Лев Гумилев – Qədim türklər (страница 9)
572-ci ildə Muğan xan öldü. Onun qardaşı və varisi Toba xan Çjou imperiyası ilə əlaqələrini kəsmədən Tsi imperiyası ilə sülh bağladı. Çjou dövləti xəracdan boyun qaçırmağa cəsarət göstərəndə ilkin vəziyyətin bərpası üçün türkyutların bir hərbi qüvvə nümayişi kifayət etdi. Türkyut yürüşlərindən qorxan Tsi imperiyası sülhün xatirinə xərac verərək öz xəzinəsini ilbəil boşaldırdı. Tobo xan deyirdi: «cənubda iki oğlan (Çjou və Tsi) bizə itaət etsə, kasıbçılıqdan qorxmağa dəyməz».
Tsi imperiyası ilə müttəfiqlik türkyutların Çinlə mədəni ünsiyyətinə imkan yaratdı. Xanın düşərgəsində buddist rahiblər görünməyə başladı. Tobo xan özü buddizmi qəbul etdi. Buddist missioner öz dininin gücünü buddizmə tapınmış Tsi imperiyasının qüdrəti və zənginliyi ilə sübuta yetirməyə çalışırdı. Lakin tezliklə Tsi imperiyasının darmadağın edilməsi türkyutların bu dini təlimə inamlarını itirdi və 581-ci ildə Suy sülaləsi hakimiyyət başına gələndən sonra buddistlər Çinə dönməli oldular.
576-cı ildə çjoulular tsistləri məğlub edib Pxinyan şəhərini ələ keçirə bildilər. Tsistlərin Pxinyanı geri almaq təşəbbüsləri baş tutmadı və Eçen şəhərində mühasirədə olan Tsi imperatoru şəhəri təhvil verməmişdən əvvəl knyaz Qao Yuan Tszunun xeyrinə taxtdan imtina etdi. Qao Yuan Tszu isə 577-ci ildə əsir düşdü.
Darmadağın edilməsinə baxmayaraq süquta uğrayan sülalə Tayyuan şəhərinin sakini Qao Bao-ninin simasında bacarıqlı müdafiəçi tapdı. Hələ məğlubiyyətdən əvvəl, 576-cı ildə o, indiki Çaxarda yerləşən İnçjou sərhəd qalasının komendantı təyin olunmuş və qısa müddət ərzində təkcə çinlilərin deyil, köçərilərin də hörmətini qazanmışdı. Sülalənin süqutundan sonra yaranan vəziyyət Qao Bao-ninin müstəqilliyini təmin etmişdi. Qao Bao-nini prinsipsiz siyasi şöhrətpərəst deyildi; onun simasında ilk növbədə Şimali Çinin dirçəlişinə təkan verən mənəvi qüvvələr – borca sədaqət, vətənpərvərlik və mübarizədə əzmkarlıq hissləri öz təcəssümünü tapmışdı. O, qalib tərəfin fəxri təslim təklifini qətiyyətlə rədd etdi və özünün türkyutların yanına qaçmış Tsi sülaləsinin sonuncu nümayəndəsinin – knyaz Qao Şao-inin tərəfdarı olduğunu bildirdi. Bu hərəkətinə görə Qao-Bao-ninə kansler (əlbəttə, həmin vəzifəni tutmaq imkanı yox idi) rütbəsi verildi.
Türkyut xanı Bey-Çjounun hədsiz güclənməsindən ehtiyat edərək məğlub sülalənin tərəfini saxladı. Öz imperatoruna qarşı üsyan qaldıran və Fanyanda (indiki Pekin yaxınlığında) möhkəmlənən sərkərdə Lyuy Çjan-tszı da bu ittifaqa qoşuldu.
Qao Bao-nin dərhal sərəncamındakı bütün qüvvələri səfərbərliyə alıb Qao Şao-inin mövqeyinə keçdi. Lakin o, gecikmişdi. Qoşunlar Lyaoxe çayının sahillərinə çatanda Fanyanın dağıldığı və üsyanın yatırıldığı xəbəri gəldi. Qao Şao-i türkyutların yanına qayıtdı, Qao Bao-i isə öz əyalətində möhkəmləndi.
