Орхан Памук – ATAMIN BAVULU (страница 1)
Orhan Pamuk
ATAMIN BAVULU
Orhan Pamuk / BABAMIN BAVULU
Bakı, Qanun Nəşriyyatı, 2013 100 səhifə. 1000 tiraj
Türkcədən tərcümə: Emin Əliyev
Nəşriyyat redaktoru: Xalid Kazımlı
Korrektorlar: Gülnar Elşənqızı,
Tünzalə Xəlilqızı
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
ISBN 978-9952-26-574-3
© Qanun Nəşriyyatı, 2013
© İletişim Yayıncılık A.Ş., 2007
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu» na ziddir.
Atamın bavulu
Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi. Həmişəki zarafatcıl ədası ilə məndən onları ölümündən sonra oxumağımı xahiş etdi. Utanaraq belə dedi: “Bir bax bəlkə gələcəkdə işinə yarayacaq nəsə olar bavulda. Bəlkə məndən sonra seçər və nəşr etdirərsən”.
Yazı otağımda, kitabların arasında söhbət edirdik. Atam sanki ona əzab verən bir yükdən qurtulmaq istərmiş kimi bavulu hara qoyacağını bilmədən yazı otağında dolaşmağa başladı. Sonra əlindəki bavulu gözə çarpmayan bir yerə qoydu. Bizi utandıran bu unudulmaz an bitər-bitməz ikimiz də hər zamankı rollarımıza, həyatı daha yüngül qəbul edən, zarafatcıl ədamıza geri dönərək rahatlaşdıq. Həmişəki kimi havadan, sudan, həyatdan, Türkiyənin bitib-tükənməz siyasi dərdlərindən və atamın çoxu müvəffəqiyyətsizliklə nəticələnənişlərindən çox da kədərlənmədən danışdıq.
Atam getdikdən sonra bavulun ətrafında bir neçə gün ona heç toxunmadan aşağı-yuxarı gəzdiyimi xatırlayıram. Kiçik, qara, dəri bavulu, qıfılının yuvarlaq kənarlarını uşaqlığımdan bəri tanıyırdım.
Atam səyahətə gedərkən və bəzən də evdən işə nəsə daşıyarkən həminbavulu özü ilə aparırdı. Uşaq ikən bu kiçik bavulu açıb səfərdən qayıdan atamın əşyalarını qarışdırdığımı, içindən ətrafa yayılan ətir və xarici ölkə qoxusundan ləzzət aldığımı xatırlayıram. Bu bavul mənim üçün uşaqlıq xatirələrindən də çox şey ifadə edən, tanıdığım cəzbedici bir əşya idi, amma nədənsə indi ona toxuna bilmirdim. Niyə?
Əlbəttə ki, bavulun içindəki gizli yükün əsrarəngiz ağırlığı üzündən. Bu ağırlığın mənasından danışacağam.
Bu, bir otağa qapanıb, bir masaya oturub, kənara çəkilərək kağızla, qələmlə özünü ifadə edən insanın etdiyi şeyin, yəni ədəbiyyatın mənası deməkdir. Atamın bavuluna toxunub onu aça bilmirdim, amma içindəki dəftərlərin bəzilərindən xəbərdar idim. Dəftərlərə bir şeylər yazarkən atamı görmüşdüm. Bavulun içindəki ağırlıq ilk dəfə hiss etdiyim bir şey deyildi.
Atamın böyük bir kitabxanası var idi. Gənclik illərində, 40-cı illərin sonunda İstanbulda şair olmaq istəmiş, Valerini türkcəyə tərcümə etmiş, lakin oxucunun onsuz da az olduğu bir ölkədə şeir yazıb ədəbi bir həyatın çətinliklərini yaşamaq istəməmişdi.
Atamın atası, yəni babam zəngin bir iş adamı idi. Atam rahat bir uşaqlıq və gənclik həyatı keçirmişdi. Ədəbiyyat üçün, yazı üçün çətinlik çəkmək istəmirdi. Həyatı bütün gözəllikləri ilə sevirdi. Onu anlayırdım. Məni atamın bavulunun içindəkilərdən uzaqlaşdıran birinci qorxu, əlbəttə ki, oxuduqlarımı bəyənməmə qorxusu idi. Atam da bunu bildiyi üçün tədbirini almış, özünü bavulun içindəkiləri ciddi qəbul etmirmiş kimi göstərmişdi. İyirmi beş illik yazıçılıq həyatımdan sonra bunu görmək məni kədərləndirirdi, amma ədəbiyyatı yetərincə ciddiyə almadığı üçün atama təəssüflənmək istəmirdim. Əsl qorxum atamın yaxşı bir yazıçı olması ehtimalı idi. Atamın bavulunu sırf bu səbəbdən açmaqdan qorxurdum. Bunun səbəbini özümə söyləyə bilmirdim.
