Исмаил Шихлы – Məni itirməyin (страница 8)
Onu təpiklə vurub ayağa qaldırdılar. Qulağından tutub zirzəmini gəzdirdilər, hər şeyi, hər yeri göstərdilər və başa saldılar ki, buraya gələn geri qayıtmır. Ölənəcən, sümükləri çürüyənəcən burada işləyir. Şahın nəfəsi darıxdı, öz-özünü danladı, gözünün qabağında, lap burnunun ucunda, sarayla üzbəüz karvansaranın zirzəmisində nələr baş verdiyindən xəbərsiz olduğuna təəccüb etdi, hirsləndi və istədi ki, qışqırıb “mən şaham” desin, cəllad çağırıb bunların boynunu vurdursun, amma dilini dişləyib dayandı. Düşündü ki: “Ey dili-qafil, sən nə eləyirsən? Sirrini açsan, sənin böyük tikəni qulağın boyda eləməzlərmi?” Dinmədi. Səsini içinə salıb susdu.
Onun əlinə çalğı verdilər. Döşəmə süpürdü. Mahud toplarını daşıdı, gəbələri xanadan kəsənlərə kömək elədi. Boyanmış ipləri belinə yüklədilər. İşlədi, gecəli-gündüzlü, nəfəs dərmədən. Günlərin, həftələrin necə gəlib keçdiyindən xəbəri olmadı, ayları bir-birinə qarışdırdı. Ölkələrə hökm edən şah yeraltı zirzəmidə qarışqa kimi işləyənlərin birinə çevrildi. Özü də ən xeyirsizinə. Şah başa düşdü ki, bu yeraltı dünyanın sahibləri müftə yerə ətək-ətək pul götürürlər. Oğurladıqları adamları qul kimi işlədir, onların toxuduqları gəbələri, xalıları, zililəri, mahudları bazarlara çıxardır, gəmilərə doldurub diyarlar aşır, uzaq-uzaq yerlərdə baha qiymətə satırlar.
Bir gün zirzəmiyə qəribə bir xəbər yayıldı. Şah yoxa çıxıb. Bütün qoşun ayağa qalxıb. Şahın arvadı hər yerə çapar yollayıb, ölkənin altını üstünə çeviriblər, amma şahı “gördüm” deyən yoxdur, elə bil zirzəmidəkilərin beli sındı. Şah gördü ki, qızlar, gəlinlər için-için ağlayırlar, kişilər tez-tez köks ötürüb ah çəkirlər. Elə bil onların gözünün işığı sönürdü. Şah başa düşdü ki, zirzəmidəkilər ümidlərini ona bağlayıblarmış.
O gecə yata bilmədi. Saman döşənmiş yerdə o üz-bu üzə çevrildi, çıxış yolu axtardı, gözünü qaranlıq zirzəminin tavanına zillədi, fikrində dağı arana, aranı da dağa köçürdü, dəfələrlə ötən günlərə gedib-qayıtdı…
Onda lap cavan idi, yenicə taxta çıxmışdı. Sarayda oturmaqdan çox dağda-daşda gəzməyi, at çapmağı, yay-ox atmağı, çəmənlikdə, çöllərdə ceyran-cüyür ovlamağı sevirdi. Bir gün ovdan sonra başının dəstəsi ilə bulaq üstünə enəndə suya gələn qızları hürkütmüşdülər. Qızlar qanad çalıb pırıltı ilə uçan göyərçinlər kimi ətrafa səpələnib kolluqda yox olmuşdular. Ancaq onlardan birini şahın qırğı gözləri almışdı. Qız isə “müjgan oxunu atıb” getmişdi. Evə qayıdandan sonra şah durub dincələ bilməmiş, səhərisi gün at belinə qalxmış, başının dəstəsi ilə həmin bulağın üstünə gəlmişdi. Yenə qızları hürkütmüşdülər. Amma şah bu dəfə ovunu aydınca görmüş, nağıllarda deyildiyi kimi, qıza bir könüldən min könülə aşiq olmuşdu. Şahın dünyagörmüş vəziri məsələni başa düşmüş və əl altından öyrənmişdi ki, qızın atası öz tükü üstündə dolanan kasıb bir kişidir. Vəzir xeyli dinməmişdi. Gözləmişdi ki, bəlkə, ötəri hissdir, şahın yadından çıxıb gedəcək. Amma hökmdarın saralıb-solduğunu, günlərlə qapını bağlayıb içəridə oturduğunu görəndə özü məsələni açmalı olmuşdu.
– Qibleyi-aləm, istəyirsən, çapar göndərim, qızı elə bu gün hərəmxanaya gətirsinlər.
