O şux qəmzələrin, xəncər kirpiyin
Gündə olur yüz min qan qabağında,
Xumar-xumar baxan ala gözlərin
Gərəkdir verəsən can qabağında.
Qaşın qabağında sığallı birçək,
Sayə salmış üzə şölə mübarək,
Amma iki dəstə tər bənövşə tək
Qoymuş al yanağın yan qabağında.
Zülfündən qoxuşar gülü reyhanlar,
Qurban hər muyinə yüz min cavanlar,
Pişvazına gəlir huri qılmanlar,
Məlayik durmuşlar san qabağında.
Vaqif qurban zənəxdanın çahinə,
Şirin gülüşünə, xoş nigahinə,
Qul olasan belə xublar şahinə,
Durasan hər axşam, dan qabağında.
«Xublar arığından yarımaq olmaz…»
Xublar arığından yarımaq olmaz,
İgidin həmdəmi gərək çağ ola.
Bəstə boylu gərək, mina gərdənli,
Zülfi siyah, var əndamı ağ ola.
Səhər dura sürmə çəkə gözünə,
Birçəklərin həlqə qoya üzünə,
Cilvələnə, sığal verə özünə,
İşi, gücü gülüb-oynamaq ola.
Döşün açıb, əl dəyəndə yaxıya,
Ağ gülün bağrına peykan toxuya,
Bədənindən müşkü ənbər qoxuya,
Zülfü gərdənində bir qucaq ola.
Bir mayabud gərək, baldırı yoğun,
Sərasər ət basa dizin, topuğun,
Əl dəyəndə dura buğunbabuğun
Titrəyə, quyruqdan çox yumşaq ola.
Həyası üzündə, əqli başında,
Öldürə Vaqifi gözü qaşında,
Ya on üç, ya on dörd, on beş yaşında,
Nə ondan böyükrək, nə uşaq ola.
«Bir sənəmin sinəsinə müştağam…»
Bir sənəmin sinəsinə müştağam,
Çox çəkirəm ahü zarı, şamama!
Mən ha qaldım həsrət, əlim yetişməz,
Sən get, gör cananı barı, şamama. –
Mətləbidir bir növrəstə – könlümün,
Olmadı dərmanı xəstə könlümün,
Onun üçün bu şikəstə könlümün
Nə səbri var, nə qərarı, şamama!
Yaxa açıb ta ki, sinə göstərdin,
Sərasər bağrımı qana döndərdin,
Mənim dərdimdəndir sənin də dərdin,
Rəngindir nə yavuz sarı, şamama!
Mənim yarım bir əcaib dilbərdir,
Üzü təzə güldür, zülfü ənbərdir,
Sanasan ki, iki qəndü şəkərdir
Qoynundakı qoşa narı, şamama!
Qurbanam Vaqifin bu xaməsinə
Ki, yazar dərdini dost naməsinə,
Yetə bilməz yarın şamaməsinə,
Olsa bu dünyanın varı şamama!
«Can verib yüz minnət ilə almışam…»
Can verib yüz minnət ilə almışam,
Göndərirəm səni yarə, şamama!
Tazə tağdan üzülübsən, oxşarsan
Yarın qoynundakı narə, şamama.
Cismin nə nazikdir, gül bədən kimi,
Bir xoş qoxun gəlir, yasəmən kimi,