Atamın bavulunndan həqiqi, böyük bir ədəbiyyat çıxarsa, onun içində bir başqa adam olduğunu qəbul etməli olacaqdım. Bu mənim üçün qorxunc idi. Çünki mən o irəliləmiş yaşımda belə atamın yazıçı olmasını deyil, yalnızca atam olmasını istəyirdim. Mənim üçün yazıçı olmaq, insanın daxilindəki gizli ikinci insanı, o insanı var edən aləmi səbirlə, illərcə çalışaraq kəşf etməkdir. Yazı dedikdə gözümün önünə öncə romanlar, şeirlər, ədəbiyyat deyil, bir otağa qapanıb, masaya oturub, təkbaşına öz içinə dönən və bu zaman özünə kəlmələrdən yeni bir aləm quran insan gəlir. Bu insan (kişi və ya qadın) makinadan və ya kompyuterdən faydalana, ya da mənim kimi otuz il boyunca dolma qələmlə kağız üstünə əl ilə yaza bilər. Yazdıqca kofe, çay içər, ya da siqaret çəkər. Bəzən masadan qalxıb pəncərədən küçədə oynayan uşaqlara, bəxti gətiribsə ağaclara, mənzərəyə və ya divara baxar. Şeir, pyes, ya da mənim kimi roman yazar.
Bütün bu müxtəlifliklər əsl fəaliyyətdən, masaya oturub səbirlə öz içinə dönməkdən sonra gəlir. Yazı yazmaq bu işə qapanışı kəlmələrə keçirmək, insanın öz içindən gerçək yeni bir aləmi səbirlə, inadla və sevinclə araşdırmaqdır. Mən boş səhifəyə yavaş-yavaş yeni kəlmələr əlavə edərək masamda oturduqca, günlər, aylar, illər keçdikcə özümə yeni bir aləm qurduğumu, içimdəki bir başqa insanı eyni bir körpünün, ya da bir minarənin daşlarını üst-üstə qoyan biri kimi ortaya çıxardığımı hiss edərəm. Biz yazıçıların daşları kəlmələrdir, onları ələyərək, bir-biri ilə əlaqələrini hiss edərək, bəzən uzaqdan baxıb seyr edərək, bəzən barmaqlarımızla və qələmimizin ucu ilə sanki onları sığallayaraq və ağırlıqlarını ölçərək yerləşdirə-yerləşdirə illərcə inadla, səbirlə və ümidlə dolu dünyalar yaradırıq.
Mənim üçün yazıçılığın sirri haradan gəldiyi bəlli olmayan həvəsdə deyil, inad və səbirdədir. Türkcədə istifadə edilən o gözəl misal “iynə ilə quyu qazmaq” mənə sanki yazıçılar haqqında söylənmiş kimi gəlir. Qədim nağıllardakı eşqi üçün dağları yaran Fərhadın səbrini sevirəm və anlayıram. “Mənim adım qırmızı” adlı romanımda həvəslə eyni atın rəsmini illərcə çəkə-çəkə əzbərləyən, hətta gözəl bir atı gözübağlı rəsm edən qədim iranlı nəqqaşlardan danışarkən yazıçılıq sənətindən, öz həyatımdan danışdığımı da bilirəm. Öz həyatını başqalarının hekayəsi olaraq yavaş-yavaş nəql edə bilməsi, bu nəql gücünü içində hiss edə bilməsi üçün mənə elə gəlir ki, yazıçının masa başında illərini bu sənətə səbirlə verib bir xeyir tapması gərəkdir.
Kiminə heç gəlməyən, kiminə tez-tez gələn “ilham mələyi” bu inamı və yaxşılığı sevər və yazıçının özünü yalnız hiss etdiyi səylərinin, xəyallarının və yazdıqlarının dəyərindən ən çox şübhəyə düşdüyü anda, yəni hekayəsinin yalnızca öz hekayəsi olduğunu düşündüyü zaman ona içindən çıxdığı dünya ilə qurmaq istədiyi aləmi birləşdirən hekayələri, rəsmləri, xəyalları sanki bəxş edər. Bütün həyatımı verdiyim yazarlıq sənətində mənim üçün ən sarsıdıcı duyğu məni hədsiz xoşbəxt edən cümlələri, xəyalları, səhifələri özümün deyil, sanki başqa bir gücün mənə comərdliklə verdiyini zənn edirəm.
