реклама
Бургер менюБургер меню

Лев Гумилев – Qədim türklər (страница 8)

18

Qərbi tele tayfaları jujan əsarətinə çətinliklə dözürdülər. Nəhayət səbir kasası daşdı – onlar üsyan qaldırdılar və jujanlara həlledici zərbə endirmək üçün Qərbi Cunqariyadan Xalxaya doğru hərəkət etdilər. Yürüş elə pis təşkil edilmiş və elə namünasib vaxt seçilmişdi ki, burada qabaqcadan düşünülmüş müharibədən daha çox xalq qəzəbinin kortəbii partlayışından danışmaq daha düzgün olardı. Tarix hətta üsyan başçılarının adlarını da qoruyub saxlamayıb. Telelər yolun yarısında olanda Qobi Altayının dərələrindən harın döyüş atları minmiş, çoxqatlı zirehli paltar geymiş və uzun nizələrlə silahlanmış nizamlı türkyut dəstələri çıxdılar. Telelər cinahdan zərbə gözləmirdilər, digər tərəfdən onlar heç vaxt, heç bir pislik görmədikləri türkyutlarla deyil, nifrət bəslədikləri jujanlarla vuruşmaq istəyirdilər. Ona görə də telelər dərhal Bumına tam itaətlərini bildirdilər, türkyut hökmdarı isə bu itaətkarlığı qəbul edərək Jujana münasibətdə ikinci qeyri-loyal addım atdı.

İtaətkarlıq çöldə qarşılıqlı təhəddüd ifadə edən anlayışdır. Təbəəliyində əlli min23 alaçığı yalnız alaçıq sahiblərinin istədiyini eləmək şərtilə saxlamaq olar, əks-təqdirdə hökmdar həm təbəələrini, həm də başını itirə bilər. Telelər yalnız bir şey – jujanların məhvini istəyirdilər. Onları öz ordasına qəbul edəndə Bumın da çox güman ki, bundan xəbərdar idi. Bumının həmtayfaları da eyni niyyətdə olduqlarından müharibə labüd idi. Xan təbəələrinin arzusuna uyğun iş görürdü. Ona görə də hadisələr daha sürətlə inkişaf etməyə başladı.

Jujanın darmadağın edilməsi. Jujanlarla münaqişə yaratmaq, eyni zamanda incikliyin səbəbkarı kimi görünməmək üçün Bumın fitnəkarlığa əl atdı.

O, qızını ona ərə vermək xahişi ilə Jujan xanı Anaxuana müraciət elədi. Çöl adət- ənənələrinə görə bu, türkyut hökmdarını Jujan xanına bərabərləşdirmək deməkdi. Anaxuan nüfuzunu itirmək istəmirdisə, buna razı ola bilməzdi. Qəzəblənmiş xan Bumına kobud cavab verdi: «Sən mənim xidmətçimsən (türkyutlar jujanlar üçün metal əridirdilər), nə hədlə mənə belə təkliflə müraciət edirsən?». Anaxuanın etirazı Bumını təhqir olunmuş adam vəziyyətində qoyurdu. Türkyut hökmdarına da elə bu lazım idi. Barışığa gedən yolu əvvəlcədən kəsmək üçün o, Jujan səfirinin edam olunmasını əmr etdi. Qərbi Vey imperiyası ilə ittifaq bu şəraitdə onun üçün çox sərfəli idi. Bumın dərhal Ven-di ilə danışıqları təzələdi və 551-ci ildə Çin şahzadə qızı Çanle ilə evləndi. Bu izdivac köçərilər arasında onun nüfuzunu qaldırdı. Qəfil hücumun üstünlüklərindən istifadə etməyə çalışan Bumın 552-ci ilin qışında yürüşə çıxıb jujanları tam məğlubiyyətə uğratdı. Anaxuan intihar etdi, oğlu Yanloçen isə müttəfiqləri olan tsistlərin yanına qaçdı.24

Bumın İl-xan titulu qəbul elədi. Lakin 552-ci ilin sonunda o öldü. Taxta Qara İssık-xan (yəni Qara Qızmar xan) titulu qəbul etmiş oğlu çıxdı.