Şah yarasına toxunulmuş adam kimi dik atıldı. Vəzir gördü ki, onun burun pərələri genişləndi, qan üzünə vurdu, sifəti qıpqırmızı oldu.
– Yox, vəzir, mən onunla evlənmək istəyirəm. Hazırlaşın, elçi gedin.
– Şahım, məni kimin qapısına göndərirsən, o, sənin tayındırmı?
– Bilirəm, vəzir, hamısını başa düşürəm, amma getməlisiniz.
Şahın anası, bütün yaxın qohumları, saray əyanları işə qarışdılar, onu başa salmağa çalışdılar ki: “Bizi rüsvayi-cahan eləmə, ağlını başına yığ, sən hara, kəndçi qızı hara”. Amma şah inadından dönmədi. Axırda əlacları kəsilib qıza elçi getdilər, bir az keçmiş suları süzülə-süzülə əliboş qayıtdılar. Qız razılıq verməmişdi.
Saray bir-birinə dəydi. Amma şah inadından dönmədi. Vəziri çağırıb:
– Qız qapısı, şah qapısı, – dedi, – bir də getməliyik. Bu dəfə elçiliyə özüm də gedəcəyəm.
Vəzir nə qədər əlləşdisə, onu sözündən döndərə bilmədi. Şah təğyir-libas oldu, elçilərə qarışdı və yola düşdülər.
Bu dəfə qızın atası elçilərə heç nə demədi, boynunu büküb dayandı. Qızın özünü çağırdılar. Utana-utana içəri girdi. Onun əynində nimdaş paltar vardı, ayağı yalın idi. Kələğayını gözünün üstünə çəkib atasının yanında başıaşağı dayandı.
– Qızım, kişilər səndən ötrü gəliblər, özün onlara cavab ver.
Vəzir ortaya çökən sükutun çox sürdüyünü görüb dilləndi:
– Allah-taala öz-özünə qapı açıb, bala, şah özü sənə aşiq olub, istəyir ki, sən onun halalca, kəbinli arvadı olasan.
Qız xeyli dinmədi. Ayağı ilə yeri sığalladı və birdən başını qaldırıb düz vəzirin üzünə baxdı:
– Sənəti nədir?
Hamı təəccüblə bir-birinin üzünə baxdı. Qızın sözündən heç kəs heç nə başa düşmədi. Yenə vəzir cavab verdi:
– Şahlıq.
– Şahlıq sənət deyil.
– Qızım, nə danışdığını bilirsənmi? Şaha nə sənət? Bütün dünya onun qabağında diz çökür, ağlını başına yığ.
– Bilirəm, amma mən əlində sənəti olmayan adama ərə getməyəcəyəm. Gedin, şahınıza deyin, qoy bir sənət öyrənsin. Bəlkə, ondan sonra razı oldum.
Dinməz-söyləməz geri qayıtdılar. Şah çox fikirləşdi, qızın dediyini başa düşməsə də, qəti qərara gəldi. Usta çağırtdırdı. Düz bir ay gecəli-gündüzlü əlləşdi və keçəçilik öyrəndi. İlk keçəni qıza göndərdi, qızın razılığını alıb cah-calalla toy elədi…
Səhərisi zirzəmidə şallaqlar şaqqıldadı. Xanaların, cəhrələrin, boyaqçı küplərinin, tayalanmış mahudların, qalaqlanmış gəbələrin yanındaca mürgüləyənlər, başını dəzgaha söykəyib çimir alanlar dik atıldılar, hər şey işə düşdü. Yenə şaqqıltı, gurultu başladı. Amma şah yerindən durmadı, dedi ki, başçını görmək istəyirəm, vacib sözüm var.
Onun gözlərini sarıdılar. Qolundan tutub kor yedəkləyən kimi xeyli apardılar. Axırda bir otaqda gözünü açdılar. Şah gördü ki, başdan-başa gəbə döşənmiş otağın yuxarı tərəfində, döşəkçənin üstündə kök bir kişi əyləşib, sulu qəlyan sümürür. Əlini döşünə qoyub ikiqat əyildi. Kişi ağzından qəlyanı çıxardıb həm maraq, həm də əsəbiliklə soruşdu:
– Mənə nə sözün var, kişi?
– Ağa sağ olsun, istəyirəm, sizə xeyir verim.
– Mənə nə xeyir verə bilərsən, kişi?
– Verərəm, başına dönüm, sənətkar adamam.
– Nəçisən?
– Keçəçi.
– Keçəni kim alacaq, a kişi?
– Alarlar, ağa, nə çox tərəkəmə.
Başçı xeyli fikrə getdi, qəlyanını horuldatdı, sonra əlini yellədi:
– Yaxşı, qoy sən deyən olsun.
