Низами Гянджеви – Yeddi gözəl (страница 3)
Ovdan qayıdan hər kəs öz mənzilinə getdi. Bəhramın bugünkü şöhrəti şəhərə yayıldı. Münzir əmr verdi Xəvərnəq qəsrində həmən şir ilə şikarının və şahzadə Bəhramın atın üstündə şikar elədiyi vəziyyətdə şəklini divara kəsb etdilər.
Bir gün yenə həmən qaydada ova çıxmışdılar. Səhranın hər tərəfinə at salıb ov etməyə məşğul idilər. Bəhram özü səhranın bir tərəfinə təkcə keçmişdi. Münzir və onun atlıları başqa tərəfdə şikarda idilər. Təsadüfən o səhrada bir dağ eşşəyi göründü. Onun qarnının altı qar kimi ağ, beli ləl kimi qırmızı, digər hissələri başdan-ayağa naxışlı və bəzəkli idi. Bəhram onu diri tutmaq fikri ilə kəməndi əlinə alıb dalınca at saldı. Heyvan öz ovçusunu görəndə əl-ayağını yığışdırıb üz qoydu qaçmağa. Gurun gözəlliyindən vəcdəyə gəlmiş Bəhram öz-özünə dedi: “Bu şikarı ovlamayınca qayıtmaram”.
Bu arzu ilə ovun dalınca dörd ağaca qədər at çapdı. Bəhram günün qüruba endiyini və ovun da ələ gəlmədiyini görəndə çox məlul və məhzun oldu. O, gurun bu cür rəftarından təəccüb etdi. Düşündü ki, əcəba, bu sehrdir və ya ki bir başqa şeydir? Bəhram da, gur da yorulmuşdu. Onlar böyük bir dağa yetişdilər. Dağın döşündə bir mağara var idi. Bəhram o mağaraya nəzər salan vaxt gur qeyb oldu. Əlli qədəm qalmışdı ki, mağaraya yetişsin, Bəhramı bir hərarət bürüdü, atı qulaqlarını şəklədi. O, çox fikirləşdi, sonra atdan düşüb özünü mağaranın qapısına yetirdi. Mağaranın içinə baxanda gördü ki, qatran kimi qara və böyük bir əjdaha dal pəncələri üstə oturub gözləri od şöləsi kimi işıq saçır, ağzından tüstü kimi buxar qalxır. Elə ki Bəhram qəfildən bu bəlanı gördü, qəlbinə vahimə düşdü. Qaçmağı şəninə sığışdırmayıb cəsarətləndi və öz-özünə düşündü: “Bu bəlanı mən necə dəf edim, bu nə qəribə vəziyyətdir ki, mən tamaşa eləyirəm, gur haraya getdi, yoxsa bu əjdaha bir tilsimdir?”
Fərasətinin çoxluğundan xeyli götür-qoy elədi və belə qərara gəldi:
– Əlbəttə, bu gur öz gözəlliyi ilə məni aldadıb və qabağıma düşüb bu yerə gətirdi. Ola bilsin ki, əjdaha o heyvana əziyyət verib. Çox güman ki, əjdaha onun balasını tələf eləyib, hər halda bu əjdahadan intiqam almalıyam və bu bəlanı o heyvanın başından dəf etməliyəm.
BƏHRAMIN ƏJDAHANI ÖLDÜRMƏSİ
Sonra Bəhram kamanı əlinə aldı və bir ox çilləyini kamana qoyub, əjdahanın hər iki gözünü nişan aldı. Ox çilləyi kamandan çıxdı, düz gəlib əjdahanın gözünə dəydi. Əjdaha oxun zərbindən elə bir nərə çəkdi ki, mağara lərzəyə gəldi. Qılıncını qınından çıxarıb mağaranın içinə daxil oldu. Var gücü ilə qılıncı əjdahanın boynundan burub başını bədənindən ayırdı. Bəhram əjdahanın başını bədənindən ayırandan sonra onun qarnını cırdı və gurun iki balasını əjdahanın qarnında gördü. Gurun intiqamını aldığına görə Bəhram şad oldu. O, əjdahanın işini bitirəndən sonra mağaradan eşiyə çıxdı, atını minib qayıdanda yenə də o guru gördü. Gur gəlib mağaraya daxil oldu. Bəhram Gurun dalınca mağaraya girdi. “Əcaba, yenə nə isə başqa bir sirr vardır, bu gur yenə intiqam almaq istəyir?” – deyə düşündü. Bu fikirlə mağaranın içərilərinə, bir yerə yetişdi, gördü ki, burada çoxlu cavahirat var. Məlum oldu ki, gur o cavahiratı Bəhrama göstərmək üçün mağaraya daxil olmuşdur. Bu mətləbi anlayan kimi Bəhram şad oldu. Cavahiratın hamısını gözdən keçirdi, mağaradan