Исмаил Шихлы – Məni itirməyin (страница 11)
– Yolun hayanadır, qərib qardaş?
– Elə sizin diyara gəlmişəm. Gecələməyə yer verərsənmi?
– Buyur, buyur, qərib qardaş, bu nə sözdür, qonaq Allah qonağıdır.
Qərib ikiqat əyilib qapıdan içəri keçdi. Alaqaranlıqda, evin ortasında xeyli dayandı. Gözü qaranlığa alışandan sonra gördü ki, evin kərənləri, pərdiləri ocaq hisindən qapqara qaralmışdır. Küncdə balaca bir taxt var, üstünə nimdaş kilim, yamaqlı mütəkkə, mitil yorğan-döşək atılmışdır. Qara aftafa hisli buxarıda qaynayır. Dəyirmançı onun altına döşəkcə atdı, mütəkkə gətirdi. Qərib əbasını çıxardıb ayağını soyundu. Mütəkkəyə dirsəklənib gərnəşdi, sümükləri şaqqıldadı. İndi başa düşdü ki, yaman yorulmuşdur. Ayaqları şişib və bütün bədəni gizildəyir.
Dəyirmançı qonaqdan heç nə soruşmadı. Çay gətirdi, su gətirdi. Ortaya yamaqlı süfrə saldı. Üstünə pendir-çörək, süzmə-qatıq qoydu.
Qonaq duzsuz dəyirman kömbəsindən, pendir-süzmədən iştahla yedi. Üstündən bir-iki cam çay içdi, özünə gəldi. Elə bu vaxt qapı cırıldadı. Qıllı boz bir it qabaq ayaqlarının üstündə sürünə-sürünə içəri keçdi. Dəyirmançı dönüb ona tərs-tərs baxanda it zingildədi və qapının dalında büzüşüb yerini rahatladı.
Yatmazdan əvvəl qonaq bayıra çıxdı. Göyün üzü tərtəmiz idi. Ulduz ulduzu çağırırdı. Hava elə xoş, elə aydın idi ki, adam nəfəs almaqdan doymurdu. Dəyirmanın yeknəsəq taqqıltısı, suların şırıltısı, qamışların xışıltısı, gecə böcəklərinin cırıltısı bir-birinə qarışmışdı. Haradansa anadillər səsləşirdi. Qonaq sinədolusu nəfəs aldı. Gərnəşdi. İçəri, dəyirmanın tozlu-unlu havasına qayıtmaq istəmədi. Qərara aldı ki, içəridən palaz, yorğan-döşək gətirsin, elə damın üstündə, açıq havada yatsın. Fikrini dəyirmançıya söylədi, kişi razı olmadı. “Bu gecə qar yağacaq, – dedi, – içəridə yat”. Qonaq göydə sayrışan ulduzları, ilıq havanı yada saldı, “belə havada qar yağmaz”, – deyə etiraz etmək istədi, ancaq dinmədi. Sakitcə taxta yaxınlaşıb paltarını soyundu, dəyirmançının mitil yorğan-döşəyinin arasına girdi. Yatmazdan əvvəl dedi: “Mən yorğunam, yatıb yuxuya qalaram, ilkindi çağı məni oyat ki, səhər namazını vaxtında qıla bilim”. Dəyirmançı başını tərpətdi. Qonaq yerin içində dirsəkləndi.
– Niyə soruşmursan, kiməm, hara gedirəm?
– Qonaqdan söz soruşmazlar. Lazım olsa, özü deyər.
– Elə isə qoy deyim: Xudavəndi-aləm məni sizin məmləkətə peyğəmbər göndərib.
Dəyirmançı gülümsəmək, bu qəribə qonağın sözlərinə inanmamaq istədi. Amma birdən “ey dili-qafil, özünü saxla” deyib susdu.
Qonaq dərhal yuxuya getdi. Dəyirmançı isə yerinin içində xeyli eşələndi. Ev sahibi səhər tezdən qonağı qaldırdı. Qonaq dəstəmaz aldı, namazını qıldı və əbasını çiyninə salıb bayıra çıxdı. Gözlərinə inanmadı. Hər yeri qar basmışdı. Yollar, cığırlar itmiş, sular sırsıra buz bağlamışdı. Qar adamın dizinə çıxırdı. Dinməz-söyləməz geri qayıtdı. Gözlərini dəyirmançının üzünə zillədi:
– Bu sirdən məni agah elə, ey Allahın bəndəsi. Burada məscid, münəzzim yoxdur, amma məni düz vaxtında qaldırdın, namazımı qıldım. Gecə göyün üzündə ulduz ulduzu çağırırdı. Sən dedin, qar yağacaq. Sözün düz çıxdı. Sən bunları haradan bilirsən?
