18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Yeddi gözəl (страница 2)

18

NEMAN ŞAHIN YOLA DÜŞMƏSI

Neman şah bu mətləbi anlayıb qızılları qəbul etmədi və dedi:

– Məndə də bu qədər qızıl vardır.

Padşah nə qədər israr elədi, Neman şah qəbul etmədi. Səhəri gün yola düşdülər. Padşah özü də atlanıb onları bir neçə ağaclıq yolda müşayiət elədi və ağlar göz, yanar ürəklə qayıdıb səltənət təxtinə əyləşdi. Neman şah iki mənzili bir edib, Yəmənin yaxınlığına yetişdi. Elə ki bu xəbər Neman şahın oğlu Münzirə yetişdi, böyük izzət və ehtiram ilə atasının pişvazına çıxdı. Şahzadə Bəhramı gətirdiyindən çox şad və xürrəm oldu. Nəhayət, böyük dəbdəbə və cəlal ilə Yəmən şəhərinə daxil oldular. Bəhram və onun anasına öz evində yer verib, özü başqa mənzilə getdi. Neman şahın oğlu Münzir Bəhramı görməyindən çox şad və məmnun oldu. Onun məhəbəti qəlbində yuva saldı. Belə ki bir gündə üç dəfə Bəhramı görməsəydi, könlü aram olmazdı. Bir gün Neman şah öz oğlu Münziri yanına çağırıb belə dedi:

– Ay mənim oğlum, ay mənim gözümün işığı, mənim qəlbim Bəhrama tərbiyə verməkdən ötrü iztirab içindədir. Ona görə ki, şəhər çox istidir, Bəhramın vücudu isə incə və lətifdir. Buranın istiliyinə dözə bilməz. Bundan ötəri səni çağırdım ki, bu şəhəri ətrafını gəzib ab-havası əlverişli olan bir yer tapasan ki, Bəhramı orada saxlayaq. Münzir dua-səna eləyəndən sonra dedi:

– Mən də belə xəyal edirəm ki, möhtərəm Şəhriyarın icazəsi ilə məhz özüm gəzib bir münasib yer axtarım.

Xülasə, o, atasının xidmətindən çıxıb bir neçə sərkərdə ilə yola düşdü. Şahzadə on gün Yəmən şəhərinin ətrafında dolanandan sonra abu-havası gözəl olan bir yer müəyyənləşdirdi. Padşahın xidmətinə qayıdıb, vəziyyəti danışdı. Padşah atlanıb, Münzirin tapdığı yerə getdi. O, doğrudan da, abu-havası xoş olan bir yer gördü. Bütün gələnlər bu yerin çox əlverişli olduğunu təsdiq etdilər. Ətrafı nəzərdən keçirib qəsri çox şəfalı olan təpənin üstündə tikməyi məsləhət gördülər. Mühəndis və bənnalar təpənin ətrafını dolanandan sonra bildirdilər ki, onlar padşahın arzu etdiyi binanı tikməkdə acizdirlər, belə bir binanın öhdəsindən gəlmək hər mühəndisin işi deyil. Neman şah onların qərarından qəmləndi və sual etdi ki, təklifiniz nədir?

BƏNNA SİMNARIN GƏLMƏSİ

Padşahın cavabında dedilər:

– Rum məmləkətində adlı-sanlı bir bənna vardır. Tayı-bərabəri olmayan bu bənna dünyada məşhurdur. Adı Simnar olan bu bənnanın tikdiyini özündən qeyri-bir kəs tikə bilməz.

Neman şah bu xəbərdən çox xoşhal oldu və həmən saat o bənnanın tapılıb yanına gətirilməsi əmrini verdi. Simnara çoxlu xələt ayırdı, vədələr verdi və dalınca adam göndərib onu Yəmənə çağırdı. Gedənlər bir az zamanda Rum vilayətinə yetişdilər, axtara-axtara Simnarı tapdılar. Vəziyyəti əvvəldən-axıra kimi ona nağıl elədilər və dedilər ki, əgər sən Neman şahın arzusunu yerinə yetirsən, səni dünya malından qane eləyəcək. Simnar çox məmnun və şad olub yol tədarükü gördü və ardınca gələn adamlarla Yəmənə yollandı. Onların gəlişini Neman şaha xəbər verdilər. Neman bu xəbərdən şadlanıb əmr elədi ki, Simnarı yanına gətirsinlər. Padşah Simnardan əvəzi olmayan bir imarət tikməsini xahiş etdi. Neman şah atlandı. Simnarla birlikdə imarət tikiləcək yerə gəldilər. Simnar o yeri dolanıb Nemana bildirdi ki, tikəcəyi imarət onun ürəyincə olacaq. Neman şah lazım olan alət və ləvazimatı hazırlamağı əmr etdi. Nəhayət, Simnar imarəti tikməyə başladı. O, bütün səy və bacarığı ilə beş il müddətində binanı tikib qurtardı. Çox uca, növbənöv cavahirat ilə ali imarət günəş şüasından rəngini dəyişdirdi. Günəş şüası düşən zaman bir kimsə o imarətə baxa bilməzdi, gözləri qamaşardı. On iki saatlıq gündüzdə rənglər bir-birini əvəz edir, abi, ağ və sarı rəngə düşürdü. Günəş günorta yerinə gələndə onun rəngi sarı, qızıl kimi və günün qürub vaxtı gümüş kimi ağ olurdu. Onun adı indi də dünyada qalır. Ona məşhur Qəsri-Xəvərnəq deyirlər.

