реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 9)

18
Ey div addımlarilə yüksələn diyar, Fikrini xalqımın zövqilə parlat! Çünki mən deyiləm yalınız müqəssir, Məni dərdə salmış o köhnə əsr. Qələm coşdu, sözüm qaldı ürəkdə; Odur ki, şerimin dəyəri yoxdur. Oxuyan gülərək söyləyəcək də “Müşfiqdə şairlik əsəri yoxdur!” Xoş gündür çıxalım üz-üzə, Nigar! Sən nə söyləyirsən bu sözə, Nigar?

GÜLNAZ

Yeni on dörd yaşa girmişdi bu yaz Sarışın, nəşəli, xırçın Gülnaz. O gəzinmişdi əzəldən başaçıq, Yoxdu ruhunda sönüklük, varlıq. Sadə quşlar kimi pərvasızdı, Yerə sığmaz uçağan bir qızdı. İbtidai savad almış bu sənə, Say vurulmazdı sıcaq nəşəsinə… Aradan keçmədi bir öylə zaman Bu dönüş Gülnazı sarsıtdı haman. Səslənib evdə uğursuz bir zəng, Sardı ətrafı uzaq bir ahəng. Elçilər gəldi təbəssüm edərək, Dedilər: – “Ceyranı” lazım görmək; Çünki bizlərdə onun ovçusu var. Müxtəsər, elçi gələn arvadlar Gördülər xoşladılar qızcığazı, Baxdılar Gülnaza min kərrə azı. Bilmədən öylə nişanlandı ərə, Tutulub qaldı tükənməz kədərə. Aradan keçdi nəhayət iki il, İl deyil, hər biri bir dağ təki il. Gülnaz artıq böyümüş pək məğrur… Üz-gözündən saçılır şeir, qurur. Dedi bir gün Gülnaz: – Yaxşı, ana, Eybi yox mən ki, nişanlandım ona. Söyləyirlər ki, onun yox savadı, Bir yığıncaqda çəkilməzmiş adı. Bir də çox köhnə fikir sahibidir, Əski, pək əski adamlar kibidir. Məktəbə getməyə qoymaz ki, məni; Annə, bilməm ki, kim aldatdı səni. Bu yamandır ki, eşitməzkən adın, Məni sən gör kimə qoşdun, caladın! Annəsi: Bax, qızım, bax, olan olmuş, keçmiş; Bax, qızım, yaxşı deyil məncə bu iş. Doğru, yoxdur savadı, var parası; Olma gəl annənə, yavrum, ası. Gəl, quzum, sözlərimə bir qulaq as, Çıxma yoldan, çox ayıbdır, Gülnaz! Sənə göndərmiş ipək bir çarşaf, Öylə çarşaf ki, camalın kimi saf. Dur da bir sal başına, nazlı bacım, Qalmasın bəlkə bu könlümdə acım! Gecə səssizdi gülümsərdi qəmər; Yoxdu heç şeydə siyahlıqdan əsər. Vardı gözlərdə, könüllərdə gülüş, Dadlı bir çarədir hər dərdə gülüş. Yırtaraq ay gecənin örtüyünü, Məhv qılmışdı o zülmət yükünü. Hər tərəf parlaq, üfüqlər ləkəsiz, Yoxdu göylərdə buludlardan iz. Bu nəsihətdən olan şən Gülnaz