Dəyirmançı gülümsündü:
– Burada elə bir sirr yoxdur. Axşam fikir verdinmi, it sürünə-sürünə içəri girdi. Onda bildim ki, gecə qar yağacaq. Səhər damın üstündə ulaşan çaqqalların səsini eşitdinmi?
– Eşitdim.
– Bax səhər-səhər çaqqallar damın üstündə ulaşanda bilirəm ki, namazın vaxtıdır.
Qonaq başını aşağı salıb xeyli fikrə getdi. Sonra sakitcə paltarını geyindi, xurcunu çiyninə, əsasını əlinə aldı. Dəyirmandan çıxıb gəldiyi yolla geri qayıtmağa başladı. Dəyirmançı yüyürüb onun yolunu kəsdi:
– Ay peyğəmbər, cəddinə qurban olum, hara gedirsən?
Qonaq köksünü ötürdü:
– Bir ölkədə ki, müəzzin çaqqal ola, münəccim də boz köpək, mən belə məmləkətdə peyğəmbərlik eləyə bilmərəm.
Hekayələr
Qara at
Arabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkanların içində, orağın ağzından salamat qalmış sünbüllər nəmlənib əyilmişdi. Onların üstü ilə qıvrım qabığından yarıya qədər çıxan qara, qoşabuynuzlu ilbizlər sürünürdü.
Arabanın içinə tara qədər ot döşəmişdilər. Kəndimizin ağsaqqalları oturub, ayaqlarını uzatmışdılar. Şəhərə gedirdilər. Hərənin bir işi, özünə görə dərdi-azarı vardı. Mən də dərsə tələsirdim. Texnikumda oxuyurdum.
Söhbət dünənki seçkidən gedirdi. Keçən axşam kəndimizdə böyük iclas olmuşdu. Rayondan da adamlar gəlmişdilər. Onların fikri köhnə sədri saxlamaq idi. İclasdan əvvəl ağsaqqalları dilə tutub deyirdilər ki: “Katib özü də dəyişikliyin tərəfində deyil. Təzə adam seçib nə qazanacaqsınız?”
İclas gecəyarıyacan davam etdi. Çox danışdılar. Ancaq camaat sözündən dönmədi. İşgüzar briqadirlərdən birini, Aydınoğlunu sədr seçdilər.
Arabadakıların içində Mədəd kişi də vardı. O, ayaqlarını rahatca uzadıb qəlyanını tüstülədirdi. Danışılanlara qulaq asdıqdan sonra yeni sədri tərifləməyə başladı:
– Adam gərək özününkünün qədrini bilsin. Elindən, obasından irəli çıxana arxa dursun, ona kömək eləsin. Amma biz bir-birimizin ayağından çəkirik, istəyirik ki, qabağa gedənimiz tez yıxılsın. Adamlar yaman korlanıblar. Üzdə bir söz danışırlar, dalda başqa. Bilmirsən, dostun kimdir, düşmənin kim. Yadlara yaltaqlanırıq, özümüzünkülərə isə meydan oxuyuruq. Ona görə də başımızdan basırlar. İndi gərək biz elliklə Aydınoğluna arxa duraq, işinə kömək eləyək. Belə olsa, kolxozumuz qabağa gedər, kəndimizin adı dillərə düşər. Aydınoğlu qoçaqdır. Diribaşdır. Mən onu lap uşaqlıqdan tanıyıram. Rəhmətlik atası da diribaş idi. Biz qardaş kimi idik. Onu öz balam kimi istəyirəm. Elə sizə də deyirəm, gərək əl-ələ verək, qoymayaq, onun başından bir tük əskik olsun.
Mən diqqətlə ona qulaq asırdım. Ürəyimdə deyirdim ki, Aydınoğlunun bəxti gətirib. Onu bu qədər sevən adam var. Mədəd kişi kimilər, deyəsən, ona dayaq olacaqlar. Görəsən, kəndimizdə Aydın-oğlunu Mədəd kişi qədər istəyən varmı?
Araba torpaq yoldan çıxdı. Şəhərin yaxınlığında daş yola düşdü. Təkərlər qıcırdadı. Biz titrətməli kimi silkələndik. Şəhərin girəcəyindəki körpüyə yaxınlaşdıq. Birdən Mədəd kişi arabanın içində dikəldi. Yolun kənarı ilə piyada gedən təzə sədri səslədi:
– A bala, niyə piyada gedirsən, qara atı niyə minmirsən?
Aydınoğlu dinmədi. Çiyinlərini çəkib uzaqlaşdı. Mədəd kişi qəlyanını sümürüb yerini rahatladı:
– Çox həyalı cavandır, gördünüzmü, pul kimi qızardı. Amma atı nahaq minmir.
Mən o atı görmüşdüm. Qara at hündür, ayaqları səkil bir atdı. Tövlədə ayrıca saxlayırdılar. Teli ipək kimi yumşaq idi, əl dəyməmiş tökülərdi. Onu tövlədən çıxaranda camaat tamaşasına durardı. Yüyənini iki adam güclə saxlayardı. Oktyabr, ya da May bayramında kəndin dəliqanlıları cıdıra çıxanda qara atı ötən olmazdı. Əvvəllər bu atı əsl sahibi Əmirxan kişi minərdi. O da atı kimi hündür, zəhmli bir kişi idi. Sonra atı kolxoza verdilər…
Axşam dərsdən evə qayıdarkən mənim bəxtim yenə gətirdi. Səkkiz kilometr yolu piyada gedəsi olmadım. Torpaq yola çıxan kimi arabaya rast gəldim. Səhərki təki arxada, cağdan yapışıb oturdum. Ayaqlarımı salladım. Hava qaralmışdı. Göyün üzündəki tutqunluq daha da güclənmiş, çiskin çoxalmışdı. Qarşıdakı kənd evlərində təkəmseyrək işıq yanırdı. Arabadakılar, deyəsən, yorulmuşdular. Dinmirdilər. Təkcə Mədəd kişinin qəlyanı közərirdi.
Arxadan səs eşidildi. Azacıq sonra çiskin içərisindən çıxan qara at yanımızdan güllə kimi ötdü. Dırnaqlarından qopan palçıq ətrafa səpələndi, bir-ikisi arabaya düşdü, deyəsən, Mədəd kişinin üzünə yapışdı. O, sancılanmış kimi qıvrılıb dikəldi. Yəhərdə çəpəki oturmuş Aydınoğlunun kürəyinə, qara atın düyünlənmiş quyruğuna baxdı. Qəlyanını ağzından çıxarıb, əlini hirslə dizinə çırpdı.
– Sən dünyanın işinə bax, gör nə tezcə havalandı!
Qonaq
Yan-yörəsi əzilmiş köhnə bir avtobus asfalt yolun kənarında, rayon mərkəzi olan balaca bir qəsəbənin kiçik evləri qarşısında sürətini azaldıb dayandı. Rezin təkərin dilikləri istidən əriyib muma dönmüş yolu zolaq-zolaq etdi. Maşının arxa tərəfindən qarsımış tüstülü hava qalxdı. Arıq, qarayanız, uzun bir oğlan maşından düşdü. Onun ağ, nimdaş köynəyinin yaxası açıq idi. Qollarını dirsəyinə qədər çırmamışdı. Qoltuğunda iri bir qovluq vardı.
Maşın dayandığı kimi də gurultu və tırıltı ilə çıxıb getdi. Oğlan yolun kənarında tək qaldı. Maşının arxasınca xeyli baxdıqdan sonra dəsmal çıxardıb tərini sildi. Qıvrılıb alnına düşmüş saçını geri elədi. Dərindən nəfəs alıb özünü yellədi. Ətraf bomboz idi. Otları çoxdan yanıb saralmış təpələrin döşünə səpələnmiş evlərin həyətlərində təkəmseyrək ağaclar gözə dəyirdi. Qalan yerlər: evləri bir-birinə bitişdirən cığırların torpağı, qəsəbəni yarımdairə şəklində əhatə edən təpələr, bir az o yandakı düzənliklər yanıb kül olmuşdu.
Qəsəbənin ortasında, asfalt yolun o üzündə artezian quyusu var idi. Yerin altından hövllə çıxan su köpüklənir, iri borudan sürətlə axıb iki-üç metr qabaqdakı sement hovuza tökülürdü. Su dəyən yerlər yamyaşıl idi. Bu yaşıllıq qəsəbəni ortadan iki yerə bölən dərənin dibi ilə, quyudan çıxan suyun axarı boyunca, zeh kimi uzanıb gedirdi. Uşaqlar özlərini suyun altına salıb hay-harayla çimirdilər.