eşiyə çıxıb öz atına mindi. Mağaranın yerini itirməsin deyə oraya bir nişan qoyan əsnada Münzir şah öz atlıları ilə yetişdi. Hamısı Allah-taalaya çox şükür eylədi. Bəhram da Münziri görüb çox xoşhal oldu. Hər ikisi atdan düşüb mağaraya daxil oldu. Bundan sonra Bəhram bütün cavahiratın yerini Münzirə nişan verdi və əhvalatı əvvəldən-axıra kimi ona danışdı. Münzir ürək dolusu Bəhramın şücaət və qüdrətinə, “Afərin” – dedi. Gecədən çox getmişdi. Onlar qərara aldılar ki, elə orada gecəni səhər eləsinlər və günəş çıxan vaxtı hərəkətə başlasınlar. Səhərə yaxın bir neçə atlı göndərib şəhərdən dəvə və qatır gətirtdilər. Cavahiratı dəvələrə yükləyib şəhərə yola düşdülər. Vilayətin bütün camaatı bu əhvalatı eşitdikdə böyükdən-kiçiyə – hamı şəhərdən çıxıb o əjdahanın tamaşasına getdi. Münzir əmr elədi bir qabiliyyətli şəkilçəkən gətirdilər. Bəhram və əjdahanın əksini çəkdilər və gətirib imarətin bir guşəsindən asdılar. Bəhram qayıdıb imarətə daxil olan kimi oranı gəzməyə başladı. Bu otaqdan o otağa, bu mərtəbədən o mərtəbəyə keçdi. Bir otağa yetişib gördü ki, onun qapısını möhkəm bağlayıblar. Bilmirdi ki, orada nə var. Saraydardan sual eylədi ki, bu otağın qapısını nəyə görə bağlamısınız, burada nə var?
BƏHRAMIN QIZLARIN ŞƏKLİNİ GÖRMƏSİ
Saraydar dua və səna edəndən sonra ərz elədi ki, bu imarət tikilib qurtarandan sonra bu otağın qapısına qıfıl vurublar. Amma tapşırıblar ki, bu otağın açarını səndən başqa heç kəsə verməyim. Neman şah və Simnardan başqa heç kəs bu otağın içini görməyib və məlum deyil ki, onun içərisində nə vardır! Bəhram saraydarın sözündən təəccübləndi. “Əlbəttə, bu otaqda bir sirr var: ona görə belə möhkəm tapşırıblar ki, açarı məndən savayı kimsəyə verməsin” – deyə düşündü. Açarı saraydarın əlindən alıb, qapını açdı. Elə ki otağın içərisinə qədəm qoydu, Bəhramın qəlbini bir dəhşət sardı, çünki otaqda yeddi bəzəkli taxt qoyulmuşdu. Taxtlardan hər birinin üstündə tayı-bərabəri olmayan bir məhliqa bir qız əyləşmişdi.
BƏHRAMIN YEDDİ QIZA AŞİQ OLMASI
Elə ki Bəhramın gözləri o qızların camalına sataşdı, cani-dildən aşiq olub taqətini itirdi. Bir saata qədər otağın divarına söykənib heyran-heyran baxdı. Nəhayət, özünə toxtaqlıq verib irəli getdi və gördü ki, o qızlar heykəlidir. Lakin adama elə gəlirdi ki, onlar həqiqi insandırlar, taxtın üstündə əyləşib söhbət eləyirlər. Bəhram diqqətlə və heyrətli baxışlarla o qızlara baxıb gördü ki, onlar bir-birindən gözəldilər, heç birində eyib yoxdur. Qızların məhəbbəti Bəhramın qəlbində özünə yurd saldı. Biçarə Bəhram birdən-birə yeddi qıza aşıq oldu. Bəhram onlara elə vuruldu ki, səbir və qərarı əlindən getdi, bihuş olub yerə yıxıldı. Bir saatdan sonra huşa gəlib heykəllərə heyran-heyran baxdı. Baxışlarını qaldırıb yuxarı baxanda gördü ki, hərəsinin başının üstündə bir lövhə asılıb. Qabağa gedib əvvəlinci lövhəni əlinə aldı, oxuyanda gördü ki, qızın adı Nurəkdi. O, hind padşahının qızıdır. İkinci qız Yəqmənazdır və o Çin xaqanının qızıdır. Üçüncünün adını Nazpəri yazıblar ki, o, Xarəzm padşahının qızıdır. Dördüncüdə Nəsrinnuş yazılıb, Dəslab şahının qızıdır. Beşinci lövhədə və Dürrüəstə yazılıb, Kəsra padşahının qızıdır. Altıncı lövhədə Humay yazılıb, Rum Qeysərinin qızıdır. Yeddinci lövhə Azəryuna aiddir, Məğrib padşahının qızıdır.
