Роберт Вальзер – Dələduz (страница 3)
Qəhvərəngli qadın indi “Yalan danışma” deyə qoparmışdı zərif dodaqlarından sözlərin ən alovlusunu və zərif dodaqların ecazkar görünüşündən qopan növbəti sözlər də aram vermədən sıralanırdı. “Səni məhv edəcək şey sənin inancsızlığındır. Axı sən niyə inanmaq istəmirsən ki, ərtafındakıları yararlı, xeyirxah edən müsbət cəhətlər səndə də var və sən bu cəhətlərdən yapışaraq gözəl, mənalı, xoşxasiyyət bir ömür sürə bilərsən. Amma sən inadcıl uşaq kimi özünə təlqin edirsən ki, guya səndə bu yaxşı məziyyətlər yoxdur. Halbuki onlara malik olduğunu hamıdan daha yaxşı bilirsən, sadəcə malik olduqlarını dəyərsiz qılmaq kimi bir adətin var və bu adətin məni kədərləndirir, məyus edir, heyf. Heyf sənin bu istəksizliyindən, bu cəhdsizliyindən, heyf səndə bütün həyatın boyunca var olan amma işlətmək-dən qaçındığın o gözəl bacarıqlardan, o fitrətdən.”
Qəhvərəngli qadının Dələduza dediyi bu sözlərdən sonra onların ikisinin arasına girib ümidsizcə, istifadə etmək marağında olduğum bir fitrətim yoxdur deməyə cəhd göstərərdim, amma sözlərimin onun məni ipə sapa yatmayan bir miskin, ümidsiz adlandırması ilə davam etməsindən çəkinirəm. Qoy heç demədiyim sözlərin altında guya ki, yüzlərlə ittihamın, istər haqlı olsun, istər haqsız uzun bir qırmızı ilan, yaxud da ciddi-ciddi irəliləyən bir qatar kimi arxasından gəldiyini, lakin onların heç birini duymayan, heç birini ciddiyə almayan biri olum və Dələduzun sözlərinə keçim. “Eh sevgili Henri Russo tablosundakı qadın, bunu deməkdən neçə vaxtdır çəkinsəm də indi deyəcəyəm. Siz yanılırsınız. Bəli, yanılırsınız. Mən olduğum kimiyəm, hansısa aktyorluq göstərisində yer almadan yaşayıram. Mənim davranışlarım mənim ruh halımdır. Və siz məni ittiham etdikcə anlamırsınızmı ki, özümü məndən daha yaxşı bilən birisi ola bilməz? Hə ola bilsin ki, taleyin güdazına getmişəm, onun oyununda cəsarətli bir cəngavərə çevrilmişəm. Amma həqiqətdə mən, dəhşətli dərəcədə qorxağam və bunu etiraf etməkdən qorxmuram və sizin mənə ünvanladığınız guya ki məziyyətlərim və istedadımla kimisə xoşbəxt etmək iqtidarında olmağım, amma bunlardan istifadə üçün ərindiyim sözlərinə isə sadəcə gülümsəyirəm, mən tənbəl, yaxud ərincək deyiləm, yenə də deyirəm ki, sadəcə sizin məndə gördüyünüz cəhətlər məndə əslində yoxdur.” Bu sözlərdən sonra yürüyüşünə davam edən Dələduza Qəhvərənglinin sözlərinə israrla qarşı çıxdığından meşə, dərə, təpə, bir sözlə hər yan qəzəblənmişdi. Tərs qadın isə elə hey dodaqaltı, o gözəl dodaqlarının, – hərçənd indi gözəlliklərini itirmişdi, – altında Dələduzu inamsızlıq və inadcıllıqla günahlandırmağa davam edərək deyirdi:“Axı necə də inadkar, ramolunmazsınız.”
– Axı siz niyə məhrumiyyətini hiss etdiyim bir şeyin məndə varlığına bu qədər əminsiniz?
–Axı, onu itirə bilməzsiniz, o itə bilməz?
– Heç bir zaman sahib olmadığım bir şey necə itirə bilərəm axı? Əmin olun ki, onu kiməsə satmamışam, kiməsə bağışlamamışam. Siz inanın ki, məndə varlığınıza inandığınız cəhəti, mənim istedadlarımdan gələn bu cəhəti yaratmaq üçün mən bütün gücümlə mübarizə aparmışam, amma alınmayıb, inanın mənə!
–Sizə inanmaq sadəcə mümkünsüzdür!
Əlbəttə daima belə xırdalıqlara, kiçik təfərrüatlara girən Qəhvərəngli xanımımız Dələduzun öz gözəl məziyyətlərini ondan gizlədiyi, ona açmadığı yönündə dərin bir inanc, daha dəqiq desək, Dələduzun istedadsızlığına qarşı dərin bir inancsızlıq içərisində idi. Bu inancsızlıq bəlkə də bir inadın içindən qopub gəlirdi, yəni ki, bu qadını Dələduzun əslində özünü məhv etmədiyinə, hər şeyin onun üçün onun güclərinə uyğun formada həyatiləşdiyinə, nəinki Dələduz, heç tanrının özü də inandıra bilməzdi.
Yürüyüşləri isə davam edirdi və döngələrin birinə çatanda qadın “mən bir pansion işlədirəm deyə” yenidən sözə başladı və mənə elə gəlir ki, qadının bu etirafı ağacların səmimi təbəssümü ilə qarşılandı. Dələduz isə bu sözlərin sıralandığı anda bir qönçəyə döndü, qadının qarşısında ölüm-qalım hökmünü vermək üzərə olan bir cəllada çevrildiyi anlarda, hərçənd qadın üçün bu metafora nəyə lazımdır, özüm də bilmirəm, sadəcə susub, qızarmaqla kifayətləndi. Qadın isə davam edirdi: Zavallı adam! Yoxsa sən künc-bucaqda qalmış, cəmiyyət üçün, cəmiyyətin xeyrinə istifadə olunmamış qırıntıların varlığından narahat olan tənha, əzab çəkən ruhlardansanmı? Mənim bu meşşan, Baqqal ruhum səni incidirmi? Söylə zavallı adam. Mənim özümdən, həyatımdan bu razılığım səni təngə gətirmir ki? Bax, sən məni məcbur edirsən ki, mən sənin özün haqqındakı səhv qənaətinə yenidən toxunum. Bu qənaəti necə formalaşdırmısan, mənə çox maraqlıdır. Axı bir insan özünü niyə bu qədər bədbəxtliyin dərinliyinə salsın. Bax, mən sənin üzünə qızarmadan deyirəm. Sən xoşbəxt deyilsən, Sən xoşbəxt deyilsən! Elə bu anda siz bizim Dələduzu görməliydiniz. Həqiqətən zavallı adam bu sözlərin qarşılığında gülümsəyir, qadına sizin bu düşüncələriniz, mənim həyatımı düzəltmək cəhdləriniz, bu ipə-sapa yatmayan qaba sözləriniz arxasında daldalanan səyləriniz məni neçə xoşbəxt edir bir bilsəniz deyirdi. Bununla belə qadının ittihamları kəsilmək bilmirdi, bu dəfə də qadın artıq sosial məsələlərə keçmiş, Dələduzu fərdi olduğu cəmiyyətə qarşı öz öhdəliklərini yerinə yetirməməklə günahlandırırdı və günahlandırıcı kəlmələr onun qapqara gözlərində zülmət kimi parıldadıqca, Dələduz belə zülmət baxışları olan birinin belə qaraürəkli danışmağını ən təbii hal sayaraq yenə qadına “Siz özünüzü akademikmi sayırsız?” kimi neştərli suallar verir və bu suallarda açıq-aşkar onun özünü qadından yayındırmaq həvəsi hiss olunurdu. Ah, mənim Dələduzum, necə də ürkək qız uşağına bənzəyirdi. Noyabr ayında keçən bu söhbət, noyabr soyuğunu və qadının qaralamalarını da özünə qatıb Dələduzu necə də üşüdürdü. Söhbət zamanı yalnız isti otaqların varlığını xəyal edərək, onları uzaq