18+
реклама
18+
Бургер менюБургер меню

Орхан Памук – ATAMIN BAVULU (страница 2)

18

Kitabları ilə bir otağa həbs olmuş və öncə öz içində bir gəzintiyə çıxmış yazıçı orada illər içində mükəmməl ədəbiyyatın ən vacib qanununu kəşf edəcək. Ədəbiyyat öz hekayəmizdən başqalarının hekayələri kimi və başqalarının hekayələrindən öz hekayəmiz kimi bəhs edəbilmə hünəridir. Bunu edə bilmək üçün yola başqalarının hekayələrindən və kitablarından çıxarıq. Atamın bir yazıçıya yetəcək min beş yüz kitablıq bir kitabxanası var idi. İyirmi iki yaşımda ikən bu kitabxanadakı kitabların hamısını oxumamışdım bəlkə də, amma bütün kitabları tək-tək tanıyır, hansının asan oxunan, hansının klassik, hansının dünyanın vazkeçilməz bir parçası, hansının yerli tarixin unudulacaq, amma əyləncəli bir şahidi, hansının da atamın çox önəm verdiyi bir fransız yazıçısının kitabı olduğunu bilirdim. Bəzən bu kitabxanaya uzaqdan tamaşa edər, özümün də bir gün ayrı bir evdə eyni ilə belə bir kitabxanaya, hətta daha yaxşısına sahib olacağımı, kitablardan özümə bir dünya quracağımı xəyal edərdim. Uzaqdan baxdıqda bəzən atamın kitabxanası mənə bütün ailəmin kiçik bir rəsmi kimi gəlirdi. Amma bu bizim prizmamızdan İstanbuldan baxdığımız bir dünya idi. Kitabxana da bunu göstərirdi. Atam bu kitabxananı xarici ölkələrə etdiyi səfərlərdən, xüsusilə də Parisdən və Amerikadan aldığı kitablarla, gəncliyində İstanbulda 40-cı və 50-ci illərdəki xarici dildə kitab satan dükanlardan aldıqlarıyla və hər birini mənim də tanıdığım İstanbulun köhnə və yeni kitabçılarından əldə etdikləri ilə qurmuşdu.

Mənim dünyam yerli, milli bir dünya ilə Qərb dünyasının qarışığıdır. 1970-ci illərdən başlayaraq mən də iddialı bir şəkildə özümə kitabxana qurmağa başladım. Yazıçı olmağa tam qərar verməmişdim, “İstanbul” adlı kitabımda da qeyd etdiyim kimi artıq rəssam ola bilməyəcəyimi hiss edirdim. Həyatımın nə yola girəcəyini tam olaraq bilmirdim. İçimdə hər şeyə qarşı bir maraq, hədsiz bir oxuma sevgisi və aclığı vardı. Bir tərəfdən də həyatımın bir şəkildə “əskik” olacağını, başqaları kimi yaşaya bilməyəcəyimi hiss edirdim. Bu duyğunun bir qismi eyni atamın kitabxanasına baxarkən hiss etdiyim kimi mərkəzdən uzaq olma fikri ilə, İstanbulun o illərdə hamıya hiss etdirdiyi əyalətdə yaşama duyğusu ilə bağlıydı. Bir başqa əskik həyat narahatlığı da istər rəssamlıq olsun, istər ədəbiyyat sənətkarına çox da maraq göstərməyən və ümid də verməyən bir ölkədə yaşadığımı bilməyim idi.

70-ci illərdə sanki həyatımdakı bu çatışmazlıqları aradan qaldırmaq hissi ilə böyük bir həvəslə İstanbulun köhnə kitabçılarından atamın verdiyi xərcliklə solmuş, oxunmuş, tozlu kitablar alaraq bu sahaf dükanlarının yol kənarında, məscid həyətində, dağılmış divarların ətrafında yoxsul, dağınıq və çox vaxt da insana ümidsizlik verən peşman hallarını görər və bu gördüklərim mənə oxuyacağım kitablar qədər təsir edərdi.

Ailəmdəki yerim məsələsində isə həyatda olduğu kimi ədəbiyyatda da o zamanlar hiss etdiyim əsas duyğu bu “mərkəzdə olmama” duyğusu idi. Dünyanın mərkəzində bizim yaşadığımızdan daha zəngin və cəzbedici bir həyat var idi. Mən və bütün İstanbulda yaşayanlar Türkiyə ilə birlikdə bu həyatın kənarındaydıq.