Atamın bavulunu açıb dəftərlərini oxumaqdan qorxurdum, çünki mənim çəkdiyim sıxıntılara onun əsla girməyəcəyini, yalnızlığı deyil, dostları, insanları, salonları, zarafatları, camaata qarışmağı sevdiyini bilirdim. Sonra başqa bir düşüncəyə qapıldım. Bu düşüncələr, əzablar və xəyallar mənim həyat və yaradıcılıq təcrübələrimdən çıxardığım öz düşüncələrim də ola bilərdi. Çoxluğun, ailə həyatının və camaatın içində sevinclə yazmış bir çox yazıçı da var idi.
Atam biz uşaq olanda (qardaşım və mən) ailə həyatından sıxılaraq bizi tərk etmiş, Parisə getmiş, mehmanxana otaqlarında bir çox yazıçı kimi dəftərlər doldurmuşdu. Bavulun içində o dəftərlərin bir qisminin olduğunu da bilirdim, çünki bavulu gətirməzdən əvvəl atam həyatının həmin dövrü barədə mənə artıq danışmağa başlamışdı. Uşaqlığımda da o illər barədə danışardı, amma öz əzginliyindən, şair-yazıçı olmaq istəyindən, mehmanxana otaqlarındakı sıxıntılarından bəhs etməzdi. Paris küçələrində tez-tez Sartrı gördüyünü, oxuduğu kitabları və gördüyü filmlərdən çox vacib xəbərlər verən biri kimi həyəcanla və həvəslə danışardı. Yazıçı olmağımda paşalardan və dini rəhbərlərdən çox, evdə dünya yazıçılarından danışan bir atanın olmasının payını, əlbəttə, yadımdan çıxarmazdım.
Bəlkə də atamın dəftərlərini bunu düşünərək onun kitabxanasına çox şey borclu olduğumu xatırlayaraq oxumalıydım. Bizimlə birlikdə yaşarkən atam (eyni mənim kimi) bir otaqda yalnız qalıb kitablara, düşüncələrə və xəyallara qərq olardı. Üzündə zarafatlarla və kiçik çəkişmələrlə gedən ailə həyatı sırasında gördüyümdən tam fərqli bir ifadə, daxilə üz tutmuş bir baxış canlanardı. Bundan, xüsusilə uşaqlıq və ilk gənclik illərimdə atamın hüzursuz olduğunu anlar və narahat olardım. İllər sonra indi bu narahatlığın insanı yazıçı edən əsas motivlərdən biri olduğunu anlayıram. Yazıçı olmaq üçün səbir və dərddən öncə içimizdəki çoxluqdan, camaatdan, gündəlik adi həyatdan, hər kəsin yaşadığı şeylərdən qaçıb bir otağa qapanma həvəsi olmalıdır. Səbir və ümidi yazı ilə özümüzə yeni bir dünya qurmaq üçün istərik. Amma bir otağa, kitablarla dolu bir otağa qapanma istəyi bizi hərəkətə keçirən ilk şeydir. Bu kitabları həvəslə oxuyan, yazınca öz vicdanının səsini dinləyərək başqalarının sözləri ilə mübahisə edən və kitablarla danışa-danışa öz düşüncələrini və aləmini quran, azad, müstəqil yazıçının ilk böyük nümunəsi, müasir ədəbiyyatın başlanğıcı Montendir. Monten atamın da tez-tez oxuduğu, mənə oxumağımı məsləhət gördüyü bir yazıçı idi. Özümü dünyanın harasında olursa-olsun, istər Şərqdə, istər Qərbdə camaatdan qopub özlərini kitablarla dolu bir otağa qapadan yazıçılar ənənəsinin bir parçası olaraq görmək istərdim. Mənim üçün həqiqi ədəbiyyatın başladığı yer kitablarla özünü bir otağa həbs edən insandır, amma özümüzü həbs etdiyimiz otaqda zənn edildiyi kimi yalnız deyilik. Biz başqalarının sözü, başqalarının hekayələri, başqalarının kitabları, yəni ənənə dediyimiz şeylərlə birlikdəyik. Ədəbiyyatın insan oğlunun özünü anlamaq üçün yaratdığı ən dəyərli kəşf olduğuna inanıram. İnsan topluluqları, qəbilələr, millətlər ədəbiyyatlarını önəmsədikləri, yazıçılarına qiymət verdikləri ölçüdə zənginləşir və yüksəlirlər. Hamımızın bildiyi kimi kitab yandırmaq, yazıçıları təhqir etmək millətlər üçün qaranlıq və ağılsız zamanların xəbərçisidir. Lakin ədəbiyyat üçün zaman yalnızca milli bir mövzu deyil.