Xülasə, Simnar elə bir qəsr tikdi ki, Neman şah ömründə onun bənzərini nə görmüş, nə də eşitmişdi. O, Simnarı xələt və nəvaziş ilə elə xoşhal və şad elədi ki, Simnar özünü Neman şahın qədəmlərinə saldı, çox dua-səna eləyib dedi:

– Əgər əvvəldən bilsəydim ki, mənə bu qədər ehsan edəcək və nəvaziş göstərəcəksiz, bundan da yaxşı bir qəsr tikməyə səy edərdim. Tikdiyim bu qəsr gündə üç rəng ilə cilvələnirsə, o, hər gündə on rəngə düşərdi.

Neman bu kəlamı Simnardan eşidəndə əhvalı xarablaşdı və dedi:

– Niyə bəs dediyin kimi tikməmisən?

Neman şah xəyal eylədi ki, onun zəhməti hədərə getdi. Madam ki, Simnar bundan da yaxşı qəsr tikməyə qadirdir. Xəyal etdi ki, başqa padşahlar bu qəsrdən xəbər tutsalar, Simnarı aparıb bundan da yaxşı bir qəsr tikdirəcəklər. Neman əmr elədi, Simnarı qaldırdılar tikdiyi qəsrin başına və o biçarəni qəsrin başından aşağı atdılar.

Simnarın məsələsi həll olunduqdan sonra Neman şah əmr etdi şahzadə Bəhram Ərdəşiri anası ilə birlikdə həmən qəsrə gətirdilər.

Şahzadə Bəhram altı yaşına çatanda Xəvərnəq qəsri hər yerdə şöhrət tapmış, bütün məmləkətlərdə məşhur olmuşdu. Qəsri görən hər kəsi heyrət bürüyürdü. Simnarın hünərinə hamı afərin söyləyirdi. Belə zirək və qabil bənnanı öldürdüyü üçün qəsrin ətrafında gül-çiçək, reyhan və nəbatat əkmiş, behişt kimi baxçalar salmışdılar. Güllərin iyi uzaqdan-uzağa adamı bihuş eləyirdi, xüsusən, sübhün yeli əsəndə gül və reyhanın ətri ətraf şəhərləri cənnətə döndərirdi.

NEMAN ŞAHIN SƏHRAYA ÜZ TUTMASI

Xülasə, tikilmiş bu qəsrdə Bəhrama tərbiyə verirdilər. Neman şah bir saatını da Bəhramı görmədən keçirməzdi. Bu qərarla bir neçə zaman keçdi.

Bir gün Neman şah öz vəziri ilə həmən qəsrdə əyləşmişdi. Onlar qəsrin xoş ab-havasından, tamam yer üzərində belə bir qəsrin və imarətin misli bərabəri olmadığından və insanın burada keçirdiyi bir saatın yüz ilə bərabər tutula biləcəyindən danışırdılar. Bu söhbəti eşidən vəzir dedi:

– Doğrudan, sizin buyurduğunuz kimidir. Amma həyatının bir saatını Allahın qüdrəti haqqında düşünərək keçirsən, yüz il burada yaşamaqdan daha yaxşıdır. Dünyada hər nə varsa, onun zahiridir, amma Allahın neməti və rəhməti axirətdə həqiqidir və əbədidir.