bir sərab, utopik bir arzu ilə müqayisə edən bizim bu qarınqulu (şokoladları necə sevdiyini səhv etmirəmsə xatırlatmışdıq) qəhrəmanımız, belə demək olarsa, qəhvərənginə bürünmüş sosial həyatın ağacdələni olan bu qadından qaçır və söhbəti müxtəlif mövzulara yönəldirdi. Məsələn bu yaxınlarda getdiyi Bethoven konserti kimi. Deyəsən biletin bahalığından danışıb deyirdi ki, ona verdiyim pul özü elə ayrıca şahəsərdi. Sonra konsert zamanı yanında oturan prinsesdən söhbət açır, qadınsa öz kobudluğundan əl çəkməyərək, bunlar keçmişin işidir deyə xatırlatma edirdi. Dələduzsa öz təbii halı ilə “Elədir, keçmişdir, amma izn verə bilərsinizmi məndə hələ yaşasınlar deyib bu kobudluğa yumşaq bir təbəssüm düyünü vururdu. Qadınsa, eh, bu darıxdırıcı gəvəzə qadınsa heç susmurdu. “Sən bir xalq, cəmiyyət düşmənisən. Gör mənim özümə nə qədər şey borclusan, sevgi, mərhəmət, qayğı. Bunların hamısını mənə verməli olduğun halda heç birini verməmisən. Birdəfəlik inanmalısan ki, yalnız mənim üçün yaranmısan, anan səni mənim üçün doğub, bütün mədəniyyət, bütün dünya, bütün sivilaziyadan faydalananlar da bunu təsdiqləyib (Necə də ürəkbulandırıcı sözlərdi, pafos dolu, zəhər dolu, qürur və qərəz dolu) Mən sənin ideal bir ər müdriklliyində olduğuna şahidəm. Üstəlik çiyinlərin də güclüdür. Mən hələ belə enlikürək birini görməmişəm.” Bütün bu axmaq sözlərə isə Dələduz yalnız zəif səsli bir cümlə ilə etiraz edirdi, “Mənim çiyinlərim mənim gördüklərimin ən zəifidir”. Qadınsa onu Herakla bənzətməkdən vaz keçmirdi ki, vaz keçmirdi. Ətrafda həqiqi bir Dələduz görünüşündə gəzən bizim bu sosial həyat fərarisinin xəncər asılmış kəmərinə diqqət yetirməlisiniz. Tutqun rəngli geniş şalvarı, incəlmiş belinə sarıdığı qurşaq, saçları, şapkası ilə qorxusuzluq hissinin cisimlənmiş halını təcəssüm etdirən bu adamın köynəyini zərif bir işləmə bəzəyirdi. Düzdür pencəyi bir qədər köhnəlmişdi, amma kürkünün görünüşü öz bahalılığına, dəbdəbəsinə görə diqqət çəkirdi. Əgər onun əynindəkilərini bir rənglə ifadə edəsi olsaq bu ancaq yaşıl ola bilərdi ki, bu yaşıl qarlı havada çox aydın, uzaqlardan nəzərə çarpanlardandı. Mavi baxışlar səpələyən gözlərində müəyyən bir sarışınlıq sizin diqqətiniz cəlb edə bilərdi ki, bu uyum da gözlərlə qəlbin əbədi qardaşlığının bir harmoniyası idi. Üstəlik əlində tutduğu tapança sanki sahibinə gülüş yağdıran formada dekorativ bir izlənim yaradaraq bir palitra rəssamının əsəri ilə yarışacaq qədər uğurlu təsir bağışlayırdı. Qısası çiyinlərinin zəifliyini bəhanə gətirən Dələduz tapançanın lüləsini özünə tərəf çevirərək bu hiddətli, bir kitabçıdan Şlatterin “Frauenpfadesini” (Qadınların bildiyi üsullar – terc.) alıb, diqqətlə oxumuş, bir sözlə cümlə-cümlə hafizəsinə yazmış qadına onu, Editin təsirindən çıxa bilməyən, onu sevən qadına yalvaran səslə “Mənə qarşı çox qəddarsan deyə” pıçıldadı. Həqiqətən Dələduz Editin təsirindən çıxa bilmirdi. Edit onun üçün çox dəyərli, çox yüksəklərdə idi. İndisə gəlin bir qədər Rathenau haqqında danışaq.
