Орхан Памук – ATAMIN BAVULU (страница 3)
Dünya əhalisinin böyük bir hissəsinin bu duyğularla yaşadığını, hətta daha ağırları olan əzginlik, özünə inamsızlıq və alçaldılma qorxuları ilə mübarizə apardığını özümdən bilirəm. Bəli, insan oğlunun birinci dərdi hələ də mülksüzlük, aclıq və evsizlik olaraq qalır. Mətbuat (televiziya və qəzetlər) bu əsas dərdləri bizə ədəbiyyatdan daha asan və tez bir şəkildə çatdırır.
Bu gün ədəbiyyatın araşdırması (və bəhs etməsi) vacib olan şey, insan oğlunun əsas dərdi olan “kənarda qalma” və “özünü lazımsız hissetmə qorxusu” buna bağlı dəyərsizlik duyğuları, bir camaat olaraq hiss edilən qürur sarsıntısı, kiçik görülmə qorxusu, müxtəlif narazılıqlar, küskünlüklər, bitməyən aşağı görülmə xəyalları və bunların qardaşı olan milli qürurlar və öyünmələrdir.
Çox vaxt ağıldan kənar və hədsiz duyğusal bir dillə kənara sıçrayan bu xəyalları öz içimdəki qaranlığa hər baxdıqda anlayıram. Özümü asanlıqla eyniləşdirdiyim Qərbdən kənar bir dünyada çoxluğun (cəmiyyət və millətlərin) aşağı görülmə narahatlığı və küskünlüklər səbəbi ilə müəyyən zamanlarda dəlilik həddinə çatan qorxulara apardığına şahid oluruq. Özümü eyniləşdirdiyim Qərb dünyasında da İntibahı, Aydınlanmanı, Müasirliyi kəşfi və zənginliyin hədsiz qüruru ilə millətlərin, dövlətlərin müəyyən zamanlarda dəlilik həddinə çatan bir özünübəyənmə hisslərinə qapıldığını da bilirəm.
Demək ki, yalnızca atam deyil, hamımız dünyanın bir mərkəzi olduğu düşüncəsini önəmsəyirik. Baxmayaraq ki, yazmaq üçün bizi illərcə bir otağa həbs edən şey bunun tam əksi olan inamdır. Bu, bir gün yazdıqlarımızın oxunub anlaşılacağına, çünki insanların dünyanın hər yerində bir-birinə bənzədiyinə dair bir inancdır. Bunu özümdən və atamın yazdıqlarından bilirəm. Bu, kənarda olmağın dərdli bir hissidir.
Dostoyevskinin bütün həyatı boyunca Qərbə qarşı hiss etdiyi eşq və nifrət duyğularını çox vaxt öz içimdə mən də hiss etdim. Ondan öyrəndiyim şey isə, yaxşılığın qaynağı, bu böyük yazıçının Qərbə duyduğu eşq və nifrət duyğusu ilə yola çıxıb onların ötəsində qurduğu tam başqa bir aləm oldu. Bu işə həyatını vermiş bütün yazıçılar bu gerçəyi bilirlər. Masaya oturub yazma səbəblərimizlə, illərcə ümidlə yaza-yaza qurduğumuz dünya, sonda tam fərqli bir yerdə qərarlaşır. Kədərlə, ya da acıqla oturduğumuz masadan o kədərin və acığın uzağında, tam başqa bir aləmə çatırıq. Atam da belə bir aləmə çatmış ola bilərdimi?
Uzun səyahətdən sonra çatacağımız aləm uzun bir dəniz gəzintisindən sonra duman aralanarkən bütün rəngləri ilə qarşımızda yavaş-yavaş görünməyə başlayan bir adanı görməyə bənzəyir. Bu, qərbli səyyahların cənubdan gəmi ilə yaxınlaşdıqları İstanbulu səhər duman çəkilərkən gördüklərində hiss etdikləri şeylərə bənzəyir. Ümidlə, maraqla çıxılan bu səyahətin sonunda həmin yerdə məscidləri, minarələri, tək-tək evləri, küçələri, təpələri, körpüləri, yoxuşları ilə birlikdə bütün bir şəhər, bütün bir aləm vardır.
İnsan eyni yaxşı bir oxucunun bir kitabın səhifələrində itməsi kimi qarşısına çıxan bu yeni aləmə daxil olub itmək istəyir. Acıqlı və ya bədbin olduğumuz üçün bir kənara çəkilərək masaya oturmuş və bu duyğuları yaddan çıxaran yeni bir aləm kəşf etmişik.
Uşaqlığımda, gəncliyimdə hiss etdiyimin əksinə, mənim üçün artıq dünyanın mərkəzi İstanbuldur. Mənə görə İstanbul, bütün həyatımı orada keçirdiyim üçün deyil, 33 ildir tək-tək küçələrini, körpülərini, insanlarını, itlərini, evlərini, məscidlərini, çeşmələrini, qəribə qəhrəmanlarını, dükanlarını, tanıdığım insanları, qaranlıq nöqtələri, gecələri və gündüzləri özümü onların hamısı ilə eyniləşdirərək nəql etdiyim üçün dünyanın mərkəzidir. Bir nöqtədən sonra xəyal etdiyim bu dünya gerçəyə çevrilir. O zaman bütün o insanlar və küçələr, əşyalar öz aralarında söhbət etməyə, sanki öz aralarında mənim əvvəllər hiss etdiyim əlaqələri qurmağa, xəyalımda və kitablarımda deyil, özləri ilə birlikdə yaşamağa başlayarlar. O zaman mənə iynə ilə quyu qazaraq, səbirlə xəyal edərək qurduğum bu aləm hər şeydən daha gerçək görünür. Atam da bəlkə illərini bu işə vermiş yazıçıların sevinclərini kəşf etmişdi. Bavuluna baxarkən onun barədə əvvəlcədən fikir yürütmək istəmirdim. Ona həm də əmr verən, qadağa qoyan, əzən, cəzalandıran bir ata olmadığı, məni hər zaman müstəqil buraxdığı, mənə hər zaman böyük hörmət bəsləyib anladığı üçün də minnətdar idim. Uşaqlıq və gənclik dostlarımdan fərqli olaraq ata qorxusu bilmədiyim üçün xəyal gücümün müəyyən vaxtlarda azad olacağına inanmış, bəzən də atam gəncliyində yazıçı olmaq istədiyi üçün yazıçı ola bildiyimi ürəkdən düşünmüşdüm. Onu anlayışla oxumalı, mehmanxana otaqlarında yazdıqlarını anlamalıydım.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.