Neman şah vəzirin bu sözündən mütəəssir oldu, rəngi üzündən uçdu. Sifəti getdikcə saraldı. Çox qorxu və vəhşət içində yerindən qalxdı, ağlar gözlə qəsrdən aşağı düşdü, ah və fəğanla səhra tərəfə üz tutub getdi. Vəzir öz dediyindən peşman oldu, lakin gec idi. Vəzir və vəkillər Neman şahın dalınca səhraya üz tutdular. Nə qədər gəzdilərsə, Neman şahdan bir soraq verən olmadı. Münzir ah-zarla ağlamağa başladı. Nəhayət, atasının tapılacağına ümidini itirdi, padşahlıq taxtına çıxıb, hökmranlığa başladı. Münzirin də Neman adlı bir oğlu var idi, o, Bəhramla yaşıd idi. Bir-biri ilə oturub-durar, oynayar, bir yerdə məktəbə gedər, bir yerdə oxuyar və tərbiyə alardılar.

Elə ki Münzir atasının yerində əyləşdi, xalqla son dərəcə ədalətlə rəftar etməyə başladı. Bəhrama atasından da artıq qayğı göstərirdi. Bir saat Bəhramı görməsəydi, aram ola bilməzdi. Bəhram yeddi yaşına çatanda Münzir onun dərs və təlimindən, məşqindən ötəri xüsusi müəllimlər ayırdı, elm və mərifət hasil eləməkdən, hünər göstərməkdən ötrü çox səy göstərdi. Müəllimlərlə mükalimə və mübahisə edərdi və sual-cavabda məharət göstərirdi. Bu minval ilə üç ilin ərzində bütün elmlərlə yanaşı ərəb, fars və hindu dilinə də bələd olmuşdu. Tezliklə riyaziyyat, həndəsə və digər elmlərə yiyələndi. Münzirin Bəhrama məhəbbəti günbəgün artırdı. Bəhramın başına pərvanə kimi dolanırdı. Bəhram zəmanəsinin bilicisi olmuşdu. Kimsə bir dəfə Bəhramın hüsncamalını görürdüsə, məhəbbəti ona qarşı artırdı. Elə ki Bəhram on iki yaşına çatdı, bütün elmlərə və fənlərə yiyələndi, ox atmaq və qılınc oynatmaq məşqinə başladı. Bütün elmlərdə və hünərdə misilsiz olan Münzir şah da hər gün geniş bir meydanda Bəhramın tərbiyəsi ilə məşğul olurdu, ona ox atmaq və qılınc oynatmaq öyrədirdi. Beləliklə, Bəhram üç il müddətində bütün döyüş fənlərinə bələd oldu.

BƏHRAMIN GURU OVLAMASI

Ata minib meydanda çövlan edə-edə bir neçə oxu eyni nöqtəyə atardı. Sonra meydanda Münziri səsləyib atdığı oxları ona nişan verərdi. Balaca Bəhramın atdığı səkkiz oxun hamısı bir-birinə elə yapışırdı ki, sanki onlar ceyranın və ya dovşanın dırnağı idilər. Bəhramda bu cür məharət, hünər və mərifətlər müşahidə olunurdu. O, hər gün ova gedər və dağ eşşəyi şikar edərdi. Bəhramın gur ovlamağa çox meyli olduğu üçün tamam aləmdə Bəhram-Gur kimi məşhurlaşdı. Təəccüb burasındadır ki, o, şikarda dağ eşşəyini kəmənd ilə diri tutardı. Sinni dörd yaşından az olanı azad, yaşı dörddən keçəni şikar edərdi. Bəhram azad etdiyi şikarların sağ buduna öz möhürünü vurardı. O, belə elan etmişdi ki, hər kəs mənim şikarımı ovlasa, onun özü mənim əlimdə şikar olacaqdır. Buna görə də dağ eşşəyinin budunda möhürün yerindən öpüb onu azad edərdi.

Günlərin birində Münzir dövlət əyanları ilə şikara çıxmışdı, səhrada gəzib ov ovlayırdılar. Qəfildən biyabanın bir tərəfindən toz qalxdı. Bəhram bunun səbəbini bilmək məqsədi ilə atını çapıb o tərəfə getdi. Münzir və sair atlılar da onun dalınca yola düşdülər. Amma Bəhrama yetişə bilmədilər.

BƏHRAMIN ŞİRİ OVLAMASI

Bəhram özünü tozanaq yerə yetirib gördü ki, bir aslan bir dağ eşşəyinin kürəyinə minib belini sındırmaq istəyir. Bəhram bunu görən kimi şiri şikarı ilə birlikdə nişan aldı. Bəhramın atdığı ox şirin arxasından dəyib qarnından çıxdı, torpağa sancıldı. O əsnada Münzir şah öz atlıları ilə birlikdə çatıb Bəhramdakı bu məharətə təəccüb elədilər.