18+
реклама
18+
Бургер менюБургер меню

Роберт Вальзер – Dələduz (страница 2)

18

O indi adyalı burnuna qədər çəkib düşüncələr dəryasının dərinliyində xəzinə axtarır, ona qalsa həmişə düşünər. Onun üçün düşüncə alışqanlıq və vərdişdən başqa bir şey deyil. Bəzənsə peşədir, hərçənd ona bu düşüncə fəaliyyəti bir şey qazandırmır. Sonra da ona ömrünü Bataviada keçirmiş əmisində, məbləğini dəqiq olaraq bilmədiyimiz bir miqdar pul qalır. Əslinə qalsa heç bilməsək yaxşıdır, yaxşıdır ki, bu məbləğ sirr olaraq qalsın və mən onu əlavə edim ki, hərdən dəyişiklik etmək üçün standart nahardan imtina edərək sadəcə pendirli kökə ilə qəhvə içən bizim bu Petruçio, həmin Batavialı əmisindən gələn məbləğini bilmədiyimiz pul sayəsində özünəməxsus yararsız varlığını sürdürür, mənə qalsa süründürürdü. Yəni onu anlamağa çalışın ki, bu sirrli məbləğ olmasaydı, mən heç bizim bu Petruçionun (Stendalın “Qırmızı və Qara” romanının qəhrəmanı – tərc.) hekayəsini sizə danışa, bu kitabı sözbəsöz inşa edə bilməzdim. Hərçənd aranızda kitabları həyata bələdçi olaraq seçənlər varsa, mən onların geniş əfvinə sığınıram, çünki bu kitab kiməsə nəsə öyrətmək iqtidarında deyil, sağlam düşüncə qoxusu olan bir şey insana nə öyrədə bilər ki? Qısası həmin adamları, yəni kitabı bələdçi kimi görən, ondan nəsə uman adamları oxucu kimi itirməyin dərin, dərindən də dərin kədərini yaşayaraq, dərin, yenə də dərin bir üzüntü ilə onlarla indidən sağollaşmaq istəyirəm. Onu bilin ki, bu itki həmişə mənim içimi parçalayacaq. Qəhrəmanımzsa, bütün macərapərəstlərin ən darıxdırıcısı, ən etibarlısı, ən namuslusu, ən hörmətlisi, ən sevimlisi, ən səssizi, ən hüzünlüsü, olan qəhrəmanımz, icazə verin şirin uyxulara qərq olsun. Sizsə bu axmaq adamın, səsini başına atıb, bütün var gücü ilə “Verin mənə aid olan mənzili!” hayqırmaq əvəzinə, çardaqdakı balaca bir otaqla kifayətlənən bu axmaq adamın düşüncələrinə qarışmağa çalışın. Bəlkə də bu məsələlərdən anlayışı yoxdur.

Ruz yazıçı Dostoyevskinin “Alçadılmış və təhqir olunmuşlar” romanındakı knyaz Vronski kimi, pula və qadınlara ehtiyacım var deməyə layiqəmmi bilmirəm. Hərçənd bu barədə dərin ziddiyyətlərə qarışmışam. Bilmək olmaz, bəlkə bu yaxınlarda yerli qəzetlərdən birində evlilik elanı verdim. Amma hər şey bir yana, siz bizim bu Kötüyün bir axşam, adəti üzrə toyuq və salatdan ibarət axşam yeməyini bitirdikdən sonra, bəxşişi o sevgili və gözəllər gözəli qadının qarşısına necə tulladığına diqqət yetirin. Dostlar, yəqin ki artıq fərqinə vardınız ki, mən Dələduzdan və müxtəlif vaxtlarda ən nüfüzlu, ən tanınmış restoranlardan birində xadimə (qarson demirəm) kimi işləyən Editdən danışıram. Hətta şeytanın özü belə ona sitayiş edən obyektə qarşı bu qədər qaba, saymazyana və hörmətsiz yanaşmazdı, elə deyilmi? Siz hələ təsəvvür eləmirsiz ki mən nələri danışa bilərəm. İmkan olan kimi özümə dost qazanmaq mənim üçün qaçılmazdır, daha doğrusu vacibdir, əsl dost olmağın ağır, hətta mümkünsüz olduğunu bildiyimə baxmayaraq mən bunu istəyirəm. Əlbəttə bu mövzuya dair xeyli fikir, xeyli müzakirə mövzusu yarada bilərdim ki, içimdən bir səs mənə söhbəti acı bağırsaq kimi uzatmağın yersiz olduğunu deyir. Və mən bu gün sakitcə izlədiyim vıyıltısıyla, şaqqıltısıyla adamın canına qorxu salan leysan yağışından heyrətə gəldim. Nəysə, deyəsən oxucunun canını yetəri qədər sıxmağa başladım. Mənim “bəsirət gözümün açıldığı” o anlar hara yox oldu görəsən, məsələn dələduza ev tapmaq məsələsində necə də bəsirətli davranmışdım, ev sahibəsi qadının boynunda şişi vardı, əri dəmiryolunda işləyirdi, yaşadıqları otaq içə çatıya bitişikdi. Bundan əlavə, şəhərin yuxarı hissəsindəki meşəni özünə məskən salan, ağzından çox nadir hallarda normal qoxu yayılan avara-sərgərdan bir qadını da xatırlamaq yerinə düşər ki, həmin iri zoblu qadından ayrılaraq belə demək caizdirsə, bir dahi olaraq qarşılanacağı Münxenə yola düşərkən bizim sevimli dələduz həmin sərgərdan qadının dodaqlarından, pis qoxan nəfəsinə baxmayaraq, şirin bir öpüş qopartmışdı. Ah, Konstnaz gölünü ay işığında keçmişdi. Münxen səyahəti, bütün bu nəfəsi pis qoxan və boynunda şiş olan qadınlar dələduzun həyatının erkən dövrlərinə aid təcrübələri idi. Hələ mən onun Münxendə aldığı, sonralar bir daha heç zaman istifadə etmədiyi dəri əlcəyini demirəm. Sonra ingilis üslubu parklar gəlir ağlıma, hərçənd dələduz bu cür üslubu həddən artıq zərif hesab edirdi, açığını demək lazımdırsa onu səliqə-sahmanlı çəmənliklər yox, qaba kolluqlar, çalılıqlar daha çox cəlb edirdi. Eh, yenidən həmin boynu şişli qadınlara qayıtmaq istəyirəm. Günümüzdə sayları xeyli azalan bu eybəcər xəstəliyə mübtəla olanlara keçib, xeyli müddət əvvəl, valideynimlə gəzintiyə çıxarkən tində oturan dilənçidən, həmin dilənçinin yoldan keçənlərə sədəqə üçün uzatdığı şapkasından və bu şapkanı tutan nəhəng əlindən danışmaq istəyirəm. Bu əl həqiqətən iri, bəzi yerləri qırmızı və bəzi yerləri bənövşəyi bir külçəyə bənzəyirdi ki, indilərdə olsa heç kəs iri, iyrənc bir külçənin insanların göz zövqünü pozmasına icazə verməzdi. Hərçənd keçən zamanda inkişaf etmiş səhiyyəmizin də dəstəyilə artıq iri şişlər, külçə əllər daha əmələ gəlmədən qarşısı alınır ki, bizim də onlar üçün üzülməkdən başqa seçimimiz qalmır. Hər nəsə, bizim bu boynunda şiş olan qadın da yolçuluğa hazırlaşan macərapərəstimizə yaşla dolmuş gözlərini süzdürərək yeni yaşamında uğurlar diləmişdi. Əlbəttə irizoblunun təsadüfi bir vidalaşma anında belə mənasız teatral münasibət göstərməsi elə də yaxşı qarşılana bilməzdi, xüsusən mən məşhur bir yazarın hekayəsindəki rus knyaz kimi daim lətif, həzin şeylərin axtarışında olan birisi, bu şeylərə mülayim yanaşa bilməzdim. Hələ bizim bu sevimli Dələduzun həmin andan təsirlənərək “Yaşasın Kommunizm” bağırması kimi fiaskosunu və sonra da onun üzr istəməyə məcbur qalması kimi kədərləndirici məqamları xatırlamaq istəmirəm. Sizə xatırlatmaq istədiyim odur ki, mən də Dələduza bu ziyarətdə yoldaş olacam və bu yoldaşlıq onun mənə etiraf etdiyi utancaqlığını örtbasdır etmək kimi ilahi bir hökmə dayanır. Siz bilməlisiniz ki, cəsarətli insanların çoxsunda cəsarətdən, qürurluların çoxsunda qürurdan əsər əlamət olmur, məsələn zəif insanlar zəifliklərini etiraf edəcək gücü heç vaxt tapa bilmirlər. Qısası bizim bildiyimiz dillə zəif adlananlar əslində güclü, qəzəbli adlandırdıqlarımız nəşəli, təhqir olunmuş dediklərimiz qürurlu, lovğa bildiklərimiz isə təvazökar davranışlarla diqqətmizi çəkirlər. Məsələn, təkəbbürü, içindəki qaralmışlığı ucbatından aynanı arsız və nankor hesab edərək heç zaman ona baxmayan mən. Əlbəttə, bu etirafdan əvvəl dünyamızın lətif və mübarək insanlarına bir yazıyla müraciət edərək, onlara məndən heç bir pisliyin toxunmayacağını, bütün niyyətlərimin ən yaxşı duyğulara, ən ali məqsədlərə söykəndiyini xatırlatmaq da olardı. Amma mən hansısa güvən yaratmadan, hansısa söz vermədən yaşamağın tərəfdarıyam. Qoy insanlar məni pis biri olaraq görsünlər. Elə hesab etsinlər ki, mən özümü çirkin, daxilən çirkin biri hesab edirəm. Amma bir sual verim. Masamın üstündəki jurnallardan doğulan bir sual. Ey insanlar, bu qədər jurnalın fəxri abonent təyin etdikləri birisi heç pis biri ola bilərmi? Bəs aldığım dəstə-dəstə məktublar necə, o məktublar ki, hardasa kimlərinsə məni bütün səmiyyəti ilə düşündüklərini göstərir. Məsələn burada hansısa diqqətləlayiq bir yerə gəzintiyə, yaxud ziyarətə getsəm, bunu çox rahat və qayğısız bir mərasimə çevirərəm, üstəlik bir əlim paltomun cibində, yəni tamam laqeydliyə məxsus olan bir qədər dağınıqlıqla, məsələn tanrının yaxud şeytanın insanlar arasına çıxıb onları saya salmaması kimi. Söyləyin mənə bu davranışlar pis olmağın göstəricisidirmi? Ya da söyləməyin. Dələduzdan danışaq, bir xeyli diqqətsizlik göstərərək manna yarmasını yeməklərin ən alisi hesab edən və onunçün ləziz bir Rösti hazırlayacaq adama tapınacağını söyləyən Dələduzdan. Bəlkə də, ona qarınqulu olmaq məsələsində şər atıram, amma bu məsələlərdə xüsusi diqqətli və şəffaf yanaşmanı özümə yaraşdırmıram. İndisə o, yaşayanlar üçün ölü rəhməti qazanan həmin dul qadına qayıdaq, boynunda uru olana. Səliqəli fasadı olan, poeziyanın bütün çərçivə qaydalarına əməl olunaraq yazılmış şeir kimi bir bina qarşımdadır. 1798-i ildə şəhərimizə təşrif buyuran fransız əsgərləri, əgər boş vaxtları olubsa oz möhtəşəm dillərində bu binanı da şeirləşdirmişlər hər halda, ən azından bu şeirləşdirmənin, bu memarlıq poeziyasının mütləqliyə ümidvaram.

