реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 4)

18
Parlaq gündüzümü eylədi axşam. O zaman bir oğlum ayrıldı məndən, Oxumaq istəyib getdi Tiflisə, Sanki ruhum uzaq düşdü bədəndən, Qapıldı varlığım bir acı hissə. Dedim: – Getmə, bala, hənuz uşaqsın, Dünyanın işini bilən tapılmaz; İstərmisən göylər başımda çaqsın? İnsan olan bəndə hissə qapılmaz. Beş sənə oxudun, kifayət edər, Umudum sənədir, vaz keç səfərdən. Mənə kim baxacaq? Olma dərbədər. Nə qədər yalvarıb-yaxardımsa mən Zərrəcə sözlərim etmədi təsir Oğlumun döyünən ürəkciyinə. – Doğrudan analıq bir şey deyildir, – Cavan xatırına dəyməyib yenə, Titrəyə-titrəyə söylədim: – Oğul!.. Get, artıq, səfərin uğurlu olsun! Tanrı niyazını eyləsin qəbul, Yolun al yanaqlı güllərlə dolsun! Mən onu canımdan artıq sevərdim, Bir an düşərdisə gözümdən iraq. Artardı həsrətim, artardı dərdim, Hər zərrədən onu edərdim soraq. Can bağımda qüdsi bir ağac əkdim, Nədənsə dadmadım bir şey barından. Mən onu gözləmiş, gözləyəcəkdim Yayın istisindən, qışın qarından. Buraxdı Tiflisi, sonra, deyirlər, Bir başqa dəryada yelkən açdı o. Bir yavru quş kimi düşdü dərbədər, Bilməm baş götürüb hara qaçdı o? Bu ucsuz-bucaqsız ellərə sordum, Sordum dənizlərə, coşdu dalğalar. Salxım-salxım əsən yellərə sordum, Gəzdirdim dərdimi diyarbadiyar. İçimdə qüssədən bir xəzinə var, Könlüm bir adadır qəm dəryasında. Açmasam dərdimi, kim bilir nə var Ömrümün qaranlıq macərasında? Könlüm dayanmadı, falçıya getdim, Çəkdi dırnağıma qərib bir şəkil; O şəklə bir qədər tamaşa etdim, Qarşımda bir xəyal olundu hasil. Əvət, dırnağımda gördüm oğlumu, Həp eyni paltarda, eyni biçimdə. Derkən falçı mana: – Övladın bumu? Bir ilan qıvrıldı sanki içimdə. – Şahsuvar, Şahsuvar! – deyib ağladım, İçimdə sızladı bir yanıq kaman. Darğın sular kimi coşub çağladım, Gözümdən od çıxdı, başımdan duman. Şahsuvardan bir az kiçik oğlumu Əsgəran davası aldı əlimdən. O gündən ixtiyar, xəstə könlümü Dünyaya xoş baxan görməmişəm mən. Sonra dava düşdü, çevrildi dünya; Bunu məndən gözəl siz bilirsiniz. Dəyişdi kökündən dağ, dəniz, qaya, Dəyişdi hər qədəm, dəyişdi hər iz. Biz qonşumuz olan ermənilərlə Yaşardıq bir yerdə canciyər kibi. Kim tapdı davaya bilməm vəsilə, Bilməm “böyüklər”in nəydi mətləbi?!