Bir zamanlar yüzlərlə özünü “yaxşı” sayan vətəndaşın başına itin oyununu açmış, zənginləri zənginlikdən soyutmuş, onlardan aldığını yoxsulların xeyri üçün xərcləyən Rinaldini ilə bizim bu dəliqanlı gəncimiz arasında necə də kəskin nəzərə çarpan fərqlər var. Hər şeydən əvvəl Rinaldini böyük bir idealist idi. Öz ideyaları uğrunda hər kəsi öldürə bilərdi. Amma siz bizim bu yerli qəhrəmanımıza baxın, məsələn onun hansısa macarlardan ibarət orkestrinin ifa etdiyi hansısa Vyana kafesində məsum gözlərinin ilığa qədər işləyən dərin maqnetizminin köməkliyi ilə qurduğu telepatiya sayəsində pəncərə kənarında oturmuş hansısa qəşəng bir qızın daxili sakitliyini, hüzurunu öldürməkdən başqa əlindən heç nə gəlməz. Bizim bu Dələduz hüzur qatilidir. Hələ mən onun musiqi dinləyərkən düşdüyü ruh halını demirəm, musiqinin verdiyi ekstaz halından ifadə olunmayacaq bədbəxtliklər aləminə yuvarlanan Dələduzun bu halı həssas ruhları çox asanlıqla özünə kölə etməyə kifayət edirdi. Hərdən onun insanları bu cür kölələşdirməsini, onların xoşbəxtliklərini əlindən almasının qarşısını almaq üçün onun arxasınca onu kölgə kimi izləyən birilərini qoşurdular, bu ibitai sinif müəllimi də ola bilərdi. Bir dəfə Dələduz belə gözətçilərdən olan Orlandoya “Din çox zəifdir, elə deyilmi?” deyərək təvəkkülə varmış baxışlarla gülümsəmişdi. Əlbəttə Dələduzun qüsurlu cəhətləri çoxdur, irəlidə biz bu xüsusları optimist yanaşmalarla xatırlayacağıq, amma bütün bunlardan əvvəl gəlin yaxınlarda yerləşən insanların Gurten deyə adlandırdığı dağa səyahətə çıxaq. Üstəlik sizə onu deyə bilərəm ki, biz bu dağın təpəsinə çıxdıqdan sonra Dələduzla bütün mövzulardan, açıq havanın beynimizə gətirdiyi təravətlə söhbət aça bilərik. Üstəlik burada siyasətdən də danışmaq çox asandır, ən azından sizi kimsə eşidə bilməz. Amma onu da deyim ki, Dələduzun xəyallarını siyasət yox, gözəl əndamlı şahzadələr bəzəyirdi ki, bu əndamlar haqqında danışmaq Dələduza əlavə zövq verirdi. Əlbəttə, həmin bizim bu dədəsinin goru çatlamış qaradulumuz, onun ev əşyaları da bu kiçik qeybətimizdən yaxasını qurtara bilmir. Üstəlik dağın təpəsində olarkən ətrafı dördgözlə necə izləməyimiz də sizə maraqlı gələ bilər. Yox siz düşünməyin ki, ətrafa diqqət kəsilmək yorucu bir işdir. Əsla. Ətrafa diqqət kəsilmək insana qeyri-adi bir güc bağışlayır. Bunu bilin ki, insanı ən çox yoran şey onun ətrafa diqqətsiz yanaşmasıdır.