Türkyutların qəfil darmadağın etdikləri jujanlar həlak olmuş xanın əmisi Dınşutszanı başçı seçib mübarizəni davam etdirməyə başladılar. Lakin Layşan dağı yaxınlığındakı döyüşdə onlar yenidən tam məğlubiyyətə uğradılar. Jujanların xoşbəxtliyindən (lakin bu xoşbəxtlik uzun sürmədi) Qara İssık xan sirli şəraitdə öldü, oğlu Şetu hakimiyyətdən uzaqlaşdırıldı, taxta Muğan xan titulu ilə Kara İssık xanın kiçik qardaşı Kuşu çıxdı25.

Yeni xan sərt təbiətli, amansız və ağıllı idi. Onu müharibədən başqa heç nə maraqlandırmırdı. 553-cü il payızın sonlarında Qara İssık-xan jujanları yenidən məğlub etdi. Tsits imperatoru öz uğursuz müttəfiqlərini qəbul etdi və onları türkyutların təqibindən qurtardı. Lakin jujanlar Çində özlərinə yer tapa bilmirdilər. Sürülərini və əmlaklarını itirən, zəhmətə öyrənməyən jujanlar yenidən quldurçuluğa qurşandılar. Artıq 554-cü ilin baharında Tsits hökuməti onlara qarşı qoşun göndərməli oldu. Jujanlar məğlub edildilər. Lakin bu onların əxlaqını dəyişdirmədi. 555-ci ilin yayında Tsits imperatoru jujanları öz torpaqlarından Çölə qovdu, burada isə türkyutlar və kidanlar onlara dərhal divan tutdular.

Dınşutszı sığınacaq tapmaq ümidi ilə ordasının qalıqları ilə Qərbi Veyə üz tutdu, lakin burada Tsi imperiyasına qarşı mübarizədə müttəfiq kimi türkyutlara böyük ehtiyac duyulurdu. Odur ki, üç min nəfər əl-qolu bağlı jujan əsirini türkyut səfirinə verdilər. Səfir bütün yaşlıların boynunu vurmaq əmri verdi, onun yalnız uşaqlara və «knyazları müşayiət edən» xidmətçilərə rəhmi gəldi. Jujanlarla haqq-hesab çürüdüldü, türkyutlar Böyük çölün bütün şərq hissəsinin sahibi oldular. Jujanların məhvində göstərdiyi köməyə görə türkyutlar elə həmin 556-cı ildə Qərbi Vey imperiyasının xəcalətindən çıxdılar. Jujan döyüşçülərinin kəsilən başları Çanyanın Şərq qapıları yanında yerə düşəndə birləşmiş türkyut – Çin dəstələri Toqona hücum etdilər. Şəhərin bütün əhalisi Nanşyan dağlarında sığınacaq axtarmalı oldu. Qaliblər xanın iqamətgahının yerləşdiyi Kukunor yaxınlığındakı Şudun şəhərciyini, habelə Xömçeni ələ keçirdilər. O biri il toqonlular Çin yürüşünə qarşı yürüşlə cavab vermək istədilər, lakin möhkəmləndirilmiş qalaları ala bilmədiklərindən geri çəkilməli oldular. Tsi imperiyası məhvə doğru gedən müttəfiqinə heç bir kömək göstərə bilmədi, çünki bundan əvvəl bütün qüvvələr kidanların şimaldan (553-cü il) və Lyan hökmdarlığının cənubdan (555-ci il) hücumlarının dəf olunmasına göndərilmişdi. Yuyvın Tayın qələbələrdən ruhlanan oğlu Yuyvın Tszyu legitimizm26 pərdəsini bir yana ataraq Vey imperiyasının axırıncı hökmdarını taxt-tacdan əl çəkməyə məcbur etdi və 557-ci ildə özü taxta çıxdı. O, banisi olduğu sülaləni Bey-Çjou adlandırdı.

Şərqdə müharibə. Jujanlara divan tutduqdan sonra türkyutlar köçəri qonşularına qarşı fəal hərəkata başladılar. 554-cü il knyazlığın imperiyaya çevrilməsi ili idi. Şimalda Tsiqu dövləti fəth olundu. Çinlilərin Tsiqu adı altında qırğızları, yaxud çikləri nəzərdə tutduqları aydın deyil. Lakin buna baxmayaraq həmin dövrdə Sayan dağlarını aşmaq türkyutlara müyəssər olmasa da, Muğan xan artıq öz şimal sərhədlərini möhkəmləndirmişdi.27

