18+
реклама
18+
Бургер менюБургер меню

Роберт Вальзер – Dələduz (страница 7)

18

Bildiyiniz kimi, Dələduz, öz doğma vətəninə, İsveçrə cəmiyyətinə, yaxud başqa növ bütün cəmiyyətlərin əlinə sənədli bir yaşam hekayəsi verməkdən daima qaçınmışdır. Bəli Dələduz çardaqda xarratlığı və sözlərlə işləyərək, sözlərdən, hərflərdən yeni anlamlar yaratmağı digər bütün sənədli işlərdən üstün tutur, taxtaları doğrayıb rəndələmək qarşılığında dul qadın tərəfindən qadının “Vous etes charmant” sözlərinin müşayiəti ilə itpayı qarşısına atılan ikindi vaxtının əvəzedilməz cütlüyü olan bir şüşə pivə və “leberwurst”a dərin bir ehtiram bəsləyirdi. Qadın gəncliyində çoxlarına əbləh kimi görsəndiyini danışmışdı Dələduza. Bununla belə aralarındakı söhbətlər zamanı əbləh gəncliyi olan bu qadın hansısa maviqanlı biri kimi əda ilə oturarkən, Dələduz bir qulluqçu nəzakəti ilə, iri bir taxta udmuş kimi dimdik dayanardı. Hərçənd bir dəfə Dələduz da qadının rokoko üslublu çöhrəsinə baxarkən oturmaq ağlına gəlmiş, lakin elə ilk cəhddə də ağzının payını almışdı. Qadın yaraşdırmamışdı ona bu nəzakətsizliyi və sonrasında Dələduz da haqq vermişdi həmin bu rokoko sifətliyə. Dələduzun duruş mədəniyyətindən yazı və oxu mədəniyyətinə atlasaq onu qeyd edə bilərik ki, Dələduz bir neçə dəfə üzərində səylə çalışdığı, nizama salınmış, üslub və ruh olaraq fikir nisbətinin incəliklə bölüşdürüldüyü yazılarından bir neçəsini dul qadına oxumuşdu. Dələduzun ən böyük zövqlərindən biri də elə anlatmaq, oxumaq idi. Bilmədiyiniz kimi dul qadın şapkaların satıldığı bir butik işlədirdi ki, elə hər gün bu bu-tikə baş çəkən Dələduz dulu görməkdən daha ziyadə amalı elə ona nəsə danışmaq idi. Bəzən bu söhbətlər dulun zərif, kiçicik, şirin, narın, sevimli, mehriban ayaqlarından düşərdi ki, Dələduz da bu ayaqlara şərqilər bəstələmişdi. Bu ayaqların qadının iyirmi yaşlarından daha möhtəşəm görsəndiyini də xatırlamamaq olmaz, bəli dulumuz elə bu ayaqlarla da evlilik adlı müqəddəs məbədə qədəmlərini basmışdı.

Sonra. Sonra Dələduzun bir axşam, təxminən saat on bir radələrində Orlean Bakirəsi haqqında bir söhbətin sonunda dul qadının öncəki axşamdan qalan çirkli, eyni zamanda pak qaşığı ilə hər sabah etdiyi hərəkəti qadına etiraf edəndə, qadın bu etirafa cavab olaraq günahlandırıcı bir susqunluğa, belə bir susqunluq tövrü halı yalnız orta əsr kraliçaların ədabaz duruşlarında müşahidə olunurdu, qərq olaraq, Dələduzun inciklik olaraq anladığı bir ifadə ilə arxasını Dələduza tərəf çevirərək, Dələduzun şirin yuxular, sakit gecələr adlı xəfif sözlərini tamam etinasız buraxaraq öz hərəminin ən məhrəm, ən sakit, eyni zamanda ən iffətli guşəsinə çəkilmişdi. Bu iffətli duruş qəhrəmanımıza necə də gözəl görsənmişdi. Bu duruş rəsm əsərinə çevrilməli, rəssamlıq incisi olmalıydı. Ah, qadının o anlarda dəhliz boyu yerişi, xətrinə dəyilmiş, amma bir o qədər də məğrur, eyni zamanda xoşallanmış yerişi bir gravürü xatırladırdı. Ah, qadınlar, onları sevdiyimizi üzlərinə etiraf etdiyimiz qadınlar necə də gözəl olurlar. Əlbəttə, bu