Bəhram o qızların və atalarının adlarını biləndə heyrəti artdı; ətrafına baxanda gördü bir böyük lövhə də otağın başqa tərəfində vardır və burada yazılıb ki, zirək və elmi çox olan münnəcimlər və ulduzşünaslar xəbər veriblər ki, Bəhramın bəxti xoşbəxtdır. Bəhram-Gur Allahın təqdiri və yeddi ulduzun hökmü ilə yeddi iqlimə malik və yeddi padşahın yeddi qızına sahib olacaqdır. Bəhram həmən lövhədən xəbərdar olduqdan sonra özündə bir şadlıq və xoşbəxtlik, tərifəgəlməz bir məğrurluq və özündənrazılıq hiss etdi. Allahın dərgahına şükür etdi, ondan köməklik istədi ki, öz arzusuna yetişsin. Ondan sonra yenə bir-bir o qızlara tamaşa etməyə başladı. Onlardan birini seçmək istədi, ancaq gördü ki, bu mümkün deyil. Xülasə, o yeddi qızın hamısını bəyəndi. Onların məhəbbəti Bəhramın ürəyinə elə əsər elədi ki, o, şəkillərə büt kimi sitayiş elədi və heykəllərin yanında əyləşib ahu-zara məşğul oldu. Çox ağlayandan sonra bunun faydasız olduğunu düşündü. “Gərək ağıllı tədbir tökəsən ki, məqsədə çatasan” – deyə qərarlaşdırdı. Sonra otaqdan eşiyə gəldi. Qapıları qıfılladı, açarı cibinə qoydu. Bu sirri bir kəsə açmadı.
YƏZDİGÜRDÜN ÖLMƏSİ
Öz adəti üzrə atına minib şikara gedib və eyş-işrətə məşğul olurdu. Bəzi vaxtlarda kimsənin xəbəri olmadan tək və tənha o otağa gələr və heykəllərin qənşərində durub deyərdi:
– Ey şux şəkillər, sizin camalınızın vüsalı nə vaxt mənə qismət olacaq? Taqətim, səbri-qərarım əlimdən getdi axı!
Xülasə, bu cür sözlərdən deyib gah şad və gah da kədərli olardı. Elə ki on beş yaşına çatdı, günlərin birində Münzirlə söhbət əsnasında Bəhram dedi:
– Çoxdandır ki, atamın əhvalından xəbərim yoxdur, bilmirəm məni unudub, yoxsa başqa bir səbəb vardır.
Münzir şah onun cavabında dedi:
– Yox, belə deyil, olsun ki, işlərinin çoxluğundan və səltənət işinə başı qarışdığından belədi.
Bəhram Münzirin bu sözlərini qəbul etmədi, həmən saat bir nəfər qasid müəyyən eləyib İran tərəfə yola saldı. Qasid biz az zamanda özünü İrana yetirib Bəhramın hüzuruna qayıtdı. O, çox qəmgin və pərişanhal idi. Bəhram onun əhvalını belə görəndə çox məyus və məhzun oldu. Qasid nə bilirdisə, nə eşitmişdisə, söyləməkdən başqa bir çarə tapmadı. Qasid dedi:
– İrana getdim, şəhərə daxil olmamışdan bir nəfər öküz otaran gördüm və şəhərin vəziyyətini ondan soruşdum. Öküz otaran məni görüb dedi:
– Sən qəribsən, mən sənə deyim, gəl bu şəhərə daxil olma, şəhərə daxil olan hər qəribi tutub həbs eləyirlər və bir də buraxmırlar. Mən bunun səbəbini öküz otarandan soruşdum, dedi ki, daha bundan sonra söz deməyə haqqım yoxdur. Mən onun sözündən götür-qoy eləyib qərar qoydum ki, yaxşısı budur, gedim bir guşədə gizlənim. Kimsə məni görməsin, axşam düşəndə şəhərə daxil olum və bu mətləbi öyrənim. Xülasə, bu məqsədlə gedib bir guşədə gizləndim. Gecə özümü bir kəsə nişan verməmiş daxil oldum. Qəriblər kimi deyil, şəhər əhli kimi saymazyana şəhərdə dolandım. Qədimdən o şəhərdə bir dostum var idi. O dostumla görüşməyə getdim. Elə ki qarşısında məni gördü, şadlıqla salam verdi, evinə apardı, şəhərə necə girdiyimi soruşdu. Onların hamısını ona danışdım və nə üçün şəhərə daxil olmağa mane olduqlarını soruşdum. Dostum ah çəkib dedi: