Лев Гумилев – Qədim türklər (страница 4)
Özünün bütün rəqibləri üzərində qələbə çalan Toba tayfası Çin mədəniyyətinin sehrinə düşdü. Tobalıların yaratdıqları ilkin feodal dövləti 420-ci ilə qədər artıq bütün Şimali Çini bir imperiyada birləşdirirdi. Bu dövlət Çin adı ilə Vey (386-cı il) adlandırılırdı. Həmin ad Toba xanının təbəələrinin böyük əksəriyyətini təşkil edən çinli əhali ilə kompromisi yolunda ilk addım idi. Köçərilərin tədrisi assimilyasiya prosesi ona gətirib çıxardı ki, V əsrin sonlarına doğru artıq tobalıların xələfləri hörüklərini kəsirdilər, itaətə gətirdikləri xalqla ünsiyyət isə onların güc və ənənələrini zəiflətmişdi. Tobalılar hətta ana dillərini də yaddan çıxarmış və Çin dilində danışmağa başlamışdılar. Dilləri və geyimləri ilə yanaşı onlar bir zaman qələbələr qazanmağa imkan verən cəsurluqlarını və birlik hissini də qeyb etmişdilər. Lakin buna baxmayaraq tobalılar inadla öz dövlətlərini yaratmağa can atan çinlilərin içərisində əriyib itməmişdilər.
Saray çevrilişləri və bunun ardınca gələn cəza tədbirləri Vey sülaləsini zəiflədən kimi Syanbi imperatorlarının xidmətindəki Çin sərkərdələri öz ağalarından daha güclü və cəsarətli olduqlarını göstərdilər. 531-ci ildə şimal-şərqdə Qao Xuan üsyan qaldırdı, toba qoşunlarını darmadağın edib paytaxtı – Loyanı ələ keçirdi. Əvvəlcə o, guya imperiyanın mənafelərinə uyğun hərəkət edirdi. Buna görə də devrilmiş imperatorun oğullarından biri yeni imperator elan olundu. Lakin yeni hökmdar öz sərkərdəsindən qorxaraq Çanana qaçdı və burada başqa bir qoşun başçısı – çinliləşmiş syanbi Yuyvının himayəsinə sığındı. Qao Xuan Vey sülaləsindən olan başqa bir prinsi taxta çıxardı. Beləliklə, imperiya Qərbi Vey və Şərqi Vey olmaqla iki hissəyə parçalandı, lakin onun hər iki hissəsində faktiki hökmdarlar syanbi imperatorlarını hələlik şirma kimi saxlayan Çin sərkərdələri idilər. Bu vəziyyət uzun müddət davam edə bilməzdi. Syanbilərin sərt hökmranlığı çinliləri o qədər amansızlaşdırmışdı ki, hakimiyyət əllərinə keçən kimi onlar məğlubların nazı ilə oynamaq fikrini başlarından çıxardılar. Yuyvın Tay bir neçə yapma imperatoru zəhərlədi, onun oğlu isə 557-ci ildə artıq özünü o qədər qüdrətli sayırdı ki, hamının nifrət bəslədiyi sülaləni ləğv etdi və yeni – Bey-Çjou5 sülaləsinin əsasını qoydu.
Şimali-Şərqi Çində syanbilərlə daha amansız rəftar etdilər. 550-ci ildə Qao Xuanın varisi – Qao Yan axırıncı syanbi imperatorunu taxt-tacdan öz xeyrinə əl çəkməyə məcbur etdi və onu zəhərlədi. İmperatorun 721 nəfər qohumu öldürüldü, dəfn mərasimi keçirilməməsi üçün hamısının cəsədi çaya atıldı. Yeni sülalə Bey- Tsi adını aldı.
Hər iki şimal hökmdarlığı həm iqtisadi, həm də siyasi cəhətdən kifayət qədər güclü idi. Yadellilərin ağalığından azad olmuş çinlilər öz mədəniyyətlərini dirçəltmək üçün coşqun fəaliyyət göstərirdilər. Lakin Bey-Çjou ilə Bey-Tsi arasında başlanan rəqabət onların əl-qolunu bağlayır və fəal siyasət yürütməyə imkan vermirdi.
Cənubda Lyan imperiyasının son hökmdarları hakimiyyət özbaşınalıqları və cinayətlərlə ad çıxarmışdılar, onları əvəz edən Çen sülaləsi də bu ənənələri davam etdirirdi. 557-ci ildəki saray çevrilişi və sonuncu Lyan imperatorunun edamı süquta uğrayan sülalə tərəfdarlarını silahlı üsyana vadar etdi. Üsyançılar Çen qoşunlarını dəf edərək Çinin mərkəzində Xou-Lyan adlı kiçik dövlət yaratmağa müvəffəq oldular.
Çin bir-biri ilə düşmənçilik aparan dörd dövlətə parçalandı. Ölkənin əl- qolunu bağlayan bu gərgin vəziyyət iki kiçik və nisbətən zəif köçəri dövlət – Jujan ordası və Toqon (Tu-yu-xun) çarlığı üçün xilas yoluna çevrildi. Şimaldan təzyiqin zəifləməsi nəticəsində onlar Şərqi Asiyanın aparıcı dövlətləri sırasına çıxdılar. IV əsrin ortalarında yaranan çöl xanlığı Jujan VI əsrin əvvəllərində az qala onun məhvi ilə nəticələnən böhran keçirirdi.
Lakin bu haqda bir qədər sonra.
Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadan qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi. Həmin xarici siyasətlə biz yenə üzləşəcəyik. Toqonun hətta şəhərlər yerləşən (aydın məsələdir ki, söhbət möhkəmləndirilmiş yaşayış məskənlərindən gedir) böyük ərazi tutmasına və çox güman ki, tobalılardan götürülmüş mütəşəkkil idarə sisteminə malik olmasına baxmayaraq, o, güclü dövlət deyildi. Silah gücünə itaətə gətirilmiş Tibet tayfaları azadlıq və intiqam haqqında düşünürdülər, iqtisadiyyat ekstensiv heyvandarlıq təsərrüfatı əsasında qurulmuşdu; mədəniyyətin səviyyəsi aşağı idi, xanların özbaşınalığı daim sui- qəsdlərin, xəyanətlərin və cəza tədbirlərinin rəvasına imkan yaradır və beləliklə də, elə bil, alovun üstünə yağ tökürdü. Bütün bunlar öz növbəsində Toqonun imkanlarını məhdudlaşdırırdı və sonralar onun şərəfsiz aqibətinə səbəb oldu.
Jujanlar və teleutlar. Jujan xalqının mənşəyi ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, özünün qəti həllini tapmayıb. Güman ki, burada problemin qoyuluşu düzgün deyil, çünki həmin xalqın mənşəyi deyil, formalaşması haqqında danışmaq lazımdır. Bir xalq kimi jujanların vahid etnik kökü yox idi. Onun mənşəyi bir qədər özünəməxsus xarakter daşıyırdı. Qarışıq dövrlərdə həmişə yəhərdən salınan və nüfuzlarını itirən çoxlu adamlara təsadüf edilir. VI əsrin ortalarında da belələri az deyildi. Toba xanının düşərgəsində, yaxud hun şanyuyunun paytaxtında qala bilməyənlərin hamısı çölə qaçırdı. Qullar amansız ağalardan, başıpozuqlar – ordudan müflisləşmiş kəndlilər xaraba kəndlərdən çölə üz tuturdular. Onların mənşəyi, dili, dini deyil, hamısını dilənçi həyatına məhkum etmiş taleləri eyni idi. Elə həmin tale də onları birləşməyə məcbur edirdi.
IV əsrin 50-ci illərində əvvəllər Syanbi süvarisində xidmət etmiş Yuqyulyuy adlı keçmiş qul edama məhkum olunmuşdu. Lakin o, dağlara qaça bildi, tezliklə başına yüzə yaxın özü kimi qaçqın topladı. Qaçqınlar yaxınlıqdakı köçərilərlə dil tapdılar və onlarla birlikdə yaşamağa başladılar.
Yuqyulyuyun xələfi Qyulyuxoy Toba xanları ilə əlaqə yaratdı. Qyulyuxoy hər il onlara at, samur və dələ xəzindən ibarət xərac verirdi. Onun ordası Jujan adlanırdı. Jujanlar Xalxudan Xinqana qədər köç edirdilər, xanın düşərgəsi isə Xanqay yaxınlığında idi. Jujanların məişəti və təşkili həm son dərəcə primitiv, həm də tayfa quruluşundan çox uzaq idi. Min nəfərlik alay, döyüş və inzibati vahid sayılırdı. Alay xanın təyin etdiyi başçıya tabe idi. Alayda ətrafına yüz adam toplaşan on bayraq vardı. Hər bayrağın da öz başçısı olurdu. Jujanlarda yazı yerli- dibli yox idi, hesab aparmaq üçün qoyun qığından, yaxud üzərində kəsiklər çərtilən ağac parçalarından istifadə olunurdu. Qanunlar müharibə və soyğunçuluğun tələblərinə müvafiq idi: qənimətin çox hissəsini cəsurlara verir, qorxaqları isə kötəkləyirdilər. 200 illik mövcudluğu ərzində Jujan ordasında tərəqqidən heç bir əsər-əlamət görünməmişdi, onların bütün qüvvələri qonşular üzərinə soyğunçu basqınlara sərf edilirdi.
Jujanlar öz aralarında hansı dildə danışırdılar? Çin mənbələri bu barədə tamamilə fərqli məlumatlar verirlər: «Veyşu» jujanların dunxu qoluna mənsubluğunu bildirir. «Sunşu», «Lyanşu» və «Nanşu» onları hunlara qohum tayfa sayır, nəhayət, Bey-şi (?) Yuqulyuyun qaoqyuy mənşəli olduğunu göstərir. Cənubi Çin tarixçilərinin məlumatları dolayısı mənbələrdən götürülmüşdür, Yuqyulyuyun mənşəyinin isə burada heç bir əhəmiyyəti yoxdur. Aydın məsələdir ki, onun başına toplaşanlar həmtayfaları deyildilər. Çox ola bilsin ki, jujanlar syanbi ləhcəsində, yəni monqol dilinin dialektlərindən birində danışırdılar, çünki jujan xanlarının titularını Çin dilinə tərcümə edən Çin tarixçisi həmin titulların orijinalda – «Vey dövlətinin dilində», yəni syanbi ləhcəsində necə səsləndiyini də göstərir. Jujanlar özlərini tobalılarla eyni kökdən sayırdılar, lakin jujan xalqının müxtəlif tayfalardan ibarət olduğunu nəzərə alsaq, düşünmək lazımdır ki, bu cür qənaət üçün əsası onların dumanlı şəcərəsi deyil, dillərinin bənzərliyi verirdi.
Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular.
Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular.