Лев Гумилев – Qədim türklər (страница 7)
Çinlilər Aşina xanlarının təbəələrini Tu-kyu adlandırırdılar. Bu söz Pelyo tərəfindən «türkyut» – yəni «türklər» kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə güman etməyə əsas verir ki, həmin sözlər türk dil mühitinə kənardan gətirilirdi.
«Türk» sözünün mənası «güclü», «möhkəm» deməkdir. A. N. Kononovun fikrincə bu söz sonralar tayfa birləşməsinin etnik adına çevrilmiş məcmu anlayışdır. Həmin tayfa birləşməsi ilkin dilinin necəliyindən asılı olmayaraq V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün tayfalararası ünsiyyət vasitəsi olan syanbi – yəni qədim monqol dili tayfaların hamısı üçün anlaşıqlı idi. Bu komanda, bazar, diplomatiya dili idi. Bu dillə Aşina nəsli 439-cu ildə Qobinin şimal həndəvərinə köçmüşdü. «Aşina» sözünün mənası «canavar» deməkdir. Türk dilində canavara buri, yaxud kaskır, monqol dilində isə şono//çino deyirdilər. «A» Çin dilində hörmət prefiksidir. Başqa sözlə, «Aşina» – «nəcib canavar» deməkdir. Sözün Çin təsirinə məruz qalmayan ərəb variantı «Şane» kimi yazıya alınmışdır.
Aşina xanlarını totemist adlandırmağın həqiqətə uyarlığı məsələsi bizim müasir bilgilərimiz hüdudunda həll edilə bilməz. Lakin aydındır ki, VI əsrdə «canavar» adının türklər üçün böyük əhəmiyyəti vardı. Çin tarixçiləri «türk xanı» və «qurd» anlayışlarını sinonim sayır və bu vaxt çox güman ki, türk xanlarının fikirlərinə istinad edirdilər. Təsadüfi deyil ki, syanbi xanının arvadı əri Şabolio haqqında deyirdi: «xan öz xüsusiyyətlərilə qurddur», türklərə hücum təlimatında isə bildirilirdi: «bu tədbirləri görmək lazımdır: köçərilərə hücum etmək və qurdları qovmaq». Türk bayraqlarında qızılı rəngli qurd başı çəkilmişdi. Nəhayət, türklərin mənşəyi haqqında iki əfsanədə birinci yer dişi canavar – əcdadla bağlı versiyaya verilmişdir. Bir-birindən azacıq fərqlənən əfsanələrin ikisi üçün də səciyyəvi cəhət onlarda tarixi hadisəyə – Aşina ordasının Qansudan köçməsinə kiçicik bir işarə də olmamasıdır. Ona görə də əfsanələrin Altayda meydana çıxdığını, bəlkə də gəlmələrin müstəsnalıq hüququnu əsaslandırmaq üçün məxsusi olaraq yaradıldığını düşünmək mümkündür.
Birinci əfsanənin maraqlı cəhəti «Qərb ölkəsindən qərbdə yaşayan hunlar evinin nəsli», yəni Attilanın dövləti haqqında məlumatdır. Qonşular bu nəsli qırmışdılar, yalnız doqquz yaşlı bir oğlan xilas ola bilmişdi. Düşmənlər onun əllərini və ayaqlarını kəsmiş, bədənini isə bataqlığa atmışdılar. Burada dişi qurd həmin oğlandan hamilə olmuşdu. Oğlanı sonra öldürmüşdülər, dişi qurd isə Altaya qaçıb orada on oğul doğmuşdu. Onlar artıb-çoxalmış və «bir neçə nəsildən sonra Asyan-şe adlı birisi bütün aymağı ilə mağaradan çıxaraq özünün Jujan xanının vassalı olduğunu etiraf etmişdi». Beləliklə, bu əfsanəyə görə Altay türkləri- tukyular (türkyutlar) mənşəcə Qərb hunlarından törəmişlər, lakin mənşə birliyi birbaşa deyil, mistik xarakterlidir, ana qurdun iştirakı ilə baş verib. Üstəlik nəzərə alsaq ki, Qərb hunları 468-ci ildə məhv edilib, türklər isə xalq kimi artıq 545-ci ildə tarix səhnəsinə gəliblər, onların artım sürətinə və nəsillərin bir-birini əvəzləməsinə yalnız heyrətlənmək olar.
İkinci əfsanə türklərin mənşəyini yerli So tayfası və yenə dişi canavarla bağlayır. Əfsanəyə görə So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» (bu səfehliyin nədə təzahür etdiyi göstərilmir) məhv olmuş, yalnız qurdun dörd nəvəsi canlarını qurtara bilmişdilər. Onlardan birincisi qu quşuna çevrilmiş, ikincisi Tsiqu adı ilə Abu və Qyan çaylarının arasında, üçüncü və dördüncüsü isə Cənubi Altayda, Çusi çayının sahilində məskən salmışdılar. Bu əfsanəni N.A.Aristov izah etmişdir. O, əfsanədəki So nəslini kumandinlər – Bie çayı üzərindəki Cənubi Altay tayfası So ilə müqayisə etmiş, birinci nəvəni lebedinlilər – ku-kiji, ikincini Abakan (Abu) və Yenisey (Qyan-Kem) arasında yaşayan qırğızlarla əlaqələndirmişdi. Böyük oğlun nəvəsi birinci əfsanədə təsadüf etdiyimiz Asyan-şedir. Burada hər iki əfsanə bir-biri ilə səsləşir.
Qaçqınların gəlib çıxdıqları Monqolustan Altayının ətəkləri hunlardan törəyən və türk dilində danışan tayfalarla məskunlaşmışdı. Knyaz Aşinanın drujinası da həmin aborigenlərlə qaynayıb-qarışdılar və onlara «türk», yaxud «türkyut» adı verdilər.
«Türk» sözünün taleyi tədqiqatımız üçün o qədər əhəmiyyətli və vacibdir ki, onunla bağlı süjetə xüsusi diqqət yetirmək lazımdır. 1500 il ərzində «türk» sözü bir neçə dəfə mənasını dəyişib. Göründüyü kimi, türk adı altında V əsrdə knyaz Aşinanın ətrafında birləşən, VI—VIII əsrlərdə isə xalq kimi formalaşan və türk dilində danışan orda nəzərdə tutulurdu. Lakin eyni dildə danışan qonşu xalqlar qətiyyən türk hesab olunmurdu. Ərəblər dillərini nəzərə almadan Orta və Mərkəzi Asiyanın bütün köçəri tayfalarını türk adlandırırdılar. Rəşidəddin ehtimal ki, dil əlamətinə görə türkləri və monqolları fərqləndirirdi. İndiki mərhələdə isə «türk» etnoqrafiyanı, hətta mənşəyi nəzərə almadan istisnasız olaraq linqvistik anlayışdır. Çünki bir sıra türkdilli xalqlar türk dilini qonşularla ünsiyyət prosesində əxz ediblər. Termindən istifadənin bu müxtəlifliyi müqabilində müəyyən dəqiqləşdirmə aparmaq zəruridir. Dolaşıqlıqdan qaçmaq üçün tarixini təsvir etdiyimiz xalqı jujanların və çinlilərin VI əsrdə çağırdıqları kimi türkyutlar19 adlandıracağıq.
Aşinanın adı ilə birləşən həmin «beş yüz ailə» mənşəyindən asılı olmayaraq hərbi müvəffəqiyyətin dəyişkənliyi onları Çindən Altaya atana qədər öz aralarında monqol dilində danışırdılar. Lakin türkdilli mühitdə yüz il qalmaları, təbiidir ki, danışıq dilinin tezliklə dəyişməsinə gətirib çıxarmalı idi. Onu da nəzərə almaq lazımdır ki, «Aşinanın beş yüz ailəsi» türk dənizində bir damla idi. Güman ki, VI əsrin ortalarına doğru Aşina nəslinin üzvləri tamamilə türkləşmiş, monqoldilliliyinin əlamətlərini yalnız özləri ilə gətirdikləri titullar sistemində saxlamışdılar.
Yuxarıdakı şərhimizdən göründüyü kimi, türkdilliliyin mənşəyi və özünü «türk-türkyut» adlandıran xalqın meydana gəlməsi tamamilə fərqli hadisələrdir. İndi türk dilləri adlanan dillər ən qədim zamanlarda meydana gəlmişdi, türkyut xalqı isə V əsrdə, Altay və onun ətəkləri üçün səciyyəvi olan meşə-düzən landşaftı şəraitində tayfaların qarışması nəticəsində yaranmışdı. Gəlmələrin yerli əhali ilə qaynayıb-qarışması prosesi o qədər güclü olmuşdu ki, artıq yüz il sonra – 546-cı ildə onlar qədim türk xalqı, yaxud türkyut adlandırılan vahidə çevrilmişdilər.
Türk dili mühitinin özü isə həmin dövrdə artıq Altaydan qərbə doğru uzaqlara – quzların, kanqlıların, yaxud peçeneqlərin, qədim bolqarların və hunların yaşadıqları ərazilərə yayılmışdı.
III fəsil
AŞİNA NƏSLİNİN BÖYÜK DÖVLƏTİNİN YARANMASI
Qədim türklərin (türkyutların) tarixinin başlanğıcı. Hər bir xalqın tarixi köklərinin ən qədim dövrlərə gedib çıxmasına baxmayaraq, tarixçilər bütün bu epoxaları xalqın yaranmasını müəyyənləşdirən (onların fikrincə) vaxtdan başlamağı üstün tuturlar. Məsələn, romalıların ifrat şərti tarixi – Romanın meydana gəlməsini, ərəblər tamamilə real tarixi – Məhəmmədin Məkkədən Mədinəyə hicrətini öz tarixlərinin başlanğıcı sayırlar. Rus salnaməçiləri 862-ci ili seçmiş və rus tarixinin «başlanğıcını» həmin ilə uyğunlaşdırmışlar. Fransız xronikaçıları «başlanğıcı» Xlodvinq Merovinqdən götürürdülər, tarixçilər isə Oqyüsten Tyerinin təşəbbüsü ilə 843-cü ili – Karl imperiyasının parçalanmasını fransız tarixinin ibtidası kimi qəbul etdilər və s. Türkyutlar üçün belə bir tarix 545- ci il idi.
Şimali Çində yeni müharibə başlanmışdı. Şərqi Vey imperiyasının hakimi Qao Xuan Jujan xanı Anaxuan və Toqon hökmdarı Kualyuyla ittifaq bağlayaraq Qərbi Vey imperiyasına hücum etdi və rəqibi Yuyvın Tayı bərk sıxışdırdı. Lakin müttəfiqlər həlledici qələbə qazana bilmədilər. Özünə tərəfdarlar axtaran Qərbi Vey imperatoru Ven-di An Nopanto20 adlı bir nəfəri dostluq əlaqələri yaratmaq üçün türk knyazı Bumının21 yanına göndərdi.
545-ci ildə22 türkyutların düşərgəsinə gələn səfir böyük sevinclə qarşılandı. «Orada hamı biri-birini təbrik edərək deyirdi: indi yanımıza böyük dövlətin elçisi gəlib, tezliklə öz dövlətimiz də yüksələr». Bu ötəri və ilk baxışdan əhəmiyyətsiz görünən faktın özü də göstərir ki, jujanların hakimiyyəti türkyutlar üçün dözülməz idi və azadlıq uğrunda mübarizənin zəruriliyi onları qorxutmurdu.
Xalqın əhvali-ruhiyyəsinə uyğun hərəkət edən Bumın süzereninə – Jujan xanına loyallıq göstərərək Qərbi Vey imperiyasının paytaxtı Çanyana hədiyyələrlə birlikdə cavab elçiliyi göndərdi və bununla da ağası – düşməni ilə ittifaqı möhkəmləndirdi. Lakin, bu jujanlarla əlaqələrin qırılmasına gətirib çıxarmadı, çox güman ki, danışıqlar son dərəcə məxfi şəraitdə aparılırdı. Bu elçilik dörddə bir əsr ərzində Qərbi Vey və onun varisi olan Bey-Çjou imperiyalarının müttəfiqi kimi türkyut dövlətinin şərq siyasətini müəyyənləşdirdi. 550-ci ildən başlayaraq həmin siyasət Bey-Tsi sülaləsinin hakim olduğu Şimal-Şərqi Çinə qarşı yönəldilmişdi. Bumın töycü ödədiyi jujanlarla mübarizə aparmaq üçün həddindən artıq zəif olduğunu yaxşı başa düşürdü. O, müttəfiq və vassal borcunu vicdanla yerinə yetirmək qərarına gəlmişdi. Elə həmin il bu qətiyyəti nümayiş etdirmək üçün müvafiq təsadüf də düşdü.