реклама
Бургер менюБургер меню

Лев Гумилев – Qədim türklər (страница 5)

18

Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər.

Hər iki xalqın siyasi sistemləri də bu meyllərə uyğun surətdə formalaşmışdı: jujanlar hərbi güc sayəsində qonşuların hesabına yaşamaq üçün ordularda birləşirdilər; teleslər isə tayfaların zəif əlaqələndirilmiş konfederasiyası kimi qalmaqda davam edir, lakin bütün qüvvə və bacarıqları ilə müstəqilliklərini qoruyurdular.

Teleslər jujanlarla qonşuluqda yaşayır, lakin heç bir cəhətdən onlara bənzəmirdilər. Onlar öz patriarxal quruluş və köçəri məişətlərini saxlamaqla Xunnu imperiyasının tərkibindən erkən çıxmışdılar. Çinliləşdirmə uzaq çöllərdə yaşayan sadə köçərilərə toxunmamışdı. Çinlilərin özlərini də həmin çöllərdə cəlb edən elə bir şey yox idi. Teleslərin ümumi təşkilati strukturu mövcud deyildi. 12 nəslin hər biri başçı – ağsaqqal tərəfindən idarə olunurdu, həm də «qohumlar sülh və sakitlik şəraitində yaşayırdılar».6

Teleslər hündür təkərli arabalarla çöldə bir yerdən o biri yerə köçürdülər. Onlar təbiətcə döyüşkən və azadlıqsevər adamlar idilər, heç bir mütəşəkkilliyə meyl göstərmirdilər. Onlar özlərini «tele» adlandırırdılar, bu ad «telsut» şəklində indiyə qədər Altay etnonimində yaşamaqdadır. Teleslərin nəsilləri yakutlar, telenqutlar, uyğurlar və başqalarıdır. Onlardan çoxu dövrümüzə qədər gəlib çatmamışlar.

Jujan xanlığı. V əsrin əvvəllərində Xinqandan tutmuş Altaya qədər bütün çöllərdə jujanların xanı, Deuday – «at çapa-çapa ox atan» ləqəbli Şelun təkbaşına hökmranlıq edirdi. O tele köçlərini özünə tabe edib İl çayı boyunca məskən salmış Orta Asiya hunları ilə qarşılaşdı. Hunların başçısı Jibaeqi adlı bir nəfər idi. Onqin çayı üzərindəki inadlı vuruşda Jibaeqi Şelunun qoşunlarını darmadağın etdi, lakin buna baxmayaraq jujan dövləti ilə bacarmadı və «tabe olmaqla sülh qazandı.»7

Şelunun əsas vəzifəsi Toba-Vey imperiyasının güclənməsinin qarşısını almaq idi. Bu imperiyanın gücü jujan xanlarının gücündən qat-qat artıq idi. Yalnız Çinin cənubundakı aramsız müharibələr Toba-Vey imperatoruna itaətdən çıxmış təbəələrinə divan tutmağa mane olurdu, ona görə də Şelun Tobanın bütün düşmənlərinə kömək edirdi. 410-cu ildə Şelun öldü, xanlıq taxtına onun qardaşı Xulyuy çıxdı.

Xulyuy Tobanı sakit buraxdı. O, öz nəzərlərini şimala çevirdi. Burada Yenisey qırğızlarını (iequ) və xeveyləri (naməlum Sibir tayfası) özünə tabe etdi. 414-cü ildə o, sui-qəsdin qurbanı oldu, lakin qəsdçilərin başçısı Buluçjen də həmin il həyatla vidalaşdı. Xanlıq Şelunun əmisi oğlu Datana keçdi. Onun hakimiyyətinin başlanğıcı çinlilərə qarşı yürüşlə tarixə düşdü, lakin istər jujanların yürüşü, istərsə də onlara qarşı göndərilən cəza dəstələrinin səfəri nəticəsiz qaldı. Vəziyyətdə heç bir dəyişiklik baş vermədi.

418–419-cu illərdə jujanlarla Orta Asiya hunları və yueçjalar arasında müharibə təzələndi.8 Jujanlar Tarbataqaya soxuldular və hamının canına elə qorxu saldılar ki, yueçjaların başçısı Tsidolo (Kidara) təhlükəli qonşuluqdan uzaqlaşmaq niyyəti ilə cənuba keçdi və Karşı vadisindəki Bolo şəhərini tutdu.9 Burada o, farslar və eftalitlərlə toqquşmalı oldu. Kidaranın silahdaşları – kidaritlər tarixə öz etnik adları ilə deyil, rəhbərlərinin adları ilə düşdülər.

II fəsil

ƏCDADLAR

Jujan xanlığının Vey imperiyası ilə müharibəsi. 420-ci il jujanların qüdrətinin zirvəsi idi. Şimal və qərb tayfaları üzərində asan qələbələr jujanları Böyük Çölün hegemon qüvvəsinə çevirdi, lakin bu qətiyyən xanlığın sakitliyini və çiçəklənməsini təmin etmədi. Jujanların başlıca düşməni Toba-Vey imperiyası idi və jujan xanı Datan öz təbii rəqibinin qüvvətlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəmirdi.

424-cü ildə Datan 60 min atlı ilə Çinə soxuldu, paytaxta qədər gedib çıxdı və imperatorun şəhər kənarındakı sarayını dağıtdı. Toba qoşunlarının səfərbərliyə alınması və jujanlar arasında intizamsızlıq onu döyüşə girmədən geri qayıtmağa məcbur etdi. 425-ci ildə tobalılar jujanları Qobinin o biri tərəfinə qovdular. 430-cu ildə imperator Tay-u-di (Toba Dao) Cənubi Çində əl-qol açmaq üçün jujanları aradan götürmək qərarına gəldi. Böyük qoşun Çölə hücum etdi, jujanlar qaçıb dağıldılar. Datan özü qərbə tərəf qaçdı və xəbərsiz itkin düşdü. Teleslər onun adamlarını öldürürdülər. Datanın oğlu Udi mübarizəni davam etdirməkdən əl çəkdi və Vey imperiyasına xərac verməyə başladı. Lakin bu sülhü 437-ci ildə imperiyaya qarşı yürüşə çıxan Udinin özü pozdu. Görünür, jujanlar öz həyatlarını qarətsiz təsəvvür edə bilmirdilər. Toba imperatorunun 439-cu ildəki cavab yürüşü heç bir nəticə vermədi, qoşun dərələrdə gizlənmiş jujanlarla qarşılaşmadan geri dönməli oldu.

440-cı ildə Tobanın Xesiyə qarşı müharibəsindən istifadə edən Udi yenə sərhəddə hücuma keçdi, lakin pusquda durmuş dəstələr onun qoşununun ön hissələrini əsir götürdülər. Jujanlar yenə qaçmalı oldular. Eyni hadisə 445-ci ildə də təkrar olundu. Bundan sonra Udi öldü və taxta oğlu Tuxeçjen (445—464) çıxdı.

İndi rollar dəyişilmişdi. Toba-Vey imperiyası öz inkişafının zirvəsinə çatmışdı, onun qoşunları tez-tez Çölə hücuma keçir, jujanları dağlarda gizlənməyə məcbur edirdilər. Əslində bu müharibə yox, cəza yürüşləri idi.

Tuxeçjenin oğlu və varisi Yuyçen (464-485) mübarizəni davam etdirməyə çalışdı. Lakin 470-ci ildə darmadağın edildi və xərac vermək şərti ilə sülh xahiş etməli oldu. Jujan zəiflədi, artıq Çin üzərinə yürüşlər qeyri-mümkün idi. İndi qarət obyekti kimi daha kasıb və zəif olan Qərb ölkəsi seçildi. 460-cı ildə jujanlar Turfan vahəsini ələ keçirdilər və qalib tobalıların əlindən burada sığınacaq tapmış keçmiş müttəfiqlərinə – cənub hunlarına divan tutdular. 470-ci ildə jujanlar Xotanı çapıb-taladılar, lakin eftalitlərin qüvvətlənməkdə olan dövləti jujan işğalına son qoydu. Tyan-Şan Jujanın sərhədinə çevrildi.

Jujanların yeni xanı Doulun (485—492) «qətllərə meylli olan amansız adam»10 idi. O, taxta çıxmasını əyanlardan birini bütün nəsli ilə birlikdə qırmaqla «tarixə saldı». Bu, ölkədə böyük qəzəb doğurdu. Xanın Çinə hücum etmək cəhdi daha böyük narazılıqla qarşılandı. Hamı yaxşı başa düşürdü, hətta ən uğurlu talandan sonra da, Çin ordusunun yürüşü başlanacaq. Onun qarşısını almaq isə imkan xaricində idi.

Tele ağsaqqalı Afuçjilo xana təkidlə məsləhət görürdü ki, Çinlə müharibəyə başlamasın. Lakin dəlillərinin təsirsiz qaldığını gördükdən sonra o, öz xalqı ilə birlikdə üsyana çıxdı. Həmin dövrdə telelər sayca o qədər də az deyildilər (Çin məlumatlarına görə onlar 100 min araba idilər). Afuçjilo köçünü qərbə, İrtış çayı vadisinə çəkdi. O, burada «Səmanın Böyük oğlu» titulunu qəbul etdi. Bu özünü Jujan xanı ilə eyni səviyyəyə qoymaq idi. Müharibə odu yenidən alovlandı.

490-cı ildə Çin qoşunları Çölə şərq tərəfdən hücuma keçdilər və telelərlə birlikdə jujanları iki tərəfdən sıxışdırmağa başladılar. Jujan əyanları bütün məsuliyyəti fərasətsiz xanın üzərinə yıxdılar və onu öldürdülər.

Telelərin qərbə keçməsi fövqəladə əhəmiyyətə malik hadisə idi – qərbdə bu dağınıq köçərilər öz dövlətlərini yaratdılar.11 Asiyada yenidən etnogenez prosesi başlandı. Eyni dövrdə Altay dağlarında türk xalqı, Braxmaputra vadisində tibet xalqı formalaşırdı, Çində isə Suy və Tan sülalələrinə əzəmətli orta əsrlər mədəniyyəti bəxş edən dirçəliş başlanmışdı. Şərqi Asiya tarixinin antik dövrü başa çatırdı, bu dövrün eybəcər qalığı olan Jujan dövləti məhvə məhkum idi.

Teleut xanlığı – Qaoqyuy. Teleutların ayrılması və 492-ci ildəki dövlət çevrilişi Jujanın tarixində dönüş nöqtəsinə çevrildi. O, Mərkəzi Asiyada öz hegemon rolunu itirmişdi və artıq hakimiyyət yox idi, mövcudluq uğrunda vuruşmağa məcbur idi. Öldürülmüş Doulanı əvəz edən Naqay yalnız bir il hakimiyyət sürdü. Onun hakimiyyət devizi belə idi: «Tam sakitlik». Başqa sözlə desək, Naqay öz sələfinin hərbi niyyətlərindən əl çəkmişdi. Naqayın oğlu Futu da imkan daxilində atasının siyasətini davam etdirirdi.

Bu müddətdə teleutlar öz yeni vətənlərinə uyğunlaşırdılar və hun epoxasının sonuncu qalığı olan Yuebanı aradan götürdülər. Teleutlar köçüb gəldikləri yerdə öz dövlətlərini yaratmaq istəyirdilər. Bu məqsədlə də onlar xalqı iki yerə ayırdılar – şimal hakimi Afuçjilo «Böyük imperator», cənub hakimi isə «Varis hökmdar» titullarını qəbul etdi. Onların öz dövlətlərini necə adlandırdıqları məlum deyil, çinlilər isə bu dövlətə Qaoqyuy deyirdilər. Çin dilindən tərcümədə bu sözün mənası «hündür araba» deməkdir. Teleutların dövləti elə bu ad altında da tarixə daxil olmuşdur.

Siyasi baxımdan Qaoqyuy Çinə meyl edirdi. Bu meylin arxasında Çindən ipək almaq niyyəti gizlənirdi. Lakin həmin ipək Qaoqyuya heç bir fayda gətirmədi. 494-cü ildə eftalitlər İranla haqq-hesablarını çürütdülər və arxalarını bərkitdikdən sonra üzlərini şimala çevirdilər. Qaoqyuy dövlətinin cənub hissəsi ildırım sürəti ilə darmadağın edildi, «Varis hökmdar» öldürüldü, onun ailəsi əsir götürüldü, xalq isə qaçıb dağıldı. Qaçqınların bir hissəsi jujanlara tabe oldu, bir hissəsi isə Çinə üz tutdu. Növbəti 496-cı ildə şimal dövləti də eyni sürət və asanlıqla işğal edildi. Eftalitlər əsirlərin içərisindən knyaz Mivotunu ayırıb onu sağ qalan teleutlara başçı təyin etdilər. Beləliklə, Qaoqyuy jujanların düşməni və Çinin müttəfiqi (bu ittifaqa görə çinlilər 60 topa ipək parça verirdilər) olan eftalitlərin vassalına çevrildilər. Görünür, elə həmin dövrdə (497-ci il) eftalitlər Karaşarı tutmuşdular, Turfan vahəsindəki Qaoçan knyazlığının hakimi çinli Ju onun təbəələrini qəbul etməyi və Çin ərazisinə köçürməyi Çin hökumətindən xahiş etmişdi. Jujanın ətrafında polad dairə yaranırdı. Lakin qaoçanlılar abad yerlərini tərk etmək istəmirdilər, ona görə də öz hakimlərini öldürüb Jujana birləşdilər. Bu iqtisadi gərginliyi bir qədər zəiflətdi; əkinçiliklə məşğul olan Qaoçan Jujanı taxıl, meyvə və parça ilə təmin edirdi. Lakin əvəzində siyasi gərginlik gücləndi, çünki qaoçanlıların hərəkəti Çin imperatoru Syuandini bərk qəzəbləndirmişdi. Xan Futunun sülh xahişi müqabilində imperator bildirdi ki, o, yalnız Cənubi Çinin fəthi ilə məşğul olduğuna görə hələlik şimala diqqət yetirmir, ümumilikdə isə Futunu və jujanları üsyankar təbəələr sayır, həmin dövrdə (500-cü il) Qaoçandakı çinpərəst qüvvələr bayram edirdilər. Jujanla bağlanmış ittifaq pozulmuşdu.