Bu hissi dünyanın böyük bir hissəsi ilə bölüşdüyümü bu gün də düşünürəm. Eyni zamanda bir dünya ədəbiyyatı mövcud idi və o da məndən çox uzaq idi. Əslində düşündüyüm Qərb ədəbiyyatı idi və biz türklər bunun da kənarında idik. Atamın kitabxanası da bunun doğru olduğunu göstərirdi. Bir tərəfdə çox sevdiyim və sevməkdən əl çəkmədiyim yerli dünyamız İstanbulun kitabları və ədəbiyyatı, digər tərəfdə isə ona heç oxşamayan, oxşamaması bizə həm kədər, həm də ümid verən Qərb dünyasının kitabları. Yazmaq, oxumaq sanki bir dünyadan çıxıb, digərinin fərqliliyi, qəribəliyi və gözəl xəyalları ilə təsəlli tapmaqdı.

Atamın da bəzən mənim kimi yaşadığı həyatdan Qərbə qaçmaq üçün roman oxuduğunu hiss edərdim. O dövrdə kitablar mənə mədəni əskiklik duyğusunu aradan qaldırmaq üçün oxuduğumuz şeylər kimi görünürdü. Ancaq oxumaq deyil, yazmaq da İstanbuldakı həyatımızdan Qərbə gedib-gəlmək kimi bir şey idi.

Atam bavuldakı dəftərlərdən çoxunu yazmaq üçün Parisə getmiş, özünü mehmanxana otaqlarına qapatmış, sonra yazdıqlarını Türkiyəyə geri gətirmişdi. Bunun da məni narahat etdiyini atamın bavuluna baxarkən hiss edərdim.

İyirmi beş il Türkiyədə yazıçı olmaq üçün özümü bir otağa həbs etdikdən sonra yazıçı olmağın, içimizdən gəldiyi kimi yazmağın, cəmiyyətdən, dövlətdən, millətdən gizlicə edilməsi lazım olan bir peşə olmasına, atamın bavuluna baxarkən artıq üsyan edərdim. Bəlkə də bu səbəbdən atama yazıçılığı mənim kimi ciddi qəbul etməməsi üçün heyfsilənirdim. Əslində atama mənim yaşadığım kimi bir həyat yaşamadığı, heç bir şey üçün kiçik bir çaxnaşmanı belə gözə almadan cəmiyyətin içində dostları və sevdikləri ilə xoşbəxt bir həyat yaşadığı üçün heyfsilənirdim. Amma “acıqlanırdım” yerinə, “heyfsilənirdim” deyə biləcəyimi, bəlkə də bunun daha doğru bir söz olacağını da bilir və kədərlənirdim.

O vaxt hər zamankı acıqlı səsimlə öz-özümə “Xoşbəxtlik nədir?” sualını verirdim. Tək-tənha bir otaqda dərin bir həyat yaşadığını zənn etməkdirmi xoşbəxtlik? Yoxsa camaatla, hər kəslə eyni şeylərə inanaraq, inanırmış kimi görünərək rahat bir həyat yaşamaqdırmı? Hər kəslə uyum içində yaşar kimi görünərkən bir tərəfdən də heç kimin görmədiyi bir yerdə, gizli bir şəkildə yazı yazmaq xoşbəxtlikdirmi, yoxsa bədbəxtlikdirmi? Bunlar çox emosional suallar idi. Yaxşı bir həyatın ölçüsünün xoşbəxtlik olduğu nəticəsinə haradan gəlmişdim? İnsanlar, qəzetlər, hər kəs həmişə ən vacib həyat ölçüsü xoşbəxtlikmiş kimi davranırdı. Yalnız bu belə tam tərsinin doğru olduğunu araşdırmağa dəyər bir mövzu olduğunu göstərmirdimi? Onsuz da bizlərdən, ailədən həmişə qaçmış olan atamı nə qədər tanıyır, onun kədərini nə qədər bilirdim? Atamın bavulunu ilk dəfə bu hisslərlə açdım. Atamın həyatında bilmədiyim bir bədbinliyə ancaq yazaraq dözə biləcəyi bir sirr ola bilərdimi? Bavulu açan kimi atamın səyahətlərini xatırladım. Bəzi dəftərləri tanıdığımı, atamın onları illərcə əvvəl mənə göstərmiş olduğunun fərqinə vardım. Tək-tək qarışdırdığım dəftərlərin çoxu atamın bizi atıb Parisə getdiyi gənclik illərində yazılmışdı. Amma mən eynilə bioqrafiyalarını oxuduğum, sevdiyim yazıçılar kimi atamın mənim yaşımda olarkən nə yazdığını, nə düşündüyünü öyrənmək istəyirdim. Qısa bir vaxtda belə bir hadisə ilə qarşılaşmayacağımı da anladım. Atamın dəftərlərində rastlaşdığım yazarlıq səsindən narahat olmuşdum. Bu səs atamın səsi deyil deyə düşünmüşdüm. Bu səs həqiqi deyildi, ya da mənim atam deyə bildiyim insana aid deyildi.

İçimdə atamın yazarkən atam olmaması kimi narahat bir hissdən daha ağır bir hiss var idi. Həqiqi olmama qorxusu, atamın yazılarını yaxşı qəbul etməməyim, atamın başqa yazıçılardan çox təsirləndiyini görmək təhlükəsini aşmış, xüsusilə gəncliyimdə olduğu kimi bütün varlığımı, həyatımı, yazmaq istəyimi və öz yazdıqlarımı mənə bildirən bir böhrana çevirmişdi.

Roman yazmağa başladığım ilk on ildə bu qorxunu daha dərindən hiss edir, ona qarşı gəlməkdə çətinlik çəkir, eynilə rəssam olmaqdan imtina etdiyim kimi, bir gün məğlubiyyətə düçar olub yazmaqdan da bu narahatlıqla imtina edəcəyimdən qorxurdum. Bavulu bağladıqdan sonra onun məndə qısa bir vaxtda oyatdığı iki əsas duyğudan danışdım; Əyalətdə olma hissi və Həqiqi ola bilmə narahatlığı.

Bu narahat duyğuları ilk dəfə yaşamırdım. Bu duyğuları, bütün genişlikləri, əks təsirləri, sinirləri, düyünləri və müxtəlif rəngləri ilə mən özümü illər boyunca oxuyub-yazaraq, masa başında araşdırmış, kəşf etmiş və dərinləşdirmişdim. Əlbəttə, onlar gəncliyimdə mənə kədərlə, həssaslıqla, tez-tez həyatdan və kitablardan yoluxan ruhi gərginliyi hiss etdirmişdi. Amma “əyalətdə olma” duyğusunu və “həqiqi olabilmə narahatlığını” onlar haqqında romanlar, kitablar yazaraq (məsələn, kənd mövzusunda “Qar”, “İstanbul”, həqiqilik narahatlığı mövzusunda isə “Mənim adım qırmızı”, ya da “Qara kitab”) bütövlükdə tanımışdım.

Mənim üçün yazıçı olmaq, içimizdə ən çox bildiyimiz gizli yaralarımızın üstündə durmaq, onları səbirlə kəşf etmək, tanımaq, ortaya çıxarmaq bu yaraları, kədərləri yazdıqlarımızın və kimliyimizin bir parçası halına gətirməkdir. Yazıçılıq hər kəsin bildiyi, amma bildiyini bilmədiyi şeylərdən bəhs etməkdir. Bu bilginin kəşfi və onun inkişaf etdirilib bölüşdürülməsi oxucuya çox tanıdığı bir dünyada heyrətlənərək səyahət etməyin zövqlərini verir. Əlbəttə, bu zövqləri bildiyimiz şeylərin bütün gerçəkliyi ilə yazarkən göstərdiyimiz cəsarətdən də alırıq. Bir otağa qapanıb illərcə hünərini inkişaf etdirən, bir aləm qurmağa çalışan yazıçı isə öz gizli yaralarından bəhs edərkən bilərək, ya da bilməyərək insan oğluna dərin bir inam göstərmiş olur.a

Başqalarının da bu yaraları yaşadığına, bu səbəbdən anlaşılacağına, insanların bir-birinə çox oxşadığına hər zaman inandım. Bütün həqiqi ədəbiyyat, insanların bir-birinə bənzədiyinə dair səmimi bir inanca sahibdir. İllərcə bir otağa qapanıb yazan biri eyni belə bir insanlığa və mərkəzi olmayan bir dünyaya səslənmək istər. Lakin atamın bavulundan və təbii olaraq İstanbulda yaşadığımız həyatın solğun rənglərindən anlaşıldığı kimi dünyanın bizdən uzaqda bir mərkəzi var idi. Kitablarımda, həqiqəti yaşamağın verdiyi Çexovsayağı kəndli hissindən və həqiqilik narahatlığından çox bəhs etdim.