etirafın Dələduzun yaddaşında hər yönü ilə mükəmməl bir skandal olaraq qaldığını deməyə ehtiyac yoxdur. Biz də Dələduza canı-könüldən bu rüsvayçılıqdan həzz almasını arzu edir, növbəti dəfə bildiririk ki, bizim bu sərsəri belə şeylərin ölüsüdür. Yox, tamam ölü deyil, ölüvay bir ölü desək daha yaxşı olar. Ah, qaşıq etirafı zamanı cəsarəti qarşısında titrəyən Dələduz. Bununla belə necə cəsarət tablosu görüntüsü vardı. Və bu dul qadın. Dünyada minlərlə bənzəri olan bir kişiylə evlənmiş bu qadın. Elə bir kişiylə evlənmişdi ki, o adam hamını xoşbəxt edə bilərdi. Amma bu xoşbəxtlikdən dul qadın faydalana bilməmişdi. Bu xoşbəxtlik ona çox uzaq görsənmişdi. Əcaba nədən? Bəlkə qadın həqiqətən əbləh idi? Sualmı? Yox qadın həqiqətən əbləh idi və içində yaşayan, zaman-zaman boy göstərən bu əbləhdən hətta qürur da duyur, onunla fəxr edirdi. Bəli, qadın cavanlığında əbləh kimi tanınmasından danışarkən tamamilə doğruçu idi. Bəli, bu əbləhlik dediyimiz şey çox zaman elə zərafət, incəliklə sıx bağlı olan bir şeydir, bəzən adama cazibədarlıq da qazandırır. Qadının əbləhliyi və cazibədarlığı həqiqətən bir-birini tamamlayan iki ünsür idi. Qadın əbləhliyi ilə cazibədar görsənirdi. Və bu keçmişin və indinin əbləh-cazibədarı Dələduzun etirafını müəllimin şagirdi bağışlama üsulu ilə bağışlamış qadın, qəhrəmanımıza qaşıq ilə bir dəfə gəncliyində xoşbəxt olmadığından danışmışdı. Xoşbəxt olmamaq bərabərdir ümidsiz ruh halı. Həqiqətən səfeh və əbləhlər bədbəxt ola bilərdilər-mi? Dələduz, böyük ürəkli, səmiyyət təcəllası bu adam bu sual üzərində uzun müddət baş sındırmışdı. Həqiqətən onun çevrəsi yalnız anlaşılmazlıq və evlilik romanlarındanmı ibarət idi? Bax, əsl sual elə bu idi. Və bir dəfə Dələduz qadından ərinin onu niyə xoşbəxt etmədiyini soruşsa da qadın bu sualın əsl cavabından vaz keçmiş, “Bunu sizə danışmaq istəmirəm, danışsam da anlamazdınız, hərçənd onu əlavə edə bilərəm ki, indilərdə evliliyimdə yaşadığım hadisələrə nəzər yetirəndə özümün də günahkar olduğumu görürəm” deməklə Dələduzu, maraqdan daha çox öyrənmə istəyi ilə alovlanan Dələduzu bu suala görə məzəmmət etmiş, onu bu uşaqcasına istəyinə görə günahlandırmış, sonrasında özü etiraf etsə də özünün keçmişindəki pis qadın obrazını silkələyərək atmaq istəmişdi. Dələduzsa pis qadın obrazına tərif verərək, bəzən insanın həddindən ziyadə yaxşı olmağının onun mənfi görüntüsünə səbəb olduğunu xatırlatmışdı. Həddindən ziyadə yaxşılığın səbəb olduğu mənfi insan obrazı. Bax bunu eşidərkən, qadın dərin bir inilti ilə susaraq Dürerin rəsm etdiyi qadın fiqurlarının birini əhatə edən sarı bir haləyə qovuşmuş, yəni müqəddəsləşmiş, bu anlarda gecəquşlarına məxsus ürkəklik, qaranlıq dənizlər üzərindən bir uçuş, bir qanad çırpıntısı, daxili aləmin qaranlıq dənizlərində həlak olan ümidsiz bir quşa dönmüşdü. Və təbii ki, qəhrəmanımız bundan sonra evlilik barədə nəsə öyrənə bilməmişdi. Səfeh adamların susqunluğa necə inadla sarıldığını bilməlisiniz. Bəli, bu səfeh adamlar nəzakət qaydalarının ən cəsarətli cəngavərləridir. Öz nəzakətlərini, inadkar bir keçi kimi, insanlara meydan oxuyurcasına sərgiləyən bu adamlar onlara qarşı olunmuş haqsızlıqları, onlara yapışdırılmış əbləh damğasını, məhz nəzakətləri ilə yavaş-yavaş, damla-damla yoxa çıxardarlar. Əbləhlərin bu içə batmış görüntüsünü bir daha xatırlayıb demək istəyirəm ki, bu sadəcə bir göstərgədir, aldatmacadır. Yoxsa siz hələ də onların öz ağrılarına aşiq olduqlarından, mazoxizm simptomlarından danışaraq, bu axmaqlıqlara inanacaqsınız? Etməyin belə. Bunu da əlavə edim ki, səfehlər xəyal dünyasının əla süvariləridir. Onların xəyalpərəstliyi dəhşətli dərəcədə ağır itkilərə səbəb olan bir döyüşdür. Yəni dediyim odur ki, qadının evliliyində onun bədbəxtliyə səbəb olan əsas şey qadın əbləhcəsinə evləndiyi adamın xarakteri haqqında qurduğu xəyallara: bu xəyallardan danışarkən qadının həmin adamın mülayim, güclü, kübar, cəngavər ruhlu, şən, sofu, sayğılı, zarafatcıl, ağıllı, geniş ürəkli, mərd, bütün şərtlərdə etibarlı, əylənməyi bacaran və əyləndirən, eyni zamanda çox ciddi, dindar eyni zamanda inancsız olması kimi xəyallara inanması və sonradan bütün bunları həmin adamda tapmaması da ola bilər. Həqiqətən, bəzən kiçik bir şey nəhəng bir bədbəxtlik doğura bilər. Və indi, ətrafın həmişəki kimi sükuta büründüyü, hər yanın dənizin dibi qədər sakit olduğu, bütün evlərin fövqəladə şəffaf bir suyun içində dalğalar kimi yüksəldiyi, dəyişkənlik və sabitliyin səssizcə pəncələşdiyi anlarda pəncərədən günəş vurduqca bu səfeh qadın, artıq tarixə çevrilməkdə olan şirin görüntüsünün müşayiəti ilə içində bir parça kolbasa olan kiçik bir tabağa baxdıqca yeni xəyallar qurur, xəyalların zamanla sülh anında tabaqdakı kolbasanı gəmirir, zavallı kolbasadan geriyə yalnız sonradan otaq xidmətçisi Dələduz tərəfindən sümürüləcək qabıq qalırdı. Yenə də Dələduzun bu həqarətli davranışını xatırlatdımsa da üzrlü bilin, axı bizim Dələduz da hərdən səfehlik etməyi özü üçün bir məşğələyə çevirib. Ah Dələduz, dayanmadan oxuduğu və təhkiyələrini təpədən-dırnağa qədər mənimsədiyi hamı tərəfindən bilinən romanların müxtəlif cildlərindən müxtəlif hekayələr oğurlayan Dələduz. Daim xoş bir ədayla hırıldayan Dələduz. Onun qadın haqqında şübhələri. Görəsən bu səfeh qadının dərdi nə idi? Bəlkə daxilindəki yarıkişi varlıq idi onu bədbəxt edən? Bəs nəyə görə birinci ərinə bu qədər tab gətirmişdi? Qadının öz ruhunu paramparça etməsinə səbəb nə idi? Eh, yaxşı ki indi yanında sevimli bir xidmətçi qız var. Yay aylarında onun ziyarətinə gələnlər xeyli çox olur və bu qız olmasa bu ziyarətçilərlə əlləşmək tamam müşkül olardı. Çox vaxt bəyazlara bürünən, söhbət Vaqnerdən düşəndə onu anlamadığını səmimiliklə etiraf edərək, Vaqanerdən baş açmaq üçün musiqi mütəxəssisi olmağın zərurətindən danışan, bir dəfə də Dələduzu axmaq bir ədabaz adlandıran sevimli bir qız. Nəysə, indi bizi növbəti bir şillə gözləyir. Qapazın haradan dəyəcəyini birazdan biləcəksiniz. Editi, isə bir müddət özünün yaşıl şapkası altında cilovlanan xürrəm görüntüsü ilə başbaşa buraxaq.

Bir müəllimə, şəhər sakinlərindən həqiqi bir müəllimə, yaxşı bir pedaqoq olmadığı, öz peşəsi haqqında heç bir bilgiyə yiyələnmədiyi haqqında alçaldıcı sözləri eşidib, öz qırılmış cəsarəti və ümidi ilə tamam yalnız qaldıqdan sonra bir qərara gəldi: “Əyalətə gedəcəyəm” Və həmin qadın əyalətin səssiz və sakit mühitində, əlbəttə ki, əyalət sakinlərinin onu özünü doğrultması üçün verdikləri zamanın və dəstəyin yardımı ilə özünü inkişaf etdirərək olduqca gözəl bir müəlliməyə çevrildi. “Əziz yerlilərim, bir-birinizi bu qədər alçaltmayın”. İnsanların sadəcə qüsurlarından danışmaq yaxşı vərdiş deyil, insanlara anlayışla yaxınlaşın. Əgər bunu edərsəniz çoxlu sayda sözün həqiqi mənasında etibarlı, çalışqan, məsud kişi və qadın vətəndaşlar qazanarsınız. Unutmayın ki, insan xidmət edərkən çevik, ittiham edərkən isə asta olmalıdır. Bir idarəetmə üsulu nə qədər diqqətli olsa bir o qədər yaxşıdır. Bundan əlavə rəhbərlik etmək və idarə etmək eyni anlama gəlməməlidir. Mükafatlandırarkən və cəzalandırarkən diqqət ən önəmli şərtdir. Tanrım, bir daha əsla qadınlar kafesinə getməyəcəm! Səbəbini sonra mütləq izah edəcəm. İndisə Dələduza qayıdıq. Dələduz, üç ay boyunca ümidsiz bir evlilik yaşayan və bu vaxtın sonunda arvadının onun qeyri-adiliklərinə, qəribəliklərinə kifayət qədər həssas yanaşmadığını anlayıb, arvadından boşanan başqa bir məktəb müəllimi ilə günəşin qovurucu təravətindən faydalanmaq üçün çəmənliklərə doğru gəzintiyə çıxmış, müəllimin “Sizə qarşı fövqəladə marağı varmış kimi davranan bu Professor Mükəmməl” haqqında sualına professorun dağları və gölü ovcunun içinə alan, anlaycağınız pitoresk mahiyyətindəki villasına işgüzar səfərindən, bu səfər zamanı baldırından onu dişləyən itin diş izlərindən duyduğu möhtərəm zövqdən danışmaqla cavab verərək, müəllimin “professorun Dələduza dəstək olub-olmaması haqqında bilmək istədiklərinə isə növbəti monoloqla qarşılıq verirdi. “Əziz müəllim, çox hörmətli professor hamıdan öncə özünə dəstək olur. Bu da qəbahətli bir şey deyil, özündəstək hamımızın fitrətindədir. Məsələn siz əgər özünüzə dəstəkçi olmasaydınız arvadınızda boşanmaq üçün əsla özünüzdə güc və səbəb tapmayacaqdınız. Bəli, siz özünüzü düşünməklə, sizə ziyan verəcək bir durumda yaşayıb gedərkən, özünüzə yazığınız gəldi və arvadınızdan ayrılmaq qərarına gəldiniz. Bu sizin özünüzə qarşı hiss etdiyiniz ali bir mərhəmət idi. Bəli siz necəsinizsə, professor Mükəmməl də elədi, o da özünə qarşı eyni nəzakət və qayğı ilə yanaşır. Hətta mən özüm, burada sizinlə söhbətləşən, çənəsini yoran mən belə, özümə olan inancımı bütün üsullara dimdik saxlamağa, şax saxlamağa çalışıram, çalışıram ki, sizdən və özümdən mənə ziyan gəlməsin, özlüyümü qoruyan şeylər daim sağlam qalsınlar.” Belə qısa və yaxşı sözlərə köklənmiş monoloqun