Мухаммад Сулейман Физули – Fələklər yandı ahimdən… Seçilmiş əsərləri (страница 10)
Tə'miri-xərabə talibəm mən,
İnşəallah ki, qalibəm mən.
SAQİNAMƏ
Saqi, mədəd et ki, dərdməndəm!
Qəm silsiləsinə paybəndəm.
Qəm dəf'inə cami-mey dəvadır,
Tədbiri-qəm eyləmək rəvadır.
Səndən nə inayət olsa vaqe,
Fikr etmə ki, məndə ola zaye.
Mən bir sədəfəm, sən əbri-niysan,
Ver qətrəvü al dürri-qəltan.
Sənsən xurşidü mən siyəh xak,
Ver atəşü al cəvahiri-pak.
Rəhm et ki, qəribü xaksarəm,
Bimunisü yarü qəmgüsarəm.
Ol bir neçə həmdəmi-müvafiq,
Yə'ni şüərayi-dövri-sabiq
Tədric ilə gəldilər cəhanə,
Tə'zim ilə oldular rəvanə.
Dövran oları müəzzəm etdi,
Hər dövr birin mükərrəm etdi.
Hər birinə hami oldu bir şah,
Zövqi-süxənindən oldu agah.
Türkü ərəbü əcəmdə əyyam
Hər şairə vermiş idi bir kam.
Şad etmiş idi Əbunüvası
Harun-xəlifənin ətası.
Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşahə düşüb girami.
Olmuşdu Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan.
Söz gövhərinə nəzər salanlar,
Gəncinə verib gühər alanlar
Çün qalmadı, qalmadı fəsahət,
Ərbabi-fəsahət içrə rahət.
Ol taifə çəkdi xirqəyə baş,
Halətlərin etməz oldular faş.
Ta olmaya rəsmi-şe'r məfqud,
Əbvabi-fünuni-nəzm məsdud,
Lazım mənə oldu hifzi-qanun,
Zəbti-nəsəqi-kəlami-mövzun.
Naçar tutub təriqi-namus,
Rahətdən olub müdam mə'yus,
Əhdi sözə üstüvar qıldım,
Əş'ar demək şüar qıldım.
Çün xəlqə xilafi-müddəayəm,
Onlar zə'mincə süst rə'yəm.
Hər söz ki, gəlir zühurə məndən,
Min tə'nə bulur hər əncüməndən.
Eylər həsəd əhli bağlayıb kin,
Təhsin əvəzinə nəfyü nifrin.
Ümmid ki, rəf olub küdurət,
Təğyirpəzir ola bu surət.
Ol qövm bu gülşənə girəndə,
Bu gülşən içində gül dərəndə,
Gül tazə idivü səbzə növxiz,
Təprəndikcə nəsimi-gülriz,
Onlar gülü dərdilər, məni-zar
Hala dilərəm dərəm xəsü xar.
Bu bəzmə olar verəndə təzyin,
Mey saf idi, bəzm həm növayin.
Mey safi olara oldu ruzi,
Qaldı mənə daği-dürd suzi.
Bu dürdə mən olmuşam həvaxah,
Bir nəş'ə verərmi, bilməzəm, ah!