Şərqdə həmin dövrdə üç xalq: çinlilərin xi adlandırdığı tatablar, kidanlar və Çin coğrafiyaşünaslarının əsərlərində Şivey adını daşıyan Otuz tatar tayfası yaşayırdı. Hər üç xalq monqol dilinin dialektində danışırdı, məişət və mədəniyyətcə yaxın idi, lakin bununla belə, həmişə bir-biriləri ilə düşmənçilik aparırdı. Tatablar Xinqanın qərb yamaclarında yaşayırdılar və Bey-Tsi imperiyasının müttəfiqi idilər. Kidanlar Mancuriyanın düzən hissəsini, Lyaoxe çayından şimal tərəfi tutmuşdular. Onlar daim tatablarla vuruşurdular və aydın məsələdir ki, Bey-Tsi sülaləsi ilə də münaqişəyə girirdilər. 553-cü ildə Bey-Tsi imperatoru Veydi Kidan xalqını əzib onun əksər hissəsini özünə tabe etdi. Qalanlar ya Koquriyaya (Koreya) qaçdılar, ya da artıq Sarı dəniz hövzəsinə çıxmış tatarlara tabe oldular.

Kidanlar üzərində qələbə nəticəsində Bey-Tsi dövləti özünün xarici siyasi vəziyyətini gücləndirmək əvəzinə daha da pisləşdirdi, çünki şimalda o, artıq türkyutlarla həmsərhəd idi. Syanbilərin qalıqlarına amansız divan tutulması və dövlətin hədsiz vəsaitini udan buddizmə açıq himayədarlıq xarici düşmənlərə müqaviməti zəiflədirdi. Həmin dövrdə Bey-Çjou bir tərəfdən türkyutlarla ittifaq sayəsində, o biri tərəfdən isə sülalə hakimlərinin xidmətkar silklərə arxalanması, buddist və daoçu rahiblərə vəsait xərcləməməsi nəticəsində genişlənir və möhkəmlənirdi. 579-cu ildə imperator U-di buddizmin və daosizmin yasaq olunması haqqında fərman imzaladı. Bu Çin VIII Henrixi «Səma başlanğıcı» titulunu qəbul etmiş, Buddanın və Lao-tszının bütlərini taxtının sağ və sol tərəfinə qoymaq əmrini vermişdi. O, həmin bütlərin əhatəsində oturaraq açıq sitayişi qəbul edir və bununla da dini gözdən salmağa çalışırdı. Çjou imperiyası hətta Qərbi Asiyada da şöhrətlənməyə başladı. Burada müxtəlif səviyyəli hakimlər imperiya ilə əlaqə yaratmağa çalışırdılar. Məsələn, 553-cü ildə eftalitlərdən, 555-ci ildə isə İrandan səfirliklər gəlmişdi. Toqonların yenidən, yalnız Çjou imperiyasının qüvvələri ilə darmadağın edilməsindən sonra 559-cu ildə Qaoçan (Turfan), 561-ci ildə Kuça, 564-cü ildə Karaşar öz səfirliklərini göndərmişlər.

Bay-Çjou imperiyasının əsas məqsədi şərqi imperiyanın – Bey-Tsizinin məhvi idi. Lakin düzgün istifadə olunacağı təqdirdə Bey-Tsizinin müstəqilliyini qoruyub saxlamağa imkan verən zəngin daxili ehtiyatları vardı. Hər şey türkyut xanının kimin tərəfində dayanmasından asılı idi.

561-ci ildə hər iki imperator Muğan xanın qızına elçilik üçün səfirlər göndərdilər. Zəngin Bey-Tsidən gətirilən hədiyyələr az qalmışdı ki, məsələni onların xeyrinə həll etsin, lakin Çjou səfirliyinin diplomatik çevikliyi Muğan xanı ittifaq haqqında müqaviləyə sadiq qalmağa məcbur etdi. O, hədiyyə itkisinin yerini hərbi qənimətlə doldurmaq qərarına gəldi.

563-cü ildə müttəfiqlər Tsinzyanı mühasirəyə aldılar, lakin qələbə qazana bilmədilər. Türkyutlar isə ölkəni çapıb taladıqdan sonra doğma çöllərə qayıtdılar. O biri il yürüş yenə təkrar olundu, lakin tsistlərin Loyan altında Çjou ordularından birini tam şəkildə əzmələri Muğan xanı qoşunlarını geri çəkməyə məcbur etdi. Lakin uğursuzluğa baxmayaraq Muğan xan Tsi imperiyasının ittifaq bağlamaq təklifini yenidən rədd etdi. Bu müttəfiqlik müqaviləsinə uyğun olaraq Çjou imperiyası hər il türkyutlara 100 min top ipək parça verməsi ilə izah edilir.