Elə o gün şaha yun verdilər, köməkçi ayırdılar. Şah iki cür yun seçdi: biri dümağ pilə kimi, o biri qapqara şəvə kimi. Onları yudu, təmizlədi, bir həftə gecə-gündüz əlləşdi, axırda haşiyəli, naxışlı, ortası qara güllü, ətrafı işləməli, tamaşasına durulası bir keçə saldı.
– Şahlara layiq keçədir. Bunu bazarda yox, lap şahın qapısında da göydə götürərlər. Bir çanaq qızıl da istəsəniz, verərlər.
Onun dedikləri ağıllarına batdı. Naxışlı keçəni birbaş sarayın qabağına apardılar.
Şahın arvadı Əminə xatun eyvanda dayanıb axtarışa göndərdiyi çaparların yolunu gözləyirdi. Neçə ay idi ki, gözünə yuxu getmir, gecələr paltarlı mürgüləyir, işıqlaşan kimi eyvana çıxıb ürəyi səksəkəli, qulağı səsdə eyvanda gəzinirdi. Birdən onun gözü çiynində keçə sarayın qabağında hərlənən kişiyə sataşdı. Ürəyinə nəsə damdı və qulluqçunu göndərdi. Özü də tab gətirə bilmədi. Qulluqçunun dalınca qırx pilləkəni birnəfəsə düşdü. Qulluqçu ilə bərabər özünü keçənin üstünə saldı:
– Neçəyə deyirsən bu keçəni, a kişi?
– Bir çanaq qızıla, xanım.
Qulluqçu içini çəkdi. Xanım barmağını dişləyib, özünü toxtatdı.
– Bir çanaq qızıla da keçəmi olar, a kişi?
– Niyə olmur, xanım, bax gör necə keçədir?
Kişi keçəni açıb naxışları göstərdi.
Əminə xatun diqqətlə keçəyə baxdı, onun haşiyələrini əli ilə sığalladı, naxışlara qarışdırılmış yazıları gördü və başa düşdü ki, keçəni əri salıb və buraya da göndərib. Keçədəki naxışlarda karvansaranın altındakı zirzəminin yolları, döngələri, keçidləri, giriş və çıxışları aydınca göstərilmişdi.
Şahın arvadı qamətini düzəldib kişinin üzünə baxdı:
– Düz deyirsən, əmi, bir çanaq qızıla dəyəsi keçədir.
Ertəsi günü şahın qoşunu vəzir-vəkil başda olmaqla karvansaranı arakəsməyə aldılar, zirzəmidəki qulları buraxdılar və adamyeyənləri boynunda kündə, ayaqlarında qandal, qollarında zəncir şəhərin meydanlarından gəzdirdilər və camaata car çəkdilər ki, bir həftədən sonra dar ağacından asacaqlar.
Şah zindandan evinə qayıdanda arvadı onun qabağına yeridi, önündə diz çökmək istədi. Amma şah qoymadı, qolundan tutub qaldırdı.
– Sən yox, mən sənin qabağında diz çökməliyəm.
– Niyə, şahım?
– Çünki sən vaxtında mənə sənət öyrətməsəydin, ömürlük zindanda çürüyəcəkdim. Keçəçi Abbas olmasaydı, Şah Abbası heç kəs zindandan qurtara bilməzdi.
Bəs zınqırovu kim asacaq?
Neçə gün idi ki, Boz dağın ətəyində, düzənliyin ortasındakı tənha çinarın kölgəsində, böyük müşavirə gedirdi. Buraya dünyanın hər yerindən sürü-sürü siçan toplanmışdı. Onlar öz yığıncaqlarına siçovulları, kəsəyənləri, sünbülqıranları da dəvət etmişdilər… Lakin bunlar öz nümayəndələrini göndərmişdilər ki, elə-belə sakitcə danışılanlara qulaq assınlar. Hətta taxıl zəmilərində, kövşənlik və çöllərdə yaşayan siçanlar da belə bir toplantıya gəlməkdən boyun qaçırmışdılar. Demişdilər ki, bizə dəyib-toxunan yoxdur, orada nə işimiz var, durduğumuz yerdə başımızı niyə qalmaqala salırıq. Toplaşanlar əsasən ev siçanları idi. Onların dərdi böyük idi: kimisi gözünün ağı-qarası yeganə oğlunu itirmiş, kimisinin boy-buxununa valeh olduğu nər kimi ərini əlindən almışdılar, kimisi də bir sürü balası ilə qalmışdı tək. Burada atadan, anadan yetim qalan körpələr də vardı. Hamısının ürəyi yaralı idi, hamının dərdi böyük idi. Sir-sifətlərindən hiss olunurdu ki, bu saatın özündə də vahimə içindədirlər, bir yerə toplaşıb özlərinə ürək-dirək versələr də, tir-tir əsirlər.