Nədən saralıbsan sən də mən kimi,
Nədir dərdin, ey biçarə şamama?
Haqdır, səndə vardır xeyli nəzakət,
Yarın şamaması bir qeyri babət;
Qorxuram çəkəsən külli xəcalət
Dursan onla bərabərə, şamama.
Yarın şamaməsi oxşar şəkərə,
Heyran olur mələk, əgər göstərə,
Yaraşıqdır ağ sinəsi mərmərə,
Qılıb çox ciyərlər parə, şamama.
Giribandan nagah olandı aşkar,
Dağılır ağılım, huşum – hər nə var,
Xəstə Vaqif tifil kimi qan ağlar,
Neçun qılmazsan bir çarə, şamama?
«Bənəfşə tək ənbər zülfün buy verir…»
Bənəfşə tək ənbər zülfün buy verir,
Hər yuyub sərəndə həvayə, Zeynəb!
Onun ətrin dimağımdan üzməsin,
Əmanət et badi-səbayə, Zeynəb!
Qaşa vəsmə, gözə sürmə çəkəndə,
Siyah zülfü dal gərdənə tökəndə,
Sallanıban kəklik kimi səkəndə,
Oxşarsan yaşılbaş sonayə, Zeynəb!
Səni sevən çox bəlayə tuş olur,
Əql gedir başdan, fəramuş olur,
Avazın gələndə can bihuş olur,
Qurbanam o nazik sədayə, Zeynəb!
Yanağı laləsən, qaməti dalsan,
Ağzı şəkər, dili, dodağı balsan,
Sanasan ki, yorğun, vəhşi maralsan,
Olubsan yaraşıq obayə, Zeynəb!
Sənsən padışahı, xanı Vaqifin,
Əqli, huşu, din-imanı Vaqifin,
Həsrətindən çıxdı canı Vaqifin,
Nolur ki, gələsən burayə, Zeynəb!
«Xeyli vaxtdır ayrılmışıq yar ilən…»
Xeyli vaxtdır ayrılmışıq yar ilən,
Gördük, amma tanışmadıq, ayrıldıq,
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq!
Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Dönmədik başına pərvanələr tək,
Eşq oduna yanışmadıq, ayrıldıq!
Yarım saat bir arada qalmadıq,
Eşq atəşin canımıza salmadıq.
Yalvarıban yarın könlün almadıq,
Elə getdi, barışmadıq, ayrıldıq!
O zaman ki, aşnalığı tərk etdik,
Cüda düşdük, xeyli ciyər bərkitdik,
Aralıqdan könül quşun ürkütdük,
Bir-birilə qonuşmadıq ayrıldıq!
Vaqif sevdi bir iqrarsız bivəfa,
Bada getdi tamam çəkdiyi cəfa,
Görüşübən eyləmədik xoş səfa,
Qucaqlaşıb, sarışmadıq ayrıldıq!
«Olmayaydı belə səfərə çıxmaq…»
Olmayaydı belə səfərə çıxmaq,
Biz yar ilə danışmadıq, ayrıldıq.
Halallaşıb, hümmətləşib dost ilən,
Təmənnəşib görüşmədik, ayrıldıq.
Bilməm, kimə deyim dərdim neçəsi,
Yarın tər məməsi, sinə haçası.
Yuxu məni aldı gələn gecəsi,
Gül üzündən öpüşmədik, ayrıldıq.