilmir, yalnız çaşmış halda Dələduzun ondan nə istədiyini soruşur. Elə bu anda qəhrəmanımızın ağzında atəşli sevgi sözləri yayılmağa başlayır: “Sizin yanınızda, hər an, hər saniyə, təkcə sizin yanınızda olmaq istəyirəm” deyir, səsindəki güc və ölümcül yumşaqlıq, sərtlik və ölümcül xəstəlik bir-birinə qarışaraq ətrafa yayılır. Qızsa artıq təəccübünü itirib, Dələduzu sonsuz bir əda ilə başından eləmək istəyir, anasının yaxınlarda olduğu, Dələduzun onu belə sevməsinin pis xəbər olmadığını eşitdirə-eşitdirə ürkək gözlərlə ətrafı seyr edir. Ah, bu qız uşaqları ürkək-ürkək baxanda insana necə doğma olurlar! Dələduz Vandanı Bernli Yeniyetmə adlandırırdı. Əlbəttə siz Dələduzu yanlış tanımayın, onun qızın üzərinə belə qəfildən atılması ani qərar deyildi, Dələduz bunun üçün düz dörd ay qızın arxasınca kölgə kimi süründüyü halda qızla danışmağa özündə cəsarət tapa bilməmişdi. Siz bilirsiniz dörd ay susqun kölgə olmaq nə deməkdi? İndi isə bu cəsarətli yaxınlaşmadan sonra Dələduz özünü bir Portuqaliyalı dənizçi kimi hiss edirdi. Yəqin ki oxucumuz bir az öncə İuda ağacının yarpaqları rəngində olan bayraqları nə üçün xatırladığımızı anlamışdır. Bəli, Dələduzun ədəb hissi tərəfindən zəncirlənən sakit dənizi xatırladan ruhu indilərdə bir xalça tacirinin dəstəyi ilə yeni qitələri kəşfə yollanırdı. Bəli bu sözləri əbəs yerə işlətmirəm, çünkü Dələduz xalça taciri adlandırdığımız aristokrat qəlbli birindən qızın adını, evlərinin ünvanını öyrənmiş, valideynlərinin şəxsiyyəti haqqında olduqca doğma məlumatlar almışdı. Bu arada onu deyim ki, o aralar hələ Edit Dələduzun həyatında yox idi. Bəli artıq tədricən düzənli, ardıcıl bir yazı üslubuna keçirik. Qəzetlərdə yazılan bənzətmələri keçsək deyə bilərik ki, balta dəyməmiş cəngəlliklərin içindən sıyrılan kəşf yolçularının önündə nəhəng abidələr ucalır. Bəli, Dələduzun daxili aləmindəki dirilişin binası da qəlb gözlərinin qarşısında bax belə ucalmağa başlamışdı. Özünü tamam unutmuş birisini düşünün, durmadan rəqs etmək istəyən birisi. Məktəbli kimi görsənən Vandanın qohum əqrabasının evinin önündə ağaca çevrilən Dələduzu düşünün sonra. Bu ağac olmağın hər gün davam etdiyini düşünün. Yenə də hərdən Cenevrə küçəsini yad edən, amma bu səfərlərdə də körpünün altından axan gömgöy sulara baxaraq bütün şəhərin ibtidai ruhlarının, şəhərin bütün kobudluğunun bir eşqin yatağına girərək tamam gözəlləşdiyini zənn edən birisini düşünün. Siz tamamilə aşiq birisini düşünün, ikicə dəfə Vandanı əlində əl ağacı ilə görmüş və qızın əl ağacını daşımasına böyük heyrətlə baxmış, ağırlığın asıldığı bu zəhmətkeş əli dərin bir duyğu ilə incələmişdi. Bu heyranlıq ibadət dərəcəsində idi. Sonra qızın iki kiçik qara muncuğa bənzəyən gözlərini düşünün. Sonra da Vanda haqqında Dələduzu məlumatlandırmağı özünə borc bilən şərqli bir tipi. Düzdür onun Dələduza məsləhəti qızdan uzaqlaşmasıyla bağlı olmuşdu. Hərçənd Dələduz sevənlərə məxsus axmaqlıq və riyakarlıqla, bəlkə də riyakarlıq deməklə sevən insanlara qarşı kobudluq edirəm, amma bu həqiqətdir, sizdən bayaqkı həqiqətimə, riyakar sözündəki həqiqətimə görə növbəti dəfə üzr istəyəcəm, çalışacam ki, bundan sonra əlavə sözlərə yer verməyim, sözləri bacardığım qədər cilovlayım və bir o qədər də sözün ilahi gücünə boyun əyim, bəli sevənlərə məxsus həmin riyakarlıqla şərqlinin qızı ondan qısqandığını, onu qızdan ayırmaq istədiyini düşünmüşdü. Düzdür bu hadisələrdən sonra Dələduzun ünvanına bir xeyli məktub gəlmişdi və yazanlar Dələduzun kiçik sərsərilikləri üçün darıxdıqlarını etiraf edirdilər. Dələduza dəyər verən bu insanlar Dələduzdan həqiqətən bir Dələduz kimi davranmasını tələb edirdilər, Ah, mənim zavallı sərsəriliyi məsləkə çevirmiş Dələduzum. Bu məktublar qarşısında necə qürurlu və cılız idin. Bilirəm məktubları oxuduqca bütün sözlər sanki qarnından çıxırdı, bütün sözlər elə uğultulu, elə uzaqdan gəlirdi ki. Bəli sən bu sözləri duymur, önəmsəmirdin. Vandanı tanımadan öncə hafizənə yazdığın sonsuz sayda mənzərələri bir-bir nəzərdən keçirirdin, bütün bu mənzərələrə qarışan səni geri qaytarmaq istəyənlərin cəhdləri də indi sənin sərxoşluq cəngəlliyindən bir yaddaş abidəsi kimi ucalırdı. Hələ səni elm və ürfan yiyəsi adlandırdıqları birisinin yeməyə çağırmasını demirəm. Yadındadırmı, quru lobya ilə yemək öynəsi yola verən o pak adamlar? Yadındadırmı onların üzv olduğu Mədəniyyəti Qoruma birliyi və birliyin qida məsələsində çox sərt qayda-qanunları? Bahalı yeməklərə nifrət edirlərmiş. Heyhat.