ardından müəllim dilə gələrək yaşadığı anın Holderlinsayaq təravətindən bəhs edərək, Dələduzu yeni bir monoloqa sürüklədi. “İstisnalar və fərqliliklər.” Bütün istinsanlar və fərqliliklər bir-birilərinə mütənasib şəkildə inkişaf edirlər. Ruh hallarımız nə qədər ahəngdardısa yaşamımız bir o qədər harmonikdir. Eləcə də uğurlar, tanınmışlıq və s. Baxın, sizin olduqca hörmətli bildiyiniz professorun bu cür parlaq ulduza malik olması məni yalnız xoşbət edir. Demək istədiyim odur ki, başqalarının bizdən fərqliliklərini bizim inkişafımızın qarşısında əngəl kimi görən (əslində bu fərqliliklər heç bir zaman əngəl deyildir) üfunətlənmiş qoxu verən duyğulardan xilas olmağımız yeganə çıxış yolumuzdur. Bir yerlimizin uğurlu, mükəmməl biri olması həm də bizim uğurumuz, mükəmməlliyimiz üçün bir zəmindir. Bu zəmini yasaq kimi görən düşüncələrdən qurtulmaq gərəkdir. Bunu da əlavə edim ki, istisnalıq, seçilmişlik istisnalığı, fərqlilik, seçilmişlik fərqliliyi duyğusu da sabit bir duyğu, sabit bir yaşantı halı deyildir, bu anlayışlar zamana bağlı anlayışlardır və zaman keçdikcə öz qalıqlarını tamam itirərək sradan çıxıb yoxluğa qarışarlar. Bu yoxa çıxmaqda olan zərər ancaq faydalı olanın köhnəlməsində özünü göstərə bilər, yəni dediyim odur ki, bir xeyir necə bir ziyana çevrilirsə, bir ziyan da eyni dərəcədə xeyirləşdirilə bilər. Ona görə də bir başqasının seçilmişliyi, fərqliliyi əsla mənim ziyanıma işləməz, çünki daimi deyildir. Heç bir mükəmməlliyətçi düşüncə, mükəmməliyyətçi yaşam uzun müddət davam gətirməmişdir. Bütün mükəmməlçiliklər bir-birini təqib edib öldürər-lər. İnsanların bu gün mövzusu bir xeyir əməldisə sabah mövzuları tamam başqa xeyir əməl üzərində qurular. Bəli bütün bunlardan qurtulmaq lazımdır, yaşam cəhdlərimizə möhür vuran, onu qiymətləndirən əsl şey duyumumuzdur, həyatı duymaq qabiliyyətimizdir. Duyğularımız, başqalarına olan duyğularımız bir çox cəhətdən bizim düşmənləri-mizdir. Məsələn rəqiblərimizi götürək, əgər rəqiblərimizin yalnız onların dəyərindən çəkindiyimiz zaman bizim üçün təhlükəli olurlar. Halbuki bütün dəyərlər daimi təravətli qalmaq istəyirsə daim özü-özünü yıxmalı, daim yenilənməli, yəni dəyərsizliyini yaratmalıdır. Hər döyüş yenidən qazanılmağa məhkumdur.” Bu sözlərdən sonra müəllim bir daha aydın baxışlarla Dələduzu həmin vaxtlarda Rossbach Müharibəsi ərəfəsində Frederizus misalı tavan pəncərəsindən əngin boşluqları seyr etməsinə imkan yaradan bir otaqda yaşayan Dələduzu süzmüşdü. Bəli, bir zamanlar bir şəxs Dələduza oxuyub, tədqiq etməsi üçün Kuglerin “ geshicthe Friedrichs des Grosseni (Böyük Fridrixin tarixi) kitabı vermişdi və bizim Dələduz indi bu söhbət zamanı özünü Frederiuz kimi apararaq, Frederiuzçuluq oyunu oynayırdı. Eybi yox, gəlin bu oyunu Dələduza çox görməyək.