Yenə sizdən unutqanlığıma görə üzr istəməyəcəm, bilirəm ki, bu unutqanlıq bağışlanası bir hal deyil. Deməli belə, Dələduzun, kitab mətbəəsində zühur edərək, həmin mətbəənin sahibiylə qısa bir söhbət qaynatdıqdan sonra gəzintiyə çıxdığı, payızın duyulduğu meşədə başdan-ayağa qəhvəyi rənglərə bürünmüş bir Henri Russo tablosundakı qadınabənzər ilahi əzəmətlə qarşılaşması vardı ki, qadının qarşısında dilini udmuş kimi dayanıb, sükutun və heyrətin içində əriyən qəhrəmanımız, bu ərinmişliyin içərisində illər öncə yaşadığı bir qatar təəssüratını xatırlamış, uzaqlara axıb gedən bir qatar kimi qadına “Milana gedirəm” deməsini düşünmüşdü. Və onun bu zaman kəsiyində belə çərçivəsiz düşüncələr doğması yalnız indilərdə bir baqqalın vitrinində görsənən qəlib-qəlib şokoladları ildırım sürətiylə zövq və zamansızlıq aynasında canladırması ilə müqayisə oluna bilərdi. Uşaqların hər zaman, yəni bütün zamanların uşaqlarının yeməyi sevdikləri bu kiçik qəliblərdə Dələduz da zaman-zaman şokoladlara olan eşqində gizlənmiş uşaqlığını xatırlayır və bu xatırlanma müxtəlif periodlarda dövr edərək, müxtəlif yollar keçərək avaragorluq və sərsərilik peşəsinin ən vacib ünsürünə çevrilirdi.