Исмаил Шихлы – Məni itirməyin (страница 9)
Yığıncağı cantıraq, tükləri cod, uzun bığlı, başı bəlalar çəkmiş yaşlı bir siçan açdı. O, əvvəlcə belini donqarlandırdı, qəzəbindən tükləri pırpızlanıb gözlərinə qan sağıldı. Hamı gördü ki, ağsaqqal əvvəlcə ehtiyatla ətrafı imsilədi. Onun burun pərələri oynadı, bığları tərpəndi, gözləri sağa-sola döndü və arxayınlaşdıqdan sonra boğazını arıtlayıb, sözə başladı:
– Mənim əzizlərim, ulu əcdadlarımızın yazıq törəmələri, hamınıza məlumdur ki, başımızın üstünü təhlükə almışdır. Əgər belə getsə, yaxın gələcəkdə kökümüz tamam kəsilə bilər. Gözümüz baxa-baxa kişilərimizi, arvadlarımızı parçalayırlar, gül balalarımızı bircə şapalaqla yığıb boğurlar. Qoymurlar ki, nəfəs alaq. Aclıq vadar eləyib yuvamızdan aralanan kimi üstümüzü alırlar. Artıq buna dözmək olmaz, bıçaq sümüyə dayanıb. Buraya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düşmənə qarşı əlbir olub tədbir tökməkdir.
Siçan sinəsini boşaldıb danışığına ara verdi. Əyləşənləri süzdü və gördü ki, hamının yaralı yerinə toxunub, hamının ürəyindən xəbər verib. Onu din-ləyənlərin qəzəbdən gözləri qızıb. Bu saat ölümə də göndərsən, gedərlər. Sevindi. Həmcinslərinin qeyrət damarına toxuna bildiyinə, onları kişiləşdirdiyinə görə qürurlandı.
Yığışanların arasından birisi dazıya-dazıya qabağa çıxdı, gəlib düz başçının yanında dayandı. Əvvəlcə əlini dik-dik dərisinə çəkdi, tükü tökülmüş belini, qarnını qaşıdı, elə bil nə günə düşdüyünü camaata göstərirdi, sonra dal ayaqları üstünə qalxıb burnunu, bığını oynatdı.
– Mən anayam, – deyə sözə başladı. Amma bala üzünə həsrət qalmışam. Onları doğuram, nə zillətlə böyüdürəm, boya-başa çatdıranda əlimdən alırlar. Bu pişiklər sinəmizə dağ çəkir, ahımız-ünümüz göyə qalxır, amma nə səsimizi eşidən var, nə köməyimizə çatan. İkicə gün bundan qabaq sonbeşiyimi günə çıxarmışdım. Yazıq tifil işıq üzü gördüyünə elə sevinirdi ki, bilmirdi, nə etsin. Gah başıma dolanır, gah böyrümə qısılır, gah da məndən xeyli aralanıb dal ayaqları üstünə qalxır və sinəsini günə verib isinirdi. Elə göyçək, elə qəşəng idi ki, belə yaraşıqlı balam olduğuna heç özüm də inana bilmirdim. Gözüm çıxsın, deyəsən, balamı gözə gətirdim.
Siçan səsini kəsib hıçqırdı. Onun çiyinləri qalxıb-endi. Əlləri ilə üzünü tutsa da, hönkürtüsünü saxlaya bilmədi. Sədr də qəhərləndi və gözünü gəzdirəndə gördü ki, oturanlardan çoxunun əlində dəsmal var.
Ana siçan özünü toxdadıb sözünə davam etdi:
– Birdən haradansa peyda olan pələng kimi bir pişik üstümüzə atıldı, balama elə bir pəncə ilişdirdi ki, tifil yumaq kimi göyə qalxıb yerə dəydi. Qışqırtısını eşitdim, məni çağırırdı. İstədim, özümü qabağa atam, balamı alam bu əjdahanın əlindən, amma pişiyin üstümə yeridiyini görüb qaçdım, özümü yuvaya güclə saldım. Pişik qapının ağzında xeyli dayandı. Gördü ki, çıxmayacağam, geri qayıtdı. Mən tab gətirmədim, ana ürəyidir, dözmədi, burnumu çıxartdım, yuvadan gördüm ki, balam hələ sağdır. Qorxa-qorxa yuvamıza doğru sürünür, pişik isə gözə görünmür. Sevindim. Astadan çağırdım. Səsimi eşidən kimi ürəkləndi və özünü üstümə salmaq istədi. Düz yuvanın ağzınacan gəldi. Az qaldı əlim əlinə dəysin. Amma pişik yenə peyda olub balamı əlimdən aldı. – Siçan yenidən qəhərləndi, yaş boğdu onu. – Birdəfəlik öldürsə, yaxşı idi, balamın da canı qurtarardı, mənim də. Amma elə eləmədi. Yazıq tifillə oynamağa başladı. Onu buraxdı, sonra yenə tutdu. Bax, beləcə, gözümün qabağında oynatdı, oynatdı, sonra da boğub yedi. Ona qulaq asanlar qəzəbləndilər.
– Buna dözmək olmaz.
– Bizim düşmənimiz pişiklərdir.
– Pişiklərə ölüm!
– Onların kökünü kəsmək lazımdır!
– Yox olsun, pişiklər!
Hamı ayağa qalxdı. Siçanların ağsaqqalı təşvişə düşdü, qorxdu ki, bu saat yürüş edib, aləmi bir-birinə qatarlar. Ara yerdə nahaq qan axar, əllərindən də bir şey gəlməz. O bilirdi ki, vaxtsız qızışmaq olmaz. İzdihamı sakitləşdirmək istədi.
– Mənim əzizlərim, pişiyə hücum çəkib onu öldürmək bizim işimiz deyil, ağlınızı başınıza yığın, ona gücümüz çatmaz. Ara yerdə qırğına gedərsiniz.
– Olsun. Belə yaşamaqdansa ölmək yaxşıdır.
– Səbir elə, oğul, qızışmış başda ağıl olmaz.
Elə bil camaatın üstünə su ələndi. Qəzəblər qorlanmış kül kimi işıldayıb söndü.
Bayaqkı cavan siçan dilləndi:
– Bəs nə edək, ağsaqqal? Əl-ayağımızı boş qoyub oturaq?
Yığıncağın başçısı bildirdi ki, bu cavan siçanın ürəyi dağlıdır. Pişiklər onun ata-anasını bir həftə bundan qabaq gözünün qabağında parçalayıb. İndi onun gözü qızıb, özünü oda-alova atmağa hazırdır. Əgər ona rüsxət versən, ağına-bozuna baxmadan atılacaq pişiyin üstünə və özü də qurban gedəcək.
– Səbir elə, bir tədbir tökərik.
Hamı fikrə getdi. Bu dəfə ön cərgədə oturan yaşlılardan biri ayağa qalxdı. Tam sakitlik olandan sonra müdriklərə məxsus hikmətlə dilləndi:
– Bizim pişiyə gücümüz çatmaz. Hamımızı bir-bir qırar. – O, sözünə ara verdi. Gördü ki, yığıncaqdakılar nəfəslərini içəri çəkib onun nə deyəcəyini gözləyirlər. Ürəkləndi. – Amma bunun başqa çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq. – Uğultu başladı. Başa düşdü ki, hamı təşviş içində pıçıldaşır. Fikrini aydınlaşdırmağı lazım bildi. Səsini ucaltdı. – Bəli, bəli. Biz pişiyin boynuna zınqırov asmalıyıq ki, yaxınlaşanda zınqırov səsindən bilək ki, pişik gəlir. Dərhal qaçıb gizlənək. Bizim çıxış yolumuz ancaq budur.
Ortalığa yenidən sükut çökdü. Birdən yuxudan ayılmış kimi ayağa qalxıb əl çaldılar. Bu, əl çalmaq deyildi, şaqqıltı idi. Ürəkdən gələn sevincin əks-sədası olan şaqqıltı!
Təklif bəyənildi. Haradansa qəşəng bir zınqırov da tapıb gətirdilər. Bu zınqırov elə zınqırov idi ki, adamın nəfəsindən də titrəyib zınqıldayırdı. Əgər onu pişiyin boynundan assalar, düz yarım verstdən səsi eşidiləcək və hamı vaxtında qaçıb gizlənə biləcəkdi.
Yığıncağın ağsaqqalı ayağa durdu. Zınqırovu başının üstünə qaldırıb cingildətdi:
– Mənim əzizlərim, axır ki, məsləhətləşdik və dərdimizə çarə tapdıq. Hamınız bir səslə bəyəndiniz ki, bu zınqırovu pişiyin boynundan asaq. İndi deyin görüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?
Heç kimdən səs çıxmadı. Elə bil yığıncaqdakıları dəyişmişdilər, bir az bundan qabağ əsib-coşanlar deyildilər.
Başçı zınqırovu cingildədib bir də soruşdu:
– Hə, nə oldu, niyə dinmirsiniz? Kim istəyirsə, qabağa çıxsın.
Siçanlar əvvəlcə bir-birlərinin üzünə baxdılar. Sonra bir-birlərini dümsüklədilər. Hər kəs öz qonşusunu qabağa itələmək istədi, hamı dartındı. Qabaqda oturanlar dönüb ehtiyatla geri baxdılar və gördülər ki, heç kəs qalmayıb, bir-bir sivişib aradan çıxıblar. Ön cərgədəkilər təşvişə düşdülər və birdən ayağa durub qaçanların dalınca Boz dağın ətəyindəki çöllüyə doğru yürüdülər. Əlində zınqırov, meydanda tək qalan başçının səsi eşidildi:
– Bəs bu zınqırovu kim asacaq, kim?!
Xasiyyətimdir
Sular göz yaşı kimi dumduru idi. Çayın dibindəki bülöv daşları aydınca görünürdü. Bu daşların üstü ilə sürüşən bıçqıl4 balıq sürüsü gah suyun üzünə qalxır, gah da küyülləşib çayaşağı şütüyürdü. Hava aydın və tərtəmiz idi. Təkəmseyrək gözə dəyən ağ buludların kölgəsi suyun üzündə ağ ləkə kimi axırdı. Sahil boyu uzanmış meşənin əksi isə suyun dərinliyindən adamın üzünə boylanırdı. Lal axan çayın üzü qırçın ləpələrdən qaysaq bağlamışdı.
Tısbağa elə bil bu gözəlliklərdən vəcdə gəlmişdi.
Gah sularda baş vurub lap dərinliklərə enir, gah çayın dibində yırğalanan ağac kölgələrinin arasında itir, bıçqıl balıqların dalınca düşür, gah da süzüb suyun o üzünə çıxırdı. Onun tər-təmiz yuyulmuş çanağı naxış-naxış, xal-xal parıldayırdı.
Tısbağa çox üzdü: çayyuxarı, çayaşağı getdi, sonra nə fikirləşdisə, çayı eninə keçib qarşı sahilə gəldi və dincini almaq üçün bir qayanın üstünə çıxdı. Burada sahil çox qüssəli idi. Nə bir ağac vardı, nə də kölgəlik. Otlar yanıb külə dönmüşdü. Gün hər yeri təndir kimi qarsıyırdı.
Tısbağa özünü xeyli günə verdi. Çanağı qurudu, bədəni isindi. Dərindən nəfəs alıb ətrafı dinşədi. Qurbağaların qurultusu və cırcıramaların cırıltısından başqa, heç nə eşitmədi. Amma orada, qarşı sahildə, bülbüllərin cəh-cəhi şaqqıltıya çevrilib meşəni titrədirdi.
O, özünü suya atmaq istədi. Elə bu vaxt hiss etdi ki, kim isə dərindən ah çəkib köksünü ötürdü. Qanrılıb baxdı. Bir az aralıda dayanan əqrəbi gördü. Onun çox məhzun görkəmi vardı. Boynu bükülmüş, rəngi sapsarı saralmışdı. Elə fağırlaşmışdı ki, yağının da yazığı gələrdi.
– Nə olub, əqrəb qardaş, niyə ah çəkirsən?
– Niyə ah çəkməyim, qalmışam bu cırcıramalı ilan mələyən çöllərdə. Ha istəyirəm, o taya keçəm, amma aranı su kəsib.
– Sənin o tayda nə işin var, bura elə əsl yerindir.
– Nə danışırsan, tısbağa qardaş, ora hara, bura hara. Orada təkcə elə quşların səsinə qulaq asmaq nəyə desən, dəyər. Hələ gül-çiçəyi, heykirişən maralları, cığalı qırqovulları demirəm. Neynəyim, qalmışam baxa-baxa, əlacımı Allah kəsib. Sənin kimi üzmək də bilmirəm ki, çayı adlayıb özümü verəm meşənin sərinliyinə. İnsafa gəlib kömək əlini uzadan da yoxdur.
– Yəni sənə kömək ediləsidir? Kim əlini uzadırsa, qolunu dibindən çalırsan.
– Vallah yalan sözdür. Düşmənlər, bədxahlar adımı “vayqanlı” qoyublar. Yer üzündə məndən ürəyiyumşaq, xeyirxah bir varlıq yoxdur. Özün de, axı durduğum yerdə niyə pislik etməliyəm, əlimdən tutanı niyə çalmalıyam?
– Nə bilim, özündən soruş. Yadına sal, gör nə qədər adam çalmısan. Özü də xeyirxahları, qolundan tutanları.