Pərisi yanında olmayan adəm
Nə yaxşı sağ qalır, ölməz bu yerdə.
Desələr ki, Vaqif, nə oldu sənə,
Rəngi-ruyin dönüb heyvaya genə,
Əli tər məmədən üzən kimsənə
Saralıban necə solmaz bu yerdə.
«Bu gün bir əcayib gözəl sevmişəm…»
Bu gün bir əcayib gözəl sevmişəm,
Beləsi olammaz heç vilayətdə,
Sanasan ki, camalından nur yağır,
Yaranıbdır, yarəb, nə xoş saətdə.
Al çarqatdan yaşmaq tutub çənəyə,
Simin yaraşdırıb zər nimtənəyə,
Deyildir bərabər heç kimsənəyə,
Xubların şahıdır şanü şövkətdə.
Gülabilən zülfün cığasın əyər,
Üzünə baxanda qan olur ciyər,
Göydən yerə enmiş mələkdir məgər,
Yoxsa insan olmaz belə surətdə.
Biləyi, bazusu, hər bəndi gözəl,
Gərdəndə zülfünün kəməndi gözəl,
Ayna tutdu, durdu bəzəndi, gözəl,
Sallandı, görəsən, nə qiyamətdə.
Sona cığası tək sərində teli,
Ağ gül yarpağı tək ayağı, əli,
Cismi dolu, nazik bədəni, beli,
Görməmişəm dilbər bu nəzakətdə.
Ayıraydın obasından, elindən,
Bir xəlvətdə tuta idin əlindən,
Əməydin ağzından, şirin ləbindən,
Görəydin necədir dadda, ləzzətdə.
Növcavanlar qoy həmişə var olsun,
Amma ki, bizlərdən xəbərdar olsun.
Vaqifin duası sənə yar olsun!
Səni haqq saxlasın ömrü dövlətdə.
«Bir xəlvət yer ola, əğyar olmaya…»
Bir xəlvət yer ola, əğyar olmaya,
Onda söhbət edək ikimiz belə.
Əl-ələ tutuşub deyək, gülüşək,
Tutaq bir xoş ülfət ikimiz belə.
Qol-boyun oturaq, sürtək üz-üzə,
Baxaq bir-birmizə göz süzə-süzə.
Gah-gah qucaqlaşıb köyüs-köyüsə
Görək ləbdən ləzzət ikimiz belə.
Sürmələnsin ala gözlər şux olsun,
Siyah kirpik ucu almaz ox olsun,
Səg rəqiblər aralıqdan yox olsun,
Gəzək bir fərağət ikimiz belə.
Doyunca zövq alaq nazü qəmzədən,
Əndişə çəkməyək heç bir kimsədən,
Hər gecələr, şirin-şirin, sübhətən
Eyləyək hekayət ikimiz belə.
Vaqif, yardan eşit gələn cavabı,
Açaq üzdən, gözdən tamam niqabı,
Gəh-gəh içib sərxoş olaq şərabı,
Gündə sürək vəhdət ikimiz belə.
«Ağla gözüm, ayrılırsan canandan…»
Ağla gözüm, ayrılırsan canandan,
Hər kəsi ki, görsən, şikayət eylə!
Öldün getdin, bəlkə yarı görmədin,
Kəbəyi-kuyini ziyarət eylə!
Sən mənim cananım, ruhi-rəvanım,
Ləbləri şirinim, qönçə dəhanım,
Bir saat görməsəm, tuti zəbanım,
Qopacaq başıma qiyamət eylə!