Bey-Çjou üçün ən qorxulu düşmən türkyutlar idi. 578-ci ildə Tobo xan Çinə soxuldu və Çjou ordusunu qılıncdan keçirdi. 579-cu ildə başlanan danışıqlar kəsildi, hərbi əməliyyatlar isə türkyutların tam üstünlüyü ilə davam edirdi. Lakin Çin elçisi Tobo xanı hədiyyələrlə şirnikləndirə bildi və 580-ci ildə sülh bağlandı. Bu sülh müqaviləsinə görə Qao Şao-i çinlilərə verildi və Çjou dövlətinin paytaxtı Çanyana aparıldı. O, Sıçuanda sürgündə öldü.
580-ci il türkyut qüdrətinin zirvəsi idi. 581-ci ildə Tobo xan öldü, Çjou sülaləsi isə türkyutların qəddar düşməni, Suy sülaləsinin banisi sərkərdə Yan Tszyan tərəfindən devrildi. Bu, siyasi vəziyyəti əsaslı şəkildə dəyişdi. Qao-Bao-i isə öz düşmənlərindən çox yaşadı, o, Çaxardakı xırda knyazlığın hakimi idi. Bu knyazlıq türkyutların müttəfiqi sayılırdı.
Qərbdə müharibə. Şərq sərhədində fəal olan türkyutlar eyni vaxtda qərbə də yürüşlər edirdilər. Təəssüf ki, bu fövqəladə əhəmiyyətə malik hadisə tarixçilərin əsərlərində natamam əks olunur. Lakin bütövlükdə hadisələrin ümumi gedişini müəyyənləşdirmək mümkündür.
Qərb yürüşünə Bumının kiçik qardaşı İstemi-xaqan başçılıq edirdi. İstemi xaqan əvvəllər də Bumınla yürüşə çıxmış və ehtimal ki, on tayfa başçısına rəhbərlik etmişdi. Güman ki, həmin on nəfər uqor mənşəli Şimali Altay tayfalarının başçıları idilər. Onların indi türkləşmiş xələfləri şorlar, kumandinlər, lebedinlər və başqalarıdır. Təsadüfi deyil ki, İstemi xaqanın adı türk yox, uqor mənşəlidir və çox güman ki, ruh-əcdadın adıdır. Çinlilər onun qoşunlarının sayını 100 min nəfər göstərirlər, lakin bu rəqəm döyüşçülərin həqiqi sayına deyil, sərkərdənin rütbəsinə işarədir. İstemi xanın «Bahadır-cabqu»28 tituluna uyğun gələn bu rütbə orduda ən yüksək hərbi rütbə sayılırdı. İstemi öz yürüşünə 552-ci ildən sonra başlamışdı. Çünki həmin il abarlar hələ müstəqil tayfa idilər. Bumının dəfninə hədiyyələr göndərmişdilər29 və çox güman ki, bunu 553-cü ilin payızında, jujanların qəti məğlubiyyətindən sonra etmişdilər. Yürüşün ən çox ehtimal olunan vaxtı 554-cü ilin baharıdır. Həmin dövrdə jujanlarla haqq-hesab çürüdülmüşdü, otun bol vaxtı idi. Təbiidir ki, bu sonuncu amilin süvarilər üçün mühüm əhəmiyyəti vardı.
Hərəkət sürətindən göründüyü kimi türkyutlar güclü müqavimətə rast gəlməmişdilər. 555-ci ildə qoşunlar «Qərb dənizinə» çatmışdılar. Bu ad altında Xəzər deyil, Aral dənizini nəzərdə tutmaq lazımdır. Çünki Firdovsi İranın sərhədlərini aşağıdakı şəkildə göstərirdi: «Çindən Ceyhunun (Amu-Dəryanın) sahillərinə və Çaçanın (Daşkəndin) o tayından Gül-zariuna (Sır-Dəryaya) qədər».
Bu sitat əsasında biz 555-ci ilin dəqiq sərhədlərini müəyyənləşdirə bilərik. O, Daşkəndin şimalından gedir, sonra Sır-Dəryanı şimala dönən yerdə kəsib keçir və get-gedə genişlənərək Amu-Dəryanın aşağılarına və Aral dənizinin cənub sahillərinə çatırdı. Soqdiana və Buxara həmin dövrdə eftalitlərin hakimiyyəti altında idi. Türkyutlar onlarla qarşılaşmışdılar.30 Beləliklə, il yarım ərzində türkyutlar bütün Mərkəzi Qazaxıstanı, Yeddisuyu31 və Xarəzmi32 özlərinə tabe etmişdilər.
Lakin getdikcə vəziyyət daha da çətinləşdi. Aral dənizinin şimal sahillərində türkyutlar xuni (xio-nit)33, var34 və oqor35 tayfalarının müqavimətinə rast gəldilər. Yalnız 558-ci ildə bu tayfalar məğlub edildi və türkyutlar itaətdən boyun qaçıranları da qabaqlarına qatıb qova-qova Volqa sahillərinə çıxdılar. Qovulanlar var və xun tayfalarının qalıqları idilər. Sayları təxminən 20 min nəfərə çatırdı. Sonralar bu tayfalar vahid xalq —avar xalqı36 kimi formalaşdılar.
Türkyutlar Volqanı keçmədilər, yalnız Uralyanı düzənlikləri itaət altına almaqla kifayətləndilər. Bununla da İsteminin qərb yürüşü başa çatdı. Dörd il ərzində əldə olunanlar xaqanlığın qarşısında yeni siyasi vəzifələr qoydu.
Bütün Asiya düzənliyini tutan vahid dövlətin meydana gəlməsi Çin, Bizans və İran diplomatiyası üçün mühüm əhəmiyyətə malik amil idi.
VI əsrin 50-ci illərinin sonunda Qara dəniz sahillərindəki siyasi vəziyyət çox gərgin və mürəkkəb idi. Bu da Bizansın uzaqgörən və incə siyasəti sayəsində mümkün olmuşdu. Dnepr və Donun aşağı hissələrini kuturqur adlı bolqar xalqı tuturdu. Onlarla qohum olan uturqurlar isə Kubanda yaşayırdılar. Kuturqurların Frakiyaya basqınlarından zərər çəkən Bizans hədiyyələr və səfirliklər vasitəsi ilə uturqurları onlara qohum olan kuturqurların üzərinə qaldırırdılar. Yustininanın hiyləgər siyasəti bu iki qohum tayfanı az qala biri-birini son nəfərə qədər qırmağa gətirib çıxardı.
Uturqurlardan şərqdə, Kuma rayonunda və Dağıstanda çox döyüşkən sabir tayfası yaşayırdı. Sabirlər Bizans-İran müharibəsində əvvəlcə İranın tərəfində, sonra isə ona qarşı fəal iştirak edirdilər. 552-ci ildə onlar Aqvaniyanı tutdular, lakin 554-cü ildə artıq farslara məğlub oldular.
Kuban sahillərində Bizansın sadiq müttəfiqi olan alanlar yaşayırdılar. Yunanlar yeni barbar xalqın – avarların meydana çıxdığını ilk dəfə onlardan eşitdilər.
Avarlar Qara dəniz sahillərində. Türkyut basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları güclü düşmən təqib edirdi, qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü, varlı və çoxsaylı xalqlar kəsmişdilər. Avarlar öz sürülərini və doğma ölkələrini itirmiş qaçqın dilənçilər idilər. Onların necə və nəyə görə həm xilas olmağının, həm də qalib gəlməyinin səbəbini dövrün siyasi şəraitini diqqətlə nəzərdən keçirməklə müəyyənləşdirmək olar.
Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada eftalitlərin fəallaşması və İsteminin diqqətini yayındırmaları (İstemi deyirdi: «Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər») avarlar üçün xilas yoluna çevrildi.
İstemi eftalitlərə qarşı fəal mübarizəyə yalnız 561-ci ildə – Xosroy Ənuşirvan Yustinianla sülh bağlayıb diqqətini şərqə yönəldəndən sonra başladı. Orta Asiyada həlledici sülh yalnız 571-ci ildə bağlandı və yalnız bundan sonra türkyutlar təzədən qərbə üz çevirə bildilər. Lakin yaranmış fasilədən çox bacarıqla istifadə edən avarlar artıq İstemi üçün əlçatmaz idilər.
Türkyutlardan uzaqlaşan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alanların başçısı Sarosiydən37 Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər. Sarosiy avarlara yardım əli uzatmaq qərarına gəldi və onların elçisinin Lazikə gətirilməsini təmin etdi. Buradan isə həmin elçi Konstantinopola göndərildi, lakin Bizans sarayında onu könülsüz və inamsız qəbul etdilər. Lakin buna baxmayaraq Yustinian Vladimirin başçılığı ilə cavab elçiliyi göndərdi. Vladimir avarlara hədiyyələr gətirdi və onlara imperiyanın düşmənlərinə qarşı (həmin dövrdə əsas düşmən İran sayılırdı) birlikdə mübarizə aparmağı təklif etdi. İttifaq 558-ci ildə bağlandı. Lakin avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər.